Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyaya işgüzar səfəri zamanı diasporun nümayəndələri ilə görüşdə nitqi - 9 iyun 2002-ci il

Əziz həmvətənlər!

Əziz bacılar, qardaşlar!

Mən sizi və sizin simanızda Sankt-Peterburqda yaşayan bütün azərbaycanlıları səmimi qəlbdən salamlayıram. Sizinlə bugünkü görüşümə görə çox şadam, çox sevinirəm. Sizin hamınıza cansağlığı, bütün işlərinizdə uğurlar arzu edirəm.

Bilirsiniz ki, mən buraya qısamüddətli səfərə gəlmişəm. Səhər saat 10-dan biz ayaq üstəyik. Sizin də çoxunuz bizi müşayiət edirsiniz. Gün sona çatır, mən Bakıya qayıtmalıyam. Bu gərgin proqramda mən əvvəlcədən də xəbərdarlıq etmişdim ki, diasporun nümayəndələri ilə görüşüm mənim üçün çox vacibdir, çox zəruridir. Şadam ki, belə bir görüş indi keçir.

Mən sizi dinlədim. Sizin sözlərinizdən, ifadələrinizdən anladım ki, Sankt-Peterburqdakı Azərbaycan diasporu, ümumən, sağlam əhval-ruhiyyədədir. Azərbaycan millətinin, xalqının adını uca tutur və burada azərbaycanlılar bir-birləri ilə, ümumən, yaxşı əlaqədədirlər və təbiidir ki, bu əlaqələr də buradakı hər bir azərbaycanlının normal yaşaması, işləməsi, öz ailəsini təmin etməsi üçün imkanlar yaradır.

İndi ölkəmizdən kənarda yaşayan azərbaycanlılar az deyildir. Bilirsiniz ki, biz Dünya Azərbaycanlılarının I qurultayını keçirdik və çox böyük məlumatlar aldıq. İlk dəfə olaraq dünya azərbaycanlılarının nümayəndələri - dünyanın hər yerindən olması da, bir çox ölkələrdən, - Azərbaycana doğma torpağa toplaşdılar, bir-birləri ilə görüşdülər, tanış oldular, əlaqələr qurdular və Vətənin bugünkü gününü gördülər. Ümid edirəm ki, mənəvi cəhətdən daha da zənginləşərək, öz yaşadıqları yerlərə döndülər. Bu, bizim ilk addımımızdır.

Mən etiraf edirəm ki, biz bir çox işlərlə məşğul olduğumuza görə, vaxtilə bu məsələyə lazımi qədər fikir verə bilməmişik. Ancaq dünya azərbaycanlılarının həmrəyliyi, birliyi bizim millətimiz, xalqımız üçün çox vacibdir. Siz bilirsiniz ki, mən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü idim. SSRİ kimi böyük bir super dövlətin Nazirlər Soveti sədrinin birinci müavini idim və SSRİ miqyasında, təkcə SSRİ miqyasında yox, onun hüdudlarından kənarda da çox böyük işlər görürdüm. Ancaq 1987-ci ilin sonunda məni yüksək vəzifələrdən kənarlaşdırdılar. Mən bir müddət Moskvada çox qapalı həyat sürdüm. Sonra isə Vətən məni çəkib apardı. Gördüm ki, Moskvada mənzilim də, başqa şey də nə qədər yaxşı olsa da, ancaq Vətənin, Vətən torpağının əvəzini vermir.

Siz mənim tərcümeyi-halımı bilirsiniz. Bakıya gəldim, orada da nadanlar, - vaxtilə - 1970-80-ci illərdə mənim böyütdüyüm, ərsəyə gətirdiyim, vəzifələrə qaldırdığım insanlar məndən üz döndərdilər. Nə üçün? Çünki o vaxt mənimlə Qorbaçov arasında böyük ziddiyyətlər vardı. Onlar da qorxurdular ki, əgər Heydər Əliyevlə danışsaq, Qorbaçov gələcək, sonra ya bizi işdən çıxaracaq, ya da ki, başqa bir şey olacaqdır. Ona görə mənə Bakıda yaşamağa imkan vermədilər və məcbur olub doğulduğum yerə - Naxçıvana getdim.

Naxçıvan o vaxt blokadada idi, indi də blokadadadır. Orada çox ağır şəraitdə yaşadım. Bu barədə ona görə danışıram deyim ki, 1991-ci ildə Sovet İttifaqı dağılandan, Azərbaycan müstəqilliyini əldə edəndən sonra Naxçıvanın parlamenti - ali orqanı yarandı və xalq məni yenidən işə dəvət etdi. Ali Məclisin sədri seçdilər. Ali Məclisin ilk iclaslarında mənim təşəbbüsümlə belə bir qərar qəbul olundu: 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilsin. Bunu biz Naxçıvanda qəbul etdik. Naxçıvan Ali Məclisinin qərarı ancaq Naxçıvan ərazisində tətbiq oluna bilər. Ancaq biz o vaxt Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdıq ki, onlar da bu qərarı qəbul etsinlər. Onlar da bu qərarı qəbul etdilər.

Bunu ona görə xatırlayıram ki, dünya azərbaycanlıları məsələsi məni həmişə düşündürmüşdür. Mən Moskvada yüksək vəzifələrdə işləyərkən həmişə bütün azərbaycanlılar haqqında düşünürdüm. Təkcə Azərbaycanda yaşayanlar yox, Sovetlər İttifaqının hər yerində yaşayan azərbaycanlılar haqqında düşünürəm. Onda mən Rusiyanın bir çox regionlarına gedirdim. Haraya gedirdimsə, vilayətlərin rəhbərləri, təbiidir ki, məni yüksək səviyyədə qarşılayırdılar. Başqa məsələlərlə məşğul olandan sonra deyirdim burada azərbaycanlılar var, ya yoxdur? Maraqlanırdım ki, nə qədər var, nə iş görürlər. Bu işə mənim şəxsi münasibətim belə olubdur. Amma indi bu, bizim müstəqil Azərbaycan dövlətinin siyasətidir və bu siyasəti həyata keçiririk. Ona görə də biz Dünya Azərbaycanlılarının I qurultayını çağırdıq, bu, böyük təkan oldu. İndi biz bir çox tədbirlər hazırlamışıq və bu işi bütün regionlarda gücləndirəcəyik. Sizin vasitənizlə gücləndirəcəyik. Hər regionda olan Azərbaycan diasporunun, Azərbaycan təşkilatlarının, cəmiyyətlərinin vasitəsilə gücləndirəcəyik.

Qubernator Yakovlev mənə danışdı ki, burada - Sankt-Peterburqda qeydiyyatda olan 100 min azərbaycanlı yaşayır. Amma qeydiyyatda olmayanlar nə qədər çoxdur, 380 mindir. İndi görürsünüzmü, burada doğru deyildi ki, bunların bir qismi Rusiya vətəndaşıdır, o qədər böyük problemləri yoxdur. Digər qismi isə Azərbaycan vətəndaşıdır, amma burada yaşayır, burada işləyir. Burada yaşamaq, işləmək onlar üçün, bəlkə də, daha əlverişlidir, nəinki Azərbaycanda.

Mən sizə bir şeyi deyim. Bilirsiniz də, Azərbaycan demokratik dövlətdir, fikir, söz azadlığı var, siyasi partiyalar var. Sizin canınız qurtarıbdır ki, burada siyasi partiya və sair yoxdur.

İndi mən dostum Putinə deyirəm ki, sizdə elə bil, müxalifət də yoxdur. Bilirsiniz, ölkə, millət nə qədər kiçik olursa, onun içərisində belə şeylər bir o qədər çox olur. Amma ölkə böyük olanda, xalq millət böyük olanda belə xırda-xuruş işlərlə elə xırda-xuruş adamlar məşğul olur. Düzdür, bizdə də o müxalifət xırda-xuruş adamlardır. Ancaq, hər halda var. Tənqid edirlər, qəzetlər yazırlar. Bilirsiniz, bizdə nə qədər qəzetlər var... Hər kimin pulu var, gedib sabah bir qəzet buraxır. Məsələn, indi mən eşitdim, - adın İsmayıldır hə, sən burada fabrik direktorusan?

İsmayıl Rəhimov: Bəli.

Heydər Əliyev: Özü də yəqin ki, pulun da var. Amma qəzet buraxmırsan. Onda xahiş edirəm, pulundan bizə, mənim hesabıma göndər... Zarafat edirəm. Yəni bunu nə üçün deyirəm? Bizi tənqid edirlər ki, iki milyondan çox azərbaycanlı ölkəmizdən kənarda yaşayır, demək, bu, dövlətin günahıdır. Dövləti buna görə tənqid edirlər. Mən də hərdən eşidirəm, fikir vermirəm. Çünki tamamilə əsassız bir şeydir. Əksinə, mənim fikrim belədir ki, Azərbaycanda, bizim torpağımızda coğrafi vəziyyətimizə, ərazimizə görə əhalimiz yetərlidir. Allaha şükür ki, bizim millətimizin artımı da yaxşıdır. Başqa yerlərdə bu, yoxdur. Ona görə də bizim millətimizin bir hissəsi gəlib Sankt-Peterburqda yaşayır. Burada özünə yaxşı şərait yaradıbdır, güzəranı, vəziyyəti yaxşıdır. Bizim o xırda-xuruş adamların da üzünü görmürlər ki, qanları qaralsın. Yaxşı, mən bundan niyə narahat olum? İndi İsmayıl, Vaqif, konsul, yaxud da başqaları çıxış edəndə dedilər ki, vaxtilə, 1970-80-ci illərin əvvəllərində mən Azərbaycanda rəhbər olarkən, - mən 14 il rəhbər oldum, - gənclərimizi bir qədər zorla Azərbaycandan çıxardıb bütün SSRİ-yə səpələdim.

Bilirsiniz, hər millətin öz xüsusiyyətləri var. Bizim millətin bir xüsusiyyətləri var ki, elə kəndini sevir, deyir ki, bundan ayrısı yoxdur. O birisi şəhəri sevir, deyir bundan yaxşısı yoxdur. Görməyib ki, dünyada nə var, nə yoxdur. Digəri də respublikasını sevir, deyir bundan yaxşı nə var ki. A kişi, get Moskvaya, gör dünyada nə var, nə yox. Get Urala, get, nə bilim, başqa yerə. Gör, orada nə var, insanlar orada neçə yaşayırlar. Bu, birincisi.

İkincisi, mən istəyirdim ki, bizim insanlar daha da yüksək təhsil alsınlar. Təbiidir, bizim Azərbaycanla yaxşı universitetlər və sair var. Amma gəlin, açıq danışaq. Bizdə Moskva Universitetinə, yaxud Leninqrad Universitetinə bərabər universitet yox idi axı. İndi də yoxdur. Amma təkcə Moskva, Leninqrad universitetləri deyil. Moskvada, Leninqrada, yaxud da ki, Rusiyanın başqa şəhərlərində, Kiyevdə, başqa yerlərdə müxtəlif profilli ali məktəblər var idi ki, orada hazırlanan mütəxəssisləri biz Azərbaycanda hazırlaya bilməzdik. Ona görə də mən hər il azərbaycanlıları göndərirdim ki, gedib oxusunlar. Bu da asan deyildi. Çünki azərbaycanlıların bəziləri rus dilini yaxşı bilmirdi və gəlib Moskvada başqaları ilə bərabər müsabiqədən keçib universitetə daxil olmaq mümkün deyildi.

Onda mən nə etdim? Bunu bilin, unutmayın, uşaqlarınıza da deyin.

Mən o vaxt SSRİ-dən böyük çətinliklərlə ilbəil kvota alırdım. Birinci il 100 yer verdilər ki, onlar imtahansız qəbul ediləcəklər. Yəni imtahanı Azərbaycanda verəcəklər, gəlib Moskvada imtahan verməyəcəklər.

İkinci il 200, sonra 300, daha sonra bu rəqəm 800-ə qalxdı. Axır vaxtlar biz ildə 800 gənc göndərirdik. Əgər burada onlardan varsa, ola bilər, xatirələrindədir. Lenin sarayında, indi Respublika sarayı adlanır, hər il onlarla görüş keçirirdik. Sən də orada idin?

Qasıməli Qasımov: Bəli, cənab prezident, 1970-ci illərdə Sizin Azərbaycandan kənara ali təhsil almağa göndərdiyiniz gənclərdən biri də mənəm. Siz mənə Azərbaycanın təhsil əlaçısı nişanı verdiniz, 100 manat yol pulumuzu verdiniz. Mən buna görə Sizə təşəkkürümü bildirirəm.

Heydər Əliyev: 17-18 yaşlı 2500 gənci avqust ayında biz Respublika sarayına yığırdıq, hamısına ağ köynəklər, qalstuk geyindirdik, hərəsinə yol pulu, bir aylıq təqaüd verirdik. Mən də harada olsam da, avqust ayının ya 29-u, ya da 30-u gərək mütləq Bakıda olaydım. Çünki mən özüm onlarla görüşməli idim. İnanın, mən hər bir gəncə öz övladım kimi baxırdım. Mənim arxivimdə çox şeylər var. Bir çox şeyləri də mən Moskvaya köçəndə Bakıda qoyub getdim. Sonra biri Azərbaycana gəlmiş, mənim arxivimin Bakıda qalan hissəsini yandırmışdı. Əvvəl kranı açıb otaqlara su tökmüşdü, arxivdəkilər xarab olandan sonra çıxarıb yandırmışdı. Amma o şeyləri ki, mən Moskvaya aparmışdım, indi də qalır.

Hər il 800 adam ki, SSRİ-nin bütün ali məktəblərinə müsabiqədənkənar qəbul olunurdu, onların siyahısı mənim arxivimdədir. Nə üçün? Çünki bilirsinizmi, bu, mənim əsərimdir. Bunlar mənim övladlarımdır. İndi kim bunu qiymətləndirirsə, qoy qiymətləndirsin, kim unudursa, qoy unutsun. İnsanın doğma övladlarının da bəziləri, görürsən, sonra atasını unudur. Amma mən bunların hamısına övladlarım kimi baxmışam. Sözü nəyə gətirirəm? Biz hətta bu cür edirdik. Amma indi, əgər müəyyən miqrasiya gedirsə, azərbaycanlılar gəlib Rusiyada yerləşiblərsə, bunun nəyi pisdir? İndi Rusiyada bizim iki milyonluq diasporumuz var.

Biz həmişə ürək ağrısı ilə deyirik ki, ermənilərin hər yerdə diasporu var, bizim yoxumuzdur. Əlbəttə ki, biz o səviyyəyə çatmamışıq. Bizim diasporumuz hələ istənilən səviyyədə formalaşmayıbdır. Soydaşlarımız yaşadıqları ölkələrdə, vilayətlərdə yüksək vəzifələr tutmayıblar. Amma bu da olacaq. Çünki azərbaycanlılar istedadlı adamlardır. Aza xanım görürsünüzmü, Sankt-Petrburqda qubernatorun müşaviridir. Bu, kiçik şey deyildir. Ona görə bizim diaspor lazımdır. Mən sizə nə demək istəyirəm? Sizə xeyir-dua verirəm ki, istəyinizi, arzunuzu həyata keçirirsiniz, Sankt-Peterburqda özünüzə məskən tapmısınız. Yaşayın, Rusiyanın vətəndaşı olun, işləyin, yaxşı işlər görün.

Qazanın, yaxşı iş adamı olun, layiqli vətəndaş olun. Bayaq dedim, bir də deyirəm: Azərbaycanın adını uca tutun. Bilirsiniz, sizin hər biriniz Azərbaycanı təmsil edirsiniz. Sizin hər birinizi görən adamda, burada sizinlə danışan, söhbət edən hər kəsdə sonra təəssürat yaranır ki, bu, azərbaycanlıdır. Deməli, həmin adamlarda Azərbaycan xalqı, milləti haqqında təəssürat yaranır. Siz çalışın ki, Azərbaycan xalqının yüksək mənəvi, insani keyfiyyətlərini həm özünüzdə formalaşdıra biləsiniz, həm də bir yerdə onları nümayiş etdirə biləsiniz ki, kiminlə görüşürsünüzsə görüşün, bilsinlər ki, Azərbaycan, azərbaycanlı nə deməkdir. Hiss edirəm ki, sizin çoxunuz buna nail olmusunuz və uğurlarınız da var.

Çox məmnun qaldım ki, - burada dediniz - sizin diasporda birlik, həmrəylik var. Bilirsiniz, elə olur ki, bir ailədə də bəzi adamlar bir-biri ilə yola getmirlər. Bu, olur. Ailədə necə yola gedirsiniz, bu, sizin öz şəxsi işinizdir, arzu edirəm ki, yaxşı yola gedəsiniz. Amma çalışın diasporda bir-birinizə yardım edəsiniz. Bir-birinizi öyrətməyə, doğru yol göstərməyə çalışın. Kimin səhvi varsa, çalışın ki, onu dostcasına, qardaşcasına başa salın ki, belə etməsin. Deyin ki, düz yolda deyilsən, yolunu dəyiş. Bir-birinizə paxıllıq etməməlisiniz. Ümumiyyətlə, paxıllıq insana xas olan xüsusiyyətdir. Amma deyirlər ki, bizim millətdə paxıllıq çoxdur. Bilmirəm, başqalarında nə qədərdir, çoxdur, yoxsa azdır. Mən çox xahiş və arzu edirəm ki, bir-birinizə paxıllıq etməyəsiniz. Siz burada nə qədər yaxşı yerləşmiş olsanız da, yenə də qürbətdəsiniz. Ona görə də gərək bir-birinizə paxıllıq etməyəsiniz, bir-birinizin səhvini bağışlayasınız. Bir-birinizə qardaş, dost olasınız. Bax, bu birlik lazımdır. Biz Azərbaycanda bu birliyi yaratmağa çalışırıq, yaradırıq və yaratmışıq da.

Bu gün iyunun 9-dur. Doqquz il bundan öncə, iyunun əvvəlində Azərbaycanda böyük siyasi-iqtisadi böhran yaranmışdı. Azərbaycan dağılırdı. Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. Hakimiyyətdə olan Xalq Cəbhəsi artıq xalqı idarə edirdi. Xalq həmin hakimiyyətin əleyhinə çıxdı. Onlar bir il ərzində xalqın etimadını itirdilər və nə oldu? Azərbaycan elə bir vəziyyətə düşdü ki, böyük bir faciə qarşısında qaldı. O vaxt mən Naxçıvanda yaşayırdım. Əlbəttə, mənim ürəyim Azərbaycanla döyünürdü. Çünki Azərbaycan mənim həyatımdır. Mənim gəncliyim, təhsil illərim Bakıda, Azərbaycanda keçibdir. 14 il Azərbaycana rəhbərlik etmişəm. Beş ildən artıq Moskvada oxumuşam, həmişə Azərbaycanla yaşamışam. Sonra Naxçıvanda işləyəndə yenə Azərbaycan haqqında fikirləşirdim. Ancaq mən kənardaydım. Nə oldu? Xalq, o vaxtkı hakimiyyət də məni Bakıya dəvət etməyə məcbur oldu. İyunun 9-da mənim Naxçıvandan Bakıya gəlməyimin 9 ili tamam olur.

Bu illər mənim həyatımda müəyyən qədər dönüş illəri olubdur. Mən gəlib onun içinə düşdüm. Parçalanan Azərbaycana rəhbərlik etməli idim, hamı qaçıb dağılmışdı, otaqda tək qalmışdım. Bu tarix sizə məlumdur. Əgər məlum deyilsə, bunu danışmaq üçün gərək bir neçə saat burada oturaq. O vaxt mən xalqı bir yerə yığa bildim.

Xalq, millət mənim ətrafımda birləşdi. Ona görə də mən hamıya qalib gəldim, təmizlədim. Nəhayət, sizin tanıdığınız, yaxud da adını eşitdiyiniz Surət Hüseynov 1994-cü ildə mənim hakimiyyətimə qarşı silahlı çevriliş cəhdi etdi. Artıq Gəncədə hakimiyyəti ələ almışdılar və bunu Bakıda da etmək istəyirdilər. Ordu onların əlində idi. Mən hələ orduya o qədər rəhbərlik edə bilmirdim. Mən axşam saat 10-da televiziya ilə xalqa müraciət etdim. Bizim Prezident sarayı var, - yəqin ki, tanıyırsınız, hündür Ağ evdir, onu da vaxtilə mən ucaltmışam, iki saatdan sonra, gecə saat 12-də onun qarşısında yarım milyon adam toplaşdı. Mən oraya çıxdım, ayaqyalın qoca qadınlar, südəmər uşaqla gələn qadınlar da vardı. Təsəvvür edin, axı orada təhlükə yarana bilərdi. Ancaq bu insanlarda dövlətimizə, millətimizə sevgi nə qədər idisə, unutmuşdular ki, 3-4 aylıq uşağı ilə orada həlak ola bilərdilər. Bakının harasındansa gələrək orada durmuşdular, dövləti, Heydər Əliyevi müdafiə edirdilər. Mən bu birliyi yaratdım. Ondan sonra da bizdə belə çevriliş cəhdləri oldu, qarşısını aldıq. İndi də bu birlik var.

Azərbaycanda müxalifətin olması təbii haldır. Siz bunu başqa cür qəbul etməyin. Hər demokratik ölkədə iqtidara qarşı müxalifət təbii haldır. Ancaq dərd bundadır ki, bizim müxalifət normal müxalifət deyil. Bilirsiniz, hər şey normal olanda narahatçılıq üçün əsas olmur. Lap xoşuna gəlməyən bir şeyi də normal hesab etmək olar. Amma bizim müxalifət normal müxalifət deyil və Azərbaycan xalqının birliyi üçün, müstəqil Azərbaycanın dövlətçiliyi üçün heç bir təhlükə kəsb etmir. Bundan narahat olmayın, Azərbaycanda xalqın həmrəyliyi, birliyi var və Azərbaycan dövlətçiliyi, Azərbaycan prezidenti ətrafında xalqın sıx birliyi təmin olunubdur. Buna arxayın ola bilərsiniz.

Mən arzu edirəm ki, hər yerdə belə birlik olsun. Təbiidir ki, burada müxalifət lazım deyildir. Azərbaycanda bizə lazımdır, amma burada müxalifət lazım deyildir. İstəyirik ki, hər yerdə birlik olsun. Yəni, azərbaycanlılar hər yerdə böyük diaspor kimi yaşayırlarsa, qoy bir olsunlar, həmrəy olsunlar, bir-birlərinə kömək etsinlər.

Bu gün buradakı mühiti görərkən mən Sankt-Peterburqdakı azərbaycanlılar üçün arxayınam. Güman edirəm ki, sizin diasporun bugünkü vəziyyəti bir çox başqalarına nümunə ola bilər. Mən sizə tövsiyə edirəm ki, bu yolla uğurla gedəsiniz. Bir daha deyirəm, çalışın burada, bu böyük şəhərdə Azərbaycanın adını ucalara qaldırın.

Gələn ilin mayında Sankt-Petrburqun 300 illik yubileyi olacaqdır. Ola bilər ki, mən də buraya gəlim, yenə də görüşək. Görüşsək də, görüşməsək də mən sizinləyəm, ürəyim sizinlədir. Hər bir azərbaycanlı ilədir.

Mən müstəqil Azərbaycanın prezidentiyəm. Doqquz ildir bu ağır vəzifəni daşıyıram. Keçmişdə Azərbaycan üçün nə etdiyim hamıya məlumdur. Ona görə hər bir azərbaycanlı mənim üçün əziz və qiymətlidir. Sizin hamınıza cansağlığı, işlərinizdə uğurlar arzu edirəm. Həmişə Azərbaycanla bir yerdə olun. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 11 iyun 2002-ci il.