Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin 50 illiyinə həsr olunmuş təntənəli gecədə nitq - Respublika Sarayı, 6 oktyabr 1995-ci il

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu il Birləşmiş Millətlər Təşkilatının 50 illik yubiley ilidir. İkinci dünya müharibəsi sona çatandan sonra, alman faşizmi üzərində çalınmış qələbənin şüaları altında 1945-ci ildə ABŞ-ın San-Fransisko şəhərində dünyada böyük bir beynəlxalq təşkilat - BMT yarandı.

BMT yaranarkən onun nizamnaməsində əsas vəzifələri müəyyən edilmişdir. Dünyada müharibə başlanmasına yol verilməməsi, beynəlxalq sülhün, əmin-amanlığın, təhlükəsizliyin qorunması, dövlətlər arasında bərabərhüquqlu əlaqələr qurulması və dövlətlərin bu prinsiplər əsasında dostluq əlaqələri yaratması, hər bir dövlətin suveren hüquqlarının qorunması, iqtisadiyyat, sosial, mədəniyyət, elm, humanitar sahələrdə inkişafın təmin olunması - bu gün, 50 il keçəndən sonra tam məmnuniyyətlə demək olar ki, yarım əsr ərzində Birləşmiş Millətlər Təşkilatı bu vəzifələrin və üzərinə düşən bütün başqa vəzifələrin həyata keçirilməsi üçün çalışmışdır və böyük nailiyyətlər əldə etmişdir. 50 il müddətində yenidən böyük müharibə baş verməmişdir. Bu, böyük nailiyyətdir. Əsrimizin birinci yarısında iki dəfə dünya müharibəsi baş vermiş və bu, böyük faciələrə gətirib çıxarmışdır.

İkinci dünya müharibəsindən sonra dünyada böyük dəyişikliklər baş vermişdir. Əsrlər boyu yaşamış imperiyalar dağılmış, millətlər öz milli azadlığına nail olmuş, ölkələr dövlət müstəqilliyini əldə etmişlər. BMT yaranarkən 50 dövlət bu təşkilata daxil olmuşdur. İndi BMT-nin tərkibində 184 dövlət var. İkinci dünya müharibəsindən sonra uzun müddət \"soyuq müharibə\" hökm sürmüşdür. Nəhayət, buna da son qoyulmuşdur. Bloklararası qarşıdurma demək olar ki, aradan götürülməkdədir. Sovetlər İttifaqı dağılmış və bunun nəticəsində də SSRİ-nin tərkibində olan 15 müttəfiq respublika öz dövlət müstəqilliyini əldə etmiş, müstəqil dövlət olmuş və BMT-yə daxil olmuşdur.

Dünyada demokratiyanın güclü inkişafı prosesi mövcuddur. Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat artıq dünyanın bir çox ölkələrində sürətlə həyata keçirilir. BMT-nin nizamnaməsində əks edilmiş əsas vəzifələrdən biri olan insan hüquqlarının, azadlığının qorunması dünyanın bir çox ölkələrində artıq mövcuddur. Bunlar hamısı son 50 ildə dünyada baş vermiş dəyişikliklərdir, onların nəticələridir. Bu nailiyyətlərin əldə olunmasında hər bir sülhsevər dövlətin payı var və BMT-nin xidmətləri böyükdür. Azərbaycan Respublikası dörd il bundan əvvəl öz dövlət: müstəqilliyini əldə etmiş və 1992-ci ilin mart ayında BMT-yə üzv qəbul olunmuşdur. Biz tarixdə ilk dəfə müstəqil Azərbacan Respubhkasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə, BMT-nin bərabərhüquqlu üzvü olduğuna görə fəxr edirik.

Bu gün, bu bayram günü mən BMT-nin yaranmasının 50 illik yubileyi münasibətilə sizi, bütün Azərbaycan ictimaiyyətini təbrik edirəm. Azərbaycan xalqının, dövlətinin təbrikini və hərarətli salamlarmı BMT-nin baş qərargahına, Nyu-Yorka, BMT-nin baş katibi cənab Butros Qaliyə göndərirəm.

Azərbaycanda bir çox dövlətlərin səfirlikləri yaranıb, fəaliyyət göstərir. Üç ildir ki, burada BMT-nin nümayəndəliyi fəaliyyət göstərir və cənab Mahmud əl-Səidin indi dediyi kimi, BMT-nin bir çox komitələrinin, strukturlarının ayrı-ayrı nümayəndəlikləri də Azərbaycanda fəaliyyət göstərirlər. Mən Azərbaycanda təmsil olunan səfirləri bu bayram münasibətilə təbrik edirəm, onların vasitəsilə isə BMT üzvü olan bütün dünya dövlətlərini ürəkdən təbrik edirəm.

BMT-nin banilərindən biri keçmiş Sovetlər İttifaqı olmuşdur. Beynəlxalq aləmdə keçmiş Sovetlər İttifaqının varisi indi Rusiyadır. Bu gün Rusiya Federasiyasının hökumət nümayəndə heyəti bu salonda, bayram mərasimində bizimlə birlikdə iştirak edir. Müstəqil Azərbaycan Respublikası Rusiya Federasiyası ilə dostluq və qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirmək əzmindədir. Rusiya Federasiyasının böyük tərkibdə və yüksək səviyyədə hökumət nümayəndə heyətinin Azərbaycana gəlməsi, bizim apardığımız və bu günlərdə aparacağımız danışıqlar onu sübut edir ki, bu əlaqələrin inkişaf etdirilməsi üçün həqiqətən də hər iki tərəfdən çox böyük səylər göstərilir. Mən bu gün, bu bayram günü bir də demək istəyirəm ki, Rusiya Federasiyası Azərbaycanın şimal qonşusudur, yaxın dostudur və RF ilə Azərbaycan Respublikasının dostluğunun əsasını uzun illər qırılmaz tellərlə bağlı olan əlaqələr təşkil edir. Bu gün Rusiya Federasiyası nümayəndə heyətinin bu mərasimdə olmağından biz hamımız məmnunuq.

Mən Rusiya hökuməti nümayəndə heyətini salamlayıram, bu bayram münasibətilə Rusiya dövlətini 1945-ci ildə BMT-nin əsası qoyan dövlətlərdən biri kimi təbrik edirəm, Rusiya hökumətı nümayəndə heyətinin bütün üzvlərini və nümayəndə heyətinin başçısı, bizim dostumuz, cənab Aleksey Alekseyeviç Bolşakovu ürəkdən salamlayıram.

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra BMT-nin ölkəmizə göstərdiyi qayğını və köməyi biz yüksək qiymətləndiririk. Azərbaycan bir müstəqil dövlət kimi gəncdir. Onun qarşısında çox böyük və çətin vəzifələr durur. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində respublikamızın həyatında çox mürəkkəb problemlər yaranıbdır. BMT-nin Azərbaycanda təmsil olunmuş, fəaliyyət göstərən və respublikamızın həyatına kömək edən bütün nümayəndəliklərinə və onların bütün əməkdaşlarına dövlətimiz adından təşəkkürümü bildirirəm.

Ermənistanın Azərbaycana hərbi təcavüzünə qarşı BMT-nin və onun Təhlükəsizlik Şurasının etdikləri səyi də respublikamız, dövlətimiz yüksək qiymətləndirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 1993-cü ildə dörd qətnamə qəbul etmişdir. Təhlükəsizlik Şurası sədrinin yeddi bəyanatı elan olunubdur. Bütün bu sənədlərdə BMT Təhlükəsizlik Şurası işğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxmasını tələb edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünü, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyib və ölkəmizin ərazisini zor ilə ələ keçirmək hərəkətini pisləyibdir.

BMT-nin və onun Təhlükəsizlik Şurasının bu addımları bütün Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikası BMT-nin üzvü kimi bu təşkilatla sıx əməkdaşlıq edir və bundan sonra da edəcəkdir. Biz BMT-nin üzvü olduğumuza görə fəxr edirik. Respublikamızda, ölkəmizdə demokratik hüquqi, sivilizasiyalı dövlət quruculuğu, iqtisadi islahatların həyata keçirilməsi yolunda, demokratiyanın inkişafının təmin edilməsi yolunda gördüyümüz işlərdə BMT-ni özümüzə həmişə yardımçı hesab edirik. Biz bu əməkdaşlığa həmişə çox ehtiyac duyuruq və öz tərəfimizdən bu əməkdaşlığın səmərəli və daimi olmasına çalışacağıq.

BMT-nin üzvü kimi Azərbaycan Respublikası bu təşkilatın nizamnaməsində göstərilmiş tələblərə riayət olunmasını, yəni Azərbaycanın suveren hüquqlarının qorunmasını tələb edir. Azərbaycanın suveren hüquqları pozulub, Ermənistan tərəfindən Azərbaycana hərbi təcavüz edilib və bu təcavüz nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, işğal olunmuş ərazimizdən bir milyondan artıq vətəndaşımız qaçqın düşübdür.

BMT-də, onun komitələrində, strukturlarında bu barədə yetərli məlumatlar vardır. BMT-nin baş katibi cənab Butros Qali keçən ilin oktyabrında Bakıda olarkən biz ona geniş məlumatlar vermişik. Keçən il BMT Baş Məclisinin iclasında mən Azərbaycan xalqı adından bu məsələlər barədə geniş məlumatlar verib, xalqımızın, respublikamızın tələblərini irəli sürmüşəm, BMT-nin təşəbbüsü və onun rəhbərliyi altında 1994-cü ilin sentyabrında və 1995-ci ilin martında Qahirədə və Kopenhagendə keçirilən beynəlxalq məclislərdə, forumlarda Azərbaycan Respublikası bu məsələlərin zəruri olduğunu bir daha elan edib və Azərbaycanın suveren hüquqlarının qorunması üçün səylər göstərməyi dünya ictimaiyyətindən tələb edibdir. Biz bu gün, BMT-nin 50 illik yubileyi günü bu beynəlxalq təşkilatın xidmətlərinə yüksək qiymət verərək, eyni zamanda müstəqil Azərbaycan Respublikasının suveren hüquqlarının qorunması üçün daha təsirli səylər göstərilməsini gözləyirik.

Azərbaycan xalqı sülhsevər xalqdır. Biz dünyada sülhün bərqərar olmasını istəyirik. Doğrudur, son 50 il müddətində dünyada böyük müharibə baş verməyibdir, ancaq hərbi münaqişələr, ayrı-ayrı regionlarda müharibələr böyük insan faciəsinə, tələfatına səbəb olur və dövlətləri, xalqları, ölkələri təhlükə altında qoyur. Yeddi il əvvəl Qafqazda, demək olar ki, bütün keçmiş Sovetlər İttifaqında baş vermiş ilk münaqişə - Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş vermiş münaqişə bundan sonra çox regionlara sirayət edibdir. İndi artıq təkcə Azərbaycanda yox, Gürcüstanda da, Şimali Qafqazda da, Qafqazın başqa bölgələrində də hərbi münaqişələr var. Biz bunların hamısına son qoyulmasını tələb edirik. Balkan ölkələrində gedən hərbi münaqişələrə son qoyulmasını tələb edirik. Dünyanın bütün qaynar nöqtələrində gedən hərbi münaqişələrə son qoyulmasını tələb edirik. Bir də qeyd edirəm. Azərbaycan btün dünyada sülhün bərqərar olunmasını istəyir. Biz dünyada sülh istəyirik, regionumuzda sülh istəyirik, ölkəmizdə sülh istəyirik. Ümidimiz, arzumuz budur ki, BMT bundan sonra bu sahədə öz səylərini artıracaqdır.

Sülhsevər xalq, dövlət olan Azərbaycan Respublikası, onun dövləti Ermənistanla münaqişədə atəşin kəsilməsinə nail oldu və 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalandı. 16 aydan artıqdır ki, biz atəşkəs rejimində yaşayırıq. Biz bunu müsbət hadisə kimi, regionumuzda sülhün təmin olunması üçün bir vasitə kimi qiymətləndiririk və bu vasitədən səmərəli istifadə etmək üçün cəhdlər göstəririk. ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqların sürətlənməsini istəyirik. Onun sürətlənməsi və böyük sülhün yaranması üçün biz öz səylərimizi göstəririk, təkliflərimizi veririk, konstruktiv mövqe tuturuq və bəzi kompromislərə də gedirik. Bunlar hamısı bizim sülhsevər olmağımızı bir daha sübut edir və dünyaya nümayiş etdirir. Bunlar hamısı onu göstərir ki, biz sülh istəyirik. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, regionda təhlükəsizlik bizim üçün əsas vəzifədir, məqsəddir. Bizim bütün danışıqlarımız yalnız bu məqsədə nail olmaq üçün aparılır. Əmin olduğumu bildirmək istəyirəm ki, BMT, onun Təhlükəsizlik Şurası və başqa orqanları bizim səsimizi eşidəcək, öz fəaliyyətini gücləndirəcəkdir. Biz ATƏT çərçivəsində gedən danışıqları səmərəli hesab edirik və danışıqların gələcəkdə də bu çərçivədə, ancaq daha da sürətli və nəticəli olmasını istəyirik.

BMT-nin üzvü kimi müstəqil Azərbaycan Respublikasının amalı və məqsədi Azərbaycanın dövlət müstəqlliyini qorumaq, onu əbədi etməkdən ibarətdir. Azərbaycanda hüquqi, demokratik dövlət qurmaqdan, xalqımızın rifahını yaxşılaşdırmaqdan, ölkəmizdə demokratiyanı bərqərar etməkdən, insan azadlıqlarını, hüquqlarını qorumaqdan ibarətdir. Biz BMT-nin nizamnaməsinə sadiqik və ona sadiq olaraq da öz hüquqlarımızın təmin olunmasını tələb edirik. Bu çağırışla, bu tələblərlə mən bu gün bir daha BMT-nin Baş Qərargahına müraciət edirəm.

BMT-nin 50 illik fəalıyyətinə yüksək qıymət verərək biz bu yubileyin Azərbaycanda belə təntənəli keçirilməsini lazım bilmişik. Bu yubiley ilə əlaqədar Azərbaycanda bir çox tədbirlər həyata keçirilib və keçirilməkdədir. Bugünkü təntənəli mərasim də məhz Azərbaycan Respublikasının BMT-yə olan münasibətinin nümayişidır, eyni zamanda BMT-nin nizamnaməsinə bizim sədaqətimizin nümayişidir.

Mən bir daha sizi, bütün Azərbaycan ictimaiyyətini, xalqımızı, bütün dövlətlərin bu mərasimdə iştirak edən nümayəndələrini BMT-nin 50 illik yubileyi münasibətilə təbrik edirəm, hər bir vətəndaşa səadət və xoşbəxtlik arzu edirəm, hər bir dövlətə sülh və əmin-amanlıq arzu edirəm. Bütün dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasını arzu edirəm. Sağ olun.