Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gəncə “Büllur” zavodunun kollektivi qarşısında nitqi - 23 may 2000-ci il

Əziz dostlar!

Mən sizin kollektiv haqqında hərdənbir danışıram. Çünki 70-ci illərdə Azərbaycanda, ümumiyyətlə, Sovetlər İttifaqında yeni sənaye sahələri yarandı. Bunun da əsasını təşkil edən mikroelektronika idi. O vaxt mikroelektronika möcüzə idi. Moskvada, Rusiyanın başqa şəhərlərində belə müəssisələr yarandı. Mikroelektronikanın müxtəlif sahələri var. İndi məişətdə işlədilən televizor və sairədən tutmuş, kosmik gəmilərə qədər, yaxud da hərbi raketlərə qədər - hamısı mikroelektronikanın əsasında yaradılır.

O vaxt biz çalışdıq ki, Azərbaycanda elektronika, radiotexnika sənayesi yaradaq. Keçmişdə Azərbaycan maşınqayırmada, əsasən neft maşınqayırması sahəsində ixtisaslaşmışdı. Sonra elektrotexnika sahəsində ixtisaslaşdı, bir necə elektrotexnika zavodu yaratdıq. Amma sonra istədik ki, ən mütərəqqi sənaye, yəni ən yüksək intellekt tələb edən və o vaxt çox tələbat olan sənaye yaradaq. Bu da elektronika sənayesi idi. Onunla həm elektronika sənayesi, həm radiotexnika sənayesi, həm də cihazqayırma sənayesi nazirlikləri məşğul olurdu. Bəzi nazirliklər vardı, adları qapalı idi - orta maşınqayırma sənayesi və sair, bunlar hərbi sahəyə, hərbi sənaye kompleksini aid idi. Bütün bunlar hamısı elektronikanın əsasında idi.

Onda bu, dəb idi - hər bir respublika istəyirdi ki, belə müəssisə alsın. Moskvada isə belə meyl vardı ki, bunları ancaq SSRİ-nin mərkəzi rayonlarında - Moskvada, onun ətrafında, Rusiyanın digər ərazilərində yerləşdirsinlər. Biz də burada, Zaqafqaziyada rəqabət aparırdıq. Məsələn, gürcülər, ermənilər bir şey edəndə biz istəyirdik onlardan çox edək. Ukraynada bu sənaye vardı.

Mən çox cəhdlər göstərdim, o vaxtlar SSRİ-nin rəhbərlərinə müraciətlər etdim. Onların göstərişləri oldu. Elektronika Sənayesi Naziri vardı - rəhmətlik Şokin, onun birinci müavini Kolesnikov. Şokin bir az xəstə idi, bu işlərlə, yəni gedib-gəlməklə o qədər də məşğul olmurdu. Amma Kolesnikovu yəqin ki, bir on dəfə buraya gətirmişdim. Radiotexnika Naziri vardı - Pleşşakov, o da rəhmətə gedibdir. Onu buraya, yəni təkcə Gəncəyə yox, Azərbaycana çox gətirirdim.

Biz birinci dəfə Bakıda “Azon” zavodunu yaratdıq. Bu çox incə sənaye sahəsi olduğuna görə, onların şübhəsi vardı ki, ola bilər, Azərbaycanda buna yararlı mütəxəssislər olmasın. Mən isə subut edirdim ki, Azərbaycan xalqı çox ağıllı xalqdır, bizim insanların arasında çox ağıllı mühəndislər, texniklər, keyfiyyətli işçi qüvvəsi var. Mən bunları subut etdim. Əgər bunu onlara, təkcə onlara yox, lap yuxarılara qədər - Brejnevdən tutmuş Kosıginə qədər subut edə bilməsəydim, bu zavodları ala bilməzdik.

Bu zavodlara çox böyük ümid bəslənirdi. Çünki, doğrudan da, bir var ki, traktor düzəldəsən, bir də var balaca bir şey, yəni inteqral sxem, mikroelektronikaya aid ayrı-ayrı hissələr - siz bunu məndən yaxşı bilərsiniz – hazırlayasan. Əlbəttə ki, bu, incə işdir, ziyaləlıqla bir sərhəddə olan sahədir. Ona görə də mən buna çox çalışırdım və nail də oldum: Bakıda həm elektronika sahəsini, həm radiotexnika sahəsini, həm də cihazqayırma sahəsini aid zavodlar tikdik. Amma mən belə müəssisələri Bakıdan kənara da çəkmək istəyirdim, Gəncəyə aparırdım. Gətirdik, bu “Büllur” zavodunu da tikməyə başladıq. Deyəsən başqa işlər də görmək istəyirdik, planlarımız vardı. Sonra Əli Bayramlıda müəssisə yaratdıq.

Mən bunu bir necə dəfə demişəm. Təbiidir, bu hərbi sənaye kompleksi dağılmasaydı... Burada əmələ gələn məhsulun 80-90 faizi hərbi kompleksə gedirdi - bu birincisi, ikincisi, bu sənaye dünyada çox inkişaf etmişdi. Məsələn, televizor, videomaqnitofon, cürbəcür məişət aparatları... O vaxtlar rəngli televizor çıxanda bu, böyük bir hadisə idi, indi adi bir şey olubdur. Yaxud da, videomaqnitofon çıxanda - Yaponiyadan gəlirdi, SSRİ-də heç yox idi. Yəni bu sahə dünyada - həm Qərbdə, Avropada, həm Yaponiyada, həm də Amerikada çox surətlə inkişaf etdi. Ona görə də Sovetlər İttifaqının bu sənayesi - mən bunu açıq deməliyəm - dünyada sənayenin bu sahəsi ilə rəqabətə qalxa bilmədi, o keyfiyyətə nail ola bilmədi. Sonra da Sovetlər İttifaqı dağıldı, buna da tələbat azaldı.

Ancaq mən gördüyümüz bu işlərin heç birinə heyfisilənmirəm. Əksinə, mən şadam ki, biz o illərdə irəlidə gedirdik, geridə qalmamışdıq. Yəni belə incə sənaye sistemi də yaratmağa qadir olduğumuzu göstərdik və “Büllur” kimi bir zavod yaratdıq. Mən bununla həmişə fəxr edirdim. Bunun təşəbbüskarı da mənəm, əsasını da mən qoymuşam. Moskvadan o nazirləri çəkib buraya gətirin, məcbur edən də mənəm.

İndi bu zavod o vaxt istədiyimiz səviyyədə işləyə bilmir və mən bunu təbii hesab edirəm. Ancaq şadam ki, siz zavodu saxlayırsınız, yaşadırsınız, dağıtmamısınız. Azərbaycanda hakimiyyətsizlik, hərc-mərclik vaxtında bəzi yerlərdə çox şeyi dağıtdılar. Elə bu inteqral sxemlərin özünü - onların içində bir az qızıl var, elədirmi? Mən bunu bilərəm axı - bəzi yerlərdə əridib qızılı çıxarır, istifadə edirdilər. Bu texnologiya da məlumdur. Yaxşı ki, bunu saxlamısınız. Çox sağ olun. İşləyirsiniz, nə mümkündür istehsal edirsiniz. Amma indi gərək həm sənaye, həm elm, həm də ticarətin dünya səviyyəsinə çatasınız. Əgər buna çatsanız, zavodunuz yenə də işləyəcəkdir. Çünki dünyada bu məhsullara tələbat azalmır və heç vaxt azalmayacaqdır. Bu gün bir şey var, amma beş ildən sonra elə bir şey icad ediləcək ki, o, geridi qalacaqdır.

Sən mənə mikrokalkulyatorları göstərdin. Siz onları istehsal edəndə bizim üçün böyük bir inqilab idi. Təkcə bizdə yox, Sovetlər İttifaqında böyük bir inqilab idi. Amma indi onları.. Məsələn, o vaxt təsəvvür etmək olardımı ki, cib telefonları çıxacaq? İndi çoxlarının var, yəqin sənin də cibində var. Azərbaycanda az adam taparsan ki, cib telefonu olmasın. Bircə məndən savayı - mənim yoxumdur. Çünki mənim buna ehtiyacım yoxdur. Cib telefonu ilə nə cür nomrə yığmaq olar - heç onu da bilmirəm. Mənə versən ki, bu cib telefonu ilə bir nomrə yığ, yığa bilmərəm, bunu bacarmıram. O vaxt bunu təsəvvür etmək mümkün deyildi. Heç adamın ağlına gəlmirdi ki, belə şey olacaqdır.

Yəni texnika, elm, texnologiya çox sürətlə inkişaf edir. Ona görə gərək biz də Azərbaycanda çalışaq ki, bu inkişafda öz yerimizi tapaq, sürəti yavaş-yavaş artıraq və qabaqda gedənlərin səviyyəsində olaq. Hesab edirəm ki, burada əvvəldən yaranmış potensial çox gözəldir. Siz bunun əsas hissəsini qoruyub saxlamısınız, zavod çox gözəl vəziyyətdədir. Mən bundan çox məmnunam. Doğrudan, bilmirdim ki, belə vəziyyətdədir. Çünki “Azon” zavodu yaxşı vəziyyətdə deyil, mən bunu bilirəm. Zavodu belə vəziyyətdə saxlamısınız, Sağ olun. Mən sizə təşəkkür edirəm. Bu, nə təhər deyərlər, mənim doğma işimdir, mənim yaratdığım müəssisədir. Azərbaycanda bunları çox yaratmışam.

Şəmkir Su Elektrik Stansiyasına getmişdim - vaxtilə, 1975-ci ildə mən onun təməlini qoymuşdum - Kür çayının qırağında durmuşdum. Böyük, nəhəng bir su elektrik stansiyasıdırə 1979-cu ildə yeni bir su elektrik stansiyasının tikilməsi barədə qərar qəbul etdim, sonra başladım tikməyə. Mən gedəndən sonra yarımçıq qaldı. Gəldim, tikdik, istismara verdik. İndi 112 meqavat elektrik enerjisi verir. Çox gözəl, nəhəng bir müəssisədir.

Yəni mən çox işlər görmüşəm. Amma hər birisinin də bu gün yaxşı səviyyədə olmağı məni sevindirir. Buna görə də sizə təşəkkür edirəm. Sizə cansağlığı arzulayıram. Qətiyyən ruhdan düşməyin, çalışın, işləyin. Bu sahə heç vaxt itməyəcək, cəmiyyətdə həmişə yerini tutacaqdır.

Görürəm ki, sizin kollektiv də çox mehriban, yaxşı kollektivdir. Həm gözəl qadınlar var, həm gözəl, gənc oğlanlar, həm də yaxşı direktorunuz var. Mən sizi təbrik edirəm. Sağ olun.