Hörmətli həmvətənlər!
İkinci Dünya müharibəsi zamanı yəhudi xalqı misli görünməmiş soyqırımı siyasətinə məruz qalmış, altı milyon mülki əhali faşizmin günahsız qurbanına çevrilmişdir.
Yəhudi xalqının bu müsibəti hər il bütün mütərəqqi bəşəriyyət tərəfindən ürək ağrısı ilə yad edilir.
Azərbaycan xalqı da öz tarixi boyu dəfələrlə belə milli müsibətlərlə üzləşməli olmuşdur. Xüsusən 1988-ci ildən başlayan növbəti erməni hərbi təcavüzü nəticəsində xalqımızın məruz qaldığı soyqırımı və deportasiya, kütləvi qətl və qırğınlar, zəbt olunmuş torpaqlarımızda dəhşətli erməni vandalizmi, nəhayət Xocalı müsibəti kimi ağır cinayətlər dünyanın gözü qarşısında baş vermiş, lakin təəssüf ki, hələ də beynəlxalq birlik tərəfindən hüquqi-siyasi qiymətini almamışdır.
Xalqların milli taleyini hədəf almış hər cür irqçilik, faşizm, kütləvi terror cinayətləri çağdaş dünyamızın əmin-amanlığı, birgə yaşayış prinsipləri üçün ciddi təhlükədir və bütün mütərəqqi bəşəriyyət belə hallara qarşı qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər olmalıdır.
Əziz həmvətənlər!
Yəhudi xalqının müsibəti günündə Azərbaycan xalqı adından kədərinizə şərik olduğumu bildirir, irticanın günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 29 aprel 2003-cü il.