Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə quru qoşunları məktəbi ilə tanışlıq, tələbələrlə və Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə çıxışı - Ankara, 6 may 1997-ci il

Əziz dostlar, qardaşlar!

Hörmətli nazirlər, komandirlər!

Əziz tələbələr!

Mən sizin hamınızı xalqımız, müstəqil Azərbaycan Respublikası adından ürəkdən salamlayıram. Sizə dərin hörmət və ehtiramımı bildirirəm.

Bu gün mən Türkiyə Cümhuriyyətinin qüdrətli ordusunun quru qoşunları məktəbini ziyarət etməkdən çox məmnunam. Türkiyə Cümhuriyyətinin qüdrətli ordusu bu cümhuriyyəti qoruyub saxlayan, onun müstəqilliyini təmin edən böyük bir qüvvədir. Türkiyə Cümhuriyyəti və onun şöhrətli ordusu böyük öndər Mustafa Kamal Atatürk tərəfindən yaradılıbdır. Nə qədər sevindirici haldır ki, türk xalqı, Türkiyə və onun ordusu 77 ildir öz qurucusu, banisi Mustafa Kamal Atatürkün yolu ilə gedir və qələbələrdən-qələbələrə gəlir.

Mən quru qoşunları məktəbinə, onun komandirlərinə, tələbələrinə yeni uğurlar arzulayıram. Ümidvaram ki, bu məktəb Türkiyə ordusunun gələcəkdə də güclü, yenilməz olmasında öz xidmətlərini göstərəcəkdir. Bu gün mən burada, Türkiyənin quru qoşunları məktəbində Azərbaycan övladlarının da təhsil alması ilə tanış oluram. Çox məmnunam ki, Azərbaycanın bir çox övladı burada təhsil alır. Eyni zamanda, mən Polis Akademiyasının işi ilə tanış oluram. Çox məmnunam ki, Polis Akademiyasında da Azərbaycan övladları təhsil alırlar.

Bunlar hamısı müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanın bu günü, gələcəyi üçün Türkiyə Cümhuriyyəti tərəfindən respublikamıza göstərilən böyük yardımdır. Bu yardıma, bu dostluq münasibətinə görə mən sizə - Türkiyə ordusunun quru qoşunları məktəbinin rəisinə və Türkiyə Cümhuriyyətinin prezidentinə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Burada Türkiyədə yaşayan Azərbaycan diasporunun nümayəndələri çıxış etdilər, söz dedilər və Azərbaycanla bağlı öz hissiyyatlarını, respublikamızın bu günü, gələcəyi barədə öz arzularını bildirdilər.

Əziz dostlar, qardaşlar, mən sizə təşəkkür edirəm. Siz azərbaycanlı olaraq, Azərbaycan mənşəyinə mənsub olaraq eyni zamanda türksünüz, Türkiyə vətəndaşısınız. Siz Türkiyədə doğulmusunuz, böyümüsünüz, Türkiyənin ab-havası ilə yaşamısınız. Türkiyədə özünüzə məkan, vətən tapmısınız. Bizim xalqımız, millətimiz birdir. Sadəcə, ərazilərimiz bir-birindən ayrıdır. Bizim iki dövlətimiz, bir xalqımız var. Buna görə də Türkiyədə yaşayan azərbaycanlı da türkdür, azərbaycanlıdır, Azərbaycanda yaşayan türk də türkdür və azərbaycanlıdır.

Bizim bu əlaqələrimiz sarsılmaz tellərlə bir-birinə bağlıdır, əsrlərdən-əsrlərə böyük imtahanlardan, sınaqlardan keçibdir. Əminəm ki, bizim bu dostluq, qardaşlıq əlaqələrimiz heç vaxt sarsılmayacaqdır, əbədi, daimi olacaqdır.

Azərbaycan gənc müstəqil dövlətdir. Gənc müstəqil dövlətin hər bir dövlət atributu olmalıdır, milli ordusu, polisi olmalıdır. Bunlar yaranıb və yaranır. Təəssüflər olsun ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman çox ağır bir şərait içərisində olubdur. Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində respublikamız daim müharibə, döyüş içərisində olubdur. Azərbaycan torpaqlarının 20 faizi cürbəcür səbəblərdən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş ərazimizdən 1 milyondan çox Azərbaycan vətəndaşı doğma torpaqlardan zorla çıxarılıb, onlar qaçqın, köçkün vəziyyətində, ağır şəraitdə yaşayırlar. Bu, Azərbaycanın ağır dərdidir, problemidir.

Biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. Üç il bundan əvvəl Ermənistan-Azərbaycan müharibəsində atəşkəs haqqında saziş əldə edilmişdir. Biz bu atəşkəsi qoruyub saxlayırıq. Biz bu münaqişəni sülh yolu ilə aradan götürüb Azərbaycanın ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək istəyirik. Buna görə də Azərbaycanın güclü ordusu, polisi, dövlət orqanları olmalıdır. Biz bunları ağır, çətin şəraitdə yaradırıq. Xaricdən olan cürbəcür təxribatlar və təcavüz şəraitində yaradırıq. Azərbaycanın daxilində olan cürbəcür qarışıqlıqlar, çarpışmalar, hakimiyyət mübarizəsi şəraitində yaradırıq. Biz bunları belə bir ağır şəraitdə yaratmışıq və yaradırıq.

Əziz dostlar, qardaşlar, əziz azərbaycanlı tələbələr, mən sizə bildirirəm ki, indi müstəqil Azərbaycan Respublikası artıq qüdrətli bir dövlətdir, Dünya Birliyində özünə layiq yerini tutubdur, öz müstəqilliyini qoruyub saxlayır və bundan sonra da qoruyub saxlamağa qadirdir. Azərbaycan Respublikasının daxilində tam sabit ictimai-siyasi vəziyyət, əmin-amanlıq yaranıbdır.

Biz sülh istəyirik. Atatürkün böyük sözləri var: \"Cahanda sülh, yurdda sülh, bölgədə sülh\". Biz bu sözləri bu gün də deyərək, eyni zamanda bu fikirlərlə yaşayırıq, bu siyasəti aparırıq. Amma təkcə Azərbaycanda yox, Türkiyə Cümhuriyyəti də daxil olmaq şərti ilə, bütün bölgədə, Qafqazda sülh əldə etmək və Azərbaycanın müstəqilliyini qorumaq, respublikamızın işğal olunmuş torpaqlarını Ermənistan silahlı qüvvələrindən azad etmək üçün bizə güclü ordu lazımdır. Belə bir güclü ordu yaranır, yaranıb və yaranacaqdır. Belə bir güclü ordunun yaranmasında da bizə yüksək səviyyəli zabit kardları, əsgərlər lazımdır.

Burada bir çox azərbaycanlı tələbələr təhsil alırlar. Mən bundan çox məmnunam. Ümidvar olduğumu bildirmək istəyirəm ki, onlar həqiqətən yüksək təhsil alıb Azərbaycana dönəcəklər. Ancaq bizim ordumuzun tələbatı bundan qat-qat artıqdır, bundan daha da çoxdur. Biz bundan sonra da Türkiyənin yüksək hərbi məktəblərindən istifadə edəcəyik. Azərbaycanda milli ordunun, polisin yaradılması, yüksək səviyyəli kadrların hazırlanması üçün sizin yardımınızdan istifadə edəcəyik. Əminəm ki, siz bizə bu yardımı etməkdən imtina etməyəcəksiniz.

Mən üzümü burada təhsil alan Azərbaycan övladlarına tutaraq deyirəm: Əziz balalarımız, siz burada təhsil alıb Azərbaycana dönəcəksiniz, Azərbaycanın ordusunda, polisində xidmət edəcəksiniz. Əminəm ki, burada aldığınız təhsil gələcəkdə xidmət edəcəyiniz yerlərdə sizə uğurlar gətirəcəkdir. Siz uğurla çalışacaqsınız, xalqınıza, millətinizə və vətəniniz Azərbaycana xidmət göstərəcəksiniz.

Şübhəsiz ki, burada hər bir şeyi öyrənmək lazımdır. Amma Türkiyə xalqından, ordusundan, türk əsgərindən vətəni sevməyi, vətənə sadiq olmağı, milləti sevməyi öyrənmək lazımdır. Mən bunu ona görə deyirəm ki, Türkiyə Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri odur ki, onun çox güclü, qüdrətli ordusu vardır. Bir ona görə yox ki, onun güclü silahı var, çoxsaylı ordusu var. Ona görə ki, türk ordusu, əsgəri yüksək mənəviyyatlı, vətənpərvər, vətəninə, millətinə, cümhuriyyətinə, Atatürkün qoyduğu yola sadiqdirlər. Bu, Türkiyə ordusunun qüdrəti, Türkiyə ordusunun gücüdür.

İstəyirəm ki, Azərbaycan övladlarımız burada bu qabiliyyəti əldə etsinlər, bu səviyyəyə çatsınlar, Azərbaycanı - vətəni, torpağı canı, qanı qədər sevməyə qadir olsunlar. Burada - bu hissiyyatları daha yüksəyə qaldırmaq üçün çox gözəl şərait vardır.

Mən türk əsgərinin bu yüksək keyfiyyətlərinə heyranam. Türkiyə Cümhuriyyətinin qüdrətini, torpaqlarını, dövlətini, müstəqilliyini qoruyan, şəhid olan türk əsgərinin ruhu qarşısında baş əyirəm. Türkiyə ordusuna, əsgərinə bundan sonra da yeni uğurlar arzulayıram.

Azərbaycan övladlarının burada Türkiyə övladları ilə bir yerdə təhsil alması, yaşaması, olması, eyni zamanda Türkiyə-Azərbaycan dostluğuna göstərilən xidmətdir, addımdır. Biz Türkiyə-Azərbaycan dostluğunu çox yüksək qiymətləndiririk. Azərbaycanda Türkiyəyə olan sevgi-məhəbbət hədsiz-hüdudsuzdur. Bu gün Azərbaycan xalqının bu sevgi-məhəbbətini Türkiyəyə bir daha çatdıraraq deyirəm ki, Türkiyə-Azərbaycan dostluğu əbədidir, sarsılmazdır.

Yaşasın Türkiyə Cümhuriyyəti!

Yaşasın qüdrətli türk ordusu!

Yaşasın əbədi Türkiyə-Azərbaycan dostluğu!

\"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir\" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2000, 9-cu cild, səh. 301