Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvanın \"Kommersant\" qəzetinin müxbiri Azər Mürsəliyevə müsahibəsi - 5 sentyabr 2000-ci il

Sual: Sizin siyasi rəqibiniz Əbülfəz Elçibəy bu yaxınlarda vəfat etdi. Siz onun doğmalarına və tərəfdarlarına başsağlığı verdiniz, dəfn mərasiminin təşkili üçün dövlət komissiyası yaratdınız. Bundan əvvəl, o, hələ Türkiyədə müalicə edilərkən səfirinizə tapşırdınız ki, Elçibəyə hər cür kömək göstərsin. Bu, sabiq prezidentə ehtiram əlamətidir, yoxsa ölkənin tarixində Elçibəyin roluna verilmiş qiymətdir?

Cavab: Bəli, mən ona qayğı göstərirdim, Türkiyə rəhbərliyi ilə telefon danışıqları aparırdım, onun ən yaxşı klinikaya köçürülməsinə kömək edirdim. Əvvəla, ona görə ki, mən Azərbaycan prezidentiyəm. Konstitusiyaya əsasən, kimliyindən və mənə necə münasibət bəsləməsindən asılı olmayaraq, öz vətəndaşlarımı müdafiə etmək öhdəliyi götürmüşəm. İkincisi, insan prinsipial olmalıdır: lazım gələn yerdə sərt olmalısan, qüssə-kədər, xəstəlik, ölüm olan yerdə isə xatırlamaq olmaz ki, o, mənə qarşı terror təşkil etmişdi, mənə müxalifətdə idi, bəyan edirdi ki, Əliyev getməlidir. Bütün bunlar tarixdə qaldı. İnsan dünyasını dəyişdi. Üçüncüsü isə, hər necə olsa da, o, Azərbaycan prezidenti olmuşdur. Bir il də olsa. O, necə prezidentlik etmişdir, o vaxt nələr baş vermişdir - bu, artıq ikinci dərəcəli məsələdir. Sabiq prezidentə hörmət etməmək yolverilməzdir.

Sual: Bəs indi ölkənin daxilində Sizin ciddi opponentiniz varmı?

Cavab: Ciddi opponentlər yoxdur. Amma müxalifət var. Hər hansı demokratik dövlətdə müxalifətin mövcudluğu gerçəklikdir. Amma bizdə \"partiyabazlıq\" meydana gəlmişdir. Hər yerindən duran partiya yaradır. Kimsə 10-15 nəfər qohum-əqrəbasını yığıb partiya təşkil edir. Bizdə qarşıda, noyabrda parlament seçkiləri keçiriləcəkdir. 21 müxalif partiya hansısa bir blok yaratmışdır, gah bir partiyanın iqamətgahında, gah da digər partiyanın iqamətgahında çıxış edir, müzakirələr aparırlar. Bu 21 partiyadan üç-dördü, məhdud da olsa, həqiqətən müəyyən sosial bazaya malikdir, qalanları isə özlüyündə heç bir şey deyildir. Budur, bizim opponentlərimiz. Digər tərəfdən, müxalifətin hamısı əslən Xalq Cəbhəsindən olanlardır. Bəs Xalq Cəbhəsi nə olan şeydir? O, Qorbaçov başda olmaqla Sovet hökumətinin Ermənistan-Azərbaycan münaqişəsinə ədalətsiz münasibəti ilə əlaqədar başlanmış xalq hərəkatının dalğası üzərində yaranmışdı. Sonra erməni təcavüzünə sovet təcavüzü əlavə olundu - 1990-cı ilin yanvarında sovet qoşunları Bakıya soxularaq, yüzlərlə günahsız insanı qırdı. Azərbaycanın o vaxtkı kommunist hökuməti öz xalqına xəyanət mövqeyi tutmuşdu. Nəticədə də hakimiyyətdən getməli oldu. Amma onun yerinə təsadüfi, səriştəsiz adamlar gəldi və tez bir zamanda özlərini gözdən saldılar. Bir ildən sonra onların hərəsi bir yana dağılışdı, o vaxtkı prezident isə doğma kəndinə qaçdı. O zaman çoxları onlara divan tutmaq istəyirdi. Mən onları xilas etdim. Bir müddətdən sonra isə onlar yenidən hakimiyyət uğrunda mübarizə aparmağa, mənim istefa verməyimi tələb etməyə başladılar. Onlar sadəcə olaraq, hakimiyyətin şirinliyini unuda bilmirlər.

Sual: Hakimiyyət həqiqətən şirindir?

Cavab: Xeyr. Bu, ağır, çətin zəhmətdir. Amma hakimiyyətdən varlanmaq mənbəyi kimi istifadə edənlərə o, şirin görünür. Belə adamlar hakimiyyətə gələ bilərlər, lakin onu çox tez itirirlər. Mən istisna etmirəm ki, belə adamlar mənim ətrafımda da var.

Sual: Heydər Əliyeviç, Siz Azərbaycana hələ sovet dövründə, 1969-cu ildən 1982-ci ilədək rəhbərlik etmisiniz. On ildən sonra Siz yenidən Azərbaycanın başçısı oldunuz. Artıq müstəqil Azərbaycanın. Prezident Əliyev birinci katib Əliyevin siyasətini davam etdirir, yoxsa bu, əvvəlki təcrübəni büsbütün inkar edən tamamilə başqa siyasətdir?

Cavab: O vaxtlar mən KP MK-nın birinci katibi idim. İndi isə müstəqil dövlətin prezidentiyəm. Bu, tamamilə ayrı bir işdir. Misal üçün, bizdə böyük kimya kompleksi var. Əvvəllər mənim vəzifəm ondan ibarət idi ki, bu zavodlar işləsin, məhsul istehsal etsin və Azərbaycana fayda gətirsin. Həmin məhsul haraya gedəcək, sonra onu nə edəcəklər - bu, artıq mənim qayğım deyildi. İndi isə bir şey istehsal etmək üçün bazara malik olmalısan. Hazırda bizdə nə qədər belə müəssisələr boş dayanır, yaxud da az güclə işləyir. Yeri gəlmişkən, Rusiyada da eynilə belədir. Bazar yoxdur. Bizim əsas bazarımız Rusiya idi. Biz Rusiyaya nə qədər meyvə, nə qədər üzüm göndərirdik? İndi bu bazar yoxdur. O sistemin də öz üstünlükləri vardı. Mən onun imkanlarından istifadə edərək, Azərbaycanın inkişafına çalışırdım. Məsələn, mən üzüm istehsalını 1970-ci ildən 1980-ci ilədək on dəfə - ildə 200 min tondan 2 milyon tonadək artırmışdım. Bunun hesabına Azərbaycan, əlbəttə, zənginləşmişdi. Təəssüf ki, bizim əvvəllər yaratdıqlarımızın çoxunu 1988-1989-cu illərdən sonrakı keçid dövründə dağıtdılar. Birinci zərbə Qorbaçov antialkoqol kampaniyasına başlayanda endirildi, üzüm plantasiyalarını qırmağa başladılar. Biz müstəqil dövlətə çevrildikdən sonra isə Sovetlər İttifaqında mövcud olmuş iqtisadi inteqrasiyadan məhrum olduq. Biz azad bazara çıxmışıq, islahatlar - iqtisadi, sosial, siyasi islahatlar aparırıq. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Ona görə də indi vəziyyət sovet dövründə olduğundan qat-qat çətindir. Mən iqtisadiyyat haqqında danışıram. Amma, təbii olaraq, məsələ heç də təkcə iqtisadiyyatda deyildir. Məsələn, biz 900 müxtəlif qanun yaratmışıq. Yeni qanunlar yaratmaq isə asan deyildir. Əvvəllər bizdə yaxşı işlənmiş bir basmaqəlib - sovet basmaqəlibi vardı. İndi isə bütün qanunlar beynəlxalq standartlara cavab verməlidir. Lakin mən onda da bütün imkanlardan istifadə edirdim ki, Azərbaycan inkişaf etsin. Bunun üçün bu gün də bütün imkanlardan istifadə edirəm.

Sual: Birinci katib vəzifəsində işləyərkən Sizin gördüyünüz tam bir sıra tədbirlər sonra bəzi analitiklərə beləbir nəticə çıxarmağa imkan verdi ki, Siz hələ onda respublikanı müstəqilliyə hazırlayırdınız. Sizin vaxtınızda neft sənayesində tam tsikl yaradılmışdı, dənizdə neft hasilatı üçün platformalar zavodu tikilmişdi, Azərbaycan zabitləri korpusu formalaşdırılmışdı və sair. Siz doğrudanmı hələ 70-ci illərdə güman edirdiniz ki, SSRİ dağlacaqdır?

Cavab: Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil, ilk öncə iqtisadi cəhətdən müstəqil olsun. Çünki hər hansı müstəqilliyin əsasını iqtisadiyyat təşkil edir. Məsələn, mən çoxlu su elektrik stansiyası tikdirmişdim. Moskvada mənə deyirdilər: bu, sizin nəyinizə gərəkdir? İzah edirdilər ki, Sovetlər İttifaqının vahid enerji sistemi var və o, bütün ölkəni elektrik enerjisi ilə təmin edir. Bunun nə üçün lazım olduğunu mən onlara demirdim. Deyirdim, istəyirəm ki, bizdə yeni iş yerləri olsun və i.a. Mingəçevirdə hərəsi 250 meqavatt gücündə doqquz blokdan ibarət iri kompleks, Şəmkir Su Elektrik Stansiyasını tikdirdim. Yenikənd SES-in tikintisinə başladım. Sonra onun tikintisi dayandırıldı. Yeri gəlmişkən, mən qayıtdıqdan sonra Dünya Bankından kredit götürdüm, onu tikdirib başa çatdırdım və istismara verdim. Bütün bunları etmək üçün mənə imkan vermirdilər. Təkcə dərinlik özülləri zavodu üçün sovet büdcəsindən 400 milyon dollar ödənilmişdi. Amma mən bilirdim ki, bizə Xəzər dənizinin dərinliklərinə doğru getmək lazımdır. Mən bilirdim. Bunu da ona görə etdim. İndi isə bu zavod çox kara gəlmişdir. İstəyirdim ki, mənim ölkəm, xalqım bütün şəraitlərdə müstəqil yaşaya bilsin. Artıq 70-ci illərdə Sovetlər İttifaqı böhran keçirirdi. Hərbi gücü böyük idi, amma iqtisadiyyat tənəzzülə uğrayırdı. SSRİ iqtisadi rəqabətə tab gətirmirdi. Təkcə Sovetlər İttifaqı yox, Şərqi Avropa ölkələri də. Mən Şərqi Avropa ölkələrində olurdum. O vaxtlar Şərqi Almaniyada da, Qərbi Almaniyada da, Şərqi Berlində də, Qərbi Berlində də olmuşdum. Şərqdə də, Qərbdə də almanlar yaşayırdı, lakin vəziyyət bambaşqa idi. Mən bunların hamısını görürdüm.

Sual: Sizcə, SSRİ-nin dağılması labüd idi?

Cavab: Bəli. Bu, nə vaxt olacaqdı - o, ayrı məsələdir. Bu, sonra da baş verə bilərdi. Amma Qorbaçovun gəlişindən sonra yaranmış qarmaqarışıqlıq dağılma prosesini sürətləndirdi.

Sual: Bəs SSRİ-nin dirçəldilməsi mümkündürmü?

Cavab: Qətiyyən yox. Əsla yox. Mən heç zaman yol vermərəm ki, Azərbaycan hansısa bir dövlətin tərkibində olsun.