Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin heykəltəraş Ömər Eldarova təbrik məktubu - Bakı şəhəri, 20 dekabr 1997-ci il

Hörmətli Ömər Eldarov!

Sizi, heykəltəraşlıq sənətinin görkəmli nümayəndəsini, Azərbaycanın xalq rəssamını 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış, dərin məzmunlu monumental əsərləri ilə heykəltəraşlıq məktəbimizi zənginləşdirmiş böyük sənətkarlardansınız. Müxtəlif janrlarda yaratdığınız əsərlər öz bədii təsiri, mənəvi dəyəri, plastik kamilliyi və milli koloriti ilə fərqlənir. Gözəlliyə ülvi romantik münasibət Sizin sənətinizin əsas xüsusiyyətlərindəndir. Qədim və müasir mədəniyyətimizdə, tariximizdə, bugünkü həyatımızda gözəllik axtarışları sənət yolunuzun aparıcı qayəsi olmuşdur.

Siz Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək xalqımız üçün dəyərli əsərlər yaratmısınız. Ümumbəşəri mövzuları, böyük humanist idealları müdrikliklə əks etdirən əsərləriniz klassik sənət nümunələridir.

Dərin psixoloji xarakteristika, yeni plastik forma axtarışları ilə səciyyələnən yaradıcılığınız daşlarda həkk olunmuş musiqiyə bənzəyərək sənətsevərlərin ürəklərini öz kamilliyi ilə fəth edir.

Siz öz yaradıcılığınızla Azərbaycan təsviri sənətinə heykəltəraşlıqla memarlığın uğurlu sintezi nümunəsini bəxş etmisiniz. Mahir ustalıqla yaratdığınız əsərlər xeyirlə şərin qarşıdurması ilə, böyük tarixi sarsıntılarla səciyyələnən əsrimizin sanki canlı rəmzidir.

Şəhərimizin küçə, meydan və xiyabanlarını bəzəyən abidələriniz xalqımızın mədəni irsinə ehtiram və məhəbbət duyğuları oyadan canlı muzeydir. Bu əsərlərlə Siz müstəqil Azərbaycanımızın mədəniyyət tarixində, sənətsevərlərin ürəklərində özünüzə də həmişəyaşar bir abidə ucaltmısınız. Yaratdığınız heykəllər xarici ölkələrin şəhərlərində də özünə layiqli yer tapmış və Sizi daha da şöhrətləndirmişdir.

Siz böyük xidmətlərinizə görə dövlət mükafatı, müxtəlif medal və diplomlarla təltif olunmuş, keçmiş SSRİ Rəssamlar Akademiyasının həqiqi üzvü adına layiq görülmüsünüz.

İnanıram ki, yaradıcılığınızın müdrik dövrünü yaşadığınız indiki mərhələ sənət yolunuzun həm də ən məhsuldar mərhələsi olacaqdır və Siz Azərbaycanın təsviri sənətinin qızıl fondunu zənginləşdirən yeni əsərlər yaradacaqsınız.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.