Azərbaycanda iqtisadi islahatların gedişinə, eyni zamanda kənd təsərrüfatında cari işlərin vəziyyətinin müzakirəsinə həsr olunmuş müşavirədə giriş sözü və yekun nitqi - Prezident Sarayı, 16 aprel 1997-ci il

Hörmətli xanımlar və cənablar!

Bugünkü müşavirə Azərbaycanda iqtisadi islahatların gedişinə həsr olunubdur. Eyni zamanda kənd təsərrüfatı sahəsində cari işlərin vəziyyətinin də müzakirə olunması nəzərdə tutulubdur.

Bildiyiniz kimi, respublikamız tutduğu strateji yolu davam etdirərək iqtisadiyyatın bütün sahələrində islahatların hazırlanması və həyata keçirilməsi prosesi ilə məşğuldur. 1994-cü ildən başlayaraq bu sahədə əməli tədbirlərin həyata keçirilməsinə başlanıbdır. Bu tədbirləri həyata keçirmək üçün zəruri hüquqi-normativ aktların, qanunların, sənədlərin hazırlanması lazım olmuşdur. Biz bu işlərlə məşğul olmuşuq, islahatların həyata keçirilməsinin qanunvericilik aktları ilə təmin olunması işlərini aparmışıq və 1995-ci ildən başlayaraq əməli tədbirlər görülür.

Bilirsiniz ki, 1995-ci ilin fevralında respublikada \"Aqrar islahatların əsasları haqqında\", \"Sovxoz və kolxozların islahatı haqqında\" qanunlar qəbul olunubdur. Bu qanunların həyata keçirilməsi üçün Azərbaycanın Dövlət Aqrar İslahat Komissiyası yaradılıb, komissiya o vaxtdan işə başlayıbdır. Bir çox eksperimentlər həyata keçirilibdir. 1996-cı ilin iyulunda \"Torpaq islahatları haqqında\" qanun qəbul olunubdur. Bu qanunun da həyata keçirilməsi tədbirləri müzakirə edilibdir və əməli iş aparılır.

Ümumiyyətlə, şübhəsiz ki, bu islahatların, dəyişikliklərin həyata keçirilməsi qanuna söykənməli, qanun əsasında, hüquq normaları çərçivəsində olmalıdır. Ona görə də, qeyd etdiyim kimi, biz əvvəlcə hüquqi sənədlərin hazırlanmasına çox diqqət yetirmiş və çox vaxt sərf etmişik. İndi deyə bilərik ki, o vaxtdan indiyə qədər 15-dən çox qanun, fərman, sərəncam və başqa normativ aktlar qəbul olunubdur. Bu sənədlər də respublikamızın aqrar sektorunda, - mən aqrar sektor haqqında danışıram, - iqtisadi islahatların keçirilməsi üçün tam əsas, bütün imkanlar yaradılıbdır.

Əməli iş gedir və bir çox sahələrdə bu işlərin nəticələrini də görürük. Hər halda 1996-cı ilin yekunları ilə əlaqədar olan, ümumiyyətlə, bütün iqtisadiyyatda əldə etdiyimiz göstəricilər və 1997-ci ilin birinci rübündə həm büdcənin yerinə yetirilməsi, həm vergilərin toplanması ilə əlaqədar planların ödənilməsi, həm də başqa iqtisadi göstəricilər onu sübut edir ki, bizim tutduğumuz yol və həyata keçirdiyimiz tədbirlər doğrudur, düzgündür, iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilir və bunlar iqtisadiyyatımızın vəziyyətində, müəyyən mənada onun inkişafında, artmasında öz nəticələrini göstərir.

Şübhəsiz ki, bunlar bizdə daha çox inam yaradır və məmnunluq hissi doğurur. Ancaq eyni zamanda müşahidələr, aparılan təhlil, mənim mütəmadi surətdə tanış olduğum materiallar onu göstərir ki, ümumən iqtisadi islahatların, o cümlədən aqrar sektorda iqtisadi islahatların həyata keçirilməsi işi istənilən səviyyədə aparılmır. Yəni bunların həyata keçirilmə sürəti hələ lazımi səviyyəyə çatmayıbdır və bəzi hallarda bu tədbirlərin həyata keçirilməsinə maneçilik törədən amillər də meydana çıxır.

Eyni zamanda çətinliklər də var. İqtisadi islahatların keçirilməsini heç də asan bir məsələ hesab etmək olmaz. Bəzi adamlar, xüsusən bu işə kənardan baxanlar və bizim gördüyümüz işlərə qərəzli münasibət bəsləyən adamlar bu barədə cürbəcür fikirlər söyləyirlər. Fikir söyləmək, söz demək çətin deyildir, xüsusən əsassız fikir söyləməyə öyrənmiş adamlar üçün çətin deyildir. Ancaq belə böyük, köklü iqtisadi dəyişikliklər aparmaq, şübhəsiz ki, çətindir. Çətinlikləri də aradan götürmək üçün bu məsələlərin həll olunmasına daim nəzarət etməli, həm meydana çıxan çətinliklərin, həm də maneçiliklərin qarşısını almalıyıq. Eyni zamanda, bizim vəzifəmiz iqtisadi islahatların və xüsusən aqrar sektorda islahatların həyata keçirilməsi sahəsində konkret iş görən orqanlara, təşkilatlara, rayonlara, müəssisələrə əməli yardım etməkdən ibarət olmalıdır.

Bütün bunlara görə də mən bu gün belə bir müşavirənin keçirilməsini zəruri hesab etmişəm və sizi bu müşavirəyə dəvət etmişəm. Nəzərdə tutulur ki, dövlət aqrar islahat komissiyasının sədri Abbas Abbasov bu barədə məlumat versin, sonra kənd təsərrüfatı naziri İrşad Əliyev islahatların gedişi haqqında, eyni zamanda kənd təsərrüfatı işlərinin cari vəziyyəti və qarşıda duran vəzifələr haqqında məlumat versin. Hansı tədbirləri həyata keçirmək, hansı işləri görmək lazımdır ki, həm islahatların gedişi sürətlənsin, həm də kənd təsərrüfatı sahəsində cari işlər axsamasın və islahatların aparılması cari işlərin həyata keçirilməsinə mane olmasın, əksinə, onların daha da müvəffəqiyyətlə yerinə yetirilməsini təmin etsin - İrşad Əliyevdən təxminən belə bir çıxış gözlənilir. Bundan sonra isə dəvət olunan şəxslər müzakirədə iştirak edə bilərlər.

Yekun nitqi

Hörmətli müşavirə iştirakçıları!

Bugünkü müşavirəni sona çatdıraraq hesab edirəm ki, bu müşavirənin keçirilməsi çox zəruri imiş. Ümidvaram ki, bu gün burada aparılmış müzakirə davam edəcəkdir və bunlar hamısı 1997-ci ildə respublikanın iqtisadiyyatında ciddi müsbət dəyişikliklər əldə olunmasına, iqtisadi islahatların həyata keçirilməsinə kömək edəcəkdir.

Dinlədiyimiz məlumatlar onu göstərir ki, respublikamızda iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilir və onlar öz müsbət nəticəsini verir. Bu gün əsasən aqrar islahatların gedişi müzakirə olunur. Bununla əlaqədar qətiyyətlə demək olar ki, bu sahədə böyük iş görülübdür. \"Aqrar islahatların əsasları haqqında\" və \"Sovxoz və kolxozların islahatı haqqında\" 1995-ci ilin fevralında qəbul olunmuş qanunlar, 1996-cı ilin iyulunda qəbul olunmuş \"Torpaq islahatı haqqında\" qanun və prezidentin bu islahatlarla əlaqədar fərmanları, sərəncamları və başqa normativ sənədlər həyata keçirilir və onlar əməli nəticələr verir. Bugünkü çıxışlarda aqrar bölmədəki islahatlar haqqında ətraflı məlumatlar verildi, alınan nəticələrdən söhbət açıldı.

Bu məlumatları mən məmnuniyyət hissi ilə qəbul edirəm. Çünki iqtisadi islahatların keçirilməsi mürəkkəb bir prosesdir. O adi bir iş deyil, çox mürəkkəb prosesdir. Şəxsən mən məmnunam ki, respublikamızda bu prosesləri normal inkişaf etdirmək üçün cürbəcür maneələrin və obyektiv amillər nəticəsində yaranmış vəziyyətin mənfi təsirinə baxmayaraq, biz iqtisadi islahatları ardıcıl surətdə həyata keçiririk və artıq onların müsbət nəticələrinin şahidiyik.

Bugünkü məlumatlar bir də ona görə sevindiricidir ki, keçən illərdə bəziləri hesab edirdilər ki, Ermənistanla hərbi münaqişə mövcud olduğu, ölkəmizin ərazisinin bir qismi işğal altında qaldığı, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan didərgin düşüb köçkün vəziyyətində, ağır şəraitdə yaşadığı bir halda respublikamızda islahatlar keçirilməsi mümkün deyil, yaxud, ümumiyyətlə, lazım deyil. Digərləri isə çox böyük \"qəhrəmanlıqlar\" göstərmək istəyirlər. Onlar deyirdilər ki, nəyin bahasına, necə olur-olsun, islahatları tezliklə keçirmək, indiyədək dağılmayanları da dağıtmaq lazımdır, hər şey dağılmalıdır. Onlar belə hesab edirdilər ki, həmin dağılanların yerində guya, yeni bir möcüzə əmələ gələcəkdir. Belə bəyanatlar, çıxışlar xatirinizdədir. Bizim bu müşavirələrdə də həm islahatların əleyhinə olan fikirlər, həm də islahatları plansız, qaydasız, özbaşınalıq yolu ilə həyata keçirmək barədə təkliflər və çıxışlar olmuşdur.

Bunlar hamısı artıq geridə qalmışdır. Biz isə nə o cür, nə də başqa cür mənfi fikirlərin təsiri altına düşmədik. İşimizi planlı, təmkinli, düşüncəli aparmaqla məşğul olduq. Qanunlar da qəbul etdik, fərmanlar da, sərəncamlar da verildi, başqa hüquqi sənədlər də yarandı. İndi onlar əməli surətdə həyata keçirilir. Bunlar onu göstərir ki, bizim strateji yolumuz düzdür, doğrudur. Yəni, respublikanın iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə inkişaf etməlidir, xüsusi mülkiyyət yaranmalıdır. Bunun üçün iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilməlidir, sahibkarlıq, təşəbbüskarlıq yaranmalıdır və inkişaf etməlidir.

Bu gün tam qətiyyətlə demək olar ki, biz bundan sonra da bu yolla gedəcəyik və görürəm, heç kimdə şübhə yoxdur ki, həm iqtisadiyyatın inkişafında, həm də respublika əhalisinin sosial-iqtisadi vəziyyətinin, rifah halının yaxşılaşmasında biz bunları tezliklə müşahidə edəcəyik, görəcəyik, bunların şahidi olacağıq.

Bugünkü məlumatlar eyni zamanda onu göstərir ki, nə o tərəfə, nə də bu tərəfə əyilmək olar. Keçmiş zamanlarda da qanundan, yaxud məntiqdən kənar fikirlər, - ona ifratçılıq deyirlər, - zərər veribdir. Bunlara indi də yol vermək olmaz. Hər işi təmkinlə, ağılla görmək lazımdır. Respublikanın mövcud sərvətlərini qoruyub saxlamaq, dağıntının qarşısını almaq, dağıntıya yol verməmək, ölkənin mülkiyyətini qoruyub saxlamaq yolu ilə islahatları həyata keçirib, dövlət mülkiyyətini xalqın, vətəndaşların mülkiyyətinə çevirmək lazımdır. Bu prosesdə dağıntının, özbaşınalığın qarşısı alınmalıdır. İndiyədək çox dağılıbdır. Xüsusən 1990-cı ildən bəri respublikamızda hərə bir tərəfdən dağıdıbdır. Bu dağıntıların, qanunsuzluqların, özbaşınalığın, hərc-mərcliyin nəticəsində bəziləri həddindən artıq zənginləşib, bəziləri isə həddindən artıq kasıblaşıb, müflisləşib və respublikanın iqtisadiyyatına böyük zərbələr vurulubdur.

Aydındır ki, respublikamızda gedən bu proseslər ölkəmizin iqtisadi vəziyyətinə mənfi təsir göstərməli idi və göstərdi. Bunu, yəni bu mənfi təsiri təbii qəbul etmək lazım idi. Çünki əgər respublikamız bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalıbsa, döyüşlər gedibsə, torpaqlarımız işğal olunubsa, digər tərəfdən respublikanın daxilində özbaşınalıq, hərc-mərclik, qanunsuzluq hökm sürübsə, şübhəsiz, bunlar ölkənin iqtisadiyyatına mənfi təsir göstərməli idi. Amma bununla yanaşı, ümumiyyətlə, keçmiş Sovetlər İttifaqı məkanında, o cümlədən, Azərbaycanda gedən proseslər, yəni iqtisadi-siyasi sistemin dəyişilməsi, yeni iqtisadi formaların tətbiq edilməsi iqtisadiyyatın vəziyyətinə təbii olaraq təsir göstərməli idi. Keçmiş Sovetlər İttifaqından ayrılmış, indi müstəqil dövlət olan bütün müstəqil dövlətlərin həyatında da bu, özünü göstərməkdədir.

Ancaq Azərbaycana rəhbərlik etmək etimadı almış adamlar, vəzifəli şəxslər vicdanlı, namuslu, xalqın mənafeyini öz şəxsi mənafelərindən üstün tutmuş olsaydılar, bu mənfi təsir çox az olardı və biz iqtisadiyyatımızda bu qədər itkilərə yol verməzdik. Bu gün buradakı çıxışlarda, o cümlədən dövlət müşaviri Vahid Axundovun məlumatında rəqəmlər gətirildi. Görürsünüz, 1996-cı ildə və 1997-ci ilin birinci rübündə iqtisadiyyatımızda az da, kiçik də olsa müsbət dəyişikliklər vardır. Birincisi, iqtisadiyyatda bir neçə il - 7-8 il ardıcıl mövcud olan tənəzzülün qarşısı alınıbdır, bunun özü böyük bir haldır, hadisədir, böyük bir nailiyyətdir. Amma təkcə tənəzzülün qarşısının alınması deyil, dirçəliş, inkişaf, artım da vardır.

Əgər 1990-cı ildən başlayaraq Azərbaycanda sənaye istehsalı ilbəil aşağı düşübsə - burada rəqəmlər gətirildi ki, 1995-ci ildə bu, 21, yaxud 22 faiz, 1996-cı ildə 6 faiz aşağı düşüb, 1997-ci ilin birinci rübündə 0,4 faiz artım varsa, bu artım müsbət meylin sabit və ardıcıl olduğunu göstərir. Ümidvaram ki, ikinci, üçüncü rüblərdə və 1997-ci ilin yekununda biz bu göstəricini daha da artıra bilərik. Ümumi daxili məhsulun istehsalı keçən il 1,2 faiz, yaxud, gərək ki, 1,4 faiz artmışdır, artıq bu ilin birinci rübündə isə 3 faiz artmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalı bütün illər, ilbəil azalıbdır. 1996-cı ildə isə 3 faiz, bu ilin birinci rübündə 3 faizdən bir az çox artım olmuşdur. Demək, bu ilin birinci rübündə 1996-cı ilin birinci rübünün səviyyəsindən 3 faiz çox artım əldə edilmişdir. Başqa iqtisadi göstəricilər də sizə məlumdur. Sevindirici hal budur ki, kapital qoyuluşunda, yüklərin daşınmasında artım vardır. Burada deyildi, sərmayələrin qoyuluşunda böyük artım vardır. Nəhayət, vergilərin planının yerinə yetirilməsi müsbət haldır.

Vahid Axundov burada xatırlatdı ki, 1995-ci ilin sonunda və 1996-cı ilin əvvəlində biz 1996-cı ilin büdcəsini təsdiq edərkən, - o vaxt biz Milli Məclisdə büdcəni 1996-cı ilin fevralında təsdiq etdik, - Milli Məclisdəki yüksək vəzifəli bəzi şəxslər hesab edirdilər və təklif edirdilər ki, bu büdcə heç büdcə deyildir, onu təsdiq etmək lazım deyildir, işləyib görək ki, bir neçə aydan sonra nə olur, çünki büdcə təsdiq olunacaq, amma yerinə yetirilməyəcəkdir. Bilmirəm, o şəxslər kimə, hansı qüvvələrə xidmət edirdilər - xalqa, bizim ümumi işimizə, yaxud öz şəxsi iddialarına, başqa kənar qüvvələrə xidmət edirlər?

O vaxt belə təkliflər gələndə mən çox qəti surətdə dedim ki, büdcə layihəsi hazırlanıb, təqdim olunub və Milli Məclisin borcudur ona baxsın, öz fikrini desin. Milli Məclis baxdı və büdcə təsdiq olundu. 1996-cı ilin yekunlarına görə, büdcə 101 faiz yerinə yetirilibdir. Bu qədər də qərəzçilik olmazdı ki! 1996-cı ilin yekunlarına görə, o cümlədən, vergilərin yığılması planı yerinə yetirilibdir. Amma 1997-ci ilin birinci rübündə 1996-cı ilin birinci rübünə nisbətən plan xeyli artırılıbdır. Artırılmış plan 103 faiz yerinə yetirilmişdir. Fakt da ondan ibarətdir ki, bu ilin birinci rübündə respublikanın büdcəsinə daxil olan, vergidən gələn gəlir 1996-cı ilin birinci rübünə nisbətən 60 faiz artmışdır.

Biz həmişə özümüzü başqa ölkələrlə müqayisə edirik. Müstəqil Dövlətlər Birliyinə daxil olan başqa ölkələrin birinci rübdəki göstəriciləri barədə məlumatlar bizdə yoxdur. Ancaq keçən ilin və bu ilin birinci rübünün yekunları ilə əlaqədar Rusiyanın rəqəmləri bizə məlumdur. Çünki hər gün axşam kim Moskva televiziyasına baxırsa, bunları müşahidə edir. Orada vergi planı birinci rübdə 60 faiz yerinə yetirilibdir. 1996-cı ildə isə plan tamamilə yerinə yetirilməmişdir, xatirimdədir ki, 54 faiz yerinə yetirilmişdir.

Bilirsiniz, təsəvvür etmək mümkün deyildi. 1994-cü ildə inflyasiyanın səviyyəsi 1600 faiz idi və burada hərə cürbəcür hoqqabazlıqla məşğul olurdu - biri orada bank açmışdı, digəri \"Vahidbank\" düzəltmişdi. Hətta bəzi vəzifəli adamlar aparıb oraya pul qoymuşdular ki, böyük faizlər alacaqlar. Yaxşı ki, elə onların da pulu batdı. Əlbəttə ki, mən camaatın pulunun batmasına çox heyfsilənirəm, ürəyim ağrıyır. Çünki orada bir çox sadə adamın pulu batıbdır. Axı burada onların günahı nədir, onları aldadıblar. Amma vəzifəli adamlar ki, gedib o cür yaramaz təşkilatlara, cürbəcür uydurma banklara - \"Vahidbank\"a, \"Xəyalbank\"a və başqasına dollar qoymuşdular ki, ondan faiz götürəcəklər, - onların pulu batdı və çox yaxşı oldu ki, batdı. Mən bilirəm ki, bəzilərinin pulu batıbdır.

Belə bir vəziyyəti indi unutmaq lazım deyildir. Bu, iki il bundan qabaq olan məsələlərdir. Bunlar 1994-cü ildə baş vermişdir.

1995-ci ildə də vəziyyətimiz yaxşılaşırdı, amma belə deyildi. Ancaq 1996-cı ilə baxın. Nəhayət, 1997-ci ilin birinci rübünə baxın.

Bu rəqəmlərdən söhbət açıldı. Mən sizin diqqətinizi sadəcə olaraq bu rəqəmlərə cəlb edirəm, ona görə ki, bir həqiqəti bir daha bildirim. Əgər qanun-qayda, nizam-intizam yaranırsa, ən çətin hallarda da nailiyyət əldə etmək mümkündür. Mən çox məmnunam ki, bizim apardığımız işlər müsbət nəticələr verir. Bu rəqəmlər çox asanlıqla əldə olunan rəqəmlər deyildir. Biz bu işlərlə gecə-gündüz məşğuluq. Apardığımız işlər öz nəticəsini verir və bunlar hamısı da birinci növbədə respublikanın əhalisinin, Azərbaycan vətəndaşlarının, müstəqil dövlətimizin insanlarının rifah halının yaxşılaşması naminə edilir və bundan sonra da ediləcəkdir.

Beləliklə, mən hesab edirəm ki, respublikamızda iqtisadi islahatların hamısı həyata keçirilir və 1997-ci il Azərbaycanda iqtisadi islahatların daha da sürətlə, dərin, geniş həyata keçirilməsi ili olacaqdır. Əminəm ki, 1997-ci il Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına yeni müsbət nəticələr gətirəcəkdir.

Buradakı çıxışların hamısında bildirildi ki, bu nəticələr birinci növbədə, iqtisadiyyat sahəsində bizim apardığımız düzgün siyasətin nəticəsidir. Mən bunu bu gün bir daha təkrar edirəm, kəskin olaraq bir daha deyirəm ki, bu, düzgün siyasətin nəticəsidir. Mən bir il də, iki il də bundan əvvəl belə düşünürdüm. Amma o vaxt hələ nəticələr yox idi. Ancaq mən inanırdım ki, bu nəticələr olacaqdır. İndi isə nəticələr göz qabağındadır. Kənardan kim nə deyir-desin, burada bu barədə söhbət açıldı, kənardan deyilən bu sözlərə siz fikir verməyin. Belə danışan adamların özləri bilmirdilər ki, iqtisadiyyat, islahat nədir və onu necə aparmaq olar.

Əldə olunan uğurlar iqtisadiyyat sahəsində bizim apardığımız işlərin və siyasətimizin nəticəsidir. Eyni zamanda respublikamızda son illər görülən çox gərgin işlərin və böyük tədbirlərin əsasında yaradılan daxili ictimai-siyasi sabitliyin nəticəsidir. Bu ictimai-siyasi sabitliyin nəyin bahasına, hansı çətinliklər hesabına əldə edildiyini siz hamınız bilirsiniz. Bunların hamısı sizin gözünüz qabağında olubdur, bunu respublikanın bütün ictimaiyyəti, hər bir vətəndaş bilir.

İndi artıq aydın görünür ki, hər bir vətəndaşın həyatı naminə respublikadakı bu cinayətkarların qarşısının alınması, ayrı-ayrı silahlı dəstələrin zərərsizləşdirilməsi, ayrı-ayrı qrupların aradan götürülməsi nə qədər lazım imiş, vacib imiş. İndi insanlar rahat işləyirlər, yaşayırlar, istirahət edirlər. Görülən işlər də həyatımızda, o cümlədən iqtisadiyyatımızda, sosial sahədə öz nəticələrini verir.

Eyni zamanda, görülən bu işlər, yəni əldə olunan nəticələr Ermənistan-Azərbaycan münaqişəsində yaranmış atəşkəs rejimi ilə də bağlı olubdur. İndi artıq iki il on bir aydır ki, atəş yoxdur. Bir aydan sonra üç il tamam olacaqdır ki, atəş yoxdur. Bu, böyük nailiyyətdir. Hətta insanların çoxu artıq unudur ki, vuruşlar, döyüşlər var idi, şəhidlər verirmişik, bunu unudurlar.

Mən hesab edirəm ki, biz bu barədə də düzgün yoldayıq, düzgün siyasət aparırıq. Ümidvaram ki, bizim bu siyasətimiz də öz son nəticəsini verəcəkdir. Hər halda, - bu gün çıxışlarda da bildirildi, - ATƏT-in keçən ilin dekabrında Lissabonda keçirilən Zirvə görüşündə qəbul edilən sənəd Ermənistan-Azərbaycan münaqişəsi tarixində ən böyük müsbət nəticədir, nailiyyətdir, ən dəyərli bir sənəddir. İndi artıq bütün dövlətlər, o cümlədən ATƏT-in Minsk qrupunun üzvləri, ATƏT-in Minsk konfransının həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa danışıqları və məsələnin sülh yolu ilə həll olunmasını məhz Lissabon Zirvə görüşündə qəbul olunmuş bu prinsiplər əsasında aparırlar. Bu, böyük nailiyyətdir, böyük hadisədir.

Bilirsiniz, bizim apardığımız bu siyasətə zidd olan qüvvələr indi nə qədər təlaş, narahatlıq içindədirlər ki, ATƏT-in Zirvə görüşündə belə bir qərar qəbul edilibdir. Biz bu danışıqları aparırıq. Sizə məlumdur ki, bu ilin əvvəlində mən Fransada olarkən - yanvar ayında rəsmi səfərdə olarkən, martda isə bir günlük işgüzar səfərim zamanı - Fransanın prezidenti cənab Jak Şirakla və başqa vəzifəli şəxslərlə çox ətraflı danışıqlar aparmışam. Martın 28-29-da həm Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının görüşündə, həm də Rusiyanın prezidenti cənab Boris Yeltsinlə danışıqlarımda bu barədə ətraflı söhbətlər aparmışıq. Mənim şəxsi nümayəndəm Vəfa Quluzadə Amerika Birləşmiş Ştatlarına getmişdi, orada görüşlər keçirib və mən bu ölkənin yüksək vəzifəli şəxsləri ilə telefon əlaqələri saxlamışam. Beləliklə, biz indi Minsk qrupunun işinin yeni mərhələsinə başlamışıq. Güman edirəm ki, biz artıq müsbət nəticələr əldə edə biləcəyik.

Mən fürsətdən istifadə edib bir daha bəyan edirəm ki, Azərbaycan Respublikası, dövləti Ermənistan - Azərbaycan münaqişəsində yaranmış atəşkəs rejiminə sadiq qalacaqdır. Bizim tərəfimizdən onun pozulmasına yol verilməyəcəkdir. Böyük Sülh Müqaviləsi əldə olunana qədər biz atəşkəs rejimini qoruyub saxlayacağıq.

Martın əvvəlindən indiyədək Rusiyada aşkar olunmuş hadisə - Rusiyanın bəzi dairələri tərəfindən Ermənistana gizli, qeyri-qanuni külli miqdarda çox ağır silahların verilməsi bizim bölgədə vəziyyəti gərginləşdirmişdir. Buna baxmayaraq, biz öz prinsiplərimizə sadiqik, atəşkəs rejimini qoruyub saxlayırıq və qoruyub saxlayacağıq.

Bilirsiniz ki, mən Ermənistana külli miqdarda silah verilməsi haqqında Rusiyanın prezidenti cənab Boris Yeltsinə müraciətlər etmişəm, rəsmi məktublar göndərmişəm. Onunla şəxsi görüşüm zamanı da bu məsələni ciddi müzakirə etmişəm və məsələni kəskin qoymuşam ki, həmin silahlar Ermənistandan Rusiyaya qaytarılmalıdır. Azərbaycan parlamenti - Milli Məclis bu məsələni iki dəfə müzakirə edibdir və həm Rusiyanın Dövlət Dumasına, parlamentinə, həm də prezidentinə müraciətlər göndəribdir. Milli Məclisin Arif Rəhimzadə başda olmaqla nümayəndə heyəti son vaxtlar Moskvada, Dumada görüşlər keçirib, danışıqlar aparıbdır. Nəhayət, Rusiyanın Dövlət Duması bu məsələ ilə əlaqədar bir neçə gün bundan əvvəl qərar qəbul edibdir. Həmin qərarda açıq-aydın göstərilir ki, silahların qeyri-qanuni verilməsi barəsində istintaq aparılmalıdır. Dumanın Müdafiə Komitəsi sədrinin məruzəsi Rusiya prezidentinə və istintaq aparmaq üçün baş prokurora göndərilibdir. Biz bu məsələlərə daim nəzarət edirik və onunla daim məşğuluq, çalışırıq və bundan sonra da çalışadağıq ki, Rusiyadan Ermənistana qeyri-qanuni verilmiş silahlar geriyə qaytarılsın.

Təkrar edirəm, bu faktlar bizi çox narahat edir, gərginlik yaradır. Ancaq bunlara baxmayaraq, biz öz prinsiplərimizin üstündə dururuq. Yəni, atəşkəs rejimi qorunub saxlanmalıdır və biz öz tərəfimizdən bunu qoruyub saxlayacağıq. Moskvada olarkən mən bu barədə Ermənistanın prezidenti Ter-Petrosyan ilə görüşümdə də ona bildirdim, o da belə bəyanat verdi. Martın 29-da onun da, mənim də mətbuat qarşısında bəyanatım olubdur. Ümid edək ki, Ermənistan tərəfi də verdiyi bəyanatlara sadiq qalacaqdır.

Beləliklə, atəşkəsin üç ilə yaxın davam etməsi bizim iqtisadi məsələlərlə məşğul olmağımız üçün şərait yaradıbdır. Bunlar hamısı birlikdə respublikamızda ümumi vəziyyəti dəyişibdir.

Şübhəsiz ki, görülən işlər qarşımızda duran vəzifələrin həyata keçirilməsində ilk addımlar, ilk nəticələrdir. Biz hələ çox iş görməliyik. Çox iş görməliyik ki, bütün iqtisadi islahatları axıra çatdıraq, iqtisadiyyatımızda ciddi dəyişikliklər əmələ gətirək, bazar iqtisadiyyatı Azərbaycan iqtisadiyyatının bütün sahələrində bərqərar olsun. Çox iş görməliyik ki, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini tam axıra çatdıraq. Çox iş görməliyik ki, 1995-ci ilin noyabrında qəbul etdiyimiz Konstitusiyanın tələbləri Azərbaycanın həyatının, cəmiyyətinin bütün sahələrində tətbiq olunsun və həyata keçirilsin. Çox iş görməliyik.

Ona görə də bu gün burada verilən məlumatlar, söhbət açılan müsbət nəticələr heç kəsdə belə fikir yaratmasın ki, biz artıq hesab edirik ki, çox böyük nailiyyətlər sahibiyik və bununla da rahatlana bilərik. Yox, rahat ola bilmərik və bu rahatlığa əsas yoxdur. Hələ çoxlu problemlər vardır, çoxlu məsələlər həll edilməlidir. Ona görə də çox iş görülməlidir.

Aqrar bölmədə islahatların keçirilməsinin bugünkü müzakirəsi - burada verilən məlumatların hamısı bu fikri cəmləşdirdi, - bir tərəfdən, aqrar bölmədə bu islahatların artıq əldə olunmuş çox gözəl nəticələrini nümayiş etdirdi, eyni zamanda bir çox problemləri açıqca göstərdi. Biz həmin problemlərin həll edilməsi ilə məşğul olmalıyıq.

Aqrar islahatların həyata keçirilməsi ilə əlaqədar əldə edilən nailiyyətlərə görə bizim sevinməyə haqqımız vardır. Mən bu işdə nailiyyət, müsbət nəticə əldə edən vətəndaşlarımızın, təşkilatlarımızın, orqanlarımızın hamısına təşəkkür edirəm. Ancaq eyni zamanda hələ bu islahatların tam həyata keçirilməsi üçün nə qədər iş görəcəyimiz də tamamilə aşkar edildi. Ona görə də gərək biz bütün fikrimizi, diqqətimizi bu nöqsanların, qüsurların aradan qaldırılmasına, islahatların daha da sürətlə həyata keçirilməsinə yönəldək. Vəzifə bundan ibarətdir.

Hesab edirəm ki, hər kəs öz sahəsində mövcud olan nöqsanların aradan qaldırılmasına çalışmalıdır və aqrar islahatların ardıcıl surətdə həyata keçirilməsini təmin etməlidir. Hər kəs öz sahəsində ciddi çalışmalıdır. Heç kəs hesab etməməlidir ki, bunu ondan yuxarıda kimsə və yaxud onun yanındakı etməlidir. Hər bir kəsin bu sahədə imkanı vardır və bu imkanlar hərəkətə gətirilməlidir, bu işlər görülməlidir.

Ancaq eyni zamanda aqrar islahatlar komissiyasının üzərinə çox böyük vəzifələr düşür. Vaxtilə biz belə bir komissiyanı yaratmışıq. Bu komissiyada çox yüksək vəzifəli şəxslər toplaşıbdır - komissiyaya baş nazirin birinci müavini Abbas Abbasov, kənd təsərrüfatı naziri İrşad Əliyev və başqa şəxslər, alimlər, mütəxəssislər toplaşıblar. Komissiya yaxşı işləməlidir.

Mən əldə edilən bax, bu nəticələrə müsbət qiymət verərək, komissiyanın işini müsbət qiymətləndirə bilmərəm. Çünki komissiya təkcə bəzi məsələlərin həll olunması ilə məşğul olmamalı, bax, bu günlər meydana çıxan məsələlərin həll edilməsi yollarını aramalıdır.

Bizim qanunlarımız müəyyən edibdir ki, torpaq şəxsi mülkiyyətə verilməlidir. Burada çıxış edənlər də dedilər ki, torpağın hansı hissəsi şəxsi mülkiyyətə verilir, hansı hissəsi bələdiyyə mülkiyyətinə veriləcəkdir, hansı hissəsi dövlətdə qalır. Bu, aydındır. Baxmayaraq ki, bu prosesin özü də çox ağır, çox çətin bir prosesdir. Heç kəs hesab etməsin ki, məsələlər həll edilibdir. Yox, biz bu məsələnin həllinin hələ başlanğıcındayıq. Ancaq iş təkcə bu torpağın şəxsi mülkiyyətə verilməsində deyil. Şəxsi mülkiyyətə keçən torpaqdan sahibkarın istifadə edə bilməsi, yəni daha da səmərəli istifadə edə bilməsi üçün bir çox məsələlər həll olunmalıdır. Bunların çoxu həll olunmayıbdır.

Təsadüfi deyildir ki, pambıqçılıq rayonlarının başçılarına - Saatlı və Bərdə rayonlarının icra hakimiyyəti başçıları çıxış edərkən - mən bu sualları verdim. Onlar bu suallara cavab verə bilmirlər. Çünki məsələ ilə dərindən məşğul olmayıblar. Amma bizim dövlət aqrar islahat komissiyası bununla məşğul olmalıdır, bir çox variantlar təklif etməlidir, hansı variantın, hansı yolun üstün olduğu barədə təklif verməlidir.

Bilirsiniz, torpaq Azərbaycan respublikasının sərvətlərindən ən qiymətlisidir. Qiymətinə görə torpağa bərabər sərvət yoxdur. Çünki bu, daimi sərvətdir. Bizim yerli sərvətlərimiz vardır. Onların müəyyən miqdarı var və müəyyən dövr istifadə edildikdən sonra onlar tükənir. Cürbəcür müəssisələr var - yararlıdır, işləyir, öz ömrünü sürüb qurtarır. Amma torpaq, təbiət daimidir. Ona görə də torpaq islahatı deyəndə bu məsələ barəsində nə qədər yüksək hissiyyatlarla düşünmək lazımdır.

20-30-cu illərdə kollektivləşdirmə aparılan zaman torpağın başına bir iş gətirdilər. Həmin o illərdə, kollektivləşdirmə aparılan zaman nə qədər insanlar qurban gedibdir. Eyni zamanda torpaq əsrlər boyu olduğu vəziyyətdən başqa bir vəziyyətə, özü də qısa bir müddətdə keçdiyinə görə nə qədər itkilər olubdur. Bəs, 30-cu illərin əvvəllərində olan aclıq - Rusiyada, təkcə Rusiyada yox, Sovetlər İttifaqının hər yerində, o cümlədən, Azərbaycanda da bu aclıq var idi - nə ilə bağlı idi? Axı, bunlar tarixdən məlumdur. Yaşlı adamlar o aclığı xatırlamalıdırlar. Mənim özüm, məsələn, 1930-1931-ci illərdə Azərbaycanda olan aclığı xatırlayıram. Bu nə ilə bağlı idi? Çünki kollektivləşdirmə lazım idi, başqa işə fikir vermirdilər. Ancaq 30-cu illərin sonunda o kolxozları, sovxozları qaydaya salandan sonra, İkinci dünya müharibəsi ərəfəsində Sovetlər İttifaqında kənd təsərrüfatı sahəsində müəyyən nəticələr əldə etmək mümkün oldu.

Doğrudur, həqiqəti demək lazımdır ki, sonrakı dövrdə, xüsusən müharibədən sonrakı illərdə Sovet İttifaqında torpağa çox böyük sərvətlər sərf olundu, meliorasiya işləri aparıldı, böyük xərclər çəkildi və torpaqdan çox da məhsullar götürüldü. O cümlədən, Azərbaycanda da biz məhsullar götürdük. 1970-ci illərdə, 1980-ci illərin birinci yarısında biz Azərbaycan torpaqlarından nə qədər çox məhsullar - taxıl, üzüm, pambıq, tərəvəz və başqa məhsullar götürdük. Xatırlayın, orta hesabla ildə 800 min ton pambıq istehsal olunurdu, indi 300 min tona çata bilmirik. Üzüm istehsalı 2 milyon tona çatmışdı, indi heç 300 min ton da istehsal edə bilmirik.

Vaxtilə ildə 1 milyon 500 min ton taxıl istehsal edirdik. Keçən il isə 1 milyon tondan bir az çox istehsal edildi. O illərdə Azərbaycanda torpaqdan da səmərəli istifadə olunurdu. Ancaq sonrakı illərdə səmərəlilik aşağı düşməyə başladı və bu vəziyyətə gəldik.

İndi torpaqla əlaqədar başqa proses gedir. Vaxtilə torpağı, bütün kənd təsərrüfatını, mal-qaranı kollektivləşdirirdilər. O vaxt nə qədər mal-qara qırıldı. İnsanlar öz inəyini, davarını kolxoza vermək istəmirdi, ya kəsirdi, ya nə gəldi edirdi, ona görə nə qədər adam cəza çəkdi. Həm bitkiçilik, həm də heyvandarlıq sahəsinə nə qədər zərbələr dəydi. İndi şükür olsun ki, görürsünüz, biz heyvandarlıq sahəsində son bir il müddətində yaxşı nəticələr əldə etmişik. Güman edirəm, bu müsbət nəticələr daha da artacaqdır. Biz burada dağıntının qarşısını aldıq, amma nə qədər dağıldı? İndi biz ancaq 1982-ci ilin səviyyəsinə gəlib çatmışıq. Görün nə qədər dağılıb.

Burada çıxış edən hər bir adam böyük iftixar hissi ilə deyirdi ki, heyvandarlıq özəlləşdirildikdən sonra nə qədər artım vardır. Amma buna baxmayaraq, biz hələ 1982-ci ilin səviyyəsinə çatmışıq. Ancaq 1982-ci ildə bazarda ət yox idi. Ət, süd məhsullarının 50 faizini biz Rusiyadan, Ukraynadan gətirirdik. 1980, 1981, 1982-ci illərdə ət talonla verilirdi. İndi burada çıxış edənlər dedilər, hətta Lənkəran rayonu da əgər özünü ət-süd məhsulları ilə təmin edirsə, çünki məlumdur, orada tarixən mal-qara, ümumiyyətlə, çox az olubdur, bu özü böyük nailiyyətdir. Ona görə də bu məsələ məni artıq narahat etmir.

Mən çox məmnunam ki, bu bir il müddətində siz artıq bu məsələnin əhəmiyyətini başa düşmüsünüz. Bizdə kolxozlarda və sovxozlarda olan mal-qara artıq özəlləşdirilibdir. Özəlləşdirilməyəni isə qısa müddətdə - bir-iki aya özəlləşdirilməlidir. Ümidvaram ki, 1997-ci ilin sonunda biz çox gözəl nəticələr əldə edəcəyik, ət, süd məhsullarının qiyməti get-gedə aşağı düşəcək və əhalimiz bunlardan istifadə edəcəkdir.

Yenə də deyirəm, ancaq torpaq çox mürəkkəb bir amildir. Ona görə də torpağın bölünməsi, onun xüsusi mülkiyyətə verilməsi və torpaqdan səmərəli istifadə edilməsi məsələsi kompleks surətdə həll olunmalıdır. \"Torpaq islahatı haqqında\" qanunun həyata keçirilməsi ilə əlaqədar görülən işləri mən qiymətləndirirəm. Amma hesab edirəm ki, hələ yerli hakimiyyət, kənd təsərrüfatı orqanları da, Kənd Təsərrüfatı Nazirliyi də və bizim Dövlət Aqrar İslahat Komissiyası da bu sahədə istənilən səviyyədə iş görmürlər.

Pambıqçılıq rayonlarında o böyük torpaqların şəxsi mülkiyyətə verilməsi və ondan səmərəli istifadə olunması məsələsinə yenə də qayıdıram. Məsələn, Qəbələ rayon icra hakimiyyətinin başçısı burada çıxış etdi. Onun verdiyi məlumat məni narahat etmir, çünki orada torpaq sahələri o qədər də böyük deyildir. O dedi ki, taxıl əkini sahəsi 20 min hektara çatdırılacaqdır, bu sahələr normal bölünəcəkdir. Burada o qədər böyük narahatlıq yoxdur. Baxmayaraq ki, orada da ədalətsizlik də ola bilər, torpaq dağıla da bilər, hərc-mərclik də ola bilər.

Böyük torpaq sahələrinin bölünməsi, şəxsi mülkiyyətə verilməsi və xüsusən ondan istifadə olunması çox mühüm məsələdir. Çünki böyük torpaq sahələrinin təkcə şəxsi mülkiyyətə verilməsi ilə iş bitmir, eyni zamanda su mənbələrindən, irriqasiya, su sistemindən, texnikadan istifadə edilməsi, kənd təsərrüfatı servisi məsələsi - bunlar hamısı kompleks surətdə həll olunmalıdır. Yenə də deyirəm, iş təkcə torpağı bölüb hərənin payını özünə verməkdə deyildir. Bizim vəzifəmiz onu, birincisi, ədalətli bölməkdən ibarətdir. Yəni heç kəs vəzifəsindən sui-istifadə etməsin, ədalətsizlik olunmasın, çünki biz qərar qəbul etmişik, \"Torpaq islahatı haqqında\" qanunda da var - kənddə yaşayan hər bir vətəndaş torpağın sahibkarıdır. Demək, ona məxsus olan torpaq ona çatmalıdır. Burada ədalət prinsipi gözlənilməlidir və yerli hakimiyyət orqanları buna başları ilə cavabdehdir.

Ancaq bununla yanaşı, torpaqdan səmərəli istifadə olunması üçün şərait yaradılmalıdır. Torpağı xüsusi mülkiyyətə verməkdə bizim əsas məqsədimiz torpaqdan istifadənin səmərəliliyini, torpağın məhsuldarlığını artırmaqdır.

Torpaq şəxsi mülkiyyətdə olanda həmin torpağın sahibi onu göz bəbəyi kimi qoruyacaqdır. Ancaq məsələ təkcə onun qorunmasında deyildir. Gərək torpağın sahibinə bütün şərait yaradılsın ki, o, bu torpaqdan səmərəli istifadə edə bilsin. Torpağı alıb onun üstündə oturdu - nə olsun? Torpağı alandan sonra onun min dənə problemi çıxdı, onu da həll edə bilmədi - vətəndaş bundan da razı olmayacaqdır. Əksinə, hətta bəlkə bəziləri söyəcək ki, niyə məni bu işə saldılar. Ona görə də burada çox problemlər vardır. Amma gərək bu problemlərə bizim komissiyada baxılsın. Kənd təsərrüfatı orqanları, yerli icra hakimiyyəti gərək bu işə xüsusi fikir versinlər. Bu işi bütün rayonların hamısında eyni cür həll etmək olmaz. Hər rayonun özünə görə xüsusiyyəti vardır. Buna görə də həmin məsələlər hər rayonun xüsusiyyətinə uyğun həll edilməlidir.

Həm iqlim şəraiti, həm su, həm də texnikadan, gübrədən istifadə etmək imkanları, başqa məsələlər də var. Birincisi, rayonlarda bu işlə məşğul olmalıdırlar. İkincisi, bizim islahat komissiyasında bu məsələlər müzakirə edilməlidir, yollar axtarılmalıdır. Rayonların təşəbbüsü nəticəsində Mərkəzi İslahat Komissiyasında gərək bir neçə tipik variant olsun. Məsələn, Qəbələ, Oğuz rayonları üçün bir variant, Sabirabad, Saatlı rayonları üçün bir variant, Yevlax rayonu üçün bir variant, Qazax, Tovuz rayonları üçün ayrı bir variant, Xaçmaz, Quba rayonları üçün bir variant və cürbəcür başqa variantlar ola bilər.

Bunlar hamısı hazırlanmalıdır. Yoxsa burada yenə də söz verirlər ki, bu il bu qədər pambıq, taxıl istehsal edəcəyik. Bu göstəricilər keçən ilkindən fərqli deyil. İrşad Əliyev keçən il də demişdi ki, 320 min ton pambıq istehsal olunacaq. Amma 273 min ton məhsul istehsal edildi. Bu il də onu deyir. Axırda gəlib deyəcəkdir ki, belə oldu, elə oldu, olmadı. Amma nə 320 min ton, nə də ondan aşağı bizi qane edə bilər. Biz torpaq islahatını aparırıq ki, - bu gün mənə dedilər ki, 219 min hektar sahədə pambıq əkiləcəkdir, - ondan daha da çox məhsul götürək. Biz torpaq islahatını ona görə aparırıq.

Buna nail olmaq üçün iş təkcə torpağı bölməkdən ibarət deyil. Böyük sahələrdə torpaq hələ bölünməyibdir. Torpaqdan səmərəli istifadə prosesini təşkil etmək lazımdır. Bu prosesin də bir çox komponentləri, ünsürləri, elementləri vardır. Hər bir element ayrılıqda və hamısı bir yerdə kompleks surətdə müəyyən edilməlidir.

Bu işləri yerli islahat komissiyaları və bizim Mərkəzi İslahat Komissiyası aparmalıdır. Əgər bunlar bu gün yoxdursa, hər halda yoxdur, çünki mən nə Mərkəzi İslahat Komissiyasının sədri Abbas Abbasovun, nə İrşad Əliyevin, nə də yerli icra hakimiyyəti başçılarının çıxışlarından bunu hiss etdim. Mən görülən işləri qiymətləndirərək, eyni zamanda bunlara görə hesab edirəm ki, aqrar islahat komissiyalarının işini kafi, qənaətbəxş hesab etmək olmaz. Çox ciddi işləmək lazımdır.

Güman edirəm ki, mənim dediyim bu sözlər, irəli sürdüyüm fikirlər bu məsələlərə daha da geniş yanaşmaq üçün sizə əsas verir. Mən istəmirəm indi bu məsələləri xırdalayım. Birincisi, siz bunu məndən yaxşı bilməlisiniz, çünki siz mütəxəssissiniz. İkincisi, bu, bugünkü müşavirənin yeri deyil. Amma mən indi bir neçə məqamlara toxundum.

Mən hesab edirəm ki, yerlərdə islahat komissiyaları və Mərkəzi İslahat Komissiyası işlərində olan bu nöqsanları aradan götürməlidir və işi daha da yaxşı təşkil etməlidir. Qarşıya çıxan bütün suallara, problemlərə cavab tapılmalıdır. Biz bu islahatların gedişini uzun müddətə uzada bilmərik. Bu islahatların həyata keçirilməsində 1997-ci il həlledici il olmalıdır. Bax, bizim komissiyalar bu fikirləri əsas götürərək işləməlidirlər.

Cari işlər haqqında da bir neçə kəlmə demək istəyirəm. Burada verilən məlumatlar onu göstərir ki, indi yaz tarla işləri ümumən normal gedir, amma çətinliklər də vardır. Burada İrşad Əliyev yanacaq, kreditlər, maliyyə məsələləri, gübrə və başqa məsələlər haqqında danışdı. Şübhəsiz ki, bu məsələlərin hamısını istənilən səviyyədə həll etmək mümkün deyil. Ancaq mən hesab edirəm ki, bu müşavirədən sonra Nazirlər Kabineti bu gün burada qaldırılan bütün məsələlərin hamısına baxmalıdır. Mən bunu baş nazir Artur Paşazadəyə tapşırıram. O, öz müavinləri ilə, nazirlərlə birlikdə bu məsələləri müzakirə etməlidir və biz cari işlərin gedişini sürətləndirmək üçün və hazırkı kənd təsərrüfatı işlərini müvəffəqiyyətlə aparmaq üçün hansı imkanlardan bu gün - sabah istifadə edə biləriksə etməliyik. Çünki biz gərək çalışaq ki, bu il daha çox kənd təsərrüfatı məhsulları istehsal edək. Məqsəd bundan ibarət olmalıdır. O cümlədən, taxıl, pambıq və başqa məhsulların hamısı çox istehsal edilməlidir.

Nazirlər Kabineti, baş nazir Rasizadə bu məsələlərə baxmalıdır, lazımi tədbirlər görməlidir. Bəlkə əlavə vəsaitlər də tapmaq lazımdır və bunu bir neçə günün ərzində etməlidir, mənə məlumat verməlidir.

Mənə məlumatlar gəlib çatır ki, bu kreditlərin verilməsindən bəzən sui-istifadə olunur. Vaxt olmadı, Aqrar-Sənaye Bankı idarə heyətinin sədri Musayevi qaldırıb burada dinləmək istəyirdim. Ancaq bilsin ki, mənim qulağıma bəzi məlumatlar gəlib çatır ki, bu banklarda, Maliyyə Nazirliyində kreditləri verərkən onların üstündə faiz istəyirlər, başqa belə çirkin işlər yenə də mövcuddur. Belə siqnallar gəlir. Ona görə də mən hamını xəbərdar etmək istəyirəm ki, belə çirkin işlərlə məşğul olmaq bəsdir, bunlardan əl çəkmək lazımdır. Bütün sahələrdə korrupsiya ilə mübarizəni gücləndirmək lazımdır. Bunu gücləndirmək üçün, birinci, o sahələrdə ki, korrupsiya baş verir, onlar özləri tədbirlər görməlidirlər. Məcbur etməməlidirlər ki, başqa orqanları bu işə cəlb edək. Baxmayaraq ki, başqa orqanlar da öz vəzifələrini yerinə yetirməlidirlər.

Dağıntı, oğurluq hallarını aradan götürmək lazımdır. Üç-dörd gün bundan əvvəl Salyan pambıqtəmizləmə zavodundan 250 ton pambığı çıxarıb Gəncəyə apararkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları orada onları tutub saxlayıblar. Mən tapşırmışam ki, çox ciddi istintaq aparsınlar. Oradan birinci növ pambığı dördüncü növ əvəzinə çıxarırlar, deyirlər ki, hər tonunda 300 dollar, daha nə qədər mənimsəyirlər. Verilən məlumata görə, 250 ton pambıqdan 400 min dollar mənimsəmə meydana çıxır. Bu, yarayarmı? Biz o pambığı nə qədər çətinliklə istehsal edirik.

İndi mən bu gün sizinlə danışıram ki, sentyabrda, oktyabrda nə qədər məhsul əldə edəcəyik. Ona görə ki, ayrı-ayrı pambıq zavodlarının direktorları, yaxud rayon icra hakimiyyəti başçıları götürüb bundan şəxsi məqsədləri üçün istifadə etsinlər? Belə şey yarayarmı? Yaxşı ki, o tutulubdur. Amma nə qədər belə tutulmayan hallar vardır.

Siqnallar gəlir ki, Salyan pambıqtəmizləmə zavodunda, ümumiyyətlə, Salyan rayonunda belə çirkin işlərlə məşğul olurlar. İndi də bu, tutulub. Şübhəsiz ki, cinayətkarlar cavab verməlidirlər. Dəfələrlə bildirmişəm, bu gün bir daha deyirəm - əgər kim oğurluqla, əyriliklə, xalqın, dövlətin malını mənimsəməklə məşğuldursa, yaxud bununla məşğul olmaq istəyirsə, çıxsın aradan. Bilsin ki, bu gün də olmasa, sabah bu adamların cəzası gəlib çatacaqdır.

Bu məsələlərdə bizim mövqeyimiz məlumdur. Bizim mövqeyimiz dövlətin, xalqın mənafeyidir. Xalqımız belə ağır, çətin vəziyyətdə yaşadığı bir zamanda, iqtisadiyyatımızda belə çətin proseslər keçirdiyimiz zaman bir pambıq zavodunda bir əməliyyatdan 400 min dollar pul, valyuta mənimsəsinlər - bu, yarayarmı? Bu, bizim bugünkü günümüzə yaraşarmı?

Mən göstəriş vermişəm və bu gün də deyirəm - belə hallarla kəskin mübarizə aparılır və aparılacaqdır. Prokurorluq istintaq aparmalıdır, cinayətkarlar qısa müddətdə məsuliyyətə cəlb olunmalıdır. Bu işə qatılmış vəzifəli şəxslərin hamısı öz cəzasını almalıdır. Mən hamınızı xəbərdar edirəm. Bir sizi yox, respublikamızın bütün vəzifəli şəxslərini, dövlət, hakimiyyət orqanlarında, aqrar bölmədə, sənayedə, iqtisadiyyatda, hüquq-mühafizə orqanlarında işləyənləri, hamını xəbərdar edirəm: bu işlərdən əl çəkin! Rüşvətxorluqdan, oğurluqdan, əyrilikdən, korrupsiyaya qurşanmaqdan əl çəkin! Bilin ki, biz bu mübarizədən geri dönməyəcəyik. O cinayətkarlar bu gün də olmasa, sabah aşkar ediləcəklər. Görürsünüz, son illər Azərbaycanın başına bəla gətirmiş bu adamların hamısını biz harada da olsa tapıb gətiririk. Əgər o cinayətkarları haralarda olsa da tapıb gətiririksə, buradakıları onlardan da tez aşkara çıxaracağıq.

Hesab edirəm ki, mənim bu ədalətli və kəskin sözlərimdən hər bir vəzifəli şəxs və hər bir vətəndaş nəticə çıxaracaqdır. Respublikamızın iqtisadiyyatının bu çətin mərhələdən keçməsi üçün təkcə iqtisadi islahatların keçirilməsi, istehsalatda vəziyyətin yaxşılaşdırılması yox, eyni zamanda ölkənin varidatının, əmlakının qorunması, saxlanılması çox vacibdir. Respublikanın, xalqın, dövlətin əmlakını dağıdanlar, mənimsəyənlər ən yüksək cəzaya məhkum olunmalıdırlar. Həm bu gün, həm də gələcək üçün bunu bilmək lazımdır.

Bu gün biz iqtisadiyyatda əldə etdiyimiz nailiyyətlər haqqında danışarkən şübhəsiz ki, iqtisadiyyatın bu müsbət dəyişikliklərindən respublika əhalisinin rifah halının yaxşılaşdırılması üçün istifadə etməyə çalışmalıyıq. Burada rəqəmlər gətirildi ki, keçən il biz maaşların artırılmasını da təmin etmişik. Bu il də bu barədə müəyyən tədbirlər görüləcəkdir. Sosial fondlardan səmərəli istifadə olunmalıdır. Hər sahədə vətəndaşların rifah halının yaxşılaşdırılmasına çalışmalıyıq. Bu bizim borcumuzdur, vəzifəmizdir və bütün siyasətimizin, sosial-iqtisadi siyasətimizin əsas məqsədidir.

Bu baxımdan, yerindən-yurdundan didərgin düşmüş, qaçqın vəziyyətində yaşayan vətəndaşlarımıza xüsusi qayğı göstərilməlidir. Sizin rayonlarınızda çoxlu qaçqınlar məskunlaşıblar. İndiyə qədər görülən işlər qiymətləndirilir. Ancaq mən hesab edirəm ki, hər bir rayon, şəhər icra hakimiyyəti, müvafiq nazirliklər, təşkilatlar qaçqın, köçkün vəziyyətində yaşayan insanlara xüsusi qayğı, diqqət göstərməlidirlər. Bu, sizin əsas vəzifənizdir və bizim hamımızın əsas vəzifəmizdir. Bunu heç vaxt unutmaq lazım deyil. Xahiş edirəm ki, bu vəzifəni daim diqqət mərkəzində saxlayasınız.

Şəhid ailələrinə xüsusi qayğı göstərmək bizim bütün orqanların diqqət mərkəzində olmalıdır. Vətənimizi müdafiə edərkən əlil olmuş, xəsarət almış adamların sosial vəziyyətinə qayğı göstərmək də əsas vəzifəmizdir. Mən xahiş edirəm və tələb edirəm ki, bir daha deyirəm, bu vəzifələri daim diqqət mərkəzində saxlayasınız.

Hesab edirəm ki, bugünkü danışıq çox səmərəli, əhəmiyyətli oldu və bu, 1997-ci ildə, ümumiyyətlə, iqtisadi islahatların və xüsusən aqrar islahatların həyata keçirilməsinə kömək edəcəkdir. Ancaq o şərtlə ki, burada qarşıya qoyulan vəzifələr ardıcıl surətdə həyata keçirilsin. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bunu edəcəksiniz.

Mənə ümid verən bir də odur ki, bu gün çıxış edənlərin hamısı çox yüksək hisslərlə, həvəslə və nikbinliklə danışırdılar. Məni sevindirən odur ki, bizim insanlarımız bu islahatların nə qədər əhəmiyyətli olduğunu artıq dərk edirlər və bunun əməli nəticələrini görərək özləri sevinirlər. Bu, çox gözəl haldır. Demək, beləliklə, bu məsələlərdə başqa bir fikir, başqa bir yol yoxdur. Hərə öz sahəsində lazımi tədbirlər görməlidir.

Mən əmin olduğumu bildirmək istəyirəm ki, bugünkü müzakirədən lazımi nəticələr çıxarılacaqdır və aqrar bölmədə həm islahatların həyata keçirilməsi, həm də cari kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi ilə əlaqədar bizim sizinlə görüşlərimizdə müsbət nəticələr haqqında danışacağıq.

Nəhayət, biz Qurban bayramı ərəfəsindəyik. Bu, bizim milli xalq bayramımızdır. Bu bayram münasibətilə mən sizi təbrik edirəm. Bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. Hamınıza cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 17 aprel 1997-ci il.