Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Misir Ərəb Respublikasının Xarici İşlər nazirinin müavini Mehdi Fəthullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 24 mart 2001-ci il

Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Misir Ərəb Respublikası ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Ancaq bu əlaqələrin səviyyəsi yəqin ki, sizi də, bizi də hələ ki, təmin etmir. Çünki ölkələrimizin tarixi keçmişi, tarixi kökləri və başqa əlamətlər onu tələb edir ki, bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığımız çox geniş və daha yüksək səviyyədə olsun. Mən düşünürəm ki, yəqin siz də bu fikirdəsiniz və ona görə də Azərbaycana səfər etmisiniz. Doğrudur, sizin səfəriniz Cənubi Qafqazın bütün respublikalarını – Gürcüstanı, Ermənistanı və Azərbaycanı əhatə edir. Olsun, buna bizim etirazımız yoxdur. Amma hesab edirik ki, Cənubi Qafqaz respublikalarında Azərbaycan Misir Ərəb Respublikası üçün bir nömrəli tərəfdaş olmalıdır.

Mən bilirəm ki, siz burada bir çox görüşlər keçirmisiniz. Düşünürəm ki, həmin görüşlər zamanı lazım olan məsələləri müzakirə etmisiniz. Ancaq bir daha bəyan etmək istəyirəm ki, Azərbaycan dövlətinin Misir Ərəb Respublikası ilə əlaqələrində strateji xətti ondan ibarətdir ki, bizim ölkələrimiz daha da yaxın olmalıdır, dost olmalıdır, bir-birinə dəstək verməlidir və bütün sahələrdə geniş əməkdaşlıq etməlidir. Buyurun, indi mən sizi dinləyirəm.

Mehdi Fəthullah: Zati-aliləri, cənab Prezident, çox sağ olun. Sizinlə görüşmək şərəfinə nail olduğum üçün böyük sevinc hissi duyduğumu bildirmək istəyirəm. Zati-aliləri, Sizinlə, dost və qardaş Azərbaycan Respublikasının prezidenti ilə görüşmək mənim üçün və məni müşayiət edən Misir nümayəndə heyəti üçün böyük şərəfdir. Mən qardaşınız və dostunuz, Misir Ərəb Respublikasının prezidenti Məhəmməd Hüsnü Mübarəkin səmimi salamlarını Sizə çatdırmaq istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Misir hökuməti və xalqı Azərbaycandakı müsbət dəyişiklikləri diqqətlə izləyir və xalqınızın rifah halının yaxşılaşmasına doğru yönəlmiş bütün səylərinizi dəstəkləyir.

Mən 1995–1999-cu illərdə Türkiyə Cümhuriyyətində Misirin Fövqəladə və Səlahiyyətli səfiri işləyərkən nəinki Azərbaycan, eyni zamanda Qafqaz və Orta Asiya regionu üçün Sizin çox faydalı fəaliyyətinizi diqqətlə izləmişəm. Zati-aliləri, Siz qeyd etdiyiniz kimi, Azərbaycan–Misir əlaqələrini daha da inkişaf etdirmək üçün bütün imkanlardan tam istifadə olunmamış, bu əlaqələr tarixi əlaqələr səviyyəsinə gəlib çatmamışdır. Biz Azərbaycanın malik olduğu və çox böyük ümidlər verən imkanlarını yaxşı bilirik və onun dünya dövlətləri və birliyi ilə münasibətlərinin inkişafına böyük inam bəsləyirik. Biz Azərbaycanın bu regiondakı rolunu çox yaxşı bilirik və inanırıq ki, ölkəniz gələcəkdə də bu bölgədə yaranacaq mühüm regional qurumlarda ən fəal surətdə iştirak edəcəkdir.

Tarixi İpək Yolunun bərpa edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səyləri və son vaxtlar Bakıda TRASEKA proqramı çərçivəsində Avropa İttifaqı nümayəndəliyinin açılmasını, ümumiyyətlə, Qərb–Şərq dəhlizində yerləşən Azərbaycanın Avropa və Asiya ölkələri arasında əlaqələrin inkişafında mühüm rol oynamasını yüksək dəyərləndiririk.

Zati-aliləri, biz Azərbaycanla xüsusi əlaqələr yaratmaq istəyirik. Ölkəmizin prezidenti hələ keçən il mənə Qafqaz regionu dövlətlərinə, xüsusilə Azərbaycana səfər etmək tapşırığı vermişdi. Mən bu səfərə xüsusi olaraq hazırlaşmışdım. Amma çox təəssüflər olsun ki, Fələstin ərazilərində başlanan üsyan buna mane oldu. Çünki bu üsyan Misir cəmiyyətinə, adətən, çox mənfi təsir edir. Mən bu səfəri yalnız indi həyata keçirməyə nail oldum. Bu imkandan istifadə edərək mən iş adamlarından ibarət nümayəndə heyətini Azərbaycana gətirmişəm, bu heyətin tərkibində Misir Neft Şirkətinin vitse-prezidenti də vardır. Əsas məqsədimiz odur ki, region dövlətlərini, xüsusən Azərbaycanı ziyarət edərkən iqtisadi əməkdaşlıq imkanlarını da nəzərdən keçirək və bu sahədə səylərimizi artıraq.

Zati-aliləri, mən Azərbaycanda olduğumuz çox qısa bir vaxt ərzində ölkənizin məsul vəzifəli şəxsləri ilə görüşdük, ikitərəfli əlaqələrimizin inkişafına dair bir çox məsələləri müzakirə etdik. Biz dərman preparatlarının satışı və istehsalı, tikinti və neft sahəsində əməkdaşlığa dair danışıqlar apardıq, ticarət məsələləri haqqında müzakirələr keçirdik.

Zati-aliləri, sabah Azərbaycanı tərk etmək məcburiyyətindəyəm. Lakin məni müşayiət edən nümayəndə heyəti ölkənizdə qalacaq və müvafiq dövlət strukturlarında olacaq, daha geniş, ətraflı müzakirələr aparacaqlar. Ümid edirəm ki, bu danışıqlar müsbət nəticələr verəcəkdir. Mən Azərbaycana səfərimi zati-alilərinizlə görüş ilə başa çatdırıram. Öz ölkəmə çox böyük təəssüratlarla qayıdıram. Bu təəssüratlar əsasında da biz Azərbaycan və Misirin əlaqələrini daha da möhkəmləndirmək əzmindəyik.

Mən Azərbaycana, ümumiyyətlə, Qafqaz regionuna, eyni zamanda Yaxın Şərq regionuna sülh və əminamanlıq, rifah arzulayıram. İsrailin həyata keçirdiyi sərt, kəskin siyasət Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə, kəskinləşməsinə səbəb olmuşdur. Təbiidir ki, bu da region dövlətləri qarşısında mühüm maneələr yaradır.

Misir Ərəb Respublikasının prezidenti cənab Hüsnü Mübarək aprel ayının əvvəllərində Vaşinqtona səfər etməyə hazırlaşır. Bu səfərin əsas məqsədi Yaxın Şərqdə sülh danışıqlarının bərpası istiqamətində yeni səylərin göstərilməsinə yönəldilmişdir. Siz də eyni vaxtda Amerika Birləşmiş Ştatlarında, Florida ştatında olacaqsınız, Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar aparacaqsınız.

Zati-aliləri, mən hər iki regionda sülhün bərqərar olunması sahəsində göstərilən səylərin müsbət nəticələr verməsini, yəni müvəffəqiyyət əldə edilməsini arzulayıram. Hər iki regionda sülhün və təhlükəsizliyin təmin olunması region xalqları üçün çox mühümdür.

Zati-aliləri, çox sağ olun.

Heydər Əliyev: Azərbaycan haqqında, ölkəmizdə son illər gedən proseslər və əldə olunan müsbət dəyişikliklər haqqında söylədiyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Siz bildirdiniz ki, son bir neçə il Misir Ərəb Respublikasının Türkiyədə Fövqəladə və Səlahiyyətli səfiri olmusunuz. Ona görə də hesab edirəm ki, siz bizim regionda və xüsusən Azərbaycanda prosesləri daha da yaxından izləmək imkanına malik olmusunuz.

Bizim ölkəmiz bu il öz dövlət müstəqilliyinin onuncu ilini qeyd edəcəkdir. Bu on il müddətində Azərbaycanın hansı problemlərlə, çətinliklərlə üzləşdiyi sizə məlumdur. Amma bunlara baxmayaraq, Azərbaycan öz tutduğu yolla gedibdir, müstəqil dövlət kimi yaşayıbdır, yaşayır və ölkəmizin iqtisadiyyatı inkişaf edir.

Mənim dostum, qardaşım, hörmətli prezident Məhəmməd Hüsnü Mübarəkdən mənə gətirdiyiniz salama görə təşəkkür edirəm. Xahiş edirəm mənim qardaşlıq salamımı, ən xoş arzularımı cənab Hüsnü Mübarəkə çatdırasınız. Mən onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Ancaq bu, indiyə qədər mümkün olmayıbdır. Eyni zamanda xatirimdədir ki, o da məni Misir Ərəb Respublikasına rəsmi səfərə dəvət etmişdi. Güman edirəm ki, bu səfərlər həyata keçirilməlidir. Mən bilirəm ki, onun da çox işləri var. Xüsusən Yaxın Şərq, Fələstin–İsrail münasibətləri həmişə onun vaxtının çox hissəsini alır. Məmnunam ki, o bu məsələlərdə çox müsbət rol oynayır. Ancaq siz bilirsiniz ki, bizim regionda da buna bənzər, bəlkə də ondan da ağır bir münaqişə var. Ermənistan Azərbaycana təcavüz etmiş, Azərbaycan torpaqlarının beşdə birini işğal etmiş və bir milyon azərbaycanlı – müsəlman yerindən-yurdundan didərgin düşüb qaçqın vəziyyətində yaşayır.

Biz 1994-cü ildə atəşi dayandırdıq. Hesab edirəm ki, bu, yaxşı nəticədir ki, indiyə qədər atəşin meydana çıxmasına yol verilməmişdir. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq bu hələ mümkün olmayıbdır. Sizə məlumdur ki, münaqişəni aradan qaldırmaq Ermənistanın qeyri-konstruktiv və beynəlxalq hüquq normalarına zidd mövqeyinə görə mümkün olmayıbdır.

Siz qeyd etdiniz ki, hörmətli Hüsnü Mübarək aprel ayında Amerika Birləşmiş Ştatlarına gedəcəkdir. Həmin vaxt yəqin ki, mən də ABŞ-ın Florida ştatında olacağam. Yəni hər iki səfər Fələstin–İsrail münaqişəsi və Ermənistan–Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədardır. Ancaq fərq ondan ibarətdir ki, Fələstin–İsrail münaqişəsinə bütün dünya çox böyük maraq göstərir. Dünyanın böyük ölkələri, xüsusən Amerika Birləşmiş Ştatları, başqa dövlətlər bu münaqişənin həllində fəal iştirak edir. Ərəb ölkələri Fələstinə çox dəstək verirlər. Ancaq təəssüflər olsun ki, Ermənistanın bu təcavüzü ilə əlaqədar biz dünya miqyasında Fələstinin aldığı qədər dəstək ala bilmirik. Təəssüflər olsun ki, bizim dost, qardaş ərəb ölkələri də bu məsələdən müəyyən qədər uzaqda dururlar. Mən Qahirədə, sonra isə Kasablankada görüşlərimizdə hörmətli Hüsnü Mübarəklə bu barədə ətraflı danışmışdım. Sizin ölkənin Xarici İşlər naziri Əmr Musa ilə tez-tez görüşürəm. Bu görüşlərimiz də həmişə beynəlxalq təşkilatlar çərçivəsində olur. Biz bu məsələləri hər dəfə müzakirə edirik. Ona görə də mən bir daha sizə bildirmək istəyirəm və xahiş edirəm, hörmətli prezident Hüsnü Mübarəkə və hörmətli Xarici İşlər naziri Əmr Musaya çatdırasınız ki, bu münaqişənin həll olunmasında dünyanın böyük ölkələrindən, ərəb dünyasının ən aparıcı dövlətlərindən biri olan Misir Ərəb Respublikasının da dəstəyinə ehtiyacımız vardır.

Mən çox məmnunam ki, siz burada iqtisadi əlaqələrə çox böyük maraq göstərirsiniz. Azərbaycana nümayəndə heyəti ilə gəlmisiniz. Hətta sizinlə gələn adamların bir qismi burada qalıb işlərini davam etdirəcəklər. Siz qeyd etdiyiniz sahələrdə və başqa sahələrdə də biz Misir Ərəb Respublikası ilə daha da sıx, daha da səmərəli əməkdaşlıq etməyə hazırıq. Zənnimcə, siz burada bizim dövlətimizin və şəxsən mənim – Azərbaycan prezidentinin dəstəyinə həmişə arxayın ola bilərsiniz.

Doğru dediniz ki, həm Yaxın Şərqdə, həm də Qafqaz bölgəsində sülh, əmin-amanlıq bütün xalqlar üçün lazımdır. Təbiidir ki, buna nail olmaq lazımdır. Siz qeyd etdiniz ki, Azərbaycan böyük potensiala malikdir. İqtisadi inkişaf üçün, xalqın rifah halını yüksəltmək üçün Azərbaycanın böyük imkanları vardır. İpək Yolunun bərpası, TRASEKA kimi böyük, dünya miqyaslı proqramlarda da Azərbaycanın iştirak etməsi, təbiidir ki, ölkəmizin gələcəyi üçün çox əhəmiyyətlidir. Bütün bunlar üçün sülh, əmin-amanlıq lazımdır. Bu barədə siz də, mən də eyni fikirdəyik.

Xahiş edirəm mənim qardaşlıq salamımı, ən xoş arzularımı hörmətli prezident Məhəmməd Hüsnü Mübarəkə çatdırasınız. Sizin xalqınıza sülh, əmin-amanlıq və rifah arzulayıram. Bizi də çox narahat edən Yaxın Şərq, Fələstin–İsrail münaqişəsinin tezliklə ədalətli həll olunmasını arzu edirəm. Sağ olun.