Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İstanbulda \"Sülh və səbr\" Beynəlxalq Dini Konfrans nümayəndələri qarşısında çıxışı - 10 fevral 1994-cü il

Bu gün sizinlə görüşməyimdən çox məmnunam. Hamınıza səmimi salamlarımı yetirir, hörmət və ehtiramımı bildirirəm.

Bildiyiniz kimi, Türkiyə prezidenti hörmətli Süleyman Dəmirəlin dəvəti ilə mən burada rəsmi səfərdəyəm. İki gün ərzində Ankarada bizim çox səmərəli, əhəmiyyətli görüşlərimiz, danışıqlarımız oldu. Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığı təmin etmək üçün müqavilələr, o cümlədən dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Dünən axşam İstanbula gəldim və burada sizinlə görümək imkanı olduğunu mənə bildirdilər. Belə bir görüşün mümkünlüyündən çox məmnun oldum və bir daha bildirirəm ki, sizinlə görüşə böyük məmnuniyyətlə gəlmişəm.

Hələ Bakıda ikən sizin konfrans haqqında mənə məlumatlar gəldi. Bu konfransın işinə çox böyük əhəmiyyət verərək və indiki dövrdə onun bütün insanlar üçün faydalı olduğunu nəzərə alaraq sizin konfransa xüsusi məktub göndərdim. Məmnunam ki, məktubum sizə çatmış və onunla tanış olmusunuz. Fikrimcə, konfransın başlıca əhəmiyyəti ondan ibarətdir ki, siz vicdana çağırış, sülh və barışıq məsələlərini diqqət mərkəzinə çəkmisiniz. İndi bu, dünya üçün, bütün xalqlar üçün çox vacib, mühüm məsələdir. Təəssüf ki, son illərdə, iyirminci əsrin son mərhələsində dünyanın müxtəlif regionlarında sülh pozulmuş, insanlar arasında, dövlətlər arasında, ayrı-ayrı qruplar arasında toqquşmalar, vuruşmalar, müharibə gedir və bunların hamısı insanların rahat yaşamasına mane olur. Əsrimizin sonunda dünyada gedən ictimai-siyasi prosesləri təbii hesab edərək, heç vəchlə razılaşmaq olmaz ki, bu proseslər müharibə yolu ilə, toqquşmalar yolu ilə, qan tökmək yolu ilə getsin.

Yer üzərində yaşayan insanlara Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda, sülh şəraitində, bir-birinə qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində yaşasınlar. Ona görə də din xadimlərinin vicdana çağırış, səbir, sülhün təmin olunması ilə bağlı təşəbbüsləri həm Allahın göstərdiyi yolla getmək deməkdir, həm də yer üzərində insanların sülh şəraitində yaşamalarına böyük köməkdir. Müharibənin, ayrı-ayrı dövlətlərin bir-biri ilə vuruşmasının, müxtəlif siyasi-ictimai qrupların bir-biri ilə savaşmasının əsas səbəbləri, şübhəsiz ki, siyasi xarakter, etnik xarakter daşıyır, birinin digərinin torpağını zorla əlindən almaq məqsədi daşıyır. Bunlar, şübhəsiz ki, dini xarakter daşıya bilməz.

İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir. Biz indi də bunun şahidiyik. Sizin bu konfransınız, müxtəlif dinləri təmsil edən xadimlərin toplaşaraq bir məsələni, bütün dünya xalqlarını narahat edən məsələni - vicdana çağırış, sülh və səbir məsələlərini müzakirə etməsi buna canlı sübutdur. Mən sizin bu təşəbbüsünüzü və belə fədakar fəaliyyətinizi alqışlayır, ürəkdən bəyənirəm. Sizə göndərdiyim məktubda da bununla bağlı öz fikirlərimi bildirmişəm və çox məmnunam ki, indi üzbəüz, şəxsən görüşüb bu sözləri sizə çatdırmaq mənə nəsib olmuşdur. Sizin bir yerə toplaşmağınız, həmrəyliyiniz, bir-birinizlə mehriban əlaqələriniz onu göstərir ki, insanlar dini, irqi mənsubiyyətdən asılı olmayaraq birlikdə yaşaya bilərlər, bir-biri ilə mehriban, dost ola bilərlər və öz həyatlarını qura bilərlər.

Bizim Azərbaycan Respublikası üçün sizin fəaliyyətiniz xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan çoxmillətli dövlətdir. Respublikamızda bir çox millətlər əsrlər boyu birlikdə yaşayırlar. Bildiyiniz kimi Azərbaycanda islam dini ilə yanaşı, xristianlıq və iudaizm dinləri də var və onlar bir-biri ilə çox mehriban şəraitdə fəaliyyət göstərirlər. Biz bunu bəyan etmişik. Azərbaycanın prezidenti kimi, mən dəfələrlə qeyd etmişəm ki, ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola bilərsiniz ki, biz bu prinsiplərimizə daim sadiq qalacağıq və Azərbaycan vətəndaşlarının din, dil mənsubiyyətindən və siyasi baxışlarından asılı olaraq bir-biri ilə münaqişəyə girməsinə gələcəkdə də yol verməyəcəyik.

Böyük təəssüf hissilə qeyd edə bilərəm ki, bizim regionda, yəni Zaqafqaziyada - Azərbaycanda, Ermənistanda və Gürcüstanda etnik səbəblərə görə, etnik zəmin əsasında çox böyük gərginlik, toqquşmalar var, hətta müharibə gedir, qan tökülür. Bütün bunlar bizi həddindən artıq narahat edir. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti və prezidenti kimi şəxsən mən çalışırıq və bundan sonra da çalışacağıq ki, regionumuzda etnik prinsiplər əsasında olan münaqişələrə son qoyulsun.

Bizi - Azərbaycan Respublikasını çox ağır vəziyyətə salan, şübhəsiz ki, erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı hərbi təcavüzüdür. Siz bilməlisiniz ki, Azərbaycan ilə Ermənistan arasında altı il bundan öncə, \"Qarabağ problemi\" əsasında meydana gəlmiş münaqişə indi artıq böyük müharibəyə çevrilmişdir. Güman edirəm, bizim xalqlarımız - həm Azərbaycan xalqı, həm də erməni xalqı belə bir münaqişəni istəmir. Təəssüf ki, ayrı-ayrı ekstremist, millətçi, avantürist qruplar, şəxsi məqsədlərinə nail olmağa çalışan qruplar xalqlarımızı bu münaqişəyə cəlb etmişlər və dediyim kimi, həmin münaqişə böyük bir müharibə şəklini almışdır.

Müharibənin də nəticəsi bu gün ondan ibarətdir ki, erməni silahlı qüvvələri Azərbaycana qarşı təcavüz edərək ərazimizin 20 faizini işğal etmişdir. Azərbaycanın işğal olunmuş ərazisindən bir milyondan artıq vətəndaşımız ev-eşiklərini, el-obalarını itirərək qaçqın düşmüşdür və onlar indi çox ağır şəraitdə yaşayırlar. Biz müharibə istəmirik, ona son qoymağa çalışırıq, Ermənistanla Azərbaycan arasında sülh yaratmaq istəyirik. Çünki erməni xalqı ilə Azərbaycan xalqı əsrlər boyu qonşu olmuşdur və gələcəkdə də yan-yana yaşayacaqlar. Başqa yol yoxdur. Ona görə də bu müharibənin gələcəyi yoxdur, onun nəticəsi ancaq sülh olmalıdır. Sülh isə bir şərtlə ola bilər: iki dövlətin, iki respublikanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilsin, yəni Azərbaycanın ərazi bütövlüyü təmin edilsin, erməni işğalçıları Azərbaycan ərazisindən çıxsınlar və azərbaycanlılar öz torpaqlarında yaşaya bilsinlər. Ermənistanın ərazi bütövlüyünə də heç kim qəsd etmək istəmir, onun da sərhədlərinin toxunulmazlığı təmin olunsun. Bu, sadə formula, sadə prinsipdir. Ancaq bunu həyata keçirmək üçün böyük maneələr var və bunlardan biri də odur ki, bayaq dediyim kimi, altı ilə yaxındır müharibə gedir.

Biz Ermənistana torpaq iddiası etmirik. Ancaq öz torpaqlarımızı da, şübhəsiz ki, Ermənistana verə bilmərik.

Bizim sülh təşəbbüslərimiz təəssüf ki, bir nəticə verməmişdir. Beynəlxalq təşkilatların - Birləşmiş Millətlər Təşkilatının, ATƏM-in bu məsələ üzrə yaradılmış xüsusi Minsk qrupunun fəaliyyəti də bir nəticə verməmişdir. Hətta din xadimləri də - şeyxülislam Hacı Allahşükür Paşazadə və erməni kilsəsinin rəhbəri də bir neçə dəfə görüşmüşlər. Təəssüf ki, bu görüşlərin də nəticəsi olmamışdır. Ancaq biz yenə də sülhsevər siyasəti davam etdiririk, bu məsələnin sülh yolu ilə həll olunmasına çalışacağıq. Eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan gücsüz də deyildir. Əgər bizim sülhsevər təşəbbüslərimiz nəticə verməsə, biz məcburuq öz torpaqlarımızı güclə azad edək, erməni işğalçılarını torpaqlarımızdan çıxaraq. Şübhəsiz ki, biz sülh yoluna üstünlük veririk və bu yolla gedəcəyik. Ancaq kimsə müharibəni davam etdirmək istəyirsə, biz bunu da edəcəyik. Başqa yolumuz yoxdur. Sizin diqqətinizə bir məsələni də çatdırmaq istəyirəm. Bu münaqişə yalnız ərazi xarakteri daşıyır, yəni erməni silahlı qüvvələri Azərbaycan ərazisinin bir hissəsini tutmuşdur, biz onları oradan çıxarmaq istəyirik. Ermənistanın güclü təbliğatı nəticəsində dünyanın bəzi dairələrində belə bir fikir yaranmışdır ki, guya Azərbaycan dövləti, Azərbaycan hökuməti Dağlıq Qarabağda yaşayan erməniləri qırmaq, o ərazidən qovmaq istəyir. Bunların hamısı yalandır. Belə iddiaların heç bir əsası yoxdur. Mən bir həqiqəti sizin qarşınızda məsuliyyətlə bəyan edirəm: Azərbaycan hökumətinin, Azərbaycan xalqının respublikada yaşayan ermənilərə qarşı heç bir zorakılıq niyyəti, yaxud onları zorla buradan çıxarmaq məqsədi yoxdur. Onlar öz yerlərində rahat yaşaya bilərlər və Azərbaycan dövləti, şəxsən bir prezident kimi mən onların tamamilə təhlükəsiz, sərbəst yaşamasına, öz milli ənənələrindən, mədəniyyətlərindən, dinindən, dilindən azad surətdə istifadə etməklə həyatlarını qurmasına təminat veririk.

Əvvəllər də belə olmuşdur. Dağlıq Qarabağda münaqişə başlayanadək əhalinin 70 faizi ermənilər, 30 faizi azərbaycanlılar idi. Ancaq bu münaqişə nəticəsində, sonra isə başlanmış bu böyük müharibə nəticəsində orada yaşayan 50 min nəfər azərbaycanlı öz ölkəsində, öz dövlətində qaçqın düşmüşdür və Dağlıq Qarabağa qayıtmaq imkanları yoxdur. Ona görə də əgər biz insan hüquqlarının qorunmasından danışırıqsa, şübhəsiz ki, ermənilərin də, azərbaycanlıların da hüquqları qorunmalıdır. Çünki o ərazidə həm ermənilər, həm də azərbaycanlılar yaşamışlar. Orada ermənilərin və azərbaycanlıların yan-yana, dostcasına, mehriban yaşamaları üçün şərait yaratmağa imkanımız var. Belə şərait illər boyu olmuşdur və bundan sonra da olacaqdır.

Son vaxtlar Ermənistan - Azərbaycan münaqişəsi, müharibəsi ilə əlaqədar ayrı-ayrı mətbuat orqanlarında təhlükəli şayiələr də yayılmışdır. Bu da ondan ibarətdir ki, bəzi adamlar qəsdən belə fikir yaymağa çalışırlar ki, guya bu müharibə xristian-müsəlman müharibəsinə çevrilə bilər. Bunlar əsassızdır, əvvəlcədən düşünülmüş, fitnəkar xarakter daşıyan təbliğatdır. Mən belə fikirlərə etirazımızı bildirir və onları rədd edirəm. Sizi əmin etmək istəyirəm ki, bizim fəaliyyətimiz ancaq Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar tərəfindən tanınmış və qəbul olunmuş ərazi bütövlüyünü təmin etməyə, sərhədlərimizin toxunulmazlığını təmin etməyə yönəldilmişdir.

Azərbaycanda tarixən çox millətlər yaşamışdır. Burada azərbaycanlılarla yanaşı ruslar, ermənilər, yəhudilər, gürcülər, ukraynalılar və başqaları da yaşamış və gələcəkdə də yaşayacaqlar. Azərbaycan Respublikasının çoxmillətli dövlət olmasını ölkəmiz üçün böyük üstünlük hesab edirik.

Bu fikirlərimi sizə çatdırarkən istədim ki, Azərbaycanın bugünkü vəziyyəti haqqında daha geniş məlumatınız olsun. Eyni zamanda sizin müştərək fəaliyyətinizə müəyyən qədər kömək etmək istəyirəm. Bir daha qeyd edirəm ki, siz çox xeyirxah, dəyərli iş görürsünüz. Bu fəaliyyətinizdə sizə böyük uğurlar arzulayıram. Sizin hamınızı Azərbaycana dəvət edirəm. Çox şad olaram ki, hamınızla Azərbaycanda görüşüm. Əgər birlikdə gələ bilməsəniz, hər birinizi ayrılıqla qəbul etməyə hazıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizinlə əməkdaşlığımız davam edəcəkdir. İnsanlar üçün, bəşəriyyət üçün, dünya üçün bu xeyirxah fəaliyyətinizdə sizə müvəffəqiyyətlər diləyirəm.

Türkiyə Cümhuriyyətinin sizdən ötrü belə bir şərait yaratmasından görünür ki, bizim üçün dost və qardaş olan ölkə, doğrudan da, bütün millətlərin sülh yolu ilə birlikdə getməsinə çalışır. Güman edirəm ki, Türkiyə Cümhuriyyətinin dini işlər naziri də bu təşəbbüsünə görə böyük hörmətə layiqdir.

Mən sizinlə görüşməyimdən məmnun olduğumu bir daha bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.

\"Azərbaycan\" qəzeti, 11 fevral 1994-cü il