Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin TRT televiziyasına müsahibəsi - 15 mart 2001-ci il

Haluk Koç: Bu gün bizim çox önəmli bir qonağımız var - dost və qardaş ölkə Azərbaycanın cümhur başqanı hörmətli Heydər Əliyev. Cənab Əliyevdən bazar ertəsi günündən bu yana keçirdiyi görüşlər, imzalanmış anlaşmalar və son hadisələr barədə soruşacağıq.

Çox hörmətli Heydər Əliyev, bizə vaxt ayırdığınız üçün çox-çox təşəkkür edirik. Sizi görməkdən çox məmnunuq. İndi suallarıma keçmək istəyirəm.

Heydər Əliyev: Sağ olun.

Sual: Biz bilirik ki, Siz Azərbaycandan Türkiyəyə gəlməmişdən öncə bir çox fikirlər söyləmisiniz. Xüsusilə Türkiyənin Bakı-Ceyhan boru xətti və təbii qaz anlaşması sahəsində bir az yavaş davrandığını söyləmişdiniz.

Cavab: Söyləmişdim.

Sual: İndi düşüncələrinizi dəyişdirdinizmi? Yəni görüşlər keçirdiniz və anlaşmalar imzalandı. Bundan sonra müəyyən dəyişiklik varmı?

Cavab: Mən o sözləri demişdim ki, dəyişiklik olsun. Ona görə də dəyişiklik oldu.

Sual: Cənab prezident, nələr oldu, bunu bilmək istərdik?

Cavab: Birincisi, biz Azərbaycanın təbii qazının Türkiyəyə nəqli və satılması haqqında anlaşmalar imzaladıq. Həm hökumətlərarası anlaşma, həm də alqı-satqı haqqında anlaşma imzaladıq. Bu, çox önəmlidir. Çünki Azərbaycan gələcəkdə böyük qaz ehtiyatlarına malik bir ölkə olacaqdır. Bu qazı ixrac etməlidir. Biz bunu keçmişdən də bilirdik. Çünki bu, yeni bir şey deyildir.

Biz \"Şahdəniz\" yatağından qaz alacağıq, hətta orada konsorsiumu yaradanda - mən o konsorsiumu 1996-cı ildə yaratmışam - Türkiyənin \"Türk petrolları\" şirkətini də oraya qatdım. 10 faiz \"Türk petrolları\" şirkətinin idi. Ona görə də hesab edirdim ki, qaz ilk öncə Türkiyəyə getməlidir. Əvvəllər bu barədə görüşlərimiz var idi. Sonra bu işi kimsə bir az əngəlləmək istəyirdi. Amma onların qarşısı alındı. Artıq hər şey həll olundu. İndi biz çalışacağıq ki, o boru xətləri, platformalar, filanlar olsun və qaz Türkiyəyə gələcəkdir. İlkin miqdar 6 milyard kubmetrdir. Amma gələcəkdə ildə 15-20 milyard kubmetr qaz verə bilərik. Mənə deyiblər ki, Türkiyənin 50 milyard kubmetr qaza ehtiyacı var. Beş-altı ildən sonra, bəlkə, onun yarısını biz verə bilərik.

Sual: Cənab prezident, \"Şahdəniz\"dəki ehtiyatlar vermək istədiyiniz miqdarda yetərlidirmi?

Cavab: Çox... Bizim indi qazdığımız quyuların nəticələrinə görə orada 1 trilyon kubmetrdən artıq qaz var. Amma bizim neftçilər, o işləri bilən adamlar deyirlər ki, ondan da artıq olacaqdır. Yəni bu işlə məşğul olan adamlar həmişə minimum deyirlər, maksimum demirlər. Çünki sonra onları suçlamasınlar ki, sən niyə belə dedin, amma belə olmadı.

Sual: Neçə illərdir Bakı-Ceyhan boru kəməri barəsində çox danışırlar və indiyədək bir çox sənədlər imzalanmışdır. Amma hələlik həyata keçməmiş kimi görünür. Bu barədə danışıqlar oldumu?

Cavab: Bu, asan bir şey deyildir. Bunu bilməlisiniz. Biz 1994-cü ildə ilk müqavilə imzalayanda orada Bakı-Ceyhan haqqında yazılıbdır. Amma Bakı-Ceyhan üçün mənim başıma nə işlər gəldiyini bilirsiniz. Çevriliş etmək istədilər, terror etmək istədilər, filan etmək istədilər ki, Bakı-Ceyhan baş tutmasın, ümumiyyətlə, müqaviləni pozsunlar. Çünki o müqavilə Azərbaycanın bütün qaz və neft yataqlarının gələcəkdə işlənilməsinə yol açırdı. Biz 1994-cü ildə 11 şirkət ilə bir müqavilə imzaladıq, indi isə 16 dövlətin 32 neft şirkəti ilə 20 müqavilə imzalamışıq. Bütün bu layihələrin həyata keçirilməsinə 60 milyard dollar sərmayə qoyulacaqdır. Ona görə heç də hər ölkə bunu istəmir. Bakı-Ceyhanın birbaşa əleyhinə çıxanlar var idi. Çünki biz nefti çıxarırıq, amma hansı ölkənin ərazisindən ixrac olunsa, o, fayda götürəcək, qazanc götürəcəkdir. Ona görə də bizim seçdiyimiz bu yola qarşı çıxanlar var idi.

Sual: Kimlər qarşı çıxdı?

Cavab: Başqa ölkələr.

Sual: Cənab prezident, Rusiyanın bölgədə izlədiyi siyasət var. Xüsusilə Cənubi Qafqazda hazırda bir az fərqli siyasət aparır. Bakı-Ceyhan boru xətti sahəsində Qazaxıstana Rusiyanın bir təzyiqi oldu. Bu barədə xəbərlər eşidildi. Amma bu, xoş qarşılanmadı. Ümumiyyətlə, Rusiyanın bu sahədəki siyasətini necə qiymətləndirirsiniz?

Cavab: Bilirsiniz, təbiidir, hər bir ölkə istəyir ki, - indi neft dünyada ən önəmli bir şeydir, - öz ölkəsinin milli mənafelərini həyata keçirsin. Ona görə də Rusiyanı bu barədə suçlamaq olmaz.

İndi Qazaxıstan çıxardığı nefti bir boru xətti ilə Rusiya ərazisi ilə Qara dənizdəki Novorossiysk limanına göndərir. Amma yenə də o tankerlər sizin ərazidə olan boğazdan keçir. Ona görə də, əlbəttə, Rusiyanın bu cür mövqeyi tamamilə məntiqidir. Yəni buna bir şey demək olmaz. Hərə özü üçün çalışır.

Sual: Siz Ankaraya gəldiyiniz günlərdə İranın prezidenti Moskvada idi. Oradakı görüşlərin birində də Xəzərin statusu məsələsi müzakirə olundu. Xəzərin dibi ilə bağlı məsələ çox önəmlidir. Rusiya, Türkmənistan, Azərbaycan, İran, Qazaxıstan bu məsələni necə həll edəcəksiniz? Ümumiyyətlə, bu, necə olacaqdır?

Cavab: Biz artıq bunu işləyirik. 1997-ci ildən biz həmin o ilk müqavilədən neft alırıq, ixrac edirik. Bakı-Supsa kəməri ilə Gürcüstanın Qara dənizdəki limanına ixrac edirik. Biz bu işdə öndəyik. Bu prinsip ki var, Xəzər dənizinin dibindən onun mineral ehtiyatlarını çıxarmaq üçün hər bir sahilyanı ölkənin öz sektoru olsun, bunu ilk öncə biz irəli sürmüşük. Biz ancaq öz sərhədlərimiz içində çalışırıq. Başqa yerə çıxmırıq. Sərhəd prinsipi də keçmiş zamanlardan müəyyən olunubdur. Amma bunu digərləri qəbul etmirdilər. Heş Qazaxıstan da qəbul etmirdi. İran da qəbul etmirdi. Rusiya da qəbul etmirdi. Amma bizim 1994-cü ildən apardığımız işlər artıq bu məsələni o yerə çıxardı ki, Rusiya bunu qəbul etdi. Qazaxıstan da qəbul etdi. Qazaxıstanla Rusiya arasında bir anlaşma imzalandı.

Yanvarın 9-da Rusiyanın prezidenti Putin Azərbaycana gəlmişdi. Orada da bir anlaşma imzaladıq ki, Xəzər dənizinin mineral ehtiyatlarının işlənilməsi üçün prinsiplər olsun.

Sizə dedim, biz öz sektorumuzla bağlı 20 müqavilə imzalamışıq. Onlar hamısı öz sektorumuzdadır. Artıq bu prinsipi Rusiya da tanıdı, bunu qəbul etdi və bizimlə anlaşma imzaladı. Qazaxıstan da imzaladı. Güman edirəm, Türkmənistan da bu yolla gələcəkdir. Amma İran bununla razı deyildir. Çünki İran hesab edir ki, Xəzər dənizinin ətrafındakı beş ölkənin hər birinə iyirmi faiz çatmalıdır. Amma coğrafi nöqteyi-nəzərdən bu, mümkün deyildir.

Sektor nə deməkdir? Sektor o deməkdir ki, Xəzər dənizi boyunca, hər ölkənin sərhədinin güneyi və quzeyindən xətt çəkilir. Bir də ki, Xəzər dənizinin orta xətti var. Həmin üç xəttin içində olan hissə bizim sektorumuzdur. Amma İran Xəzər dənizinin güney tərəfində kişik bir yerə malikdir. Xəzər dənizindən hərəyə iyirmi faiz vermək - bunu necə etmək olar? Bu, mümkün deyildir.

Sual: Son görüşmələrdən sonra İran bu prinsiplərlə razılaşacaqmı?

Cavab: Onu bilmirəm. Mənim Moskvadakı görüşlərdən o qədər məlumatım yoxdur. Çünki mən buradaydım.

Sual: Hörmətli prezident, Türkiyədəki təmaslarınız içərisində ən önəmli məsələlərdən biri də Dağlıq Qarabağ problemidir. Bununla bağlı Türkiyənin rəhbərləri ilə görüşdünüz. Bu arada çox maraqlı bir məlumat gəldi. Amerika Birləşmiş Ştatları həm Ermənistan tərəfi, həm də sizi Floridaya dəvət edir. Aprelin 3-də, Paris görüşlərinin davamı kimi, bir görüş planlaşdırılır. Bu, Sizə məlumdurmu?

Cavab: Məlumdur, mən bunu bilirəm.

Sual: Siz Amerikaya getməyi qəbul etdinizmi?

Cavab: Mən bunu qəbul etmişəm. Buraya gəlməzdən əvvəl mənə söyləmişdilər. Mən bunu qəbul etmişdim.

Sual: Martın əvvəlindəki görüşlər nə ilə başa çatdı? Çünki bu barədə müəyyən narahatlıq var. Siz müəyyən açıqlama verə bilərsinizmi?

Cavab: Martın əvvəlindəki görüşlərdə biz bir nəticəyə gələ bilmədik. Yəni məsələni Ermənistanla çözməyimizdə. İndi Minsk qrupunun həmsədrləri Rusiya, Amerika, Fransa belə bir mövqe tutublar ki, indiyə qədər görülən işlər bir nəticə verməyibdir. İki cümhur başqanı - Ermənistan və Azərbaycan cümhur başqanları danışsınlar, hansı razılığa gəlsələr biz də onu dəstəkləyəcəyik və ona yardım edəcəyik. Amma razılığa gəlmək mümkün olmur. Çünki Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir və artıq 12 ildir ki, işğal altında saxlayır. Bir milyon azərbaycanlı işğal olunmuş torpaqlardan zorla çıxarılıbdır, çadırlarda yaşayır. Ona görə də Ermənistan əlində olan bu imkandan istifadə edərək, daha da çox güzəşt almaq istəyir.

Biz öncə də Ermənistanın cümhur başqanı ilə danışanda belə qərara gəldik ki, qarşılıqlı kompromisslər, yəni güzəştlər olmalıdır. Azərbaycan da müəyyən kompromisə getməlidir, Ermənistan da. Ancaq onlar hesab edirlər ki, Azərbaycan daha da çox kompromisə getməlidir, nəinki Ermənistan.

Biz 1999-cu ildə bir razılığa gəlmişdik. Bu da Azərbaycan üçün o qədər məqbul deyildi, yəni əlverişli deyildi. Amma onun üzərində işləyib daha da irəliyə getmək olardı. Ancaq Ermənistan pozmasaydı, əgər biz onun üzərində işləyib irəliyə getsəydik, bəlkə də bu gün məsələni çözmüş olardıq. Ermənistan onu pozdu. Ondan sonra danışıqlar yenidən başlandı. Parisdə başlandı, sonra həm Koçaryan, həm də mən bu barədə Putinlə Moskvada görüşmüşdük.

İndi də Amerika belə bir təşəbbüs edir. Yəni həmsədrlərin üçü də bu barədə danışıblar. Yəni bu, üçünün birlikdə planıdır.

Sual: Erməni lobbisi və Ermənistandakı bəzi adamlar deyir ki, Dağlıq Qarabağla bağlı görüşlərdə, danışıqlarda Türkiyə olmasın, əgər olarsa, heç bir nəticə olmayacaqdır. Siz bu məsələnin çözümündə Türkiyədən nə gözləyirsiniz?

Cavab: 1992-ci ildə ATƏT tərəfindən Minsk qrupu yaranıbdır. Məhz Ermənistan-Azərbaycan münaqişəsinin çözülməsi üçün. Ona daxil olan 12 dövlətdən biri də Türkiyədir. Ona görə 1992-ci ildən indiyə qədər, təxminən doqquz ildir ki, Türkiyə bu işin içindədir. Amma işlərin çoxunu həmsədrlər aparır. İndi Türkiyənin bu işin içində olmasına etiraz etmək yanlış bir şeydir.

Sual: Amerikadakı görüşlərdən nə gözləyirsiniz?

Cavab: Mən hər bir görüşdən, toplantıdan gözləyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi sona çatsın, Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad edilsin, bir milyon qaşqın öz yerinə dönsün. Amma siz bilməlisiniz ki, işğal olunmuş həmin o 20 faiz torpaqlarımızda hər şey ermənilər tərəfindən dağıdılıbdır. Yaşayış evləri, xəstəxanalar, kitabxanalar, yollar, nə bilim, filanlar, filanlar. Yəni oralara qayıdan insanlar dağılmış yerlərdə olacaqlar. Amma yenə də onların arzusu odur ki, çadırlarda yaşamaqdırsa, gedim, doğma torpağımda çadırda yaşayım. Sonra da orada həyatımı qurum.

Amma eyni zamanda da həmsədrlər, xüsusən Amerika bizə belə bir vəd verir, söz verir ki. əgər bu məsələ çözülsə, onda onlar dünyanın maliyyə mərkəzlərindən - Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, habelə Avropa Birliyindən, digər yerlərdən pullar toplayacaqlar və bərpa işlərini aparmaq üçün, yəni orada insanların yaşayışını təmin etmək üçün işlər görəcəklər. Təbiidir, bu da bir ilə ola bilməz. Bu, bir neçə il çəkəcəkdir. Amma əsas odur ki, biz bu işi başlayaq. Mən bunu gözləyirəm.

Sual: Fransada Koçaryanla həll edilməyən məsələləri Amerikada çözə biləcəyinizi düşünürsünüzmü? Çünki bildiyimizə görə, Fransadakı görüşlərdə bəzi məsələləri Koçaryan qəbul etmək istəmədi və görüş nəticəsiz oldu. Amerika Birləşmiş Ştatlarındakı görüş də buna bənzər olacaq, yoxsa nəsə dəyişiklik olacaqdır?

Cavab: Bilirsiniz, Fransadan sonra Amerika Birləşmiş Ştatlarının bu işi davam etməsi onu göstərir ki, onlar məsələnin çözülməsinə müəyyən təsir etməlidirlər.

Sual: Cənab prezident, indi isə Türkiyə-Azərbaycan əlaqələri barədə sual vermək istəyirəm. Bu əlaqələr Sizin gəlişinizdən sonra hansı səviyyəyə qalxacaqdır, bundan sonra nələr olacaqdır?

Cavab: Azərbaycan müstəqilliyini elan edəndən Türkiyəni yaxın dost, qardaş bir ölkə kimi hesab edibdir. Mən bunu Böyük Millət Məclisindəki nitqimdə dedim. Biz bu fikirlərlə yaşayırıq, bu fikirlərlə də əlaqələrimiz qurulubdur və qurulur. Amma lazımdır ki, bunu daha da yüksəklərə qaldıraq. Yəni bunun dərəcəsi yoxdur. Nə qədər yüksəyə qaldırsaq, həm Türkiyə üçün, həm də Azərbaycan üçün o qədər əhəmiyyətli olacaqdır. Ona görə də mənim Türkiyəyə budəfəki rəsmi səfərim, hesab edirəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi üçün böyük bir təməl yaradır. Çünki mən burada həm cümhur başqanı ilə, həm baş bakan ilə, baş bakan yardımçıları ilə, baş qərargah rəisi ilə, digərləri ilə danışıqlar apardım. Böyük Millət Məclisində öz fikirlərimi söylədim. Təbiidir ki, bu, irəliyə doğru yeni bir addımdır.

Sual: Cənab prezident, Sizin səhhətinizi çox yaxşı görürük. Bunu indi bütün türk xalqı da görür. Sağlamlığınız barədə bir probleminiz varmı?

Cavab: Sən ki bunu görürsən?

Haluç Koç: Biz Sizi çox sağlam görürük. Bu gün müayinədən keçdiyinizi də bilirik.

Heydər Əliyev: Mən bu gün müayinədən keçmirdim. Sadəcə, bu gün dişlərimə baxırdılar. Sizin dişləriniz necədir, həkim yanına gedirsiniz, yoxsa yox?

Haluç Koç: Əlbəttə, gedirik.

Heydər Əliyev: Mən də.

Sual: Cənab prezident, sabah Türkiyədən ayrılırsınız. Son mesajınız varmı?

Cavab: Mən Türkiyədə olmağımdan çox məmnunam, çox bəxtiyaram və Türkiyəni dost, qardaş ölkə kimi sevirəm və sevəcəyəm. Türkiyənin indi bəzi problemləri var - iqtisadi problemlər, filanlar, bu problemlərin tezliklə çözülməsini arzu edirəm. Türkiyə xalqına daha da gözəl həyat və Türkiyə dövlətinə daha da çox güc, daha da çox inkişaf arzulayıram.

Haluk Koç: Cənab prezident, proqramımızda iştirak etdiyinizə görə Sizə təşəkkür edirik. Sizi yaxşı niyyətlərlə Azərbaycana yola salırıq.

Beləliklə, bugünkü qonağımız Azərbaycanın cümhur başqanı Heydər Əliyev idi. Cənab Heydər Əliyev ilə görüşdük, müəyyən məsələlər barəsində ondan bilgilər aldıq. Heydər Əliyev türk-azəri dostluğunun inkişafı yolunda bundan sonra önəmli məsafələr qət edəcəyimizi söylədi. Hörmətli Əliyev aprelin 3-də Amerika Birləşmiş Ştatlarına gedir. Paris görüşlərinin davamı kimi, orada görüşlərdə nələr olacaq, bu barədə hələ bir şey bilinmir. Ancaq Qarabağ probleminin çözümü üçün önəmli ola biləcək bir görüş ərəfəsində Türkiyədən ayrılır.