Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Milli Televiziyasının 40 illik yubileyi münasibətilə təntənəli yubiley gecəsində çıxışı - Respublika Sarayı, 17 fevral 1996-cı il

Hörmətli xanımlar və cənablar!

Sizi - Azərbaycan Respublikası televiziyasının əməkdaşlarını, xalqımızı, respublikamızın bütün vətəndaşlarını milli televiziyanın 40- cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

40 il bundan əvvəl, 1956-cı il fevralın 14-də Azərbaycanda ilk televiziya verilişləri başlandı. Bu əlamətdar hadisə Azərbaycanın tarixində çox görkəmli yer tutur. 40 il bundan əvvəl Azərbaycan xalqının televiziya verilişlərindən istifadə etmək imkanı qazanması xalqımızın, respublikamızın həm iqtisadi, həm texniki, həm də mədəni, elmi nailiyyətlərinin nəticəsində mümkün olmuşdur. Azərbaycan milli televiziyası 40 il ərzində böyük yaradıcılıq yolu keçmiş və xalqımızın, respublikamızın həyatında əvəzsiz rol oynamışdır. Televiziya Azərbaycanda fəaliyyətə başlayan gündən tədricən genişlənmiş, bunun bir neçə mərhələsi olmuşdur. Nəhayət, 70-ci illərdə milli televiziya Azərbaycanın bütün ərazisini əhatə etmiş və respublikamızın bütün vətəndaşlarının istifadəsinə verilmişdir. Bu, çox gərgin işin nəticəsi, dövlətin Azərbaycan xalqına, vətəndaşlarımıza göstərdiyi qayğının təzahürü olmuşdur. Bunlar hamısı respublikamızın həyatını canlandırmış, yeni-yeni kütləvi informasiya formalarının inkişaf etməsinə əsas yaratmışdır.

Televiziya bütün informasiya orqanlarından ən kütləvisidir. İndi heç kəs öz həyatını televiziyasız təsəvvür edə bilməz. Yəqin ki, televiziyasız yaşamaq da mümkün olmaz. Ötən 40 ildə xalqımızın iqtisadiyyatının, mədəniyyətinin, elminin inkişafında televiziya görkəmli rol oynamışdır, respublikamızın ictimai-siyasi həyatında televiziyanın fəaliyyəti əvəzsiz olmuşdur. Televiziya bir tərəfdən əhalini məlumatlandırmış və məlumatlandırır, dünyada baş verən hadisələri xalqa çatdırır, digər tərəfdən respublikamızda elm, mədəniyyət, iqtisadiyyat, təhsil və bütün başqa sahələrdə olan nailiyyətləri nümayiş etdirir, təbliğ edir, vətəndaşlarımıza çatdırır.

Televiziya xalq ilə, vətəndaşlarımızla kütləvi informasiya orqanları arasında əlaqə yaradır, eyni zamanda xalqın, vətəndaşların bir-biri ilə əlaqələrini daha da artırır. Teatrı biz vaxtilə çox yüksək qiymətləndirirdik və bu gün də yüksək qiymətləndiririk. Çünki insanların estetik tərbiyəsində, onların mədəni səviyyəsinin artmasında, insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. Sonra teatrla bərabər kino bu rolu oynamağa başladı. Dünyada televiziya meydana gələndən sonra televiziya bu iki çox mühüm sahənin fəaliyyətini, ola bilər, bir qədər məhdudlaşdırsa da, eyni zamanda onların əldə etdiyi nailiyyətləri geniş kütlələrə çatdırmaq üçün ən gözəl, ən gərəkli bir vasitə oldu.

Televiziya böyük bir aləmdir. Yenə də deyirəm, indi heç birimiz özümüzü televiziyasız təsəvvür edə bilmərik. Ancaq televiziyanın hər bir yerdə, o cümlədən Azərbaycanda da bu günə çatması çox böyük və gərgin işin nəticəsində olmuşdur. Televiziyanın bugünkü səviyyəsi 40 il müddətində televiziya sahəsində çalışanların, eyni zamanda televiziya vasitəsilə, televiziyadan istifadə edərək öz nailiyyətlərini, xalqımızın nailiyyətlərini kütlələrə, vətəndaşlara çatdıran, ölkəmizin ayrı-ayrı sahələrində çalışan insanların fəaliyyətinin nəticəsi olmuşdur.

Beləliklə, televiziya hamıya mənsubdur. Bu gün televiziyanın 40 illik yubileyini qeyd edərkən düşünməliyik ki, biz bütün xalqımızın 40 illik böyük nailiyyətlərini qeyd edirik. Hər bir vətəndaşın həyatında baş vermiş nailiyyətlərin, dəyişikliklərin bayramını qeyd edirik. Televiziya belə bir vasitədir.

Eyni zamanda, televiziyada bilavasitə çalışan insanlar da var. Televiziyanın əməkdaşlarının bir hissəsi onun maddi-texniki təminatı ilə məşğul olan mütəxəssislər - mühəndislər, texniklər və başqa sahədə fəaliyyət göstərən insanlardır. Bu texnikasız, bu cihazlar olmadan və onları idarə edə bilən mütəxəssislər olmadan televiziya fəaliyyət göstərə bilməz. Əməkdaşların digər hissəsi isə televiziya verilişlərini hazırlayıb insanlara, ictimaiyyətə çatdıranlardır.

Onlar da, bunlar da 40 il müddətində çox iş görüblər. Bu gün onların peşəsinin əhəmiyyətindən danışmalı olsaq, demək lazımdır ki, bu peşə xalqımız, millətimiz, insanlar üçün çox gərəkli peşədir və özünü bu peşəyə, sənətə həsr edən insanlar sözün həqiqi mənasında yüksək qiymətə layiqdirlər. Ona görə də mən bu bayram, yubiley günü 40 il müddətində Azərbaycan televiziyasını yaradan, quran, yaşadan, inkişaf etdirən, televiziyanın bütün sahələrində fəaliyyət göstərmiş və bu gün fəaliyyət göstərən vətəndaşlarımıza, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm.

Eyni zamanda, əgər Azərbaycanın həyatının bütün sahələrində çalışan tanınmış adamlar, mütəxəssislər televiziya verilişlərinin hazırlanmasına cəlb olunmasaydı, televiziya istənilən səviyyədə fəaliyyət göstərə bilməzdi. Bu 40 il müddətində Azərbaycanın həyatının demək olar, bütün sahələrində çalışan insanlar öz sözlərini, öz fikirlərini xalqımıza çatdırmışlar, öz nailiyyətlərini nümayiş etdirmişlər, öz sənətlərini həm nümayiş, həm də təbliğ etmişlər. Azərbaycanın hər bir guşəsində, hər bir sahəsində meydana gələn yeni hadisələr televiziya vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılıbdır və çatdırılır.

Bu, böyük nailiyyətdir və bu gün biz bunların hamısını nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın milli televiziyası xalqımızın milli sərvətidir və Azərbaycan televiziyasının 40 illik həyat yolu Azərbaycan xalqının tarixinin böyük bir hissəsidir, ayrılmaz bir hissəsidir.

Qeyd etdim ki, bu 40 il müddətində Azərbaycan televiziyası vasitəsilə Azərbaycanın bütün sahələrində çalışan insanlar öz fəaliyyətini bütün vətəndaşlara çatdırmağa imkan tapıblar. Alimlərimiz, mütəxəssislərimiz, iqtisadiyyatın bütün sahələrində çalışan mühəndislər, texniklər, əmək adamları, mədəniyyət xadimləri, elm xadimləri, gənclər, uşaqlar, yaşlı adamlar, orduda xidmət edənlər, başqa sahələrdə Azərbaycanın keşiyində duranlar - hamısı televiziya vasitəsilə öz nailiyyətlərini, öz fəaliyyətlərini xalqımıza çatdıra biliblər. Beləliklə, bir daha deyirəm, televiziya hər bir kəsin nailiyyətidir. Xalqımızın, millətimizin ümumi nailiyyətlərini həm bütün xalqa, həm də bütün dünyaya nümayiş etdiribdir.

İnsanların mənəvi tərbiyəsində, mənəvi inkişafında televiziyanın rolu çox böyükdür. Televiziya respublikanın həyatında gedən prosesləri əks etdirərək xalqımızda, vətəndaşlarda ictimai-siyasi fəallığı artırıbdır. Televiziya xalqımızın gözəl ənənələrini, milli ənənələrini, mənəvi ənənələrini təbliğ edərək insanlarımızı mənəvi cəhətdən daha da yüksəltməyə kömək edibdir. Televiziyamız tariximizin səhifələrini əyani surətdə təbliğ edərək hər bir vətəndaşın öz keçmişini, tarixini, millətinin aqibətini daha yaxından bilməsinə kömək edibdir. Televiziya çox işlər görübdür, bu gün də çox işlər görür. Bu barədə çox danışmaq olar. Ancaq bir-iki sahəni xüsusi qeyd etmək istəyirəm.

Televiziya respublikamızın son illərdə düşdüyü ağır vəziyyətdə xalqı məlumatlandırmaqda, xalqa düzgün məlumat verməkdə və gedən ictimai-siyasi prosesləri xalqa çatdırmaqda, xalqı daha da fəallaşdırmaqda respublikamıza çox xidmət edibdir. Yeddi ildən artıqdır ki, Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüz nəticəsində müharibə şəraitinə düşübdür. Xalqımızın qəhrəman övladları torpaqlarımızın keşiyində durub, torpaqlarımızı qoruyarkən şəhid olublar, qəhrəmanlıq nümunələri göstəriblər. Qanlı döyüşlər gedibdir. Qələbələr də olubdur, məğlubiyyətlər də. Bizim övladlarımızın qəhrəmanlıq nümunələri də olubdur, ayrı-ayrı şəxslərin xəyanətləri də olubdur, ayrı-ayrı şəxslərin öz vətəndaşlıq borclarını yerinə yetirə bilməməsi halları da olubdur. Hamısı olubdur. Bizim televiziyamız bunları xalqa, millətə, ictimaiyyətə çatdıraraq xalqımızın daha da səfərbər olmasına xidmət edibdir və xüsusilə Azərbaycan torpaqlarının keşiyində duran, onların qorunması uğrunda döyüşən, çalışan, vuruşan insanların həyatının döyüş səhnələrinin televiziya ilə təbliğ edilməsi və əhaliyə çatdırılması bizim həyatımızda onların böyük xidmətidir.

Ermənistanın Azərbaycana etdiyi təcavüz, ədalətsizlik nəticəsində Azərbaycanda xalqın, xüsusən gənclərimizin bu ədalətsizliyə qarşı etiraz nümayişlərinə və Azərbaycanın müstəqilliyi uğrunda mitinqlərə çıxması məhz televiziya vasitəsilə xalqımıza çatdırılıb və bu, xalqımızda milli oyanış, milli dirçəliş ruhunu inkişaf etdirib, milli həmrəylik əhval-ruhiyyəsi yaradıbdır. Bu da televiziyanın çox böyük xidmətlərindən biridir.

Televiziya Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, inkişaf etməsi üçün xıdmətlər göstərir və onun bu sahədə böyük imkanları var. Biz televiziyanın 40 illik yubileyini qeyd edirik. Dörd il bundan öncə Azərbaycan xalqı, Azərbaycan Respublikası dövlət müstəqilliyini, milli azadlığını əldə edibdir və qarşımızda çox böyük vəzifələr durur. Bu dörd il müddətində televiziyanın böyük xidmətləri olubdur. Bu xidmətləri mən bu gün xüsusi qeyd edirəm. Bu dörd ildən öncə də Azərbaycanın müstəqillik əldə etməsi sahəsində Azərbaycan xalqının göstərdiyi fəaliyyətin nümayiş etdirilməsində, təbliğ edilməsində televiziyanın böyük xidmətləri olubdur. Məhz buna görə də o illərdə nəinki Azərbaycan xalqı böyük təcavüzə məruz qalıbdır, hətta televiziyaya da təcavüz edilibdir.

1990-cı ildə 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün böyük bir bəla olmuşdur, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlığını, cəsurluğunu nümayiş etdirmişdir. Bu barədə danışılıbdır. O vaxt Sovetlər İttifaqının rəhbərliyi tərəfindən Azərbaycana hərbi təcavüz olmuşdur. Sovetlər İttifaqı rəhbərliyinin və Azərbaycan rəhbərliyinin xalqa qarşı ədalətsiz hərəkətlərinə etiraz edən yüz minlərlə insan etiraz hisslərini bildirmək üçün meydanlara, küçələrə çıxmış, öz haqlarını, öz hüquqlarını tələb etməyə çalışmışdır. O vaxt xalqın bu səsini, xalqın bu hərəkatını boğmaq üçün çox dəhşətli üsullara əl atılmışdır. Azərbaycana hərbi təcavüz edilmişdir və bu təcavüz əməliyyatları içərisində Azərbaycan televiziyasının enerji blokunun partladılması, həmin o ağır günlərdə, mübarizə günlərində Azərbaycan xalqının iradəsini sındırmaq üçün, onu məlumatsız qoymaq üçün belə bir cinayətin törədilməsi də Azərbaycan televiziyasının tarixində özünəməxsus yer tutur.

Mən bu hadisəni məhz ona görə xatırlayıram aydın olsun ki, televiziyanın nə qədər böyük imkanları var. Televiziya nə qədər lazımlı bir vasitədir. O vaxt Azərbaycana böyük qoşun hissələri yeridilərkən, yenə də deyirəm, xalqın iradəsini sındırmaq üçün, xalqa ağır bir zərbə vurmaq üçün o cinayətkar qüvvələr tək Moskvadakı yox, həm də Azərbaycanın özündə, Azərbaycanın daxilində, Azərbaycan rəhbərliyində olan cinayətkar qüvvələr Azərbaycan televiziyasının enerji blokunu partlatdılar və Azərbaycanda televiziya verilişləri bir neçə gün olmadı.

O günlər qara günlər idi. O günlər Azərbaycan xalqı dərd içində idi. Yanvar gecəsinin qanı içində idi. Ancaq o günlər Azərbaycan televiziyasının işləməməsi də xalqımız üçün böyük bir çətinlik yaratdı və əlavə bir dərd oldu. Azərbaycan televiziyasının tarixində belə səhifələr də var.

Eyni zamanda Azərbaycan televiziyasının xidmətlərindən danışarkən onun Azərbaycanın dövlətçiliyini, müstəqilliyini qorumaq üçün nə qədər böyük bir vasitə olduğunu siz yaxşı xatırlayırsınız. 1994-cü ilin oktyabr ayının əvvəlində Azərbaycanda cinayətkar qruplar, dəstələr tərəfindən, şübhəsiz, xaricdən istiqamətləndirilən bu dəstələr tərəfindən Azərbaycanda dövlət çevrilişinə cəhd göstərildi. Bu dövlət çevrilişinə hazırlıq artıq müəyyən bir müddət idi ki, gedirdi. Biz buna nəzarət edirdik. Yəni biz bunu müşahidə edirdik və bu çevriliş cəhdinin nə vaxtsa başlanacağını nəzərə alırdıq. Xatirimdədir, o vaxt bir çox adamlar narahatlıq hissi keçirərək gəlib mənə cürbəcür məsləhətlər verirdilər ki, əgər çevriliş cəhdləri başlansa nə etmək, nə kimi tədbirlər görmək lazımdır, hansı silahları işə salmaq, hansı silahlardan istifadə etmək lazımdır.

Lakin mən həmin o oktyabr gecəsi dövlət çevrilişi cəhdi başlanan zaman məhz bizim milli televiziyadan istifadə etdim. Bu, nə qədər güclü bir silah imiş! Bu, bütün silahlardan da güclü bir silah imiş! Gecə vaxtı mən televiziya vasitəsilə xalqa müraciət etdim, xalqı Azərbaycan dövlətçiliyinin qorunmasına dəvət etdim. Məhz televiziya vasitəsilə biz buna nail ola bildik. Mən buna nail ola bildim. Qısa bir müddətdə yarım saatdan, bir saatdan sonra prezident sarayı önündəki meydana yüz minlərlə adam toplaşdı. Bakının ən ucqar yerlərindən insanlar nəqliyyat vasitələri olmadığı halda, hətta piyada, yüyürə-yüyürə həmin meydana gəldilər, Azərbaycanın dövlətçiliyinin keşiyində durdular. Bu, televiziya vasitəsilə mümkün oldu. Bundan sonra həmin meydandan televiziya vasitəsilə birbaşa veriliş başlandı və o, meydana toplaşan, Azərbaycan dövlətçiliyini qorumağa gələn insanlar televiziya vasitəsilə öz etiraz səslərini ucaltdılar, öz hiddətlərini bildirdilər, Öz fikirlərini söylədilər və beləliklə də, bütün Azərbaycan Respublikasının vətəndaşları ayağa qalxdılar, biz o həlledici gecədə böyük dövlət çevrilişinin qarşısını ala bildik.

Onun sabahısı günü Azadlıq meydanına bir milyondan artıq Azərbaycan vətəndaşı toplaşdı. Yenə də Azərbaycan televiziyası vasitəsilə həmin mitinqlər, verilişlər nəinki Azərbaycanın bütün guşələrinə, həm də bütün dünyaya çatdırıldı. Həmin gecə prezident sarayının önündəki mitinqdən televiziya verilişləri, sabahısı günü Azadlıq meydanındakı mitinqdən aparılan televiziya verilişləri bütün dünyanın ən mötəbər televiziya stansiyaları vasitəsilə verildi. O televiziya kadrlarını bütün dünya seyr etdi, o kadrlar bütün dünyanı gəzdi. Bu da bir tərəfdən, televiziyanın nə qədər böyük imkanlara malik olduğunu göstərir, digər tərəfdən isə, televiziyanın Azərbaycan dövlətçiliyinin qorunmasında böyük xidmətlərini nümayiş etdirir. Mən həm televiziya əməkdaşlarına, həm də bütün Azərbaycan xalqına təşəkkür edirəm ki, Azərbaycanın dövlətçiliyi həmin o günlərdə qorunub saxlanıldı və bu gün biz respublikamızda tam ictimai-siyasi sabitliyə nail olmuşuq. Televiziyanın xidmətləri böyükdür. Ancaq şübhəsiz ki, həm 40 il ərzində, həm də bu günlərdə onun fəaliyyətində çatışmazlıqlar da, nöqsanlar da var. Bunlar da təbiidir. Güman edirəm ki, bu gün biz televiziyamızın 40 illik yubileyini belə təntənəli şəraitdə qeyd edərkən televiziya sahəsində çalışan vətəndaşlarımız dərk edəcəklər ki, bu, onların üzərinə daha çox məsuliyyət qoyur və onları işdə olan nöqsanların, çatışmazlıqların, səhvlərin aradan qaldırılmasına dəvət edir.

Lakin bunu da qeyd etmək lazımdır ki, televiziya hər bir vətəndaşın gözünün qabağındadır. Ona görə də televiziyanın fəaliyyətindəki nöqsanlar dərhal gözə çarpır, bəzən də televiziyanın verilişlərinə hərə öz fikri, öz ağlı, öz dünyagörüşü ilə qiymət verir. Buna görə də hesab edirəm ki, televiziyanın verilişlərinə heç vaxt birmənalı qiymət vermək mümkün deyil. Çünki hərə bu verilişləri bəlkə də öz istədiyi kimi görmək istəyir. Odur ki, televiziyanın verilişlərinə aid cürbəcür iradlar, cürbəcür tənqidlər ola bilər və bunlar da təbiidir. Televiziya işçiləri gərək öz işlərini elə qursunlar ki, belə tənqidlər az olsun və onların işində nailiyyətlər daha çox olsun, 40 il müddətində televiziya sahəsində bizim böyük təcrübəmiz var.

Televiziya sahəsində çalışan insanlar yüksək səviyyəyə gəlib çatıblar.

Professional imkanlara malik olan televiziya əməkdaşlarımız var. Ancaq bunlar da son hədd deyildir. Dünya televiziyasının böyük nailiyyətlərini Azərbaycan televiziyası hələ tamamilə mənimsəyə bilməyib, tətbiq edə bilməyibdir. Bu, indi Azərbaycan televiziyasının qarşısında duran vəzifələrdir. Bunları həyata keçirmək üçün televiziyanın maddi-texniki bazasını daha da gücləndirmək lazımdır. Bizim iqtisadi vəziyyətimiz nə qədər çətin olsa da, biz bu sahəyə vəsait əsirgəməyib son zamanlar televiziyanın maddi-texniki bazasını inkişaf etdirmək üçün lazımi tədbirlər görmüşük.

1982-83-cü illərdən inşasına başlanmış böyük televiziya qülləsi tikilib qurtarmaqdadır. Mən bu gün xatırlatmaq istəyirəm ki, hələ 70- ci illərdə biz televiziyanın maddi-texniki bazasını genişləndirmək üçün Bakıda yüksək bir televiziya qülləsi tikilməsi haqqında qərar qəbul etdik. O vaxt bir neçə layihəyə baxıldı və indi tikilməkdə olan həmin qüllənin layihəsi təsdiq olundu, tikinti işlərinə başlandı. O vaxt bizim nəzərdə tutduğumuz proqrama görə o televiziya qülləsi 2-3 il müddətində tikilib başa çatdırılmalı idi. Onun tikıntisinin əsasını qoyanlardan biri və təşəbbüsçüsü mən olmuşam. Ancaq təəssüf ki, on ildən çox bir vaxtda o televiziya qülləsi tikilib qurtarmayıbdır. Biz indi inşaat işlərini sürətləndirmişik və inşaatçılar söz verirlər ki, bu il televiziya qülləsi istifadəyə veriləcəkdir. Bu da Azərbaycan televiziyası verilişlərinin daha geniş yayılması üçün və daha da keyfiyyətli olması üçün çox yaxşı şərait yaradacaqdır.

Biz başqa tədbirlər də görürük və görəcəyik də. Ancaq bunlarla yanaşı, Azərbaycan televiziyası əməkdaşlarının öz professional səviyyələrini yüksəltmək, həmçinin dünya təcrübəsindən səmərəli istifadə etmək, nailiyyətləri daha da artırmaq vəzifələri, şübhəsiz, qarşıda duran əsas vəzifələrdir. Vəzifələr böyükdür. Görüləsi işlərin həcmi də böyükdür və çoxşaxəli işlər görmək lazımdır. Lakin televiziyamızın qarşısında duran vəzifələrin bir-ikisi haqqında danışmaq istəyirəm.

Qeyd etdiyim kimi, televiziya insanların mənəvi tərbiyəsini yüksəltmək üçün çox gözəl bir vasitədir. Televiziya bu işi davam etdirməlidir. Bizim insanlarımızda milli vətənpərvərlik ruhu, milli qürur hissi daha da inkişaf etməlidir və televiziya bu sahəyə bundan sonra daha ciddi fikir verməlidir. Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanması üçün lazım olan tədbirlərin görülməsinə və bu sahədə görülən işlərin təbliğinə Azərbaycan milli televiziyası çox geniş yer ayırmalıdır. Bu sahədə atılan hər bir addım bizim dövlət müstəqilliyimizi möhkəmləndirəcək və inkişaf etdirəcəkdir. Televiziyanın bu sahədə böyük imkanları var və ümidvar olduğumu bildirmək istəyirəm ki, televiziya bu imkanlardan istifadə edəcəkdir.

Biz müstəqil respublikamızda, müstəqil ölkəmizdə öz elmimizi, mədəniyyətimizi, tarixi nailiyyətimizi, tarixi keçmişləri daha geniş təbliğ etməliyik. İnsanlar, xüsusən gənc nəsil bunları yaxşı bilməlidir. Bunu da televiziya vasitəsilə çox məharətlə həyata keçirmək mümkündür.

Televiziya işçilərinə qarşı çox böyük tələblər də var. Onlar gərək ekranda hər bir vətəndaş üçün nümunə olsunlar - həm özlərinin danışığı ilə, həm görünüşü ilə, həm ekranda özlərini aparması ilə, ümumiyyətlə hər bir cəhətdən nümunə olsunlar. Bilirsinizmi, insanlar televizora baxarkən özləri üçün çox şey götürür, mənimsəyirlər. Amma bəzi şeylərdən də dərhal imtina edirlər. Əgər o verilişlər insanların əhval-ruhiyyəsinə uyğun deyildirsə, yaxud o verilişləri aparan adamlar onların əhval-ruhiyyəsinə uyğun hərəkət etmirlərsə, televiziya işçiləri bunu da bilməli və dərk etməlidirlər. Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir.

Bu barədə biz dəfələrlə danışmışıq. Müstəqil Azərbaycan Respublikasının keçən il noyabrın 12-də qəbul olunmuş ilk konstitusiyası Azərbaycan dilini Azərbaycanın dövlət dili elan etmişdir. Azərbaycan dilinin təbliği sahəsində televiziya çox iş görə bilər. Tamaşaçılar qarşısında çıxış edən televiziya işçiləri Azərbaycan dilində nə qədər səlis, gözəl, şirin, mədəni danışsalar, o qədər də hər bir Azərbaycan vətəndaşı öz dilini sevəcək, həmin televiziya verilişlərindən özləri üçün nümunələr götürəcək və öz dilini inkişaf etdirəcəkdir. Bu, televiziya işçiləri qarşısında duran çox böyük vəzifədir və mən bunu xüsusi qeyd edirəm.

Elm, mədəniyyət xadimlərimiz televiziya vasitəsilə çıxış edərkən, söhbətlər, mübahisələr apararkən Azərbaycan dilində nə qədər səlis danışsalar, o qədər də çox seviləcəklər və xalqımızın ana dilini, dövlət dilim mənimsəməsi, öyrənməsi üçün o qədər də kömək edəcəklər. Güman edirəm, televiziyamız bundan sonra da bu sahəyə fikir verəcəkdir.

40 il az müddət deyil, böyük bir dövrdür. 40 il müddətində Azərbaycan televiziyası böyük nailiyyətlər əldə edibdir. Ancaq Azərbaycan televiziyasının böyük gələcəyi irəlidədir. Müstəqil Azərbaycan Respublikası möhkəmləndikcə, ölkəmizin iqtisadiyyatı inkişaf etdikcə, Azərbaycan xalqının, vətəndaşlarının rifahı yüksəldikcə milli televiziyanın imkanları da artacaq, daha çox inkişaf edəcəkdir. Ancaq Azərbaycan televiziyası bu prosesin önündə getməlidir, bu prosesləri aparmaq üçün çox gərəkli, dəyərli vasitə olmalıdır və ümidvaram ki, belə olacaqdır.

Bu gün biz Azərbaycan televiziyasının 40 il ərzində qazandığı nailiyyətlərlə fəxr edirik. Bu nailiyyətlər münasibətilə sizi bir daha təbrik edirəm. Eyni zamanda Azərbaycan televiziyasının, Azərbaycan xalqının gələcəyinə böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. Gələcəyimiz gözəl olacaq, Azərbaycan televiziyası yaşayacaq və inkişaf edəcəkdir. Televiziyaya gələn yeni nəsillər Azərbaycan milli televiziyasını daha da yüksəklərə qaldıracaq və bunlar hamısı Azərbaycan Respublikasının dövlət müstəqilliyini inkişaf etdirəcək, xalqımızın mənəviyyatını, elmini, mədəniyyətini, bütün nailiyyətlərini dünyaya nümayiş etdirəcəkdir.

Bu salona çox adam toplaşıbdır. Bəlkə də Azərbaycanın bütün təbəqələrini bu qədər rəngarəng şəkildə təmsil edən adamların buraya toplaşdığı hallar çox az olur. Çünki hamı televiziyaya maraq göstərir. Bu salonda olanların əksəriyyəti televiziya vasitəsilə öz fəaliyyətlərini nümayiş etdirirlər, bu gün də öz bayramlarına gəliblər. Ona görə də bu, bizim ümumi milli bayramımızdır, ümumi milli şadlığımızdır. Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, televiziya işçilərinə, bu sahədə çalışan üzərinə əməkdaşlara cansağlığı, gələcək işlərində uğurlar arzulayır və hamımız üçün gələcəkdə yeni gözəl televiziya verilişlərinin hazırlanmasını arzu edirəm. Sağ olun.