Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq yazıçısı İsa Hüseynova təbriki - Bakı şəhəri, 11 iyun 1998-ci il

Hörmətli İsa Hüseynov!

Sizi - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz 50-ci illərdən bədii yaradıcılığa başlayaraq qısa bir müddətdə öz əsərlərinizlə oxucuların dərin rəğbətini qazanmısınız. Ədəbiyyatımızda insana, onun zəngin, mürəkkəb mənəvi dünyasına marağı gücləndirən roman və povestləriniz bütöv bir nəslin formalaşmasında böyük rol oynamışdır. İdeoloji buxovlardan uzaqlaşaraq həyata obyektiv baxış yaradan, insan şəxsiyyətinə, ləyaqətinə ehtiram hissləri təbliğ edən əsərləriniz sonrakı yazıçılar nəslinin təşəkkül tapmasına öz müsbət təsirini göstərmişdir.

Müasirlərimizin əxlaqi saflığı, psixoloji ovqatları, milli dəyərlərlə yaşamaq səyləri sizin nəsrinizdə yüksək sənətkarlıqla təsvirini tapmışdır. Siz öz bədii yaradıcılığınızda Azərbaycanımızın tarixi keçmişinə, dilinə və mədəniyyətinə böyük maraq doğurmaqla xalqımızın milli şüurunun inkişafına əhəmiyyətli xidmət göstərmisiniz. Uzaq və yaxın tariximizdəki uğurlarımızın və itkilərimizin bədii təhlilini həssaslıqla, ürək yanğısı ilə verən romanlarınız ədəbiyyat həvəskarları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, bir sıra dillərə tərcümə olunmuş, müxtəlif xarici ölkələrdə nəşr edilmişdir

Siz respublikada öz dəst-xətti ilə seçilən məhsuldar ssenarist kimi də məşhursunuz. Milli kinomuzun parlaq səhifələri sayılan \"Ulduzlar sönmür\", \"Nəsimi\", \"Tütək səsi\", \"Nizami\" kimi bədii filmlərin ssenariləri sizin qələminizin məhsuludur. Tarixi keçmişimizin dərk olunmasında mühüm rol oynayan bu filmlər indinin özündə də tərbiyəvi təsir gücünü və dəyərini qoruyub saxlayır.

Sizin yaradıcılığınızın ən yetkin və məsul çağı respublikamızın müstəqilliyinin gənclik dövrünə təsadüf edir. İndi ölkə həyatının başqa sahələrində olduğu kimi, mədəniyyət və ədəbiyyatın inkişafı qarşısında da geniş üfüqlər açılmışdır. Əminəm ki, siz milli ədəbiyyatımızı qələminizdən çıxan yeni dəyərli sənət nümunələri ilə zənginləşdirəcəksiniz.

Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.