Hörmətli cənab Yasuişi Akaşi!
Xanımlar və cənablar!
İlk öncə beynəlxalq humanitar təşkilatların rəhbərləri ilə görüşdən məmnun qaldığımı bildirirəm və bu təşkilatlarla ölkəmizin əlaqələrinin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıram.
Çıxış edən natiqlərin Azərbaycanda qaçqınların problemlərinin həlli, onlara humanitar yardımların vaxtında çatdırılması sahəsində son illər yaranan müsbət dəyişikliklər barədə verdikləri dəyərli məlumatlara görə təşəkkür edirəm. Bütövlükdə Azərbaycan barədə, respublikamızda baş verən müsbət proseslər haqqında söylənən xoş sözlərə görə minnətdarlığımı bildirirəm.
Nəzərinizə çatdırıram ki, Dünya Birliyində özünəməxsus yer tutan gənc müstəqil Azərbaycan Respublikasında ictimai-siyasi vəziyyət tam sabitdir. Xalqın öz dövləti ətrafında getdikcə möhkəmlənən birliyi, demokratik dəyişikliklər, uğurla həyata keçirilən iqtisadi islahatlar, dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığın güclənməsi ölkəmizdə qaçqınların həyatını yaxşılaşdırmaq üçün daha təsirli tədbirlər həyata keçirməyə, bu işə olan diqqət və qayğını dönmədən artırmağa imkan vermişdir. Bu baxımdan beynəlxalq humanitar təşkilatların Azərbaycana göstərdikləri yardımın əhəmiyyəti də gündən-günə artır.
Respublikamız üçün ən ağrılı problemdən - Ermənistanın Azərbaycana təcavüzündən, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovulmasından danışarkən onu nəzərə çarpdırmaq olar ki, hazırda çadırlarda ağır vəziyyətdə yaşayan qaçqınlarımızın beynəlxalq humanitar təşkilatların köməyinə, dünya ictimaiyyətinin diqqət və qayğısına olduqca böyük ehtiyacı vardır.
Bununla belə, göstərmək lazımdır ki, Ermənistanın işğalçı ordusu tərəfindən insan hüquqları tapdalanan bir milyondan çox azərbaycanlı qaçqına beynəlxalq humanitar təşkilatlar yardımlar göstərsə də, 1992-ci ildə ABŞ Konqresi tərəfindən \"Azadlığı müdafiə aktı\"na 907-ci düzəlişin qəbul edilməsi nəticəsində ABŞ hökuməti ölkəmizə yardım edə bilmir.
Vurğulamaq yerinə düşərdi ki, hazırda Azərbaycan ilə Amerika arasındakı əməkdaşlıq daim inkişaf edir və mən bunu çox yüksək qiymətləndirirəm. Lakin təəssüflənirəm ki, 907-ci düzəliş bu əlaqələrin daha da möhkəmlənməsinə maneçilik törədir. Bu düzəlişin aradan qaldırılmasına beynəlxalq humanitar təşkilatların da səy göstərməsi vacibdir. Mn konqresmenlərlə, Prezident cənab Bill Klintonla və ABŞ hökumətinin yüksək vəzifəli digər rəsmi şəxsləri ilə qarşıdakı görüşlərimdə bu düzəlişin ləğv edilməsi, həm də Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələləri barədə geniş müzakirələr keçirəcəyəm və ümidvaram ki, bu müzakirələr səmərəli olacaq, münaqişənin sülh yolu ilə həllinə, ədalətsiz 907-ci düzəlişin tezliklə aradan qaldırılmasına müsbət təsir göstərəcəkdir.
Bu görüşdə iştirak etdikləri üçün beynəlxalq humanitar təşkilatların rəhbərlərinə bir daha minnətdarlığımı bildirir və Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə onlara böyük uğurlar arzulayıram.
\"Azərbaycan\" qəzeti, 8 avqust 1997-ci il