Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublikanın ali məktəblərinə daxil olmuş birinci kurs tələbələri ilə görüşdə nitqi - 14 sentyabr 1994-cü il

Hörmətli gənclər, tələbələr!

Hörmətli müəllimlər!

Bu il Azərbaycan Respublikasının ali məktəblərinə qəbul prosesi başa catmaqdadır. Test üsulu ilə imtahan verib ali məktəblərə qəbul edilən gənclər artıq məlumdurlar. Onlar bu hüquqa nail olublar və sabah ali məktəblərdə yeni dərs ilinə başlayacaqlar.

Bu münasibətlə mən sizi və sizin simanızda Azərbaycan Respublikasının bu il ali məktəblərə daxil olmuş gənclərini, yeni tələbələri səmimi-qəlbdən təbrik edirəm. Sizin hamınıza ali məktəblərdə təhsil almaqda uğurlar diləyirəm. Ali məktəblərə qəbul prosesi və xüsusən hər il Azərbaycan Respublikası vətəndaşlarının, gənc nəslin ali məktəblərə qədəm qoyması respublikanın ictimai-siyasi həyatında böyük, əlamətdar hadisədir. Bu hadisəni biz qeyd edirik və bu münasibətlə də mən bu gün sizinlə görüşə gəlmişəm. Qəbul sahəsində aparılan işlər və əldə olunan nəticələr haqqında indi məlumat veriləcəkdir. Sonra isə buraya dəvət olunan gənclərdən söz demək istəyənləri məmnuniyyətlə dinləməyə hazıram.

* * *

Əziz gənclər, tələbələr, qızlar və oğlanlar, müstəqil Azərbaycan Respublikasının əziz ovladları!

Bu gün sizin üçün tarixi bir gündur. Həyatınızda yeni mərhələyə başlayırsınız. Ali məktəblərə qəbul olunmusunuz. Orta məktəbdə təhsili bitirən hər bir gənc ali məktəbdə təhsil almağa, bu məqsədə nail olmaqa çalışır. Orta məktəbi qurtarıb ali məktəbə daxil olmaq hər bir gənc üçün böyük hadisədir və tam qətiyyətlə deyə bilərik ki, bu, xoşbəxtlikdir. Siz bu xoşbəxtliyə nail olmusunuz. İndi siz Azərbaycanın ali məktəblərinin tələbələrisiniz, sabah auditoriyalara daxil olub dərsə başlayacaqsınız.

Mən sizi və sizin simanızda ali məktəblərə daxil olan Azərbaycan gənclərinin hamısını ürəkdən təbrik edirəm və sizə can-sağlığı, ali təhsil almaq yollarında uğurlar arzulayıram!

Hər birinizin ali məktəbə daxil olmağınızda orta məktəblərimizin rolu çox böyükdur. Azərbaycan Respublikasının, Azərbaycan xalqının XX əsrdə böyük nailiyyətlərindən biri də budur ki, bizdə yaxşı orta təhsil sistemi yaranmışdır və orta məktəblərimiz gənclərə yaxşı təhsil verir, onları tərbiyələndirir, gələcək müstəqil həyata hazırlayır, ali təhsil almağın bünövrəsini qoyur.

Bu gün burada çıxış edən gənclərin hamısı öz müəllimlərinə, təhsil aldıqları məktəblərə minnətdarlığını bildirdi. Bu, olduqca təbii haldır. Ona görə də bu gün mən gənclərimizi orta məktəblərdə hazırlamış, ali təhsil almaq üçün onlara lazımi bilik, tərbiyə vermiş müəllimlərə, məktəblərə minnətdarlığımı bildirirəm və bütün orta məktəb müəllimlərimizi bu hadisə münasibətilə təbrik edirəm.

Siz həyatınızda böyük bir addım atmısınız, gələcəyə doğru addım atmısınız. Qədəmləriniz uğurlu olsun! Qarşınızda böyük yol durur: ali təhsil almaq, müstəqil Azərbaycan Respublikasının həyatında özünu sınaqdan çıxarmaq, cəmiyyətdə istədiyiniz və layiq olduğunuz yeri tutmaq. Bunun üçün siz ilk imkanı əldə etmisiniz. Lakin qarşınızda hələ böyük yol durur. Mən arzu edərdim ki, siz indiyədək səylə təhsil aldığınız kimi, ali məktəblərdə də bütün fənləri dərindən mənimsəməyə calışasınız və ali təhsilə malik layiqli mütəxəssis olasınız. Bu, sizdən asılıdır. Əlbəttə, başqa amillərdən də asılıdır. Amma hər şeydən əvvəl sizin özünüzdən asılıdır. Güman edirəm ki, siz həyat yolunuzun ilk hissəsini müvəffəqiyyətlə keçdiyiniz kimi, ali məktəbdə təhsil dövrünü də uğurla başa çatdıracaq və xalqımız üçün, cəmiyyətimiz üçün, ölkəmiz üçün gərəkli, dəyərli adamlar olacaqsınız.

Bu gün burada çıxış edən gənclərin hamısı imtahanların test üsulu ilə keçirilməsindən məmnun olduğunu bildirdi. Onların əksəriyyəti dedi ki, əgər bu üsul olmasaydı, ali məktəbə daxil ola bilməzdilər. Bu fikirlər bir daha təsdiq edir ki, son vaxtlar Azərbaycanda ali məktəblərə qəbulda test üsulunun tətbiq olunması müsbət nəticələr verir, cəmiyyətimiz üçün xeyirlidir. Odur ki, biz bunu davam etdirməliyik. Bu, bizim fikrimizdir, test üsulu ilə ali məktəblərə daxil olmuş gənclərin fikridir. Ancaq güman edirəm ki, test üsulu ilə imtahan verib qəbul oluna bilməyənlər də götür-qoy elərək, bu üsulun əhəmiyyətli olduğunu özləri müəyyənləşdirməlidirlər. Əgər bu üsulla, - ümumiyyətlə, onun özündə, ondan istifadə olunmasında nöqsanlar, səhvlər varsa, bunları da bildirməlidirlər. Lakin son illərdə əldə edilən nəticələr göstərir ki, bu, mütərəqqi üsuldur, gənclər sırasından ən biliklilərinin ədalətlə secilib ali məktəblərə qəbul olunmasını təmin edən ən münasib üsuldur.

Siz bilirsiniz ki, mən keçmiş illərdə də Azərbaycan Respublikasının ali təhsil, ümumiyyətlə təhsil sistemi ilə çox məşğul olmuşam, fəaliyyətimin, həyatımın, demək olar, əksər hissəsi ərzində xalqımızın, gənclərimizin dünya bilik səviyyəsinə müvafiq surətdə təhsil almasına, layiqli mütəxəssislər hazırlanmasına, gələcəkdə elmimizi, təhsilimizi, mədəniyyətimizi, iqtisadiyyatımızı, ictimai-siyasi həyatımızı inkişaf etdirməyə qadir olan adamlar yetişdirilməsinə var qüvvəmlə calışmışam. Mən təhsilimizin tarixini də bilirəm.

70-80-ci illərdə ali məktəblərdə ədalətli prinsiplərin tətbiq olunması üçün çox calışmışam. Ali məktəblərə qəbulda nöqsanların aradan qaldırılması uğrunda ciddi mubarizə aparmışam, daim də arzu və istəyim bundan ibarət olmuşdur ki, ali məktəblərimiz həqiqətən yüksək təhsil ocaqlarına çevrilsin, ali məktəblərdə oxuyan gənclərimiz həm yüksək səviyyədə təhsil ala bilsin, həm də yaxşı tərbiyə edilsinlər.

Minlərlə gənclərimiz sırasından ali məktəblərimizə yalnız və yalnız biliyinə, zəkasına görə, hazırlığına görə ən layiqlilər seçilib götürülməlidir. Aydındır ki, hər bir gənc ali təhsil almaq istəyir. Məlumdur ki, keçmişdə təhsildən kənarda qalmış, savadsız olmuş adamlarımız çox idi. Lakin son onilliklərdə hamılıqla savadlanma, gənclərin təhsilə mutləq cəlb edilməsi ona gətirib çıxarmışdır ki, orta məktəbi bitirən hər bir gənc, daha doğrusu, onların böyük əksəriyyəti ali məktəblərə daxil olmağa çalışmışdır. Amma ali məktəblərimiz ali təhsil almaq istəyənlərin hamısını qəbul etmək imkanına malik olmamışdır. Bu, təbiidir. Axı, bu məsələlər də planlaşdırılır. Odur ki, hər bir ali məktəbin qəbul üçün müəyyən imkanı var. Ona görə də bizi daim düşündürən məsələlərdən biri də budur ki, ali məktəblərə gənclərimizin yalnız ən bilikliləri, zəkalı və savadlıları, layiqliləri daxil olsunlar.

Keçmiş vaxtlarda bu sahədə nailiyyətlər də olub, nöqsanlar, qüsurlar da. Əlbəttə, çox razı və narazı qalanlar da olub. Biz əksər hallarda ədaləti təmin etməyə nail olmuşuq. Ancaq eyni zamanda bəzi qruplar, adamlar bizim bu işimizin ədadətlə getməsinə əngəl törədirdilər. Buna görə ədalətsizlik halları da olmuşdur. Belə hallar isə ali təhsil sistemində calışan müəllimlərimizin, məsul işçilərin bu sahədə buraxdıqları nöqsanlardan, öz vəzifələrindən sui-istifadə etmələrindən irəli gəlirdi. Buna görə də biz belə halların kökünü kəsmək üçün hələ o vaxtlar da müxtəlif yollar axtarırdıq ki, ali məktəblərə qəbul tam ədalətli olsun. Şübhəsiz ki, müxtəlif sistemlər yaradılırdı. Lakin o vaxtlar Sovet İttifaqının heç bir yerində test üsulu tətbiq edilmirdi.

İndi üçüncü ildir ki, test üsulu Azərbaycanda tətbiq olunur. Bu üc ilin təcrübəsi göstərir ki, (mən bunu bir daha deyirəm), bu üsul ədaləti tam olmasa da, hər halda təmin edir. Lakin bu üsulun tətbiqi sahəsində də, şübhəsiz, təcrübə toplamaq, səriştə və təcrübəni daha da artırmaq lazımdir. Bu üsulun tətbiqi zamanı bəzi qüvvələrin yenə də əlyeri tapıb, qeyri-qanuni hallara yol verməsinin qarşısını almaq gərəkdir. Ötən üç ilin təcrübəsi həmçinin göstərir ki, belə hallar olmaqla yanaşı, müəyyən təcrübə də toplanıbdır, test üsulunun tətbiqi ildən-ilə təkmilləşdirilmişdir. Amma bu üsuldan istifadə edərək, qanunsuz yollarla getmək istəyənlər də olmuşdur. Bununla bərabər, zənnimcə, nailiyyət ondan ibarətdir ki, belə xoşagəlməz, mənfi halların qarşısı alınmışdır. Bəlkə də tamamilə alınmamışdır, - mən bunu qətiyyətlə deyə bilmərəm, lakin hər halda test üsulu müsbət nəticələr verir. Test üsulu ilə keçirilən bu ilki imtahanlar otən illərdəkindən daha uğurlu olmuşdur. Bu da onunla bağlıdır ki, birinci il təcrübə, şübhəsiz, az idi. Test üsulunun tətbiq edildiyi birinci il yerlərin cəmi 30 faizi tutulmuşdu, 70 faizi isə boş qalmışdı. Nəticədə də məsələ uzanmış və dərslər 92-ci ildə deyil, 93-cu il fevralın 1-də başlanmışdı. Beləliklə, ali məktəblərə daxil olanlar tam kurs keçə bilməmişdilər. 93-cu ildə irəliləyiş olmuş və yerlərin 60 faizi tutulmuşdu. Lakin məsələ yenə də uzanmış, dərslər dekabrın 15-də başlanmışdı.

Bu il isə test üsulunun tətbiqi təkmilləşdirilmişdir. Görünür, bu işlə məşğul olanların təcrübəsi artmışdır. Nəticədə ali məktəblərə qəbulun 87 faizi təmin edilmişdir. Odur ki, sentyabrın 15-də siz, eləcə də bütün birinci kurs tələbələri təhsil almağa başlayacaqsınız, sizin üçün tədris ili başlanacaqdır.

Bunlar onu göstərir ki, test üsulunun tətbiqi, bir tərəfdən, hər il müsbət nəticələr verir, digər tərəfdən isə, test üsulu ilə məşğul olan orqanlarımızın fəaliyyəti təkmilləşir və biz yaxşı nailiyyətlər əldə edirik. Mənə verilən məlumatlardan aydın oldu ki, bu gündən sonra da test üsulu ilə qəbul imtahanları keçiriləcəkdir. Qəbul olunmayanlar test üsulundan bir də keçiriləcəklər. Onlar hazırlıq şöbəsinə gedəcək, sonra isə test üsulu ilə imtahan verəcəklər.

Gürcustandakı abituriyentlər Gürcustanda, Dağıstandakılar isə Daqıstanda qəbul ediləcəklər. Hərbi məktəblərə qəbul da test üsulu ilə olacaqdır. Güman edirəm ki, bu tədbirlər də qısa müddətdə həyata keçiriləcəkdir. Beləliklə də, biz test üsulunun bəhrəsini görəcəyik, ali məktəblərimizə tələbələrin yeni bir dəstəsi qəbul ediləcəkdir. İndi bu yeni qəbulla əlaqədar olaraq ali məktəblərin üzərinə çox böyük vəzifələr düşür.

Bu vəzifələr aydındır. Əgər test üsulu ilə tələbələr qəbul edilmişdirsə, deməli, onlara qayğı göstərmək, təhsil almaları üçün şərait yaratmaq, onlara yaxşı təhsil vermək lazımdır. Mən qeyd etdim ki, bizim istər orta təhsil, istərsə də ali təhsil sahəsində böyük nailiyyətlərimiz var. Lakin son illərdə respublikamızın ictimai-siyasi həyatında baş verən proseslər, Azərbaycanın altı ildən bəri müharibə vəziyyətində olması, iqtisadi və sosial sahələrdə gedən proseslər və meydana gəlmiş mənfi hallar təhsil sahəsinə, o cümlədən ali məktəblərin işinə də mənfi təsir göstərmişdir. Ali məktəblərin işində keçən dövrlərə nisbətən nöqsanlar çoxalmışdır. Hətta bəzi hallarda tədrisin, təhsilin səviyyəsi də aşağı düşmüşdür. Bunlar reallıq, həqiqətdir. Biz onları etiraf etməliyik. Nöqsanları özümuz deməliyik. Əvvəla, biz daim gərək həqiqəti açıq söyləyək. İkincisi də, hamımız birləşib bu nöqsanları aradan qaldırmalıyıq.

Gənc nəsil gəlir. Bu, Azərbaycanın gələcəyidir. Ali məktəblərə daxil olan gənclər Azərbaycanın elmini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-sosial həyatını inkişaf etdirəcək yeni nəslin bir dəstəsidir. Bu gənclərin qeydinə qalmaq, onlara qayğıkeş münasibət göstərmək, başlıcası isə, yaxşı təhsil vermək, ali məktəblərdə mənəvi mühiti möhkəmlətmək, gənclərimizi gələcəkdə müstəqil həyatda sərbəst və layiqincə çalışmağa hazırlamaq - bunlar ali məktəblərin professor və müəllim heyətinin, bütün ali məktəb işçilərinin müqəddəs vəzifəsidir.

İndi ali məktəblər tələbə qəbulu işindən azad olublar, yükləri müəyyən qədər azalıbdır. Deməli, qəbul olunmuş gəncləri hazırlamaq, savadlandırmaq, yüksək mənəvi səviyyəyə çatdırmaq ali məktəblərin borcudur. Ona görə də bu gün mən bütün ali məktəblərə, professor və müəllimlərimizə, alimlərimizə müraciət və tövsiyə edirəm ki, onların bu sahədə işi qoy həmişə şərəfli olsun, baş ucaltsın, onlar hər gün, hər dərs saatında respublikamızın gələcəyi barədə düşünsünlər. Respublikamızın gələcəyi isə gənclərin nə dərəcədə keyfiyyətlə hazırlanmasından asılıdır. Biz çalışmalıyıq ki, müstəqil Azərbaycan Respublikasının gələcəyi daha uğurlu, daha gözəl olsun, xalqımız gündən-günə daha yüksək səviyyələrə qalxsın.

Ümidvaram ki, ali məktəblərin professor-müəllim kollektivləri öz vəzifələrini şərəflə yerinə yetirəcək və Azərbaycanın gənc nəslinin hazırlanmasında öz xidmətlərini göstərəcəklər. Lakin çox şey tələbələrin özlərindən asılıdır. Siz, əziz tələbələr, bilməlisiniz ki, Azərbaycan gəncləri arasında sizin üçün xüsusi şərait yaradılmışdır. Siz ali məktəblərə daxil olmusunuz və buna görə də sizin vəzifəniz, borcunuz yaxşı təhsil almaqdan ibarətdir.

Aydındır ki, Azərbaycan gənclərinin böyük bir hissəsi başqa sahələrdədir. Sizin kimi gənclər Azərbaycan torpaqlarını mudafiə etmək üçün onun keşiyində durur, ordu sıralarında, cəbhədədirlər. Gənclərin başqa bir hissəsi sənaye, kənd təsərrüfatı sahələrində çalışır, əmək fəaliyyətinə başlamışdır. Siz isə xüsusi bir şəraitə düşürsünüz. Odur ki, gərək bunun qədrini biləsiniz və bu şəraitdən həm özünuz üçün, həm də öz xalqınız, öz valideynləriniz üçün, Azərbaycanın gələcəyi üçün səmərəli istifadə edəsiniz.

Ali məktəblərə daxil olmağınız münasibətilə keçirilən bu görüşdə mən sizi təbrik etməklə yanaşı, Azərbaycan Respublikasının müdafiəsi, onun ərazi bütövlüyünün qorunması üçün keşikdə duran gənclər barəsində də düşünürəm. Onlar mənim daim qəlbimdədir.

Bildiyiniz kimi, altı ildir müharibə gedir. Müharibəni də əsasən gənclərimiz aparırlar, onlardan təşkil olunmuş ordumuz aparır, Azərbaycanın qeyrətli, cəsur oğulları aparırlar. Bu altı ildə biz itkilər vermişik. Bakıdakı Şəhidlər xiyabanı, şəhər və qəsəbələrimizdəki, kəndlərimizdəki şəhid məzarları gənclərimizin qəhrəmanlığının nişanəsidir, onların Vətən yolunda, xalq yolunda, müstəqil Azərbaycan uğrunda şəhid olduqlarını göstərən abidələrdir. Biz onların qəhrəmanlığını, igidliyini heç vaxt unutmayacağıq və unuda da bilmərik. Siz gənclər şəhidlərin xatirəsini daim yad etməli, həmişə qəlbinizdə saxlamalısınız. Torpaqlarımızı qoruyan, sərhədlərimizin keşiyini çəkən, cəbhədə olan sizin kimi gənclər haqqında daim düşünməlisiniz, onlara mənəvi dayaq olmalı, onları ruhlandırmalısınız. Bu da sizli-bizli hamımızın müqəddəs vəzifəsidir.

Bu gün - sizin üçün, hamımız üçün, respublikanın bütün ictimaiyyəti üçün əlamətdar olan bu gündə mən müstəqil Azərbaycanın müdafiəsi uğrunda canından keçib şəhid olan Azərbaycan övladlarını yad edirəm və bildirirəm ki, onların qəhrəmanlığı qəlbimizdə əbədi yaşayacaqdır. Gəlin, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərə rəhmət eləsin!

Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasında gedən müharibədə dörd aydır atəş dayandırılmışdır və bu atəşkəs davam edir. Altı ildən bəri gedən müharibə dövründə ilk dəfədir ki, belə uzunmüddətli atəşkəs əldə olunmuşdur. Bu onu göstərir ki, biz müharibə aparmaq istəmirik. Müharibəyə də biz başlamamışıq. Azərbaycan xalqı öz torpaqlarını qorumaq, ərazi bütövlüyünü saxlamaq uğrunda müharibə aparır. Ermənistan tərəfindən Azərbaycana təcavüz edilmişdir və bu təcavüz indiyədək davam edir. Lakin bunlara baxmayaraq, biz müharibəyə son qoymağa daim çalışırıq, ortaya çıxan məsələləri sülh yolu ilə həll etmək istəyirik. Ermənistanla Azərbaycan arasında sülh yaratmaq istəyirik, ortaya atılmış Qarabağ məsələsini sülh yolu ilə həll etmək istəyirik. Bu, bizim mövqeyimizdir, biz bunu beynəlxalq təşkilatlara da bildirmişik.

Bunu dünya ictimaiyyəti də bilir. Atəşin kəsilməsinə məhz bunun sayəsində nail olmuşuq. Biz beynəlxalq təşkilatların, böyük dövlətlərin - Qərb dövlətlərinin, Rusiyanın vasitəçiliyi ilə uzunmüddətli sülh əldə etmək istəyirik. Ancaq bu, yalnız və yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, Azərbaycan Respublikasının suverenliyinin təmin edilməsi şərti ilə həyata keçirilə bilər. Biz çalışacağıq ki, buna nail olaq. Lakin eyni zamanda xalqımız, ordumuz, gənclərimiz müstəqil Azərbaycan Respublikasının dövlətini, ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını qorumağa, müdafiə etməyə həmişə hazır olmalıdırlar.

Buna görə də biz ordu quruc uluğuna daim diqqət yetiririk. Ordumuzun möhkəmlənməsi həm bu gün Azərbaycanın müdafiəsi üçün lazımdır, həm də gələcəkdə müstəqil Azərbaycanın suveren bir dövlət kimi yaşaması üçün vacibdir.

Azərbaycan müstəqildir və daim müstəqil olacaqdır. Bunun üçün Azərbaycanın güclü dövlət orqanları olmalıdır, dövlət quruculuğu prosesi həyata keçirilməlidir. Azərbaycanın müstəqilliyini qorumaq üçün onun güclü ordusu olmalıdır. Odur ki, hər birimiz Azərbaycan Ordusunun möhkəmlənməsi, təkmilləşməsi üçün, ordunun qüdrətinin artması üçün çalışmalıyıq. Siz gənclər də ali təhsil almaqla yanaşı bilməlisiniz ki, hər biriniz Azərbaycan Ordusu sıralarında xidmət etməyə hazır olmalısınız, özünüzü buna hazırlamalısınız.

Gənclərimizi vətənpərvərlik ruhunda, xalqımızı, xüsusən gəncləri bu ruhda, müstəqil Azərbaycanın qorunub saxlanması ruhunda, bu məqsədlə hər bir vətəndaşın, hər bir gəncin fədakarlığa hazır olması ruhunda tərbiyə etmək lazımdır. Bu, hamımızın, xüsusən müəllimlərimizin borcudur. Təhsil ocaqlarında bu məsələyə xususi fikir verilməlidir.

Çıxış edən tələbələrdən biri dedi ki, o, hərbi kadrlar hazırlanan fakültəyə daxil olmuşdur, özünü hərbi işə həsr etmək istəyir, niyyəti Azərbaycan ordusunda xidmət etməkdir. Bu çox təqdirəlayiq haldır. Vətənini müdafiə etməyə calışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir.

İndi biz öz taleyimizin sahibiyik. Xalqımız öz milli azadlığına nail olmuşdur. Müstəqil dövlətimiz qurulur və biz müstəqilliyimizi qoruyub saxlamalıyıq. Ona görə də gənclərimizin bu prinsiplər əsasında tərbiyə edilməsi həm müəllimlərimizin, həm ictimaiyyətin, həm də informasiya orqanlarımızın başlıca vəzifəsidir.

Ali məktəblərin qarşısında duran vəzifələr çoxdur. Bizə məlumdur ki, ali məktəblərin işində çətinliklər də az deyildir. Biz bunları bilirik. Ali məktəb müəllimlərinin işi keçmişdəkinə nisbətən daha da çətinləşmişdir. Bizə bunlar da məlumdur. Lakin hamı bilməlidir ki, indi bizim həyatımız da çətindir, ağırdır, respublikamız sosial-iqtisadi böhran içərisindədir. İqtisadiyyatımızda çətinliklər var, dəyişikliklər gedir və bütün bunlar, ümumiyyətlə, həyatımızda böyük çətinliklər yaradır. Biz bu çətinliklərin aradan qaldırılmasına çalışırıq və bundan sonra da calışacağıq. Mən tam əminəm ki, Azərbaycan Respublikasının təbii sərvətləri, iqtisadi və elmi potensialı, əməksevər adamları bu vəziyyətdən çıxmağımız üçün böyük zəmindir. Biz belə vəziyyətdən çıxmağa nail olacağıq. Buna görə də biz, bir tərəfdən, calışmalıyıq ki, bu çətin yollarda, müstəqillik yolu ilə uğurla irəliləyək, digər tərəfdən isə gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər.

Ali məktəblərdə, ümumiyyətlə, təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Mən bütün müəllimlərimizdən rica edirəm ki, bu prinsipi özlərinin fəaliyyətində, öz həyatında da əsas tutsunlar, gənclərimizi də yüksək mənəvi ruhda tərbiyələndirməyə, hazırlamağa calışsınlar. Çünki cəmiyyətimiz həm zəngin bilikli, ali təhsilli mütəxəssislərə, həm də yüksək mənəviyyata malik insanlara ehtiyac duyur. Ümumiyyətlə, cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi hallara qarşı, cinayətkarlığa, o cümlədən gənclər arasında mənfi hallara, cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizdir.

Biz çalışmalıyıq ki, cəmiyyətimizdə bu mənfi halların kökü kəsilsin. Təəssüf ki, bəzi gənclər özləri də bilmədən hərdən pis yollara gedir, cinayət törədir, yaxud da bələd olmadıqları ayrı-ayrı qruplara qoşulur və cəmiyyətimizdəki sabitliyi pozmağa cəhd göstərirlər. Bütün bunlar milli mənafeyimizə zidd hallardır. Müstəqil Azərbaycan Respublikasının milli-mənəvi dəyərləri var. Onları qoruyub saxlamaq lazımdır. Buna görə də gənclərimiz arasında mənfi meyllərin qarşısı alınmalı, belə meyllərə qarşı ciddi tədbirlər görülməlidir. Ən əsas vəzifə isə təhsil ocaqlarımızın, valideynlərin gəncləri elə tərbiyə etməsindən ibarətdir ki, belə mənfi meyllər ümumiyyətlə, meydana cıxmasın.

Ümidvaram ki, ali məktəblərə daxil olan gənclərin hamısı öz gələcək həyatlarını xalqımızın əsrlərdən-əsrlərə ötürülən milli-mənəvi dəyərləri əsasında quracaq və özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlayacaqlar.

Sizi və ali məktəblərə daxil olmuş bütün gəncləri bir daha təbrik edirəm və sizə uğurlar diləyirəm. Ali məktəb müəllimlərini gənclərin yeni bir dəstəsinin bu təhsil ocaqlarına daxil olması münasibətilə təbrik edirəm və onlara şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.

Umidvaram ki, Dövlət Tələbə Qəbulu Komissiyası tərəfindən aparılan işlər yüksək səviyyədə həyata keçiriləcək, bütün qəbul məsələləri lazımınca həll ediləcək və ali məktəblərə gənclərin yeni bir dəstəsi də qəbul olunacaqdır. Bu gün mən ali məktəblərə daxil olmuş gənclərin valideynlərini də təbrik edirəm. Bilirəm ki, bu gün gənclərin özündən çox, valideynlər üçün daha xoşbəxt bir gündur. Sağ olsunlar ki, belə ovladlar yetişdirib tərbiyə etmişlər.

Bütün vətəndaşlarımıza, bütün Azərbaycan xalqına bu ağır həyatımızda dözüm, dəyanət arzulayır və əmin olduğumu bildirmək istəyirəm ki, biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, həp bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qurur hissi ilə bəyan edəcəkdir.

Hamınızı bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, sizə cansağlığı, xoşbəxtlik arzulayır, bütün Azərbaycan xalqına xoşbəxt gələcək günlər diləyirəm.

Sağ olun.