\"Azərbaycanda İnvestisiya Qoyuluşu İmkanları\" mövzusunda Beynəlxalq Konfransın iştirakçılarına - Bakı şəhəri, 22 aprel 1997-ci il

Hörmətli konfrans iştirakçıları!

Sizi qədim Azərbaycan torpağında ürəkdən salamlayıram, konfransınıza müvəffəqiyyət arzulayıram.

Bu konfransın Bakıda keçirilməsi ölkəmizdə baş verən əsaslı dəyişikliklərin, tutduğumuz demokratiya, iqtisadi islahatlar yolunun dünyanın işgüzar adamları tərəfindən yüksək qiymətləndirilməsinin bariz təzahürüdür.

Müstəqil Azərbaycan Respublikasının beynəlxalq əlaqələr sistemində layiqli yer tutmasına və iqtisadiyyatımızın önəmli problemlərinin həllinə göstərdiyiniz maraq və qayğı üçün sizə təşəkkür edirəm.

Bizim ardıcıllıqla həyata keçirdiyimiz islahatların məqsədi milli iqtisadiyyatımızı dirçəltmək, onun dinamik inkişafını və xalqımızın firavan həyat səviyyəsini təmin etməkdir. Bunun üçün biz bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olmasına, xarici investisiyalardan, milli sərvətlərimizdən səmərəli istifadə edilməsinə başlıca diqqət yetiririk və sizin hərtərəfli əməkdaşlığınıza bel bağlayırıq.

Əminəm ki, Azərbaycan Respublikası bu məqsədlərə çatacaqdır. Xalqımızın əməksevərliyi, əzmi və iradəsi, sizin kimi dostların köməyi və əməkdaşlığı bun etibarlı zəmanətdir.

Sizə xeyirxah fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 23 aprel 1997-ci il.