Hörmətli cənab Amandi!
Hörmətli cənablar!
İlk əvvəl müstəqil respublikamızın ünvanına, ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu, iqtisadi islahatlar sahəsində görülən böyük işlərə münasibətdə söylənilən xoş sözlərə görə təşəkkür edirəm, \"Motorola\" beynəlxalq şəbəkələr sisteminin rəhbərləri ilə görüşdən razı qaldığımı bildirirəm.
Deməliyəm ki, xarici iş adamlarının respublikamızda normal fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılmışdır. Azərbaycan dünyanın bütün şirkətləri üçün açıqdır.
Məlum olduğu kimi, müstəqil dövlət kimi Dünya Birliyi tərəfindən tanındığımız altı il ərzində Azərbaycan Respublikası onu narahat edən bir sıra problemlərlə üzləşmişdir ki, bunlardan ən ağrılısı Azərbaycanın əzəli ərazisi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağı ələ keçirmək istəyən Ermənistanın təcavüzü nəticəsində yaranmış, ərazimizin 20 faizinin işğal olunmasına, bir milyondan artıq azərbaycanlının doğma yurdundan qovularaq qaçqın vəziyyətində ağır şəraitdə çadırlarda yaşamasına səbəb olmuş Ermənistan-Azərbaycan münaqişəsidir. Ümid edirik Azərbaycanla faydalı əməkdaşlıq münasibətləri yaratmış \"Motorola\" rəhbərləri də bu münaqişənin sülh yolu ilə həllində ölkəmizə dəstək verəcəklər.
Digər ağrılı problemimiz ABŞ Konqresinin \"Azadlığı müdafiə aktı\"na 1992-ci ildə qəbul etdiyi və Azərbaycanı ABŞ-ın dövlət xətti ilə göstərdiyi maliyyə yardımından məhrum etmiş ədalətsiz 907-ci düzəlişin ləğv olunması üçün səyləri artırmağın vacibliyidir. Ümid edirik ki, \"Motorola\" şirkətinin rəhbərləri bu düzəlişin ləğvində fəal iştirak etməklə tez bir zamanda onun aradan qaldırılması üçün səylərini artıracaqlar.
Mən, cənab Amandi başda olmaqla, \"Motorola\" şirkətinin bütün rəhbərlərini Azərbaycana səfərə dəvət edirəm.
\"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir\" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - XI cild Azərnəşr, Bakı - 1998, səh. 367