Azərbaycan Prezidenti Heydər Əliyevin \"Azərbaycanda investisiya imkanları\" beynəlxalq konfransına həsr olunmuş mətbuat konfransı - London, 29 noyabr 1995-ci il

Sual: Mən Londonda çıxan \"Yurpien\" qəzetinin müxbiriyəm. Sualım sizə xeyli mürəkkəb görünəcəkdir. Avropada Əməkdaşlıq və Kooperasiya Təşkilatı Azərbaycanda seçkilərə dair özünün son hesabatını dərc etmiş və bu seçkiləri ədalətsiz elan etmişdir. Mən bilirəm ki, bu hesabat Xarici İşlər Nazirliyinə verilmişdir. Hesabatda deyilir ki, Azərbaycanla işgüzar əlaqələri inkişaf etdirmək qorxulu ola bilər, çünki seçkilərlə bağlı problemlər ortaya çıxır. Seçkilərin yalan elan edildiyini nəzərə alaraq, bu məsələ barədə sizin fikrinizi bilmək istərdim.

Cavab: Sizin sualınız təəccüb doğurur, çünki adını çəkdiyiniz bəyanat barədə bizə heç nə məlum deyildir. Azərbaycanda seçkilər baş tutub, parlament seçilib, öz fəaliyyətinə başlayıbdır. Noyabrın 24-də onun ilk iclası olubdur. Seçkilər zamanı bir çox ölkələrdən, o cümlədən beynəlxalq təşkilatlardan müşahidəçilər ayrı-ayrı qüsurların, qanun pozuntularının olmasını qeyd edibdir, ayrı-ayrı şikayətlər də olubdur. Lakin sizin dediyiniz kimi bəyanat olmayıbdır. Biz bu barədə heç nə bilmirik.

Bizdə Avropa Parlamentinin, Fransanın parlament nümayəndə heyətinin bəyanatları var, ATƏT və Birləşmiş Millətlər Təşkilatı nümayəndələrinin də bəyanatı var. Bunların hamısında seçkilər zamanı olan qüsurlar qeyd edilibdir. Bir də ki, bu müstəqil Azərbaycan Respublikasında çoxpartiyalılıq əsasında, demokratik prinsiplər üzrə keçirilən ilk seçkilər idi. Şübhəsiz ki, qanun pozuntuları da, nöqsanlar da olubdur. Ancaq bütün bəyanatlarda qeyd olunan bir müddəa bizim üçün çox mühümdür, yəni müşahidəçilər bu seçkiləri demokratiyaya doğru, demokratiya yolunda atılmış addım hesab edirlər. Biz bunu normal hesab edirik. Sizə deyə biləcəyim yalnız bunlardır.

Sual: Mən başqa bir məsələyə - Azərbaycanın gələcək tərəqqisi məsələsinə toxunmaq istərdim. Necə bilirsiniz, əsas boru kəmərinin marşrutu barədə qərar nə vaxt qəbul olunacaq. Siz hansı marşruta üstünlük verirsiniz və bu barədə qərar tezmi qəbul ediləcək ki, sizi özünüzün neft ehtiyatlarınızdan mənfəət götürəsiniz? Çox sağ olun.

Cavab: Boru kəmərinin, yəni neftin ixracının marşrutları haqqında qərar oktyabrın 9-da Bakıda konsorsiumun rəhbər əməliyyat komitəsinin iclasında qəbul olunubdur. İlkin neftin ixracı üçün neft kəmərinin iki marşrutu seçilmişdir. Marşrutlardan biri Rusiya ərazisi ilə Qara dəniz sahilindəki Novorossiysk limanına, digər marşrut isə Gürcüstan ərazisi ilə yenə Qara dənizə çıxır. Bu marşrutların hər ikisi bizim üçün eyni dərəcədə əhəmiyyətlidir və əslində də bu barədə qərar qəbul olunubdur. Hesab edirəm ki, artıq bu qərar geniş məlumdur və mən bugünkü çıxışımda da bu barədə danışdım. Neft müqaviləsinin proqramına uyğun olaraq Azərbaycanda ilkin neft 1996-cı ilin sonunda çıxarılacaq, 1997-ci, 1998-ci illərdə onun həcmi artacaqdır. Həmin iki neft kəməri o vaxtadək hazır olacaq və şübhəsiz ki, çıxarılan neft ixrac ediləcək və buna müvafiq olaraq biz mənfəət götürəcəyik.

Budur, baş nazir mənə deyir ki, konsorsiumun əməliyyat komitəsinin rəhbəri cənab Terri Adams sabah bu konfransda bu məsələ barədə çıxış edəcəkdir.

Sual: \"Plats\" şirkəti İranla sizin münasibətlərinizin vəziyyətini öyrənmək istərdi. Sizcə, İran \"Şahdəniz\" layihəsində iştirak etməyi qərara alacaqmı?

Cavab: Azərbaycanın İranla mehriban qonşuluq , dostluq münasibətləri var, normal münasibətləri var. Azərbaycan ilə İran arasında uzun sərhəd var, bizim tarixi əlaqələrimiz var. Azərbaycanın keçmişi bir çox cəhətdən İranla bağlı olubdur. Bütün bunlar bizim bugünkü münasibətlərimizin əsasını təşkil edir. Şübhəsiz ki, bu münasibətlər iki müstəqil dövlət - İran ilə Azərbaycan Respublikası arasında olan münasibətlərdir. Biz iqtisadi əməkdaşlığı, ancaq qarşılıqlı surətdə faydalı, həm İranın, həm də Azərbaycanın mənafelərinə cavab verən əməkdaşlığı inkişaf etdirmək üçün tədbirlər görürük. O ki qaldı \"Şahdəniz\" yatağının neft və qaz ehtiyatlarından istifadə etmək üçün yaradılacaq konsorsiumda İranın iştirakı məsələsinə, bu, İranın özündən asılıdır. İrana belə bir təklif edilibdir.

Sual: \"Azadlıq radiosu\" - Axundova. Hörmətli cənab prezident, Azərbaycanın iqtisadi inkişafı, geniş miqyasda özəlləşdirmə ərəfəsində siz Qərbə - Böyük Britaniya və Fransaya səfər edirsiniz. Bu o deməkdirmi ki, siz Azərbaycanda əsaslı bazar islahatları keçirilməsində məhz Qərbə üstün əhəmiyyət verirsiniz və bu konfransda iştirak etməkdən əlavə, Böyük Britaniya və Fransaya səfərinizdə sizdən ötrü konkret olaraq üstün cəhət nədir? Sağ olun.

Cavab: Bəli, mənim indiki səfərim əvvəlki bütün səfərlərimdən fərqlənir. Bu səfərlər məhz iqtisadi problemlərə həsr olunubdur və indiki halda Adam Smit İnstitutunun dəvəti ilə bağlıdır. Mən buna çox böyük əhəmiyyət verirəm. Mən konfrans iştirakçılarının siyahısı ilə, yəni onun işində iştirak etmək üçün buraya kimlərin gəlməsi ilə tanış oldum, görürəm ki, bu, çox mötəbər konfransdır. Burada dünyanın bir çox ölkəsinin nümayəndələri var, özü də təkcə Avropa və Asiya ölkələrindən yox. Doğrudur, mən bu konfransın belə nüfuzlu xarakter daşıyacağını hiss edirdim, ancaq açığını deyim ki, onun bu qədər mötəbər və maraqlı olacağını təsəvvür etmirdim.

Ona görə də indiki halda mənim Londona səfərim məhz bununla bağlıdır. Sonra Parisə səfərim də iqtisadiyyat problemləri ilə bağlı olacaqdır, çünki Ümumdünya Bankı Parisdə işgüzar adamların, biznes adamlarının Azərbaycanda xüsusi biznesin inkişafı problemlərinə həsr edilmiş görüşünü keçirir. Biz bu məsələləri həqiqətən də indi özümüz üçün üstün məsələlər hesab edirik. Çünki biz dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramının geniş miqyasda həyata keçirilməsinə başlamaq üçün uzun müddətdir ki, işləyirik. Şübhəsiz ki, bundan ötrü də bizə, xarici şirkətlərlə, investorlarla, ölkəmizdə özəlləşdirmə prosesində iştirak etmək istəyənlərlə bilavasitə əlaqələr yaratmağımız gərəkdir. Onu da qeyd edim ki, qəbul olunmuş və mətbuatda çoxdan dərc edilmiş özəlləşdirmə haqqında qanun Azərbaycanda mülkiyyət əldə etməkdə xarici şirkətlərin iştirakının mümkünlüyünü, özü də kifayət qədər güzəştli şərtlərlə mümkünlüyünü nəzərdə tutur.

Deməli, bununla əlaqədar indiki konfrans da, Ümumdünya Bankı çərçivəsində Parisdə keçiriləcək görüş də bizim üçün üstün əhəmiyyət kəsb edir. Ancaq bunu Qərbə meyl adlandırmaq dəqiq olmazdı. Biz dünyanın bütün ölkələri ilə qarşılıqlı fayda əsasında əməkdaşlıq etmək istəyirik. Məsələn, konfrans iştirakçılarının siyahısında mən Yaponiyadan, Hindistandan olan şirkətləri də gördüm. Ona görə də, əgər nümayəndələri bu konfransa gələn Yaponiya şirkətləri Azərbaycanda da hansısa layihələrin həyata keçirilməsində iştirak etsələr, biz buna şad olarıq.

Mən bugünkü çıxışımda hamıya müraciət etdim. Bir halda ki, indi burada mətbuat, kütləvi informasiya orqanlarının nümayəndələri iştirak edirlər, sizə də müraciət edirəm. Öz imkanlarınızdan istifadə edin, xəbər verin ki, biz hamını dəvət edirik və iqtisadi islahatlar proqramımızı həyata keçirmək, bazar iqtisadiyyatına uyğun dəyişikliklər, özəlləşdirmə aparmaq üçün hamı ilə əməkdaşlıq etməyə hazırıq.

Sual: Bi-Bi-Si şirkətinin jurnalisti. Prezident Rusiyadan olan təhlükəni necə qiymətləndirir? Mən onu nəzərdə tuturam ki, Rusiya birdən təkid edər ki, Xəzər dənizinin bütün təbii ehtiyatları Xəzəryanı ölkələrin hamısının arasında bölüşdürülsün. Sizcə Rusiyada seçkilərdən sonra bu problemə münasibət daha mühafizəkar, daha millətçi xarakter ala bilərmi?

Cavab: Əvvəlcə Xəzər dənizi barəsindəki sualınıza cavab verim. Biz özümüz də Xəzər dənizinin bölüşdürülməsinin, sektorlara bölünməsinin tərəfdarıyıq. Əslində o, Xəzəryanı dövlətlərin sektorlarına bölünmüşdür. Bu bölgü çoxdan, hələ Sovetlər İttifaqı mövcud olan zaman aparılmışdır. Biz indi Xəzər dənizinin özümüzə, Azərbaycana aid olan sektorundan istifadə edirik.

O ki, qaldı hansısa təhlükənin, yaxud daha nəyin isə ola biləcəyinə... Bilirsiniz, belə götürdükdə Xəzər dənizi bir dövlətə deyil, Xəzəryanı dövlətlərin hamısına məxsusdur və hər bir dövlətin, o cümlədən də Azərbaycanın ona eyni dərəcədə, bərabər hüququ var. Mənəvi hüquq baxımından yanaşdıqda isə, Azərbaycan artıq çoxdandır ki, Xəzər dənizindən neft çıxarır, digərləri bu işə təzəcə hazırlaşırlar. Əgər sənaye miqyasında neft hasilatından danışsaq, demək lazımdır ki, biz 45 il bundan öncə Azərbaycanda dənizdən neft çıxarılmasına başlamışıq. Bu. bütün dünyaya məlum olan məşhur \"Neft Daşları\"dır.

Ona görə də əslində bu məsələdə bizim narahatçılığımız yoxdur. Xəzər dənizi haqqında danışmaq, bu problemi müzakirə etmək olar. Ancaq bununla yanaşı, hər kəs öz işini görməlidir və biz də öz işimizi görürük.

Sizin sualınızın ikinci hissəsi Rusiyadakı vəziyyətə aiddir, yəni seçkilərdən sonra nə olacaq? Bilirsiniz ki, mən ümumiyyətlə, proqnozlarla məşğul olmuram, münəccim deyiləm, seçkilərdən sonra Rusiyada nə olacağını bilmirəm. Lakin nə olur-olsun, bir siyasətçi kimi mən hesab edirəm ki, Rusiya həm demokratik dəyişikliklər yolu ilə, həm də bazar iqtisadiyyatını inkişaf etdirmək yolu ilə gedəcəkdir. Bu isə bizdən ötrü çox mühümdür.

Sual: \"Faynenşl tayms\". İki ay bundan əvvəl azərbaycanlıların bir çoxu deyirdi ki, Çeçenistandakı hadisələrlə əlaqədar onların Rusiyaya gedib-gəlmələri çox çətinləşmişdir. Mən istərdim biləm, indi vəziyyət necədir, azərbaycanlıların Rusiyaya gediş-gəlişi asanlaşıbmı?

Cavab: Yox, deyə bilərəm ki, asanlaşmayıb. Bilirsiniz ki, Çeçenistanda hərbi əməliyyatlar, döyüş əməliyyatları başlayandan bəri Azərbaycan ilə Rusiya arasındakı sərhəd - bu, bizim şimal sərhədimizdir - əslində bağlanmışdır. Azərbaycan sakinlərinin sərhəddən Rusiyaya keçmələri son dərəcə çətinləşmişdi. Təəssüf ki, bu rejim indi də qalmaqdadır. Bu, təkcə adamların gediş-gəlişinə deyil, həm də yüklərin daşınmasına mane olur və bu, bizdən ötrü böyük çətinliklər yaradır. Sərhəddəki rejimi müəyyən qədər asanlaşdırmaq üçün biz Rusiya Federasiyasının hökuməti ilə danışıqlar aparmışıq və aparırıq. Lakin vəziyyət hələ əvvəlki kimi qalmaqdadır.

Sual: Bağışlayın, mən verdiyim suala qayıtmaq istərdim. Mən Azərbaycandan neft ixrac edəcək iki boru kəməri haqqında soruşurdum. Azərbaycandan sonradan neftin ixrac ediləcəyi kəməri, əsas boru kəmərini nəzərdə tuturam. Haqqında danışdığınız iki boru kəmərinin yox, əsas neft kəmərinin marşrutu barədə hansısa bir ideyanız varmı?

Cavab: Neft müqaviləsinin proqramına və əslində elə müqavilənin özünə uyğun olaraq həmin boru kəməri, yəni sizin dediyiniz böyük, əsas kəmər müqavilə imzalandıqdan sonra 54 ay ərzində çəkilməlidir. İlkin neftin ixracı üçün nəzərdə tutulan kəmər isə müqavilə imzalandıqdan sonra 18 ay ərzində hazır olmalıdır. Deməli, əslində biz məsələni mərhələ-mərhələ həll edirik. Biz ilkin neftin ixracı üçün boru kəmərinin çəkilməsi haqqında qərar qəbul etmişik, lakin şübhəsiz ki, müəyyən olunmuş müddətdə, 54 ay ərzində əsas kəmərin çəkilməsi məsələsi üzərində də işləyirik. Boru kəmərini neftin əsas hissəsi çıxarılana qədər çəkməyin mənası yoxdur, bu iş ahəngdar getməlidir. Hesab edirəm ki, böyük neft kəməri o vaxtadək hazır olacaqdır.

Marşruta gəldikdə isə, variantlar çoxdur, onlar nəzərdən keçirilir. İqtisadi baxımdan, habelə başqa mülahizələrə görə hansı marşrut konsorsiumun bütün iştirakçıları üçün münasib olarsa, həmin marşrut da qəbul ediləcəkdir.

Sual:Biz bu gün konfransın keçirildiyi salonda deyil, kənarda gedən söhbətlərdən eşitdik ki, neft şirkətinin prezidenti cənab Əliyev Azərbaycan prezidentinin oğludur. Siz bu şayiələri təsdiq edə bilərsinizmi, əgər təsdiq edərsinizsə, onda Qərbdə deyildiyi kimi, bu naqolay vəziyyətdir. Bu barədə sizin şərhiniz varmı?

Cavab: Neft şirkətinin prezidenti Əliyevlə mənim familiyam eynidir, - yeri gəlmişkən deyim ki, Azərbaycanda Əliyev familiyası çox geniş yayılmışdır, - onun mənə heç bir qohumluğu yoxdur. Ancaq oğlum neft şirkətinin xarici iqtisadi məsələlər üzrə vitse-prezidentidir. Hesab edirəm ki, burada qanuna, yaxud etikaya zidd heç nə yoxdur.

Sual: Oktyabrın 9-da bildirilmişdir ki, neft kəmərinin marşrutu məsələsi barədə noyabrın 1-dək Rusiya ilə saziş əldə olunacaqdır. Siz nə baş verdiyini aydınlaşdıra bilərsinizmi, saziş nə üçün noyabrın 1-dək imzalanmadı və nə vaxt imzalanacaq?

Cavab: Həqiqətən də nəzərdə tutulurdu ki, daha doğrusu, konsorsium istəyirdi ki, Rusiyanın ərazisindən keçəcək neft kəməri haqqında noyabrın 1-dək Rusiya ilə saziş imzalansın. Bu, oktyabrın 9-da qərar alınmışdı. Bununla əlaqədar əməliyyat komitəsinin rəhbəri cənab Terri Adams və Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri Rusiyanın rəhbərləri ilə, o cümlədən baş nazir cənab Çernomırdinlə, yanacaq-energetika sənayesi naziri cənab Şafranniklə və digər şəxslərlə görüşərək sazişin layihəsini müzakirə etmişlər.

Ancaq bilirsiniz ki, müvafiq qaydalarla, tərəflərin hər biri ekspertiza keçirməli, hüquqşünaslar, mütəxəssislər məsələni araşdırmalıdırlar, bu da vaxt apardı. Moskvada ikinci görüş keçirilibdir. Mənə məlum olduğuna görə, razılıq əldə edilibdir, yəni saziş tezliklə imzalanacaqdır.

Sağ olun. Yenə sualı olan varmı?

Sual: Hörmətli cənab prezident, sizə belə bir sual vermək istərdim. Birləşmiş Ştatların və digər Qərb dövlətlərinin hökumətləri əsas boru kəmərinin marşrutunun seçilməsinə necə təsir göstərmişlər və sizcə, bu marşrutun seçilməsində Qərbin mövqeyi, Birləşmiş Ştatların və Qərbin təsiri nədən ibarət idi?

Cavab: Bilirsiniz ki, konsorsiuma 11 neft şirkəti daxildir və onlardan 5-i Amerika Birləşmiş Ştatlarının neft şirkətləridir. Ancaq konsorsiuma \"Britiş petroleum\", \"Statoyl\" şirkətləri, Rusiya Federasiyasının \"LUKoyl\" şirkəti, Səudiyyə Ərəbistanının \"Delta\" şirkəti, Türkiyənin \"Türk petrolları\" şirkəti də daxildir. Ona görə də, şübhəsiz, belə vəziyyətdə, yəni konsorsiumdakı 11 şirkət 7 ölkəni, 7 dövləti təmsil edirsə, deməli hər bir dövlət və ona məxsus olan şirkət öz mövqeyini bildirir və qərarların qəbul olunmasına müəyyən təsir göstərir. Son nəticədə isə konsorsium bu qərarı yekdilliklə qəbul edibdir.

Sağ olun. Yenə sual varmı?

Sual: Cənab prezident, siz dediniz ki, konfrans iştirakçılarının siyahısından çox razısınız. Mən demək istəyirəm ki, bizim institut yalnız iştirakçıları cəlb edə, konfransı təşkil edə bilmişdir. Lakin məsələ, cənab prezident, məhz sizin iştirak etməyinizdə, sizin ölkənizin rolundadır, bu qədər iştirakçını cəlb edən də budur. Suallara cavab verdiyinizə görə sizə təşəkkür etmək istəyirik. Bəlkə konfrans barədə sizin hansısa qeydləriniz var.

Cavab: Mənim heç bir qeydim yoxdur. Bu konfransı belə yaxşı səviyyədə təşkil etdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Doğrudur, bu, Azərbaycana olan diqqətdir, ancaq bütün bu işi iqtisadiyyat, biznes aləmində yaxşı adı və böyük nüfuzu olan Adam Smit İnstitutu təşkil edibdir. Ona görə də mən konfransın belə yaxşı təşkili üçün son dərəcə minnətdaram. Ümidvaram ki, konfrans sabah da öz işini bu səviyyədə davam etdirəcəkdir. Mətbuat konfransının iştirakçılarına, buraya gəlmiş mətbuat orqanlarının, informasiya orqanlarının nümayəndələrinə çətin fəaliyyətlərində uğurlar diləmək istəyirəm. Bu bəyanatımı nəzərə alın ki, mən informasiya orqanlarına, mətbuata və özlərini bu çətin peşəyə həsr edən şəxslərə böyük hörmət və ehtiram bəsləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.