Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti - 30 dekabr 1995-ci il

Hörmətli soydaşlarımız! Əziz azərbaycanlılar!

Dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən salamlayır, sizə ən xoş arzularımı yetirirəm.

Artıq beşinci ildir ki, Azərbaycan xalqı on illərlə həsrətini çəkdiyi, uğrunda ardıcıl mübarizə apardığı tarixi haqqına - milli müstəqilliyinə qovuşmuşdur. Müstəqilliyə aparan yol hamar olmamış, xalqımız tarixin müxtəlif keşməkeşli mərhələlərindən keçərək bir çox ağır sınaqlarla qarşılaşmışdır. Lakin Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə əzmini həmişə qoruyub saxlamış, bu yolda böyük məhrumiyyətlərə düçar olsa da, qurbanlar versə də mətin iradəsi sarsılmamışdır.

Öz taleyinin sahibi olmuş xalqımız hüquqi, demokratik dövlət quruculuğu yolundadır və əmin ola bilərsiniz ki, heç bir qüvvə onu bu yoldan döndərə bilməyəcəkdir. Azərbaycan Respublikası dünya birliyinin tam və bərabərhüquqlu üzvü kimi müstəqil daxili və xarici siyasət yeridir.

Bu gün Azərbaycanın müstəqilliyə qovuşmasında yaxın-uzaq xaricdə yaşayan soydaşlarımızın da diqqətəlayiq xidmətləri vardır. Harada yaşamasından asılı olmayaraq, öz ənənələrinə sadiq qalan, milli-mənəvi köklərinə bağlı olan vətənpərvər soydaşlarımız tarixi Vətənə - Azərbaycana müqəddəs övladlıq borcunu ləyaqətlə yerinə yetirir, Azərbaycan həqiqətinin, xalqımızın haqq səsinin dünyaya obyektiv çatdırılmasında ardıcıl fəaliyyət göstərir, dərdimizə, sevincimizə şərik olurlar. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir.

Bu əlamətdar gündə sizi bir daha əmin etmək istəyirəm ki, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızın mənəvi Vətəni olan Azərbaycanın qapıları öz övladlarının üzünə həmişə açıqdır.

Əziz soydaşlarımız!

Hamınızı Dünya Azərbaycanlılarının Həmrəylik Günündə bağrıma basır, hər birinizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayır, Vətənimizin çiçəklənməsi naminə sizi əməl və amal birliyinə dəvət edirəm.

\"Azərbaycan\" qəzeti, 2 yanvar 1996-cı il.