Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti İlhamə Quliyevaya ünvanladığı təbrik məktubu - Bakı şəhəri, 17 avqust 2002-ci il

Hörmətli İlhamə xanım!

Sizi - Azərbaycan estrada sənətinin tanınmış nümayəndəsini yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayıram.

Siz Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan bir ailənin nümayəndəsi kimi, xalq ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, Azərbaycan estrada sənətinə yeni nəfəs gətirmisiniz. Bənzərsiz səsiniz, orijinal ifaçılıq qabiliyyətiniz və yüksək peşəkarlığınız səhnəyə  gəldiyiniz ilk günlərdən Sizə pərəstişkarlarınız arasında böyük rəğbət və məhəbbət qazandırmışdır. Azərbaycan estradasının  korifeyləri ilə birgə çıxış etdiyiniz konsert proqramları Sizi Azərbaycan bəstəkarlarının əsərlərinin mahir ifaçısı kimi tanıtmışdır. Milli estradamızda böyük ustalıqla səciyyələnən fəaliyyətiniz  sənətə bağlılığınızın bariz nümunəsidir.

Əminəm ki, Siz repertuarınızı yeni mahnılarla daim zənginləşdirəcək və bundan  sonra da Azərbaycan musiqisinin inkişaf etdirilməsində əlinizdən gələni əsirgəməyəcəksiniz. Sizə yaradıcılığınızda yeni-yeni uğurlar arzu edirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti