Hörmətli konfrans iştirakçıları!
Xanımlar və cənablar, Sizi tarixi Böyük Volqa yolunun cənub hüdudunda yerləşən, qədim ənənələrə və zəngin mədəni irsə malik olan ölkələrdən birinin - Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində səmimiyyətlə salamlayır, nəcib və xeyirxah missiyanızda sizə uğurlar arzulayıram.
Bəşəriyyət tarixində yollar, nəqliyyat qovşaqları dövlətləri və xalqları bir-birinə yaxınlaşdıran vasitə kimi onların həyatlarının siyasi, iqtisadi, ticari və mədəni tərəflərinə həmişə ciddi təsir göstərmişdir.
Əsrlər boyu sülhə, əməkdaşlığa və dinc qonşuluğa xidmət edən Böyük Volqa yolu bir çox dövlətləri birləşdirir. Bu yol onların tarixi-mədəni irsinin qorunması, dözümlülük əsasında qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlığın formalaşması və yayılması baxımından mühüm əhəmiyyətə malikdir.
Böyük İpək yolu ilə kəsişmə nöqtəsində yerləşən və əsas rabitə şəbəkələrindən biri olan Böyük Volqa yolu region dövlətlərinin iqtisadi və mədəni inkişafında xüsusi rol oynamış, Böyük İpək yolunun genişlənməsinə, digər ölkələrin və xalqların bu mühüm nəqliyyat dəhlizinə çıxışının asanlaşmasına əlverişli zəmin yaratmışdır.
Böyük Volqa yolu vahid Avrasiya rabitə sisteminin ən qədim və irimiqyaslı transkontinental magistrallarından biridir. Bu yol uzun əsrlər boyu Baltik və Xəzər dənizlərini Fars körfəzi ilə birləşdirən böyük bir ərazidə yaşayan xalqlar arasında sıx əlaqələrin formalaşmasında vacib amil olmuşdur.
Xəzər dənizi və Xəzər hövzəsi regionu öz nadir təbii sərvətləri, habelə Böyük İpək yolu və Böyük Volqa yolunun kəsişməsindəki son dərəcə əlverişli mövqeyi ilə həmişə mühüm siyasi proseslərin mərkəzində dayanmış və Xəzəryanı dövlətlər arasında beynəlxalq iqtisadi inteqrasiya proseslərinə müsbət təsir göstərmişdir.
Azərbaycan qədim zamanlardan bəri Böyük Volqa yolunun əsas qovşaqlarından biri olmuş və sosial-iqtisadi, mədəni və informasiya mübadiləsi üzrə münasibətlərin inkişafı işinə öz önəmli tarixi töhfəsini vermişdir. Müstəqillik əldə etdiyi gündən ölkəmiz bütün dövlətlərlə suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş digər prinsipləri əsasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlığı həyata keçirir və bundan sonra da beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində hərtərəfli fəaliyyət göstərmək əzmindədir.
Qədim mədəniyyət mərkəzlərindən biri olan Kazan şəhərinin əsasının qoyulmasının 1000 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransın hazırkı mərhələsinin Bakıda keçirilməsi xalqlarımız arasındakı tarixi-mədəni əlaqələrin daimiliyinin və qırılmazlığının bariz nümunəsi olmaqla yanaşı, sivilizasiyaların, milli-mədəni irslərin qorunması istiqamətində səylərinizin birləşdirilməsinə, həmçinin Böyük Volqa yolu üzərində yerləşən xalqlar arasında qarşılıqlı anlaşmaya və qarşılıqlı faydalı əməkdaşlığa önəmli töhfə olacaqdır.
Sizə nəcib təşəbbüsünüzdə uğurlar, qədim və həmişəcavan Kazan şəhərinə isə tərəqqi və çiçəklənmə arzu edirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 7 avqust 2003-cü il.