Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Azərbaycanda biznes\" mövzusunda beynəlxalq konfransda nitqi - London, \"Royal Qarden\" mehmanxanası, 22 iyul 1998-ci il

Hörmətli cənab sədr!

Hörmətli cənab nazir!

Hörmətli xanımlar və cənablar!

Mən Sizi bu gün Londonda, bu möhtəşəm salonda səmimi qəlbdən salamlayır və bu konfransın işinə uğurlar arzulayıram.

Mən Birləşmiş Krallıqda, Londonda Birləşmiş Krallığın baş naziri cənab Toni Bleyrin dəvəti ilə rəsmi səfərdəyəm. Bu gün rəsmi səfərimin üçüncü günü başlanıbdır. Ancaq arxada qalmış iki gün müddətində Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı əlaqələrin gələcək inkişafı üçün dəyərli işlər görmək mümkün olmuşdur və mən bundan çox məmnunam.

Xüsusən dünən əlahəzrət kraliça ilə olan görüşüm mənim üçün böyük əhəmiyyətə malikdir. Dünən baş nazir cənab Toni Bleyr ilə görüşüm, apardığımız danışıqlar, söhbətlərimiz və nəhayət, imzaladığımız birgə sənədlər Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələrin gələcək inkişafı, bu əlaqələrdə yeni mərhələnin açılması üçün çox dəyərli əsaslar yaratmışdır. Ona görə də mən səfərimdən və görülən işlərdən razı olduğumu bildirmək istəyirəm. Birləşmiş Krallığın hökumətinə və mənim bu səfərimin həyata keçirilməsində xidmətləri olan nazirlərə, bütün təşkilatlara bizə göstərilən diqqət və qayğıya görə, mehriban, işgüzar şəraitə görə təşəkkür edirəm.

Bugünkü beynəlxalq konfrans mənim üçün çox əhəmiyyətlidir. Çünki burada təkcə Böyük Britaniyanın, Birləşmiş Krallığın deyil, dünyanın başqa ölkələrinin də iş adamları, Azərbaycanla iş görmək istəyənlər toplaşmışlar. Ona görə də bu konfransı təşkil edən şirkətə təşəkkürümü bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, konfrans qarşısında duran vəzifəni həyata keçirəcək və məqsədinə nail olacaqdır.

Hörmətli cənab nazir, Siz öz nitqinizlə bu konfransı açdınız. Birləşmiş Krallığın nazirinin konfransda iştirak etməsi və nitq söyləməsi, şübhəsiz ki, bu konfransın əhəmiyyətini daha da artırır. Hörmətli cənab nazir, Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələrə, Azərbaycan Respublikasının vəziyyəti və nailiyyətləri haqqında söylədiyiniz dəyərli fikirlərə görə və ümumiyyətlə, Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələrin inkişafına göstərdiyiniz xidmətə görə Sizə təşəkkür edirəm.

Cənab nazir, mən Sizin burada bəyan etdiyiniz fikirlərlə tamamilə razıyam və təsdiq edirəm ki, son dörd il ərzində Birləşmiş Krallıq ilə Azərbaycan arasında bütün sahələrdə, xüsusən iqtisadi əməkdaşlıq sahəsində xeyli işlər görülmüşdür. Məhz görülən bu işlər, əldə edilmiş nailiyyətlər nəticəsində biz artıq gələcək proqramlar, perspektivlər haqqında düşünür və müştərək işlər görürük.

Hörmətli xanımlar və cənablar! Azərbaycan Qafqazda yerləşən bir ölkədir. Uzun əsrlər müstəqillikdən, azadlıqdan məhrum olmuş xalqımız, ölkəmiz, nəhayət, 1991-ci ilin sonunda sovetlər ittifaqının dağılması ilə əlaqədar və bunun nəticəsində öz dövlət müstəqilliyini, milli azadlığını əldə etmişdir. Altı ildir ki, biz müstəqillik şəraitində yaşayırıq. Ancaq bu illər bizim üçün asan illər olmayıbdır. Keçmişdə sovetlər ittifaqına mənsub olmuş və ittifaq dağılandan sonra dövlət müstəqilliyi əldə etmiş respublikaların, ölkələrin hamısı indi keçid dövrünü yaşayır.

Bu gün Sizə bəyan edə bilərəm ki, bu ölkələrin hamısı keçmiş kommunist ideologiyasından, sosialist siyasi-iqtisadi, dövlət quruluşundan tamamilə imtina etmişlər. Hər ölkə özünəməxsus yolla gedir. Amma mənim müşahidələrim göstərir ki, həmin ölkələr bir-birindən bu və ya digər dərəcədə fərqli olaraq çalışırlar ki, bazar iqtisadiyyatı yolu ilə getsinlər. Ona görə də keçid dövrü bu ölkələrin hamısı üçün mürəkkəb dövrdür.

Azərbaycan üçün isə bu dövr daha çətin və daha ağırdır. Bunun səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycan 1991-ci ilin sonunda dövlət müstəqilliyini əldə edən zaman qonşu Ermənistanla müharibə vəziyyətində idi. Hələ 1988-ci ildə, qonşu Ermənistan Azərbaycanın tərkibində olan kiçik Dağlıq Qarabağ vilayətini, - oranın əhalisinin çox hissəsi erməni millətindən olduğuna görə, - Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdi göstərmişdi. Bunun nəticəsində də Azərbaycan ilə Ermənistan arasında münaqişə başlamış və sonra müharibəyə çevrilmişdir. Artıq 1991-ci ildə Ermənistanla Azərbaycan arasında müharibə, döyüşlər gedirdi.

Bu, Azərbaycanı başqa ölkələrdən fərqləndirən cəhətdir. Ancaq bunun bizim üçün, Azərbaycan üçün çox ağır nəticələri olmuşdur. Müharibə nəticəsində Ermənistan silahlı qüvvələri müxtəlif səbəblərdən, - şübhəsiz ki, bu ölkəyə bir neçə böyük dövlət tərəfindən xüsusi yardım göstərildiyinə görə, - Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal etməyə nail olmuşdur. Dağlıq Qarabağ və onun ətrafında olan ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və orada yaşayan bir milyondan artıq azərbaycanlı öz yerlərindən-yurdlarından zorla çıxarılmışdır. Altı ildir ki, onların əksəriyyəti ağır vəziyyətdə, çadırlarda yaşayır.

Bu, Azərbaycanın keçid dövrünü çətinləşdirən, ağırlaşdıran bir amildir. İkinci amil - Azərbaycan dövlət müstəqilliyi əldə edən zaman dediyim həmin bu müharibənin getməsi ilə əlaqədar və Azərbaycanın daxilində qeyri-qanuni cürbəcür silahlı dəstələrin, cinayətkar qrupların hakimiyyət mübarizəsinə qoşulması ilə əlaqədar ölkədə ictimai-siyasi vəziyyət qeyri-sabit, çox çətin idi.

Bu iki amil Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra onun müstəqil dövlət kimi siyasi, iqtisadi və başqa tədbirlər həyata keçirməsinə mane olmuş və bəzi hallarda bunu çox ləngitmişdir. Ancaq bu gün məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu iki amilin mənfi təsirini azaltmışıq, yaxud da tamamilə ləğv etmişik. Ermənistan ilə Azərbaycan arasında gedən müharibəni 1994-cü ilin may ayında dayandıra bilmişik. Ermənistanla Azərbaycan arasında saziş imzalanıb və dörd ildən artıqdır ki, atəş yoxdur, döyüşlər getmir, qan tökülmür, müharibə yoxdur.

Ancaq sülh də yoxdur. Biz Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə, ATƏT-in Minsk qrupu vasitəsilə həll etməyə çalışırıq, danışıqlar aparırıq. Bu danışıqlar müəyyən nəticələr verir, ancaq əsas nəticə hələ əldə edilməyibdir. Ümid edirəm ki, biz buna nail olacağıq.

Azərbaycanın daxili ictimai-siyasi vəziyyətini normal hala salmağa nail ola bilmişik. Keçmişdə Azərbaycanda mövcud olan qanunsuz silahlı dəstələr, cinayətkar qruplar, ayrı-ayrı siyasi qüvvələr tərəfindən istifadə edilən bu cinayətkarlar zərərsizləşdirilmişdir. Görülmüş tədbirlər nəticəsində artıq 1995-ci ildən Azərbaycanda ictimai-siyasi vəziyyət tam sabitləşdirilmişdir.

1995-ci ilin noyabr ayında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuş və 1995-ci ilin noyabrında demokratik seçkilər əsasında ilk parlament seçilmişdir. Beləliklə, biz müstəqillik əldə edəndən sonra ilk illərdə itirdiyimiz vaxtı son illərdə sürətli inkişafımız vasitəsilə müəyyən qədər aradan götürmək istəyirik və buna da nail olmuşuq.

Bunlar hamısı Azərbaycanın dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratması üçün imkanlar açıbdır. Xüsusən, indi Azərbaycanla dünyanın bir çox ölkələri arasında çox geniş iqtisadi əlaqələr yaranmışdır. Zəngin təbii sərvətlərinə, iqtisadi potensialına, coğrafi-siyasi vəziyyətinə görə Azərbaycana dünyanın bir çox ölkələri böyük maraq göstərir. Biz bu marağı alqışlayırıq və hətta həmin marağın artması üçün lazımi işlər görürük. Çünki Azərbaycanın gələcəyini yalnız və yalnız bütün sahələrdə, xüsusən iqtisadi sahədə ölkəmizin dünya ilə inteqrasiyasında görürük.

Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Dövlət quruculuğunda tutduğumuz yol demokratiya yoludur. Biz bu yolla gedirik və hesab edirəm, böyük nailiyyətlər əldə etmişik. Azərbaycanın iqtisadiyyatını sərbəst iqtisadiyyat, bazar sahibkarlığının inkişaf etdirilməsi, dünya iqtisadiyyatı ilə inteqrasiya olunmaq və bütün bunların nəticəsində bazar iqtisadiyyatını inkişaf etdirmək yolu ilə aparırıq.

Bu sahədə də nailiyyətlərimiz az deyildir. Siyasi, dövlət quruluşumuz, iqtisadi sahədə apardığımız siyasət, tutduğumuz yol bir-biri ilə bağlıdır - bütün sahələrin demokratikləşdirilməsi, siyasətdə, ictimai həyatda, iqtisadiyyatda demokratik islahatların həyata keçirilməsi. Azərbaycanda bu demokratik islahatlar artıq öz nəticələrini vermişdir. Bütün bunların nəticəsində də, qeyd etdiyim kimi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr tərəfindən indi Azərbaycana maraq günü-gündən artır. Ancaq bu, təkcə maraq deyil. Azərbaycanla xeyli işlər görülməyə başlanıb və bu işlərin də gözəl nəticələrinin şahidiyik.

Burada həm konfransın sədri, həm də hörmətli nazir Birləşmiş Krallıq ilə Azərbaycan arasında mövcud olan, hesab edirəm ki, çox yaxşı səviyyədə olan iqtisadi əlaqələr haqqında, Birləşmiş Krallığın 100-dən artıq şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi barədə danışdılar. Bu, həqiqətdir. \"Bi-Pi\" şirkəti, başqa şirkətlər Azərbaycana xeyli miqdarda sərmayə qoymuşlar. Birləşmiş Krallığın şirkətləri Azərbaycanın ilk neft müqaviləsi - \"Əsrin müqaviləsi\"nin həyata keçirilməsi ilə əlaqədar yaranmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sifarişlərinin böyük bir hissəsini götürüblər. Bu ölkənin şirkətləri Azərbaycanda məhz birinci müqavilənin həyata keçirilməsi ilə bağlı 350 milyon dollar dəyərində sifarişlər alıblar və ölkəmizdə uğurla işləyirlər.

Bunlar hamısı Azərbaycanda yaranmış vəziyyəti çox gözəl nümayiş etdirir. Biz bundan sonra da bu işləri bütün sahələrdə gücləndirmək istəyirik. Burada bizim nazirlər Azərbaycanın iqtisadi vəziyyəti, respublikamıza sərmayə gətirmək üçün yaranmış şərait və siyasi-iqtisadi islahatların aparılması nəticəsində əldə olunan nailiyyətlər haqqında danışacaq və rəqəmlər göstərəcəklər. Ancaq mən isə bu imkandan istifadə edib bir neçə ümumi söz demək istəyirəm.

Biz Azərbaycana xarici investisiyaların gəlməsinin tərəfdarıyıq və qeyd edtim ki, ölkəmizdə sahibkarlığın, bazar iqtisadiyyatının inkişaf etdirilməsi iqtisadi sahədə strateji yolumuzdur. Bunu təmin etmək üçün birinci növbədə lazımi qanunlar qəbul etmişik. Sahibkarlıq fəaliyyətini təmin etmək, maliyyə, vergi sistemini tənzimləmək, aqrar sahədə islahatlar aparmaq, xarici ticarəti liberallaşdırmaq üçün, ümumiyyətlə, iqtisadiyyatda liberallaşdırma prosesi aparmaq üçün 200-dən artıq qanun qəbul etmişik. Bu qanunlar bir çox sahələri əhatə edir, o cümlədən xarici sərmayələrin qorunması həmin sənədlərdə xüsusi yer tutur.

Məhz həmin qanunlar və onların həyata keçirilməsi Azərbaycanda bu iqtisadi şəraiti yaratmışdır. Biz Azərbaycanda iqtisadi islahatları bütün sahələrdə aparırıq. Özəlləşdirmə gedir, hesab edirəm bu sahədə nailiyyətlərimiz diqqətəlayiqdir. Aqrar sahədə də islahatlar aparırıq. Deyə bilərəm ki, bu islahatlar Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr içərisində ən cəsarətli islahatlardır. Biz torpağın xüsusi mülkiyyətə verilməsi, torpaq sahibinin onu satması, ya başqa adama verməsi haqqında qanun qəbul etmişik və bunu həyata keçiririk. Qısa müddətdə, son iki il ərzində aqrar sahədə apardığımız islahatlar öz nəticəsini vermişdir. İndi aqrar sahədə maldarlıq, demək olar, bütünlüklə özəlləşdirilib, torpağın əksər hissəsi sahiblərinə - kəndlilərə verilib və onlar bundan səmərəli istifadə edirlər. Məhz bunların nəticəsidir ki, əgər son yeddi-səkkiz ildə Azərbaycanda kənd təsərrüfatı istehsalı ilbəil 10-15 faiz aşağı düşürdüsə, bu ilin altı ayında 4 faiz artmışdır.

Sənaye sahəsində və iqtisadiyyatın başqa sahələrində də apardığımız islahatlar öz nəticəsini vermişdir. Bütün bunların sayəsində, Azərbaycan iqtisadiyyatında yeddi-səkkiz il davam edən tənəzzülün qarşısı alınmış və 1996-cı ildən başlayaraq artım müşahidə edirik. 1996-cı ildə ilk dəfə ümumi daxili məhsul istehsalı 1,3 faiz artmışdır. 1997-ci ildə bu, 5,8 faiz artmışdır. 1998-ci ilin altı ayında isə artım 9 faiz olmuşdur. Təsəvvür edin, əgər 1990-cı ildən 1996-cı ilədək ümumi daxili məhsul istehsalı 20-25 faiz aşağı düşürdüsə, biz bu tənəzzülün qarşısını ala bildik və son illərdə - 1996-cı, 1997-ci və 1998-ci illərdə gözəçarpacaq artıma nail ola bilmişik.

Azərbaycan böyük sənaye ölkəsidir, bizdə çoxsahəli sənaye var. Bunun bir çox hissəsi də keçmişdə sovetlər ittifaqının ümumi sənaye sisteminin bir parçası idi. Təəssüflər olsun ki, o dövrdə sovetlər ittifaqında bizim sənaye müəssisələri elə yaradılmışdı ki, ittifaqın başqa regionlarındakı müəssisələrlə çox sıx bağlı idi. Bu iqtisadi əlaqələr qırıldıqdan və bizim istehsal etdiyimiz məhsullara Rusiya bazarlarında tələbat azalandan, yaxud tamamilə tükənəndən sonra sənaye müəssisələrimizin çoxunun işi çətinləşmişdir.

Buna görə və keçid dövrünün başqa xüsusiyyətlərinə görə, son illərdə sənaye sahəsində də böyük tənəzzül var idi, sənaye istehsalı hər il 20-25 faiz aşağı düşürdü. Ancaq 1996-ci ildə bu tənəzzülü dayandırdıq. 1997-ci ildə sənaye istehsalı az da olsa, 0,3 faiz artdı. Amma 1998-ci ilin altı ayında istehsal 0,7 faiz artmışdır. Bu, böyük artım deyil, amma ötən illərdəki 20-25 faiz azalma ilə müqayisə edəndə, şübhəsiz ki, müsbət nəticədir. Bunlar hamısı apardığımız islahatlar nəticəsində mümkün olmuşdur.

Bizim maliyyə sistemində də çox ciddi dəyişikliklər əmələ gəlmişdir. Məsələn, 1994-cü ildə Azərbaycanda inflyasiya 1600 faiz təşkil edirdi. 1995-ci ildə təxminən 600 faiz idi. 1996-cı ildə biz inflyasiyanın qarşısını, deyə bilərəm ki, tamamilə ala bildik - inflyasiya təxminən 3-4 faiz oldu. 1997-ci ildə inflyasiya 0,4 faiz olub, bu ilin altı ayında isə 0,6 faizdir. Mən hesab edirəm ki, belə göstəricilərlə biz fəxr edə bilərik.

Bunun nəticəsində Azərbaycanın milli valyutasının - manatın dəyəri sabitləşmiş, möhkəmlənmişdir və ilbəil daha da möhkəmlənir. Valyutanın dönərliyini də təmin etmişik, bizdə bunlar hamısı sərbəstdir. Azərbaycanda maliyyə, valyuta sistemində tam sərbəst iqtisadiyyat prinsiplərini tətbiq etmişik və bu, öz nəticəsini verir.

Mən artıq dedim, Azərbaycana xarici sərmayənin gətirilməsi üçün bir çox qanunlar qəbul etmişik. Burada hörmətli nazirin çıxışından hiss etdim ki, hansısa əlavə tədbirlərin görülməsini də gözləyirsiniz. Mən bilmirəm, nə barədə söhbət gedir, hesab edirəm ki, hazırda bütün imkanlar yaranıbdır. Ancaq eyni zamanda bəyan edirəm ki, biz inkişafdayıq, hər bir şeyi təkmilləşdiririk və ilbəil təkmilləşdiririk. Əgər bizim iqtisadiyyatımızın bu gün və gələcəkdə də göstərdiyim istiqamətdə irəli getməsi üçün hansısa dəyərli təkliflər ola biləcəksə, onlara da baxmağa, lazımi tədbirlər görməyə hazırıq.

Amma onu bilməlisiniz ki, xarici şirkətlərin Azərbaycana gəlməsi və işləməsi üçün bütün imkanlar yaranıbdır. İndi Azərbaycanda, gərək ki, 1500 xarici şirkət işləyir. Bu, az deyil, ancaq bunların sayı get-gedə artır və artacaqdır. Xarici investorların Azərbaycanda iş görüb öz gəlirlərini repatriasiya etmək imkanı da bizim qanunlarla tənzimlənibdir. Yəni, burada iş görmək və gəlirini öz ölkəsinə aparmaq imkanı da verilibdir. Əgər bunun üçün başqa imkanlar yaratmaq lazımdırsa, biz bunları da yaratmağa hazırıq.

Ölkəmizə gələn sərmayənin əksəriyyəti Azərbaycanın 1994-cü ilin sentyabrından indiyə qədər imzaladığı neft müqavilələri vasitəsilə təmin olunur. Bilirsiniz ki, 1994-cü ilin sentyabr ayında Azərbaycan dünyanın bir çox iri neft şirkətləri, o cümlədən Birləşmiş Krallığın \"Bi-Pi\" Şirkəti ilə böyük müqavilə imzaladı. Buna \"Əsrin müqaviləsi\" dedilər. Azərbaycanın \"Azəri\", \"Çıraq\" və \"Günəşli\" yataqlarında müştərək iş görmək üçün 11 şirkət birləşib konsorsium təşkil etdi.

Artıq bu müqavilə həyata keçirilir. Bilirsiniz ki, keçən ilin noyabr ayında biz ilkin nefti aldıq və xarici bazara ixrac edirik. Bunun üçün biz bu müddətdə Bakı-Novorossiysk neft kəmərini tikib istifadəyə verə bildik və onunla nefti ixrac edirik. İkinci neft kəməri - Bakıdan Gürcüstanın Qara dənizindəki Supsa limanına boru kəməri çəkilir. Gələn il bu neft kəməri də istifadəyə veriləcəkdir.

Biz müqaviləni imzalayarkən əsas götürdüyümüz proqnozlara görə, müqavilə sahəsindən ümumən 510 milyon ton neft gözlənilirdi və müqavilənin həyata keçirilməsi üçün 8 milyard dollar həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdu. Bu gün məmnuniyyətlə bəyan edirəm ki, görülən işlər bu proqnozları müsbət mənada dəyişdiribdir. İndi məlum olur ki, 510 milyon ton yox, 630 milyon ton neft gözlənilir. Bu da təsadüfi deyil, çünki indiyədək \"Çıraq\" neft yatağında 5 quyu qazılıb və hər quyudan sutkada 500 ton neft gözləyirdik. Amma indi hər quyudan sutkada 2 min ton - dörd dəfə artıq neft alınır. Həmin yataqda 24 quyu qazılacaq. O biri yataqlarda da quyular qazılacaqdır. Beləliklə, görürsünüz ki, 630 milyon ton da hələ son rəqəm deyildir, dəyişəcəkdir.

Bu sahədə bizim apardığımız siyasət və qəbul etdiyimiz qərar özünü doğruldur. Biz 1994-cü ilin sentyabrından indiyədək Xəzərin Azərbaycan sektorundakı zəngin yataqların müştərək işlənilməsi üçün müqavilələr imzalamışıq. Bu müqavilələrin sayı dünənə qədər 12 idi. İlk müqavilə 1994-cü ilin sentyabrında imzalanıbdır. Dünən isə burada, Londonda baş nazirin iqamətgahında 3 yeni müqavilə imzalandı.

Birincisi, Azərbaycanın zəngin neft yataqları olan \"Araz\", \"Alov\" və \"Şərq\" perspektivli strukturlarının müştərək işlənilməsi üzrə Böyük Britaniyanın \"Bi-Pi\", Norveçin \"Statoyl\" şirkətləri ilə ARDNŞ arasında müqavilə imzalandı.

İkincisi - \"İnam\" neft yatağıdır. Bu yatağın müştərək işlənilməsi üçün Böyük Britaniyanın \"Monument Oyl ənd Qaz\" Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında müqavilə imzalandı. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının \"AMOKO\", Rusiyanın mərkəzi yanacaq neft şirkətləri də bu müqavilənin iştirakçılarıdır.

Üçüncü müqavilə isə Böyük Britaniyanın \"Remko\" Şirkəti ilə ARDNŞ arasında Azərbaycanın quruda yerləşən \"Muradxanlı\" və \"Cəfərli\" neft yataqlarının və \"Zərdab\" perspektivli strukturunun müştərək işlənilməsi üçün imzalanmış müqavilədir.

Beləliklə, indi müqavilələrin sayı 15-ə çatıbdır. Amma bizim hələ bundan sonra da neft yataqlarımız və Azərbaycana maraq göstərən şirkətlər vardır. Güman edirəm ki, bu proses davam edəcəkdir.

Bu rəqəmlər gündə dəyişir, amma mən deyə bilərəm ki, 14 ölkədən təxminən 26, 27, 28 şirkət Azərbaycanın böyük neft yataqlarında müştərək işlər görür. Hesab edirəm ki, bunlar XXI əsrin əvvəlindən axırına qədər Azərbaycanın bu ölkələrlə və neft şirkətləri ilə əməkdaşlığını təmin edəcək və gələcək üçün də əsas qoyacaqdır.

Bir sözlə, bu sahədə bizim gördüyümüz işlər müsbət nəticələr veribdir. Mən hesab edirəm ki, bunlar özü-özlüyündə Azərbaycanda iş görmək üçün yaradılmış şəraiti göstərir. İndi bu şirkətlərin hər biri Azərbaycanda öz ofisini açıbdır. Azərbaycanda xarici şirkətlərin ofislərinin sayı artıq xeyli çoxdur. Mənim burada görüşdüyüm yeni-yeni şirkətlər deyirlər ki, bu gün-sabah, bir-iki aydan sonra Bakıda öz ofislərini açacaqlar. Mən bu təklifləri məmnuniyyətlə qəbul edirəm, bəyənirəm, alqışlayıram. Hər bir şirkətin Azərbaycana gəlməsi üçün bütün imkanlar yaradılıbdır və yaradılacaqdır.

Bu, nəyi göstərir? Bu, onu göstərir ki, bizim ölkəmizin qapıları xarici şirkətlərin üzünə, ümumiyyətlə, xarici investisiyalar, ticarət üçün açıqdır.

Məsələn, biz xarici ticarəti tamamilə liberallaşdırmışıq. Liberallaşdırma nəticəsində bizim xarici ticarət dövriyyəmiz xeyli artıbdır. Bizim xarici ticarət dövriyyəmiz keçən il 1 milyard 600 milyon dollar təşkil edibdir. Amma bir neçə il bundan öncə belə bir rəqəm haqqında danışmaq mümkün deyildi.

Bizdə gömrük rüsumları çox azdır, 15 faizdən artıq ola bilməz. Şübhəsiz ki, bu da dünya ölkələri şirkətlərinin Azərbaycanla əlaqələr qurması, mal dövriyyəsi, ticarət üçün yaxşı imkanlar yaradır.

Azərbaycana xarici investisiyanın gəlməsi barəsində mən bu gün iftixar hissi ilə qeyd edə bilərəm ki, adambaşına gələn xarici investisiyanın miqdarına görə biz Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələr içərisində birinci yerdəyik.

Azərbaycana adambaşına 160 dollar xarici investisiya gəlir. Bu, MDB-nin üzvü olan bütün başqa ölkələrlə müqayisədə ən yüksək göstəricidir.

Bizdə özəl sektor inkişaf edibdir. Biz buna imkanlar yaratmışıq. Mən sizə dedim ki, biz aqrar sektorda bu sahədə proqram həyata keçirmişik və nəticələr əldə edirik. Özəlləşdirmə gedir, 18 min kiçik müəssisə özəlləşdirilibdir. Biz indi orta və böyük müəssisələrin özəlləşdirilməsinə başlamışıq. Təxminən 1200 orta və böyük müəssisə səhmdar cəmiyyətlərinə çevrilibdir. Onlardan təxminən 700 müəssisənin səhmləri tamamilə paylanıbdır. Bu rəqəmlər özü-özlüyündə çox şeyi göstərir.

Əgər nəzərə alsanız ki, Azərbaycanda özəlləşdirmə həqiqi mənada 1996-1997-ci illərdə aparılıbdır, bu iki il müddətindəki işlərin nə qədər yaxşı nəticəsi olduğunu görərsiniz. Özəl sektorun inkişafı nəticəsində, məsələn, keçən il əldə olunan ümumi daxili məhsulun 50 faizi özəl sektorun hesabına alınıbdır. Aqrar sahədə isə ümumi daxili məhsul istehsalının 85 faizi özəl sektorun hesabına əldə edilibdir. Bu onu göstərir ki, Azərbaycanda özəl sektor artıq özünəməxsus yer tutubdur, qısa müddətdə möhkəmlənibdir. Əgər bizim qanunlarımız, qaydalarımız buna imkan verməsəydi, özəl sektor qısa müddətdə bu cür inkişaf edə bilməzdi. Şübhəsiz ki, bu, bizim işlərin başlanğıcıdır. Amma bu başlanğıc gələcək üçün böyük yollar açır və böyük ümidlər verir.

Biz Beynəlxalq Valyuta Fondu ilə, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə və başqa mötəbər banklarla da sıx əməkdaşlıq edirik, kreditlər alırıq. Mən sizə deyə bilərəm ki, bizim xarici borcumuz çox minimal həcmdədir. Bizim təxminən 500 milyon dollar xarici borcumuz var. Xarici borcumuz ümumi daxili məhsulun istehsalında 10 faiz təşkil edir. MDB-nin üzvü olan başqa ölkələrdə isə bu, 25, hətta 30 faiz təşkil edir. Bizim xarici borcumuz Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan və başqa maliyyə qurumlarından aldığımız uzunmüddətli və çox güzəştli kreditlərin hesabınadır. Bizim başqa xarici borcumuz yoxdur.

Mən sizə deyə bilərəm ki, biz respublikamızın daxili işlərində müəyyən qədər çətinliklərlə rastlaşsaq da, Azərbaycanda xarici borcun artmasına imkan vermirik və çalışırıq ki, məsələləri öz daxili imkanlarımız vasitəsilə, eyni zamanda xarici şirkətlərin Azəbaycanda fəaliyyətindən alınan gəlirlər vasitəsilə həll edək.

Biz Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə sıx əməkdaşlıq edirik. Bizim göstəricilərimizə, apardığımız islahatlara onlar nəzarət edirlər. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, onlar bizim işlərimizə - həm apardığımız islahatlara, həm də əldə etdiyimiz nailiyyətlərə yüksək qiymət verirlər. Hətta onların nümayəndə heyətləri Azərbaycana gələn zaman və bizim nümayəndə heyətimiz Vaşinqtonda Beynəlxalq Valyuta Fondunda, Dünya Bankında olduğu zaman iqtisadiyyat, maliyyə sahəsində göstəricilərimizi MDB-nin üzvü olan başqa ölkələrə nisbətən nümunə kimi göstərirlər.

Şübhəsiz ki, bunlarla heç də arxayınlaşa bilmərik. Mən sizə bu cür müsbət məlumatlar verərək hesab etmirəm ki, biz iqtisadiyyat sahəsində çox şeylərə nail olmuşuq. Yox, biz sadəcə, tutduğumuz yolun başlanğıc mərhələsindəyik. Bilməlisiniz ki, biz hansı yolla getdiyimizi bilirik.

Bizim yolumuz islahatlar yoludur. Yolumuz bazar iqtisadiyyatının inkişaf etdirilməsi yoludur. Yolumuz sahibkarlığın inkişaf etdirilməsi yoludur. Yolumuz, ümumiyyətlə, sərbəst iqtisadiyyatın Azərbaycanda bərqərar olunması, özəlləşdirmə prosesinin sona çatdırılması yoludur. Biz bu yolla gedirik. Bu, asan yol deyildir. Bir çox ölkələr, o cümlədən iqtisadi cəhətdən inkişaf etmiş ölkələr bu yolu on illərlə, bəzən də yüz illərlə keçiblər. Biz heç də fantazyor deyilik və hesab etmirik ki, qısa bir zamanda bu yolu keçmək olar. Biz hər şeyə real baxırıq, real münasibət göstəririk. Ancaq əsas məsələ odur ki, biz tutduğumuz yola inanırıq və inanırıq ki, bu, öz nəticəsini verəcəkdir. Azərbaycanın daxili iqtisadi imkanları - həm təbii sərvətləri, həm iqtisadi potensialı, həm də intellektual potensialı dünyanın böyük şirkətləri ilə müştərək şəkildə, ölkəmizə gələn sərmayələrdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan iqtisadiyyatının yüksək səviyyəyə qaldırılmasını təmin edəcəkdir. Biz bunların nəticəsində Azərbaycan xalqının, vətəndaşlarının rifah halını yaxşılaşdıra biləcəyik.

Beləliklə, mən bu məlumatları çatdıraraq, sizə müraciət edirəm ki, Azərbaycanla öz işlərinizi gecikdirmədən qurun. Azərbaycanda ictimai-siyasi sabitlik hər bir xarici sərmayəçi üçün birinci şərtdir. Bu, təmin olunubdur. Mən sizə zəmanət verirəm ki, gələcək illərdə də təmin ediləcəkdir.

Mən sizə dedim, xarici sərmayənin Azərbaycana gəlməsi üçün 200-dən artıq qanun qəbul olunubdur. Lazım olan qanunlar bundan sonra da qəbul ediləcəkdir. Biz iqtisadiyyatımızda liberallaşdırma prosesini bundan sonra da aparacağıq. Ölkəmizin qapıları açıqdır. Kim gəlib Azərbaycanda sağlam iş görmək istəyirsə, bizim ölkəmizdə onun üçün bütün imkanlar vardır.

Hörmətli xanımlar və cənablar!

Mən sizinlə bugünkü görüşümü çox əhəmiyyətli hesab edirəm. Bu fürsətdən istifadə edib, Azərbaycanın vəziyyəti haqqında sizə müəyyən məlumatlar verdim və öz fikirlərimi, arzularımı sizə çatdırdım.

Sizin hər birinizə öz işlərinizdə uğurlar arzulayıram. Sizin hər birinizə Azərbaycan ilə əlaqələrin yaranmasında və inkişaf etməsində uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.

\"Azərbaycan\" qəzeti, 25 iyul 1998-ci il