"Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın ‎təqdimatına həsr edilmiş ümummilli konfransda Azərbaycan Respublikasının ‎Prezidenti Heydər Əliyevin çıxışı" (Bakı, 25 oktyabr 2002-ci il) sənədinə tarixi ‎arayış

25 oktyabr 2002-ci ildə Bakıda, "Gülüstan" sarayında "Yoxsulluğun azaldılması və ‎iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın təqdimatına həsr edilmiş ümummilli ‎konfrans keçirilib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamına ‎əsasən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın ‎hazırlanması məqsədilə dövlət komissiyası yaradılıb. Bir il ərzində Dövlət ‎Komissiyası Proqramın hazırlanması məqsədilə İqtisadi İnkişaf Nazirliyində ‎katiblik yaradıb və Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə sıx əməkdaşlıq ‎edib. 2003-2005-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanmasında ölkənin ‎hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə 15 sahə üzrə işçi qrupları ‎fəaliyyət göstərib və bu işdə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən ekspert ‎və mütəxəssislərin də rəyi nəzərə alınıb.‎

Konfransı giriş sözü ilə Azərbaycanın Baş naziri A.Rasizadə açıb. Sonra BMT-nin Azərbaycandakı rezident ‎əlaqələndiricisi Marko Borsotti, Dünya Bankının Cənubi Qafqaz ölkələri ‎departamentinin direktoru xanım Doina Douset-Koyrolan, BVF-nin Azərbaycan ‎nümayəndəliyinin rəhbəri Maykl Meredin, ABŞ-ın Azərbaycandakı səfiri Ross ‎Uilson, Yunanıstanın Azərbaycandakı səfiri Merkurios Karafotias, Yaponiyanın ‎Azərbaycandakı səfiri Toşiyuki Fucivara, Asiya İnkişaf Bankının Şərqi və Mərkəzi ‎Asiya ölkələri üzrə departamentinin baş direktorunun müavini Məhəmməd ‎Tusinim, Avropa Yenidənqurma və İnkişaf Bankının region üzrə direktoru Corc ‎Krivikin, İslam İnkişaf Bankının özəl sektorun inkişafı bölməsinin rəhbəri ‎Məhəmməd Həbib Cərrəyan, ABƏŞ-in prezidenti Devid Vudvord və Azərbaycan ‎hökumətinin aparıcı nazirliklərinin rəhbərləri çıxış edərək rəy və təkliflərini ‎bildiriblər.

Ümummilli konfransın açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti ‎Heydər Əliyev cəmiyyətin hərtərəfli inkişaf etdirilməsi məqsədilə bazar ‎iqtisadiyyatına müvafiq iqtisadi sistemin yaradılmasının bu gün Azərbaycan ‎dövləti qarşısında duran vacib məsələlərdən biri olduğunu vurğulayıb.‎ O, müzakirə edilən yoxsulluq probleminə toxunaraq deyib: "Respublikamızın həm ‎iqtisadiyyatını, həm də xalqın güzəranını çox yaxşı gələcək gözləyir. Biz bunu indiyə qədər gördüyümüz işlərin əsasında təmin etmişik və gələcəkdə görəcəyimiz ‎işlər bunların hamısını tamamlayacaqdır. Neft sektorundan böyük gəlirlər gözlənilir. Bu, Azərbaycanın milli sərvətidir".  

Dünyada davamlı inkişafın bərqərar olmasını nəzərdə tutan BMT konsepsiyasının ‎əsas prinsiplərindən biri planetar miqyasda yoxsulluğun aradan qaldırılması ‎məqsədilə ölkələrin birgə səy göstərməsini ön plana çəkir. 2002-ci ilin ortalarında ‎Yohannesburqda qəbul edilən BMT-nin digər bir sənədində isə 2015-ci ilədək ‎planetdə mövcud olan yoxsulluğun iki dəfə azaldılması bütün ölkələrə tövsiyə ‎edilir. Azərbaycan Respublikası da öz ‎iqtisadi inkişafını bu layihələrin tələblərinə müvafiq olaraq formalaşdırır. Belə ki, ‎‎2003-2005-ci illər üzrə ölkədə "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə ‎Dövlət Proqramı"nda nəzərdə tutulan işlər artıq başa çatıb. Qeyd edilməlidir ki, adı çəkilən proqramda nəzərdə tutulan iqtisadi-sosial məsələlərin əksəriyyəti öz həllini tapıb və ötən müddət ərzində Azərbaycanda yoxsulluğun aradan qaldırılması işi daha da gücləndirilib. 

‎Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin daha da sürətləndirilməsi, ‎yoxsulluq və işsizlik kimi sosial bəlaların tam aradan qaldırılması məqsədilə 24 ‎noyabr 2003-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan ‎Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 11 ‎fevral 2004-cü ildə isə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi ‎inkişafının Dövlət Proqramı (2004-2008-ci illər)" adlı fərmanlarının icrasına ‎başlanıb.

2006-cı ildə ölkədə pul islahatı həyata keçirilib və 2007-ci ilin 1 yanvarından başlayaraq yeni pul vahidi AZN milli dövriyyəyə buraxılıb. Son beş il ərzində minimum pensiyanın məbləği 4 dəfə artırılıb. Minimum əmək haqqı 8 dəfə, orta əmək haqqı 3,6 dəfə artırılıb. Hazırda dövlətdən birbaşa ünvanlı sosial yardım alan insanların sayı 600 minə yaxındır. Dövlət ehtiyacı olan vətəndaşlarının yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün öz köməyini göstərməkdə davam edən sosial siyasət yeridir. Əgər 2003-cü ildə yoxsulluq şəraitində yaşayanların sayı 49 faiz idisə, 2007-ci ilin yekunlarına görə, bu rəqəm 16 faizə düşüb. (http://www.azerbaijan.az/)

Həmçinin əgər 2003-cü ildə Azərbaycanda ‎minimum əmək haqqı 60 000 köhnə manat (12 AZN) idisə, hazırda bu rəqəm 75 AZN-dir. (http://www.president.az/)

Son dörd il ərzində Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə birinci ölkədir. Son dörd il ərzində iqtisadi artım, yəni ümumi daxili məhsulun artımı baxımından bizdən yuxarı ölkə olmamışdır. Bu, böyük nailiyyətdir. Bütövlükdə, beş il ərzində Azərbaycan iqtisadiyyatı, Azərbaycanda ümumi daxili məhsul 2,7 dəfə artmışdır. 2008-ci ilin yekunlarına görə, adambaşına düşən ümumi daxili məhsul təxminən 6 min dollar təşkil edəcəkdir. Sənaye istehsalı son beş il ərzində 2,7 dəfə artıbdır. Digər bir fakt dövlət büdcəsinin ‎gəlirləri hissəsində qeydə alınan artımdır. Azərbaycanın dövlət büdcəmiz son beş ildə on dəfədən çox artıb. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə icmal büdcə 15 milyard dollara bərabərdir. 2009-cu ilin dövlət büdcəsində daha da böyük artım nəzərdə tutulub. Azərbaycanın valyuta ehtiyatları ildən-ilə böyük həcmdə artır. 2003-cü ildə ölkənin valyuta ehtiyatı 1,6 milyard dollar idi və 2008-ci ilin oktyabr ayına olan məlumata görə isə, Azərbaycanın ümumi valyuta ehtiyatları 17 milyard dollar təşkil edir.

Son beş il ərzində Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulub. Bu da bütün müstəqillik dövründə qoyulan sərmayələrin 77 faizini təşkil edir. Azərbaycan həm xarici investorlar üçün cəlbedici ölkə kimi maraq doğurur, həm də ölkəyə böyük həcmdə daxili investisiyalar qoyulur. (http://www.president.az/)

Tarixi arayış 25 oktyabr 2008-ci ildə tərtib edilib.

***

Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadi artımın davamlılığı təmin edilib, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunub. Ölkədə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilən “2003—2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.227