Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qahirədə mətbuat konfransında bəyanatı - 6 sentyabr 1994-cü il

Hörmətli jurnalistlər, mətbuat işçiləri!

Bildiyiniz kimi, mən sentyabrın 5-dən burada, Qahirədəyəm. Qısamüddətli işgüzar səfər başa catır. Buraya gələrkən nəzərdə tutulan işlərin hamısı həyata keçirilib. Sabah mən Azərbaycana qayıdıram. Eşitdim ki, burada jurnalistlər mənim səfərimlə maraqlanırlar. Ona görə də sizinlə görüşmək və burada olan görüşlərimiz haqqında məlumatları sizə çatdırmaq istədim.

Əvvəla, onu demək istəyirəm ki, mənim buraya gəlişimin əsas məqsədi BMT tərəfindən Qahirədə keçirilən \"Əhali və inkişaf\" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. Hesab edirəm ki, bu konfrans çox böyük və qlobal məsələyə həsr olunan bir tədbirdir, dünya xalqlarının bu günü və gələcəyinə aid olan mühüm məsələləri müzakirə edir.

Konfransın birinci günündə edilən məruzə və çıxışlar mənə çox böyük təsir bağışladı. Hesab edirəm ki, həmin məsələlər müzakirə və həll olunmalıdır. Bu konfransda iştirak etməyimdən çox məmnunam və güman edirəm ki, orada söylənilən fikirlər bizim Azərbaycan Respublikası üçün də əhəmiyyətlidir.

Buraya səfərim zamanı respublikamızın həyatı, beynəlxalq əlaqələri ilə bağlı bir çox əhəmiyyətli görüşlərim olub. Misir Ərəb Respublikasının prezidenti cənab Hüsni Mübarəklə dünən konfrans vaxtı və konfransdan sonra onun axşam verdiyi qəbulda görüşlərimdən əlavə, bu gün xüsusi görüşümüz oldu. Cənab Hüsni Mübarəklə biz Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin bundan sonra daha da genişləndirilməsi və inkişaf etdirilməsi məsələlərini müzakirə etmişik. Bir necə beynəlxalq məsələyə də toxunmuşuq. Azərbaycan Respublikasının müstəqilliyini daha da möhkəmləndirmək, inkişaf etdirmək üçün həyata keçirdiyimiz tədbirlər haqqında mən ona məlumat vermişəm.

Tarixən bir-birinə yaxın olan, İslam aləminə mənsub olan bu iki dövlət - Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin bundan sonra daha da genişləndirilməsinə dair bir neçə fikir barədə razılığa gəlmişik. Bildiyiniz kimi, cənab Hüsni Mübarək məni Misirə rəsmi səfərə dəvət etmişdir. Mən də cənab Hüsni Mübarəki Azərbaycana rəsmi səfərə dəvət etdim. Güman edirəm ki, bu səfərlər həyata keçiriləcək, iki ölkə arasında əlaqələrin genişlənməsi, inkişaf etməsi üçün müəyyən dövlətlərarası sənədlər imzalanacaqdır. Bu gün səhər Misir Ərəb Respublikasının xarici işlər naziri cənab Əmir Musa ilə görüşümüzdə də bu məsələlər müzakirə edilmişdir.

Sentyabrın 5-də mən Qahirəyə gələn kimi Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Butros Qali ilə görüşümüz və geniş söhbətimiz olmuşdur. Bu söhbətdəAzərbaycanın beynəlxalq aləmdə vəziyyəti haqqında bəhs etmişik. Xüsusən Azərbaycan ilə Ermənistan arasında gedən müharibə, Ermənistanın Azərbaycana etdiyi təcavüz və bu təcavüzün nəticəsində Azərbaycan torpaqlarının bir qisminin işğal olunması ilə əlaqədar məsələlərə dair danışıqlar aparmışam. Bildiyiniz kimi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar olaraq BMT Təhlukəsizlik Şurasının dörd qətnaməsi olmuşdur.

Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan heç bir şərt qoymadan cıxması tələb olunmuşdur. Ancaq təəssüf ki, bu qətnamələr hələ də yerinə yetirilməyib. Bu məsələlər ümumiyyətlə, Azərbaycan-Ermənistan münaqişəsinin BMT vasitəsilə, digər beynəlxalq təşkilatlar vasitəsilə sülh yolu ilə aradan qaldırılması imkanları cənab Butros Qali ilə müzakirə olunmuşdur. Bu məsələlərin müzakirəsi BMT Baş Məclisinin sentyabrın sonunda keçiriləcək sessiyası zamanı da cənab Butros Qali ilə müzakirə ediləcəkdir.

Bu gün Pakistanın baş naziri xanım Bənəzir Bhutto ilə mənim çox əhəmiyyətli görüşüm və söhbətim olubdur. Biz ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişaf etdirilməsi yollarını müzakirə etmişik, bu barədə həmfikir olmuşuq. Pakistan bir ölkə kimi, bir dövlət kimi Azərbaycan müstəqillik əldə edəndən indiyə qələr ölkəmizə həmişə müsbət münasibət göstərmişdir. Ona görə də Pakistan ilə əlaqələrimizin bundan sonra daha da inkişaf etməsi üçün yaxşı əsas yaranmışdır.

Bu gün ABŞ-ın vitse-prezidenti cənab Albert Qor ilə mənim görüşüm olmuşdur. Bu görüş çox əhəmiyyətli, məzmunlu olmuşdur. Mən bu görüşdən çox məmnunam. Biz Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişləndirilməsi məsələsini müzakirə etmişik. Azərbaycan ilə Ermənistan arasında gedən müharibəyə son qoyulması, bu məsələnin sülh yolu ilə həll olunması barəsində fikir mübadiləsi aparmışıq. ABŞ-ın bu məsələdə mühüm rol oynaması hər iki tərəfdən bildirilmişdir. Bu görüşdə ABŞ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələsinə də toxunulmuşdur. Xüsusən, Azərbaycan Dövlət Neft Şirkətinin Qərb ölkələri neft şirkətlərinin konsorsiumu ilə apardığı danışıqlar haqqında məlumat verilmişdir. Hər iki tərəf eyni fikirdə olmuşdur ki, bu danışıqlar sona çatdırılmalı, nəzərdə tutulan müqavilələr imzalanmalıdır.

Bu gün mən bu salonda Amerikanın Misirdə olan Ticarət Palatasının nümayəndələri ilə görüşmüşəm. Bu görüşdə Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələri haqqında məlumat vermişəm və Ticarət Palatasına mənsub olan biznesmenləri, iş adamlarını Azərbaycana gəlib respublikamızla əməkdaşlıq etməyə dəvət etmişəm. Burada başqa dövlət xadimləri ilə də görüşlərim olub. Hesab edirəm ki, qısa müddətdə keçirilən bu görüşlərin hamısı Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək, beynəlxalq əlaqələrini inkişaf etdirmək üçün səmərəlidir. Bu görüşlərin hamısında mən demişəm və sizə də bildirmək istəyirəm ki, Azərbaycan bir müstəqil dövlət kimi öz müstəqilliyini tarixi nailiyyət hesab edir. Bu müstəqilliyi saxlamaq, möhkəmləndirmək əsas vəzifəmizdir və biz calışacağıq ki, bu vəzifələri axıradək layiqincə yerinə yetirək.

Azərbaycanda demokratik hüquqi dövlət qurulur, demokratik cəmiyyət yaranır. Bu sahədə bir çox addımlar atmışıq, bundan sonra da demokratiya yolu ilə getmək əzmindəyik. Demokratiyanın əsas prinsiplərindən olan insan azadlığı, söz azallığı, insan haqlarının qorunması, siyasi plüralizm, siyasi fikir müxtəlifliyi və başqa bu kimi amillər Azerbaycanın həyatında get-gedə öz yerini tutur, bərqərar olmaqdadır. Biz bu istiqamətdə işləri davam etdirəcəyik. Azərbaycanın iqtisadiyyatı indi böhran keçirir. Bu, bir tərəfdən Azərbaycanın keçmiş Sovet İttifaqı tərkibindən çıxması və bir iqtisadi-ictimai quruluşdan başqa bir quruluşa keçməsi ilə, digər tərəfdən respublikamızın müharibə şəraitində olması, Azərbaycanın torpaqlarının 20 faizinin işğal edilməsi və həmin ərazilərdən bir milyondan artıq Azərbaycan vətəndaşının didərgin, qaçqın düşməsi ilə əlaqədardır. İqtisadiyyatın böhran vəziyyətindən çıxması üçün lazımi tədbirlər görürük. Bu sahədə bizim siyasətimiz

Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni gücləndirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, Azərbaycan iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına bağlamaqdan ibarətdir.

Biz məhz bu yolla gedirik və bu yolla gedəcəyik. Ümidvaram ki, biz bu yolda uğurlar qazanacağıq. Bütün bunlar üçün başqa ölkələrdə iqtisadi əlaqələrin genişlənməsinə, respublikamıza investisiya qoyulmasına, iş adamlarının gəlib Azərbaycanda müştərək iş aparmasına çox böyük ehtiyac var. Mən bu görüşlərlə bəyan etmişəm və sizə də bildirmək istəyirəm ki, Azərbaycan açıq ölkədir, qapıları bütün xarici dövlətlər üçün açıqdır. İş adamları bundan istifadə edərək gəlib Azərbaycana investisiya qoymaqla, həm özləri mənfəət götürə bilər, həm də biz bunun sayəsində Azərbaycanın iqtisadiyyatını inkişaf etdirə bilərik. Bütün bunlarla yanaşı, indi Azərbaycanın ən böyük problemi - müharibə vəziyyətindən çıxmaq, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızın geriyə qaytarılmasını təmin etmək, qaçqın düşmüş, doğma yerlərini itirmiş bir milyondan artıq Azərbaycan vətəndaşlarını öz evlərinə, öz yaşayış yerlərinə qaytarmaqdan ibarətdir.

İndiki görüşlər, bundan əvvəl mənim bir necə ölkəyə səfərlərim zamanı olmuş görüşlər bir daha sübut edir ki, Azərbaycan haqqında bu ölkələrdə az məlumat var və bəzən də olan məlumatlar obyektiv xarakter daşımır. Ona görə də bizim əsas vəzifəmiz Azərbaycanın vəziyyəti haqqında dünya ölkələrinə doğru-düzgün və ardıcıl məlumat verməkdir. Eyni zamanda biz arzu edirik ki, xarici ölkələrdə olan jurnalistlər, mətbuat işçiləri, informasiya orqanları, Azərbaycan haqqında doğru-duzgün, obyektiv məlumat verməyə calışsınlar.

Müharibə şəraitində iqtisadiyyatda böhran vəziyyəti olmasına baxmayaraq, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət sabitdir. Biz bu sabitliyi təmin edirik və bundan sonra da təmin edəcəyik. Mən bu salona toplaşan jurnalistləri, mətbuat işçilərini bir daha salamlayıram və hamınızı, hər birinizi Azərbaycana dəvət edirəm. Diqqətinizə görə minnətdaram. Əgər suallarınız varsa, cavab verməyə hazıram.

Sual: ABŞ-ın vitse-prezidenti cənab Albert Qor ilə görüşünüzdə Azərbaycan Dövlət Neft Şirkəti ilə Qərb neft şirkətləri konsorsiumu arasında danışıqlara Rusiyanın təsirindən də söhbət getdimi? Sizcə, bunun üçün Amerika Rusiyaya müəyyən təsir edəcəkmi?

Cavab:  ABŞ-ın vitse-prezidenti cənab Albert Qor ilə danışıqlarımızda Qərb ölkələrinin neft şirkətləri konsorsiumu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında gedən danışıqlar haqqında bizim fikrimiz eyni olmuşdur. Yəni onlar da, biz də belə fikirdəyik ki, bu müqavilələr artıq imzalanmalıdır. Onlar tərəfindən bizə heç bir təzyiq yoxdur və güman edirəm ki, heç bir təzyiq də ola bilməz. Onlar da, biz də maraqlıyıq ki, bu müqavilələr imzalansın. Ancaq bir şərt var, mən bunu həmişə demişəm, cənab Albert Qor ilə görüşəndə də dedim ki, bu müqavilə Azərbaycanın milli mənafelərini təmin edən bir müqavilə olmalıdır. Çünki neft yataqları Azərbaycan xalqının ən böyük sərvətidir. Bu sərvətdən biz həm bu gün üçün, həm də gələcək nəsillər üçün gərək səmərəli istifadə edək. Ona görə də hazırlanan və imzalanmalı olan müqavilə gərək Azərbaycanın milli mənafelərini təmsil etsin. Güman edirəm ki, belə də olacaqdır. Amerikanın Rusiyaya təsir etməsinə heç bir ehtiyac yoxdur. Mətbuatda belə bir fikir yaranıb ki, Rusiya bu müqavilələrin bağlanmasına mane olmaq istəyir. Amma Rusiya tərəfindən belə konkret addımlar atılmayıb. Ona görə də Amerikanın bu barədə Rusiyaya təsir etməsinə ehtiyac yoxdur. Neft yataqları Azərbaycana məxsusdur. Biz Qərb neft şirkətlərini neft yataqlarından istifadə olunması işinə cəlb etməyə çalışmışıq və çalışırıq.

Sual: Aldığım məlumata görə, BMT-nin baş katibi Butros Qali ilə görüşdə Siz BMT qoşunlarının Azərbaycana gəlməsini xahiş etmisiniz, lakin bu, qəbul olunmayıb. Butəklifin həyata keçirilməsi üçün Siz gələcəkdə daha hansı addımlar atacaqsınız?

Cavab:  Bu belə deyil. Mən cənab Butros Qalidən BMT qoşunlarının Azərbaycana gəlməsini xahiş etməmişəm və belə söhbət olmayıb. Qarabağ məsələsini həll etməkdən ötrü Azərbaycan ilə Ermənistan arasındakı müharibəyə son qoyulması, sülh yaranması üçün beynəlxalq təşkilatların fəaliyyətini gücləndirmək haqqında mənim təkliflərim olub. BMT-nin fəaliyyətinin gücləndirilməsi haqqında təkliflər vermişəm. O cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin həyata keçirilməsi barədə təkliflər olubdur. Ancaq xüsusi qüvvələrin oraya gətirilməsi haqqında təkliflər olmayıbdır. Bu barədə verilən məlumatlar yanlışdır.

Sual: Azərbaycanda neft sənayesindən əlavə, daha hansı sahələr inkişaf etmişdir?

Cavab:  Bizdə sənaye çox böyük potensiala malikdir. Neft-qazçıxarma sənayesindən əlavə, Azərbaycanın böyük sənaye potensialı var. Neft ilə əlaqədar olaraq kimya sənayesi də var. Maşınqayırma sənayesi var. Bizdə maşınqayırma çoxsahəlidir. Burada həm neft avadanlığı, cihazları istehsalı, həm də neft maşınqayırması, kimya maşınqayırması, elektrotexnika, radiotexnika, elektronika, mikroelektronika, cihazqayırma və maşınqayırmanın başqa sahələri var. Azərbaycanda metallurgiya sənayesi çox inkişaf etmişdir. Həm qara metallurgiya, həm də əlvan metallurgiya sənayesi vardır. Azərbaycanda kənd təsərrüfatının potensialı geniş olduğuna görə kənd təsərrüfatı məhsullarının emalı, bununla bağlı toxuculuq sənayesi, xalq istehlakı malları istehsal edən sənaye sahələri də çox geniş potensiala malikdir.

Neft-qaz yataqlarından savayı, Azərbaycanın başqa yeraltı sərvətləri də zənigindir.

Respublikamızın yataqlarında qara metal, yəni dəmir, əlvan metal ehtiyatları da çoxdur.

Sual: Siz dediniz ki, iştirak etdiyiniz indiki konfransdakı çıxışlar əməli xarakter daşıyırdı və bu ideyalardan Azərbaycanda da istifadə edirsiniz. Bunu deyərkən nəyi nəzərdə tutursunuz?

Cavab:  Şübhəsiz ki, çıxışlarda səslənən fikirlərin hamısı ilə razılaşmaq olmaz. Ancaq çox əhəmiyyətli fikirlər, təkliflər də vardır. Mən belə hesab edirəm ki, konfrans öz işini, yəqin konsensusla qurtaracaqdır. Hər halda konfransın qətnamələrini biz də nəzərdən keçirəcəyik. Bu sənədlər heç də hər bir ölkə üçün məcburi deyildir. Həmin qətnamələrdə Azərbaycan üçün nə xeyirlidirsə, biz onlardan istifadə edəcəyik. Konfransın əsas məqsədlərindən biri əhali artımının, ailənin planlaşdırılmasıdır. Hesab edirəm ki, bu məsələlərdə inzibati yolla getmək olmaz, lakin hər bir ölkə bu gününü və gələcəyini düşünərək lazımi tədbirlər görməlidir. Bunların sırasında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, adamların mədəni səviyyəsinin (o cümlədən ailə daxilində) yüksəldilməsi və başqa tədbirlər var. Biz milli və dini ənənələrimizə uyğun olaraq bu konfransda irəli surulən fikirlərdən, bayaq dediyim kimi, Azərbaycan üçün faydalı olanları götürəcəyik.

Sual: Cənab prezident, sizin dövlətiniz MDB-nin uzvudur-Azərbaycanın başqa dövlətlərlə, o cümlədən Qərb dövlətləri ilə münasibətlərinin inkişafına Moskvanın maneçiliyi hələ də varmı? Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə MDB uzvlərinin münasibəti necədir? Məsələn, bizi Moskvanın movqeyi maraqdandırır: o, bitərəfliyi gözləyirmi, yoxsa erməniləri fəal müdafiə edir? İkinci sual: Prezident Hüsni Mübarəklə danışıqlarınız barədə məlumat verərkən dediniz ki,ikitərəfli münasibətlərin inkişaf etdirilməsindən söhbət getmişdir. Sizcə, ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişafı üçün hansı tədbirlər görülməlidir?

Cavab: Əvvələn, MDB uzvu olan ölkələrin başqa ölkələrlə münasibətlərinə heç bir məhdudiyyət qoyulmamışdır. Biz başqa ölkələrlə əlaqələr yaratmağımızda məhdudiyyət hiss etmirik. İqtisadiyyat sahəsində Müstəqil Dövlətlər Birliyinin çox böyük ehtiyat imkanları var və bunlardan istifadə etmək lazımdır. Çünki indi MDB-yə daxil olan on iki dövlət keçmişdə bir dövlətin tərkibində idi. Onların bütünlükdə iqtisadiyyatı bir-biri ilə çox bağlı olmuşdur. İndi, hər bir respublika müstəqil olan bir vaxtda həmin əlaqələr qırılmışdır. Bu əlaqələrin bərpa olunması və inkişafı üçün mövcud imkanlardan istifadə edilməlidir. O ki, qaldı sualınızın ikinci hissəsinə, çox təəssüf hissi ilə deyə bilərəm ki, Müstəqil Dövlətlər Birliyi bu birliyə daxil olan iki ölkə - Ermənistan ilə Azərbaycan arasında gedən müharibəyə, demək olar, biganədir. Mən Müstəqil Dövlətlər Birliyi rəhbərlərinin toplantısında bu məsələnin müzakirə olunmasını iki dəfə təklif etmişəm. Ancaq həmin məsələ müzakirə olunmamışdır. Eyni zamanda deməliyəm ki, Rusiya bu münaqişənin sülh yolu ilə aradan qaldırılmasına çalışır, Ermənistan ilə Azərbaycan arasında vasitəci rolu oynayır və onun bu sahədəki fəaliyyəti müəyyən müsbət nəticələr verir. Ancaq biz istəyirik ki, bu məsələ böyük dövlətlərin, o cümlədən Rusiyanın vasitəciliyi ilə, lakin beynəlxalq təşkilatlar səviyyəsində həll edilsin.

Sual: Siz Qərb şirkətləri ilə neft müqaviləsi bağlamaq barədə çoxdan danışıqlar aparırsınız. Necə bilirsiniz, müqavilənin imzalanması vaxtı catmışdırmı?

Cavab:  Bəli, biz artıq son mərhələdəyik. Güman edirəm ki, müqavilənin imzalanmasına lap az qalmışdır.

Sual: Hörmətli prezident, bilirsiniz ki, dünyada 20 milyon qaçqın var və onların 1 milyonu azərbaycanlıdır. Qahirə konfransında qaçqınlara yardım məsələsi də müzakirə olunmalıdır. Azərbaycan qaçqınlarına yardım məsələsi barədə konfransda söhbət getmişdirmi?

Cavab:  Hələlik bu barədə söhbət getməmişdir. Lakin konfransda bizim numayəndələrimiz iştirak edir və onlar bu məsələni qaldıracaqlar.

Sual: Azərbaycanda yeni, demokratik parlament seçkiləri nə vaxt keçiriləcək?

Cavab: İndiki parlamentin səlahiyyət müddəti 1995-ci ilin payızında qurtarır və həmin vaxtadək bütün demokratik prinsiplərə əməl edilməklə seçkilər keçiriləcək.

Sual: Hazırda Misir və Azərbaycan arasında iqtisadi əlaqələr necə inkişaf edir? Azərbaycanda özəlləşdirmə prosesi necə gedir?

Cavab: Misir Ərəb Respublikası ilə iqtisadi əlaqələrimizdə hələlik ilk addımlar atılır. Bir neçə iş adamı Azərbaycana gəlmiş, müəyyən sazişlər bağlanmışdır. Lakin biz bu əlaqələri inkişaf etdirməyə çalışacağıq. Cənab prezident Hüsni Mübarəklə də bu barədə danışıqlarımız olmuşdur.

Azərbaycanda, bir qədər ləng olsa da, özəlləşdirmə prosesi gedir. Özəl bölmə artıq öz yerini tutmuşdur. Özəlləşdirməyə dair proqramımız var və o, yaxın aylarda sürətlə həyata keçiriləcəkdir.

Sual: Azərbaycan öz ərazisində hər hansı dövlətin təhlukəsizlik qüvvələrini qəbul etməyə hazırdırmı?

Cavab: Biz müştərək beynəlxalq təhlukəsizlik qüvvələrini Azərbaycanda qəbul etməyə hazırıq. Çünki Ermənistanla Azərbaycan arasında gedən müharibəyə son qoyulması üçün, şübhəsiz ki, beynəlxalq qüvvələr olmalıdır. Belə qüvvələri, yəni bir neçə dövlətin hərbi kontingentindən ibarət olan qüvvələri qəbul etməyə hazırıq.

Sual: İstiqlaliyyət qazanılmasının Azərbaycan üçün nə kimi əhəmiyyəti var və siz fəaliyyətinizi MDB-nin başqa dövlətləri ilə əlaqələndirirsinizmi?

Cavab: Zənnimcə, istiqlaliyyətin Azərbaycan üçün əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Siz cavansınız. Misirin müstəmləkə vəziyyətindən çıxaraq istiqlaliyyət əldə etməsi Misir üçün nə qələr əhəmiyyətli idisə, Azərbaycanın istiqlaliyyət qazanması da ondan ötrü bu dərəcədə əhəmiyyətlidir. İstiqlaliyyətimizi qorumaq və möhkəmləndirmək üçün bütün dövlətlərlə ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr yaradırıq. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə də belə əlaqələr yaradırıq. Ancaq həmin respublikaların hər biri müstəqil dövlətdir və onlarla ikitərəfli əlaqələr saxlamaqla yanaşı, eyni zamanda MDB cərcivəsində əlaqələrimizi sahmana salırıq. Lakin MDB üzvü olan dövlətlərlə münasibətlərimizi əlaqələndirməyə ehtiyac yoxdur.

Sual: Cənab prezident, bizim əlaqələrimizin kökləri qədimdir, - Sizin dediyiniz kimi, 1200 illik tarixi var. Bu gün Misir ilə Azərbaycan arasında mədəni əlaqələr barəsində nə deyə bilərsiniz?

Cavab: Azərbaycanla Misir arasında tarixi, mədəni əlaqələrin olması məlumdur. Bizim mədəniyyətimiz ərəb mədəniyyəti, ümumən Şərq mədəniyyəti ilə sıx bağlıdır. Azərbaycan dilindəki \"mədəniyyət\" sözü də, gərək ki, ərəb sözüdur, siz \"mədəniyyə\" deyirsiniz. Mənə məlumdur ki, son 20-30 ildə Azərbaycanın nümayəndələri, xüsusən incəsənət xadimləri Misir Ərəb Respublikasında - Qahirədə operada, konservatoriyada, incəsənət mərkəzində və başqa sahələrdə fəaliyyət göstərmiş, kadrlar hazırlamışlar. Misir Ərəb Respublikasının mədəniyyət xadimləri də dəfələrlə Azərbaycanda olmuşlar. Bu əlaqələr indi də davam edir.

Dünən axşam Misir prezidenti cənab Hüsni Mübarəkin təşkil etdiyi qəbulda və ondan sonra konfrans iştirakcıları üçün verilən konsertdə oldum. Biz prezidentlə yanaşı oturmuşduq və sizin ölkənizin incəsənət ustalarının çıxışlarına qulaq asırdıq. Mən bir daha özüm üçün müəyyən etdim ki, bizim musiqimizdə, rəqslərimizdə çox bənzərlik və yaxınlıq var. Hətta cənab Hüsni Mübarəkə dedim ki, siz Azərbaycana gələndə bizim incəsənət ustalarının konsertində eyni şeyi görəcəksiniz. Ancaq bu o demək deyil ki, əlaqələrimizi inkişaf etdirməməliyik, - əlaqələrimizi bundan sonra da genişləndirəcəyik.

Sizi bir daha salamlayır və diqqətinizə görə minnətdarlığımı bildirirəm, sağ olun!