Sumqayıtdakı Etilen-Polietilen zavodunda Buxar-Generator qurğusunun istifadəyə verilməsi mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 7 iyul 2001-ci il

Hörmətli prezident cənab Axiro Vatari!

Hörmətli səfir!

Hörmətli qonaqlar!

Əziz bacılar, qardaşlar, kimyaçılar!

Əziz sumqayıtlılar!

Mən bu gün sizin hamınızı müstəqil Azərbaycanın həyatında əlamətdar bir hadisə - buxar-generator qurğusunun açılışı münasibətilə ürəkdən təbrik edirəm və bu qurğuya, ümumiyyətlə, Azərbaycanın kimya sənayesinə və sizin hamınıza yeni-yeni uğurlar arzulayıram.

Sumqayıt gənc şəhərdir. Onun yaşı 50-yə yaxındır. Sumqayıt ilk dəfə burada metallurgiya sənayesinin yaradılması ilə şəhər kimi salınıbdır. Burada ikinci böyük sənaye sahəsi kimya sənayesi olubdur. 1970-80-ci illərdə biz Sumqayıtda yüngül sənayeni, toxuculuq sənayesini də inkişaf etdirmək üçün bir çox işlər gördük və müəssisələr yaratdıq. Ona görə də təməli qoyulduğu gündən indiyə qədər Sumqayıt şəhərinin inkişafı, buradakı sənaye müəssisələrinin yaranması və bu gözəl şəhərin sakinləri - hamısı şəxsən mənim gözümün qarşısında olubdur.

Bilirsiniz ki, 1970-80-ci illərdə biz Azərbaycanda kimya sənayesini inkişaf etdirərkən Sumqayıtı seçdik. Çünki bura çox əlverişli idi. Kimya məhsulları son 50 ildə dünyada ən lazımlı, ən vacib məhsullardan biri hesab olunur. İndi demək olar ki, kimya insan həyatının və bütün istehsalın, həm sənaye, kənd təsərrüfatı istehsalını, həm də həyatın bütün başqa sahələrini təmin edir. Bu gün kimya məhsulundan, kimya materialından olmayan bir şeyi təsəvvür etmək mümkün deyildir. Məişətdə də kimya, sənayedə də kimya, kənd təsərrüfatında da kimya, hər yerdə, hər yerdə kimya. Yəni kimya sənayesinin yaranması və belə sürətlə inkişaf etməsi XX əsrdə dünyanın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Biz də Azərbaycanda öz iqtisadiyyatımızı inkişaf etdirərək, kimya sənayesinin yaranması və ölkəmiz üçün, Azərbaycan üçün lazım olan, əhəmiyyətli materialların istehsal edilməsi ilə məşğul olurduq. Bunun üçün də burada kimya sənayesinə aid bir çox müəssisələr quruldu və onlar o vaxtkı SSRİ-nin kimya materiallarına, məhsullarına olan ehtiyacını, o cümlədən Azərbaycanın ehtiyacını ödədi.

Sumqayıtda kimya sənayesinin yaranmasının səbəblərindən biri də odur ki, kimya məhsulları istehsal etmək üçün neft və qaz ən əsas xammaldır. Azərbaycanda həm neft, həm qaz olduğuna görə də bu müəssisələrin burada yaranması həm bizim Azərbaycan üçün, həm də o illər yaşadığımız dövlət üçün çox əhəmiyyətli olmuşdur. Ona görə də mən çox xoşbəxtəm ki, bu proseslərin həyata keçirilməsinin iştirakçısı, təşəbbüskarı olmuşam və bu işlərə rəhbərlik etmişəm.

Doğrudur, o \"durğunluq\" illərindən sonra, yenidənqurma zamanında hər şeyə qara yaxmağa çalışdılar. Hətta Azərbaycanda da belələri tapıldı ki, Sumqayıtı ölü şəhər adlandırdılar. Bədxahlar Sumqayıt haqqında bir \"Ölü şəhər\" filmi də çəkdilər. Bunlar o dövrün xəstəlikləri idi. Amma təəssüflər olsun ki, Azərbaycanda bəziləri xəstəliklərə düçar olaraq özləri-özlərinə ləkə yaxmağa başladılar. Ancaq o cür hərəkətlər çox davam edə bilmədi və onların ömrü çox ola bilməzdi. Azərbaycan dövlət müstəqilliyini əldə edəndə burada yaranmış böyük kimya kompleksinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu biz hamımız dərk etdik. Əgər bu kompleks yaranmasaydı, bu gün müstəqil Azərbaycan bu sərvətlərə malik olmayacaqdı. Ona görə də mən Sumqayıtın qısa tarixinə, o cümlədən burada kimya sənayesinin yaranması və inkişaf etməsi tarixinə bu gün bir də nəzər salaraq, bu sahədə xidmət etmiş insanların fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bunların hamısı bu gün üçün, müstəqil Azərbaycan üçün gözəl təməl yaratmışlar.

Bu EP-300 qurğusu kimya sənayesində ən yüksək texnika və texnologiyaya malik və polietilen kimi çox vacib kimya məhsulunun istehsal edilməsi üçün lazım olan bir kompleksdir.

Xatırlayıram, Azərbaycanda EP-300 kompleksinin yaranması üçün biz nə qədər zəhmət çəkdik, SSRİ dövlətinə nə qədər müraciətlər etdik, Azərbaycanın bunun üçün nə qədər böyük imkanları olduğunu sübut etdik.

Ancaq bir tərəfdən keçmiş SSRİ-də bu EP-300 qurğusu o qədər də çox deyildi. Onu SSRİ-nin başqa yerlərində qurmaq istəyən adamlar var idi. O vaxt Azərbaycana ikinci dərəcəli münasibət göstərilirdi. Digər tərəfdən də yəqin çoxlarınızın yadından çıxıb, o vaxt SSRİ-nin kimya sənayesi naziri Kostandov idi. Bilirsiniz ki, o, erməni idi və bu işə mane olurdu. Ancaq mən SSRİ-nin rəhbərlərinə dəfələrlə müraciət edib SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Tixonovu buraya dəvət etdim. Bizim mütəxəssislər ona burada izahat verdilər, sübut etdilər. Nəhayət, biz böyük çətinliklərlə EP-300 kompleksini aldıq və o, burada tikildi.

Vaxt keçdi, zaman keçdi, təbiidir ki, o vaxt bizim yaratdığımız müəssisələr müasirləşməlidir, modernləşdirilməlidir. Amma indi müstəqil Azərbaycan şəraitində bunu etmək o qədər də asan deyildir. Çünki ölkəmizin iqtisadi vəziyyəti, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması, soydaşlarımızın bir milyondan artıq hissəsinin qaçqın düşüb çadırlarda yaşaması - bunlar hamısı təbiidir ki, Azərbaycanın iqtisadiyyatına öz mənfi təsirini göstərir.

Buna görə də biz dünyanın mütərəqqi, müasir texnika və texnologiyaya malik olan ölkələri ilə əlaqə quraraq, onlarla birlikdə, onların köməyi ilə Azərbaycanda bir çox sahələrin yeniləşməsi, modernləşməsi, yaxud da yenidən qurulması üçün ciddi işlər görmüşük.

Bunun da əyani sübutu bu gün burada bizim açdığımız buxar-generator qurğusudur.

Xatırlayıram, mən 1999-cu ilin mart ayında buraya gəldim, biz bu qurğunun təməlini qoyduq. Bura boş bir yer idi. Amma indi mən nə qədər xoşbəxtəm, nə qədər böyük məmnuniyyət hissi keçirirəm ki, cəmisi iki il bundan öncə təməlini qoyduğumuz belə nəhəng bir müəssisə artıq hazırdır, işə düşür. Biz bunu Yaponiyanın \"Niçimen\" şirkəti ilə bərabər etmişik. Bu qurğu Azərbaycanın kimya sənayesinin, təkcə EP-300 yox, başqa kimya müəssisələrinin də məhsuldarlığının artırılmasında çox böyük rol oynayacaqdır.

\"Azərkimya\" Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov bu qurğunun göstəriciləri haqqında, bunun bizə verəcəyi fayda haqqında ətraflı məlumat verdi. Siz, burada işləyənlər bunu yaxşı bilirsiniz. Ona görə də mən bu barədə əlavə söz demək istəmirəm. Ancaq onu bildirmək istəyirəm ki, bu qurğunun alınması, tikilməsi üçün və Yaponiyadan 90 milyon dollar kredit almaq üçün böyük səylər qoymaq lazım idi.

Biz dünyanın inkişaf etmiş ölkələri ilə işgüzar əlaqələr qurmuşuq. Onlardan biri də Yaponiyadır. Sizə məlumdur ki, bizim neft-qaz sektorunda 1994-cü ildə \"Əsrin müqaviləsi\" imzalanandan sonra böyük işlər görülübdür. Biz artıq onun nəticələrini alırıq və ondan bəhrələnirik. Ancaq biz eyni zamanda, iqtisadiyyatımızın, o cümlədən sənayemizin başqa sahələrini də inkişaf etdirməyə çalışmışıq və çalışırıq. Bu baxımdan Yaponiya ilə Azərbaycan arasında yaranmış dostluq, tərəfdaşlıq, işgüzar əlaqələr bizim üçün çox əhəmiyyətlidir. Cənab səfir mənim 1998-ci ilin fevral ayında Yaponiyaya rəsmi səfərim haqqında burada danışdı. Mən onunla razıyam ki, bu səfər həqiqətən, Yaponiya ilə rəsmi Azərbaycan arasındakı əlaqələrin sürətlə inkişaf etməsinin təməlini qoydu.

Vaxt keçdi, zaman keçdi, indiki Yaponiya çox inkişaf etmiş bir ölkədir. Yaponiya dünyada müasir, qabaqcıl texnikanın, texnologiyanın icad edilməsində və tətbiq olunmasında ön cərgələrdə gedən ölkələrdən biridir. Ona görə də biz Yaponiya ilə bu əlaqələri qurmağa çalışırıq. Əvvəlki illərdə də biz bir neçə addım atmışıq. Ancaq 1998-ci ildə mənim Yaponiyaya səfərim zamanı biz əlaqələri daha da yüksək səviyyəyə qaldırdıq.

Birincisi, Yaponiya hökuməti ilə Azərbaycan arasında 8 çox əhəmiyyətli müqavilə imzalandı. Onlardan biri Yaponiyanın baş naziri cənab Haşimato ilə mənim imzaladığım Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanatdır. Biz iqtisadi əlaqələr haqqında başqa sənədlər də imzaladıq. O vaxt biz Yaponiyada bütün dövlət, hökumət adamları ilə görüşdük. Yaponiyanın imperatoru ilə mənim çox səmərəli görüşüm oldu, baş nazir ilə bizim çox sıx əlaqələrimiz yarandı.

Parlamentin - orada iki palatadır - sədrləri ilə, bir çox nazirlərlə və əsasən də Yaponiyanın iqtisadiyyatını irəli aparan, dünyada məşhur olan böyük şirkətlərin, firmaların prezidentləri ilə mənim görüşlərim oldu. Mən onlara Azərbaycanın imkanlarını çatdırdım və onları əməkdaşlığa dəvət etdim.

Ondan bir az öncə Yaponiyanın \"İtoçu\" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əlaqələr artıq yaranmışdı. Onlar Azərbaycanın neft sənayesinə sərmayə qoymaq və bizimlə əməkdaşlıq etmək üçün təşəbbüs göstərdilər. Biz onu qəbul etdik və indi artıq Azərbaycanın neft sənayesində, Xəzər dənizinin Azərbaycan sektorunda Yaponiyanın üç şirkəti - \"İtoçu\", \"Mitsui\" və \"Çapeks\" şirkətləri fəaliyyət göstərir və çox uğurla işləyirlər. Amma biz çalışırdıq ki, Yaponiyanın investisiyası təkcə neft-qaz sektoruna yox, başqa sektorlara da gəlsin. Ona görə də hesab edirəm ki, biz Yaponiyada apardığımız danışıqlar nəticəsində çox böyük uğurlar əldə etdik.

Birincisi, ölkəmizin həyatı üçün çox vacib olan \"Şimal\" Elektrik Stansiyasının yenidən tikilməsi üçün Yaponiya Azərbaycana 320 milyon dollar miqdarında 40 illik və böyük güzəştlərə malik olan kredit verdi. İndi artıq bu kreditin bir hissəsindən istifadə edilir, \"Şimal\" Elektrik Stansiyası tikilir. Həmin kreditin ikinci hissəsindən də bu yaxınlarda istifadə olunmağa başlanacaq və qısa bir zamanda Azərbaycandakı istilik elektrik stansiyaların hamısından müasirliyinə görə yüksək səviyyədə duran bir kompleks yaranacaqdır.

1998-ci ildə biz Azərbaycanın kimya sənayesinin inkişaf etdirilməsi üçün Yaponiya ilə danışıqlar apardıq. Bu barədə \"Niçimen\" şirkəti təşəbbüs göstərdi, bizimlə əməkdaşlıq etmək istədiyini bildirdi. Mən \"Niçimen\"şirkətinin prezidenti hörmətli Vatari ilə Yaponiyada, sonra Azərbaycanda dəfələrlə görüşlər keçirmişəm, bu məsələləri müzakirə etmişəm. Bunların nəticəsində bu qurğunun yaranması üçün Yaponiyadan 90 milyon dollar dəyərində kredit alınıbdır. Həmin kreditdən istifadə olunub və indi biz gözəl bir qurğunun açılışının şahidiyik, onun iştirakçısıyıq.

Mən çox məmnunam ki, \"Niçimen\" şirkətinin prezidenti Vatari əziyyət çəkib, uzun bir məsafəni qət edib, Yaponiyadan gəlibdir və burada, bu mərasimdə bizimlə bərabər iştirak edir.

Bu sözləri deyəndə, mənim yadıma keçmiş tarixdən bir hadisə düşür. Hələ SSRİ vaxtında, mən Azərbaycana rəhbərlik etdiyim zaman anlayırdım ki, Yaponiya ilə əməkdaşlıq etmək lazımdır. Azərbaycana Yaponiya texnikasını, texnologiyasını gətirmək lazımdır. Biz o vaxt Yaponiyanın \"Toşiba\" şirkəti ilə, - təbiidir, bizim özümüzün vəsaitimiz yox idi, SSRİ-nin vəsaiti ilə 120 milyon dollar dəyərində - Bakı kondisionerləri zavodunu tikdik. O vaxtlar bu, SSRİ-də yeganə zavod idi və çox gözəl kondisionerlər istehsal edib həm Azərbaycana, həm də bütün ölkəyə verirdi.

Xatirimdədir, o vaxt bu zavod açılanda, hazır olanda da biz belə mərasim keçirdik. \"Toşiba\" şirkətinin rəhbərliyinə xəbər verdik. Düzdür, biz bir az gec xəbər verdik. Ancaq onun prezidenti, Yaponiyada ən məşhur insanlardan biri olan, indi dünyasını dəyişmiş cənab Doko da o vaxt Yaponiyadan gecə təyyarə ilə uçub səhər Azərbaycanda, Bakıda oldu və biz birlikdə Bakı kondisionerlər zavodunu açdıq. Görürsünüz, bu, 1975-ci ildə idi. İndi isə 2001-ci ildir. Yəni biz Yaponiya ilə hələ o vaxt əməkdaşlığa başlamışıq. İndi isə müstəqil dövlət olaraq, biz əməkdaşlıq edirik və bundan sonra da edəcəyik.

İndi bu qurğu hazırdır və güman edirəm ki, bizim \"Azərikimya\" birliyi bundan səmərəli istifadə edəcək, tam istehsal gücünə gətirəcək və bizim gözlədiyimiz nəticələri əldə edəcəkdir. Çünki təsəvvür edin, 90 milyon dollar kredit götürmüşük. Onu qaytarmaq lazımdır, bunu unutmayın. Biz buna dövlət təminatı vermişik, amma siz qaytaracaqsınız. O vaxt danışmışdıq, həm polietilen istehsalının yüksək səviyyədə olması ilə və həmin şirkətə satılması ilə, həm də başqa istehsal sahələrində lazımi vəsait qazanmaqla kreditin vaxtında qaytarılmasını gərək həll edəsiniz. Çünki biz Yaponiya ilə uzunmüddətli əməkdaşlıq etmək fikrindəyik.

Ona görə də gərək bu ilk işimiz bütün Yaponiyaya sübut etsin ki, birincisi, Azərbaycanda qısa bir müddətdə belə bir qurğunu yaratmaq olar. İkincisi, Azərbaycan müstəqil dövlət olaraq verdiyi öhdəlikləri yerinə yetirən bir ölkədir. Demək, etibarlı ölkədir.

Bu qurğunun tikilməsində 600-ə qədər inşaatçılarımız, quraşdırıcılarımız işləyiblər, maaş alıblar. İndi yüzdən artıq adam işləyir. Mən onun idarə olunmasına baxdım, hamısı kompüterlər vasitəsilədir. İki gənc mühəndis Yaponiyada ixtisaslaşma keçəndən sonra kompüterlərin arxasında oturub bütün bu qurğunu idarə edirlər. Nə qədər sevindirici haldır! Azərbaycan nə qədər yüksəlib və Azərbaycanın gəncləri, mühəndisləri bütün sahələrdə ən yüksək texnika, texnologiya tətbiq olunan işləri aparmağa qadirdirlər.

Yaponiya Azərbaycana 420 milyon Amerika dolları həcmində kredit veribdir. Dediyim kimi, bu, \"Şimal\" Elektrik Stansiyası üçün çox güzəştli kreditdir. Ondan sonra müxtəlif qrantlar vasitəsilə təxminən 40 milyon dollar həcmində vəsait qoyubdur. Beləliklə, Yaponiyadan Azərbaycana 460 milyon dollar gəlibdir.

Qrantlar haqqında da danışmaq istəyirəm. Hiss edirəm, Yaponiya-Azərbaycan dostluq əlaqələri Yaponiyada nə qədər qiymətləndirilir ki, Yaponiya Azərbaycanda təhsilin, səhiyyənin, kənd təsərrüfatının inkişafına qrantlar verir. Məsələn, Yaponiyanın qrantları hesabına alınan traktorlar, kombaynlar ən müasir səviyyədədir və bunlarla bizim kənd təsərrüfatında çox səmərəli işlər görülür. Bizim fermerlərin hər biri çalışır ki, belə traktorlar, kombaynlar əldə etsinlər.

Bizim əlaqələrimizin uzunmüddətli olduğunu və Yaponiya üçün, xüsusən bizim üçün nə qədər əhəmiyyət kəsb etdiyini bir də o göstərir ki, mənim Yaponiyaya səfərimdən sonra Yaponiya -Azərbaycan İqtisadi Əlaqələr Komissiyası yarandı. Yaponiya tərəfindən bu komissiyaya hörmətli Vatari, Azərbaycan tərəfindən baş nazirin müavini Abid Şərifov başçılıq edir. Bir neçə dəfə bu komissiya müştərək görüşlər keçiribdir. Növbəti görüş oktyabr ayında Tokioda olacaqdır. Bunlar hamısı Yaponiya ilə Azərbaycan arasında əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu göstərir.

Bir məqamı da bildirmək istəyirəm. Azərbaycan neft-qaz sənayesindən başqa, dünyanın bütün ölkələrindən kreditlərin ən çoxunu Yaponiyadan alır. Yəni Yaponiya Azərbaycana dünya dövlətləri içərisində ən çox kredit vermiş ölkədir.

Demək, Yaponiya Azərbaycana nə qədər əhəmiyyət verir. Eyni zamanda, Yaponiyadan aldığımız kreditlərin adambaşına həcminə görə Azərbaycan bütün MDB ölkələri içərisində birinci yerdə durur. Bax, görün, nə qədər gözəl əlaqələr var.

Bu gün burada bildirmək istəyirəm ki, biz bu əlaqələri çoxdan qurmuşuq və 1998-ci ildən onları sürətlə inkişaf etdiririk, bundan sonra da inkişaf etdirəcəyik. Ancaq təəssüflər olsun ki, özlərini siyasətçi adlandıran bəzi adamlar Yaponiyaya turist ziyarəti edib, orada Yaponiyanın turistlərə göstərdiyi çay mərasimində iştirak edəndən sonra gəlib burada qəzetlərdə müsahibələr verirlər ki, Yaponiya ilə əlaqələr qurmaq lazımdır, Yaponiya ilə iqtisadi əlaqələri genişləndirmək lazımdır, filan, filan, filan. Qəzetdən oxuya bilərsiniz. Mən bunu eşidəndə təəccüb etdim. Bu, bir tərəfdən gülməlidir. Gülməlidir ona görə ki, bu əlaqələr çoxdan qurulub, yaranıb və inkişaf edir. O adam indi bir dəfə turist kimi oraya gedib, indi Azərbaycan hökumətinə dərs öyrədir. İkinci tərəfdən ağlamalıdır. Ona görə ki, demək, bizim belə geridə qalmış, dünyadan xəbəri olmayan, Azərbaycanda gedən proseslərdən xəbəri olmayan siyasətçilərimiz var. Kül onların başına.

Mən bir daha \"Niçimen\" şirkətinə, hörmətli Vatariyə təşəkkür edirəm. Yaponiya dövlətinə, hökumətinə və Yaponiyanın Azərbaycandakı səfirinə təşəkkür edirəm. Mənim bugünkü nitqimdə elan olunan faktlar deməyə əsas verir ki, Azərbaycan -Yaponiya dostluq, tərəfdaşlıq əlaqələri - biz bu barədə 1998-ci ildə bəyanat imzalamışıq - bundan sonra da inkişaf edəcəkdir, iqtisadi əlaqələr inkişaf edəcəkdir və Yaponiya Azərbaycan üçün dünya dövlətləri içərisində ən əhəmiyyətli tərəfdaşlardan biridir.

Mən sizin hamınıza \"sağ olun!\" deyirəm. Burada bu qurğunun tikilməsində, başa çatdırılmasında zəhmət çəkmiş insanlara təşəkkür edirəm. Həm \"Azərkimya\" Dövlət Şirkətinin prezidentinə, həm də ən kiçik fəhləyə, hamıya təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu işləri davam etdirəcəyik. Biz Sumqayıt şəhərinin sənaye müəssisələrinə, başqa sahələrinə də çox ciddi diqqət veririk, onların canlanması üçün, müasir səviyyəyə qalxması üçün bir çox tədbirlər görürük. Əmin ola bilərsiniz ki, qısa bir zamanda biz bunlara nail olacağıq və Sumqayıt şəhəri yaşayacaq, Azərbaycan üçün nümunə olacaq və burada insanlar xoşbəxt, rifah içində yaşayacaqlar. Bütün bunlar Azərbaycanın milli azadlığının və dövlət müstəqilliyinin bəhrəsidir.

Biz xoşbəxtik ki, xalqımız azadlığa çıxıbdır. Biz xoşbəxtik ki, bizim özümüzün müstəqil dövləti var və bu ilin sonunda Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 10-cu ildönümünü keçirəcəyik. Biz xoşbəxtik ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda özünə layiq yer tutub və Azərbaycan hər yerdə Azərbaycan kimi tanınır.

Sizin hamınızı səmimi qəlbdən bir daha salamlayıram, sizə cansağlığı arzu edirəm, səadət arzu edirəm və müstəqil Azərbaycana gözəl gələcəklər arzu edirəm. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 7 iyul 2001-ci il.