Xalq rəssamı Oqtay Sadıqzadəyə - Bakı şəhəri, 27 fevral 1999-cu il

Hörmətli Oqtay Sadıqzadə!

Sizi - Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsini anadanolma gününüz münasibətilə və yaradıcılığınızın 60 illiyi ilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətində böyük xidmətləri olan sənətkarlardansınız. Müxtəlif mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri sizə plakat və portret ustası kimi geniş şöhrət gətirmişdir. Siz Azərbaycan xalqının dərin hörmətini qazanmış ziyalı bir ailədə dünyaya gəlmisiniz və gənc yaşlarınızdan təkrarolunmaz yaradıcı bir mühitlə əhatə olunmusunuz. Hələ gənc ikən 30-cu illərdəki siyasi repressiyalar dövründə düçar olduğunuz məhrumiyyətlər sizin iradənizi nəinki qırmamış, əksinə, haqqın təntənəsinə olan inamınızı daha da qüvvətləndirmiş və məhz bu duyğularla aşılanmış əzmkarlığınız yaradıcılığınızın əsas letymotivini təşkil etmişdir.

Sənət yoluna boyakarlıq əsərləri ilə qədəm qoyaraq siz fəaliyyətinizin mühüm bir dövrünü kitab qrafikasına həsr etmiş və dünya klassiklərinin, Azərbaycan yazıçılarının əsərlərinə çəkdiyiniz illüstrasiyalarınızla respublikamızda bu sahənin inkişafına böyük təkan vermisiniz. Sizin yaradıcılıq dəst-xəttinizdə miniatür sənətimizin klassik ənənələrinə əsl yaradıcı münasibət özünü büruzə verir. Tablolarınızda vətənə, torpağa, doğma yurda, onun gözəl insanlarına bağlılığınızı əks etdirmisiniz.

Böyük zövq və məhəbbətlə çəkdiyiniz portretlərdə tarixi şəxsiyyətlərimizin daxili aləminə nüfuz edərək onların xarakterini həssas sənətkar məharəti ilə açmış, milli irsimizə gözəl bələd olduğunuzu nümayiş etdirmisiniz. Azərbaycan qadınlarına həsr etdiyiniz portretlər öz dərin psixoloji çalarları ilə təsviri sənətimizdə xüsusi yer tutur.

Sizin yaratdığınız portretlər Avropa rəngkarlıq məktəbinin ənənələrini davam etdirərək özündə həm də milli koloriti əks etdirir.

İnanıram ki, rəssamlığımızda xüsusi yeri olan bir sənətkar kimi siz zəngin təcrübənizdən və istedadınızdan istifadə edərək müstəqil Azərbaycanımızın mədəniyyətinin çiçəklənməsi naminə bundan sonra da var gücünüzü əsirgəməyəcək və pərəstişkarlarınıza yeni-yeni əsərlərlə sevinc bəxş edəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 28 fevral 1999-cu il.