Bu gün mən Nazirlər Kabinetinin rəhbərliyinin, aparatının və Prezident aparatının rəhbər işçilərinin birgə iclasını çağırmışam. Əsas məsələ Nazirlər Kabinetinin işinin təşkili və onun qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə əlaqədardır.
Müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olunmasından sonra respublikamızda dövlət quruculuğu sahəsində proseslərin sürətlə həyata keçirilməsi, inkişaf etdirilməsi üçün bütün imkanlar yaranıbdır. Hər bir dövlət orqanı bu imkanlardan istifadə etməlidir. Dövlət quruculuğu elə bir prosesdir ki, o, bir neçə müddət davam olunmalıdır. Şübhəsiz ki, bu proses bundan sonra da davam edəcəkdir. Ancaq işlərin təşkil edilməsi üçün tədbirlər sürətlə həyata keçirilməlidir.
Konstitusiyaya görə prezidentin ali icra orqanı kimi Nazirlər Kabinetinin dövlət sistemimizdə çox mühüm yeri var. Nazirlər Kabinetinin işinin konstitusiya prinsiplərinə əsasən təşkil edilməsi mühüm vəzifələrimizdən biridir. Ona görə də konstitusiya qəbul olunandan sonra bu ilin əvvəlində, yanvarın 8-də mən Nazirlər Kabinetinin ilk iclasını keçirdim, işin təşkil edilməsi, Nazirlər Kabinetinin fəaliyyətinin müvəffəqiyyətli olması üçün orada bir çox göstərişlər, tövsiyələr verdim. Artıq dörd ay keçibdir. Ancaq təəssüflə qeyd edə bilərəm ki, bu dörd ay müddətində Nazirlər Kabineti, nazirliklər, iqtisadiyyatın və sosial sahənin idarə edilməsi ilə əlaqədar olan təşkilatlar tərəfindən lazımi səviyyədə iş görülməyib.
Güman edirəm, bu da iqtisadiyyatımızda mövcud olan nöqsanların əsas səbəblərindən biridir. Ona görə də mən bu gün sizi buraya dəvət etmişəm. Bu məsələlər barəsində həm sizdən soruşmaq istəyirəm, həm də bu məsələlərin indən sonra necə həll edilməsi ilə əlaqədar müzakirə aparmaq istəyirəm.
Biz artıq 1996-cı ilin dörd ayını yaşamışıq. Dövlət büdcəsi çox gec olsa da qəbul olunubdur. İqtisadiyyatda mövcud olan çətinliklər, proseslər, çatışmazlıqlar, geriliklər davam edir. İqtisadiyyatı inkişaf etdirmək, əhalinin sosial təminatı ilə əlaqədar işləri həyata keçirmək üçün lazımi tədbirlər görülməyibdir. Bunlar hamısı məni narahat edir və şübhəsiz ki, ümumi işimizə çox böyük zərər vurur, aydındır ki, cəmiyyətimizi də narahat edir.
İqtisadiyyatı idarə etmək, sosial problemləri həll etmək üçün Nazirlər Kabinetinin üzərinə çox böyük vəzifələr düşür. Bunlar hamısı konstitusiyamızda yazılıbdır. Ancaq təəssüflər olsun ki, bu dörd ay müddətində bu sahədə lazımi iş görülməyibdir və mən bu gün məcburam ki, Nazirlər Kabinetinin işinin indiyədək olduğu kimi, qeyri-qənaətbəxş olduğunu qeyd edim. İşi yaxşı təşkil etmək üçün böyük struktur dəyişiklikləri edilməlidir. Bizim indiki idarəetmə, xüsusən iqtisadiyyatın əsas sahələrini idarəetmə strukturu, Nazirlər Kabinetinin strukturu keçmişdə, Sovetlər İttifaqı dövründə yaranmış və o dövrdən qalmış strukturdur.
Bu gün mən tələb etdim ki, Nazirlər Kabineti aparatının strukturu haqqında mənə məlumat versinlər. Mən gördüm ki, Nazirlər Kabinetinin aparatı 15-20 il bundan qabaq necə idisə, elə də qalır. Heç bir dəyişiklik yoxdur. Şübhəsiz ki, Nazirlər Kabineti özü tək bir aparatdan ibarət deyil. Aparat sadəcə olaraq Nazirlər Kabinetinin işini görmək üçün yaradılan və mövcud olan bir aparatdır. Nazirlər Kabineti hökumətə daxil olan nazirliklərdən, komitələrdən, konsernlərdən, şirkətlərdən ibarətdir. Bunlarda da bir dəyişiklik yoxdur. Bəzilərinin keçmişə nisbətən adı dəyişib, amma məzmunu eynidir. İş prosesi də elə keçmişdəki kimidir. Əlaqələr də, münasibətlər də keçmişdəki kimidir və ştatlar da keçmişdə necə var idisə, elə də qalıb.
Nazirlər Kabinetinin yanvarın 8-də keçirilən iclasında mən göstəriş verdim ki, bütün işlərimizi yaxşı qurmaq üçün birinci növbədə gərək biz iqtisadiyyatın idarə edilməsi sahəsində olan təşkilatların strukturunu müəyyənləşdirək və bunların hamısını bu günün tələblərinə uyğunlaşdıraq. O zaman mən yanvarın axırınadək vaxt verdim. İndi mayın 4-dür, amma heç bir təklif yoxdur, heç bir qərar da meydana çıxmayıb. Belə olan halda, şübhəsiz ki, müsbət nəticələr gözləmək mümkün deyil.
Struktur dəyişiklikləri indi iqtisadiyyatımızda gedən dəyişikliklər prosesi ilə bağlı olmalıdır. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik, iqtisadi islahatlar həyata keçiririk. Bilirsiniz ki, bu barədə qanunlar da qəbul etmişik. Mən bir çox fərmanlar vermişəm. Ancaq bunları həyata keçirmək üçün bizim Nazirlər Kabinetinin strukturu da, iqtisadiyyatı - sənayeni, kənd təsərrüfatını və iqtisadiyyatın bütün sahələrini idarə edən lazımi idarələrimizin strukturu da tamamilə başqa cür olmalıdır. Əgər siz köhnə strukturla yaşayırıqsa, demək, bu struktur bizi köhnə iş üslubundan, metodlardan, qanun-qaydalardan ayırmayacaqdır. Demək, burada sərbəstlik, müstəqillik, iqtisadiyyatda liberallaşdırma və başqa məsələlər olmayacaqdır. Çünki aparatın, strukturun hamısı köhnədirsə, əhval-ruhiyyə də köhnədirsə, demək yeniliyə imkan da, yol da yoxdur.
Mən çox təəssüf, həm də təəccüb edirəm ki, ötən dörd ay müddətində bu işlər görülməyib və mənim verdiyim göstəriş Nazirlər Kabineti tərəfindən yerinə yetirilməyib. Bu, yaramaz bir haldır.
İqtisadiyyatı təmin etmək üçün, şübhəsiz ki, mövcud istehsal müəssisələrinin ahəngdar işləməsi lazımdır. Bizdə böyük sənaye potensialı var. Məlumdur ki, bu sənaye potensialı bu gün keçmişdə olan gücü ilə işləyə bilməz. Bunun obyektiv səbəbləri var. Ancaq bu sənaye potensialı müasir tələblərə uyğun olaraq çox iş görə bilər. Xatırlayıram, bir il bundan əvvəl, 1995-ci ilin mayında Nazirlər Kabinetinin iclasında mən bu barədə - konkret nə etmək lazımdır - fikirlərimi demişdim. O vaxt bildirmişdim, bir ildən sonra, bir daha təkrar edirəm ki, zavodlarımız, fabriklərimiz bu gün keçmişdəki istehsal gücü ilə işləyə bilməz. Onların belə işləməsi üçün bir tərəfdən müəyyən xammal, ayrı-ayrı ölkələrdən alınıb komplektləşdirilən materiallar yoxdur və yaxud çatışmır, ikinci tərəfdən, keçmişdə istehsal edilən məhsullar, mallar bu gün bəlkə də o həcmdə, o qədər lazım deyil, yaxud lazım olanı da bu günün tələblərinə, standartlarına uyğun olmadığına görə o, özünə bazar tapa bilməz. Bu, məlumdur. Amma eyni zamanda hər bir zavodu, fabriki, hər bir istehsal müəssisəsini bu günün tələblərinə uyğun olaraq işlətmək və onun işini qurmaq mümkündür.
O vaxt mən göstəriş verdim ki, hər bir istehsal müəssisəsi bu tələblərə uyğun olaraq öz təkliflərini hazırlayıb versin. Nazirlər Kabinetində bunlara baxılsın. Bunun üçün, şübhəsiz ki, zavodlara ya yeni səlahiyyət vermək lazımdır, yaxud onlar haqqında qeyri-adi qərarlar qəbul etmək lazımdır. Bəzi məsələlərin keçmiş qanunlara uyğun olmayaraq həll edilməsinə icazə vermək lazımdır ki, onlar keçmiş sistemdə, ola bilər, görülə bilməzdi, amma bunu bu gün etmək lazımdır. Bir il keçibdir, mən bir təklif almamışam.
Xatirimdədir, mənim ünvanıma yalnız \"Bakı fəhləsi\" zavodundan bir təklif gəlmişdi, onu da göndərdim Nazirlər Kabinetinə, orada batdı getdi. Həmin bu göstərişi bu ilin yanvarında da vermişəm, amma dörd ay keçib, heç bir şey yoxdur. Bu cür işləmək olmaz.
Şübhəsiz ki, hər bir nazir, komitə sədri, şirkət, konsern rəhbəri, zavod, fabrik başçısı bu məsələdə özü təşəbbüskar olmalı və müasir tələblərə uyğun tədbirlər hazırlanıb həyata keçirməlidir. Bunu ona görə xüsusi qeyd edirəm ki, elə təsəvvür yaranmasın ki, bütün bu işlər sadəcə olaraq Nazirlər Kabinetində baxılmadığı üçün dayanıbdır. Dəfələrlə qeyd etmişəm, bu gün də deyirəm, biz təşəbbüskarlığa geniş meydan açmışıq. Təşəbbüskar müəssisə rəhbəri çox iş görə bilər, kollektivin daxilində olan yeni fikirlərdən, yeni təkliflərdən istifadə edərək xeyli tədbirlər həyata keçirə bilər.
Ancaq bununla yanaşı, məlumdur ki, bir çox tədbirlərin həyata keçirilməsi üçün ona yuxarıdan razılıq lazımdır. Bəlkə də bəzən qeyri-adi, cəsarətli tədbiri həyata keçirmək üçün ona həqiqətən ən yüksək səviyyədə sərəncam verilməlidir. Bunları isə bizim nazirlər, Nazirlər Kabineti etməlidir. Amma Nazirlər Kabineti bu işlərlə məşğul olmur. Ona görə də fabrik-zavodlarımızın hər ay verdikləri statistika məlumatından görünür ki, istehsal filan faiz aşağı düşdü. Bu da bizim üçün adi hal olubdur.
Aydındır ki, sənayemiz, ümumiyyətlə, iqtisadiyyatımız keçid dövrünü yaşadığına görə istehsalın keçmişdə olduğu kimi yüksək sürətlə inkişafından söhbət gedə bilməz. Bir dəfə demişəm, yenə demək istəyirəm ki, xatirimdədir, 70-ci illərdə, 80-ci illərin birinci yarısında Azərbaycanda sənaye istehsalı ildə orta hesabla 8-9, bəzən 10 faiz artırdı. Kənd təsərrüfatı istehsalında da artım təxminən o qədər idi. Əsaslı tikintidə də işlərimiz təxminən bu sürətlə gedirdi. Aydındır ki, biz bu sürəti əldə edə bilmərik - bu, real deyildir. Ancaq bəzi yerlərdə istehsalı artırmaq, bəzi yerlərdə mövcud səviyyədə saxlamaq, azalmağa yol verməmək mümkündür. Əgər buna nail olmamışıqsa, demək, nazirlərimiz, komitə sədrləri, müəssisə rəhbərləri və onlara rəhbərlik edən Nazirlər Kabineti - baş nazir, onun müavinləri, kabinetin aparatı qeyri-qənaətbəxş işləyirlər. Mən bu gün bunu deməyə məcburam. Bu cür işləmək olmaz!
İşləyirsiniz, işə də gəlirsiniz, işdən də gedirsiniz, kabinetinizdə də oturursunuz. Amma bu işin nəticəsi nədir? Əgər statistika göstərirsə ki, istehsal hər ay aşağı düşür, sənayeyə rəhbərlik edən adamların işinin nəticəsi nədən ibarətdir? Eləcə də başqa sahələrdə. Ona görə də bu tələbləri bir daha irəli sürürəm: birincisi, həddindən artıq narazılığımı bildirmək istəyirəm. Nazirlər Kabinetinin işindən çox narazıyam, bunu sizə açıq deyirəm. Biz bir yerdə işləyirik, hər birinizə çox böyük etimad göstərilibdir. Ancaq bilin, hələ ki, bu etimadı doğrultmursunuz. Mən bunu sizə açıq deyirəm. İkincisi, tələb edirəm ki, mənim verdiyim bu göstərişlər yerinə yetirilsin. Bunun üçün də Nazirlər Kabinetinin işində mütəşəkkillik olmalıdır.
Xatirimdədir, keçmişdə Sovetlər İttifaqının tərkibində olarkən tənqid edərdik ki, Nazirlər Kabineti, - o zaman Nazirlər Soveti deyirdilər, - həddindən çox iclaslar keçirir. Nazirlər Kabineti indi də cürbəcür iclaslar keçirir. Amma mənə deyirlər ki, Nazirlər Kabinetinin ümumi iclası keçirilmir, konkret məsələlər müzakirə olunmur.
Rusiyada da islahatlar keçirilir, Rusiya televiziyası vasitəsilə bunları görməyə imkanımız var. Keçmişdə olan bir çox qanun-qayda orada saxlanılıbdır. Məsələn, Nazirlər Kabinetinin müntəzəm olaraq iclasları keçirilir. Orada operativ məsələlərə dair komissiya var, onun müntəzəm iclasları keçirilir. Mən iclas naminə keçirilən iclasın əleyhinəyəm. Nəticəsiz, əhəmiyyətsiz iclasların keçirilməsini keçmişdə də həmişə tənqid etmişəm, bu gün də bunu deyirəm. Ancaq eyni zamanda məsələləri müzakirə etmək, qərar qəbul etmək lazımdır, o qərarın həyata keçirilməsini yoxlamaq lazımdır, onu yoxlayarkən də müzakirə etmək lazımdır. Nazirlər Kabinetində bu işlər də yoxdur.
Nazirlər Kabinetinin böyük aparatı var. Bu gün mən dedim ki, buraya aparatdakı şöbələrin başçılarını dəvət etsinlər. Həddindən artıq şöbə var. Yenə də xatırlayıram, keçmişdə, 15 il bundan öncə Azərbaycan Nazirlər Sovetində olan şöbələr hamısı eyni adda bu gün də var. Birincisi, keçən dəfə də demişdim ki, hər bir aparatda ixtisar aparmaq lazımdır. Bu qədər şöbə həqiqətən lazımdır, yoxsa yox! Mən bunu neçə dəfə demişəm. İkincisi, bəs bu şöbələr nə edirlər, nə işlə məşğuldurlar, işin nəticəsi nədən ibarətdir?
Eyni zamanda bizim Nazirlər Kabinetinin işində böyük bir xəstəlik də var. Bu, bizə keçmişdən miras qalmış xəstəlikdir, bürokratiya xəstəliyidir, bu, uzun illər hökm sürmüş xəstəlikdir. Amma keçmişdə belə bir ümumi fikir vardı ki, sovet sosilaist quruluşu ümumən bürokratik quruluşdur, orada hər bir şeyi, hər yerdə razılaşdırmaq lazımdır. Xatirimdədir, yenidənqurma vaxtı, - mən o vaxt Moskvada işləyirdim, - biz geniş tənqidə yol verəndə deyirdilər ki, belə şey ola olar, nə bilim, düymənin də qiyməti gərək Sovetlər İttifaqının Dövlət Plan Komitəsinin qərarı ilə müəyyən edilsin ki, beş qəpik, dörd qəpik, yoxsa üç qəpik olmalıdır. O vaxtlar belə tənqidlər vardı və doğrudan da ədalətli tənqidlər idi. Çox şey mərkəzləşmişdi, ona görə də, hər bir şey gərək Moskvada həll ediləydi. Yenə də deyirəm, haradasa düymənin də, iynənin də qiymətini dəyişmək üçün gərək yazılaydı, gedəydi, Dövlət Plan Komitəsinin qərarı çıxarılaydı, bəzi hallarda hətta Nazirlər Sovetinin qərarı çıxarılaydı. Biz illər boyu bu xəstəliyi tənqid etdik.
İndi yeni şəraitdə - müstəqil dövlətik, heç kəsdən asılı deyilik, hər şeyi özümüz həll etməliyik, amma bürokratiya dəhşətli səviyyəyə gəlib çatıbdır. Mən deyə bilərəm ki, indi təkcə Nazirlər Kabinetində deyil, bizim dövlət orqanlarında, hökumət orqanlarında, bütün orqanlarda bürokratiya həddindən artıq geniş miqyas alıbdır. Bürokratiya isə bizim düşmənimizdir, bütün işlərimizin getməsinə maneədir, əngəldir, kütlədə, cəmiyyətdə və insanlarda da böyük narazılıq yaradır. Narazılıq da haqlı narazılıqdır.
Təəssüf ki, bürokratiya Nazirlər Kabinetində çox kök salıbdır. Cürbəcür yerlərdən mənə deyirdilər ki, Nazirlər Kabinetinə bir kağız düşürsə oradan çıxmır, - iki ay, üç ay, dörd ay orada qalacaq, bir məsələni həll etmək mümkün deyildir. Onda bu, Nazirlər Kabineti olmadı ki! Nazirlər Kabineti indi Azərbaycanda dövlət sistemində ona görə mövcuddur ki, işlərin operativ həll olunmasını təmin etsin. Əgər işlərimizə əngəl olacaqsa, belə bir Nazirlər Kabineti bizə nəyə lazımdır? Amma bürokratiya təkcə sənədlərin gəlməsi, baxılması və hərəkəti ilə bağlı deyildir. İnsanlar, vəzifəli adamlar çox bürokratlaşıblar.
Dünən burada rəhbər vəzifəli bəzi şəxslərlə müşavirə keçirdim. Bəzilərinin vəzifədən sui-istifadə etməsi, qeyri-qanuni işlər görməsi haqqında çox ciddi iradlar tutdum və ciddi tapşırıqlar verdim. Bu gün də demək istəyirəm ki, vəzifəli şəxslərimiz ümumiyyətlə büroktratik xəstəliyə tutulublar və bundan heç ayrılmaq da istəmirlər. Elə bil ki, bunların canına işləyibdir. Bürokratiya o dərəcəyə çatıbdır ki, deyirlər, nazirlərlə danışmaq mümkün deyildir. Bizdə cürbəcür telefonlar var: şəhər telefonu var, hökumət telefonu - üçrəqəmli telefon, bir də dördrəqəmli telefon - ən yüksək hökumət telefonu var. Nazirlərimiz, vəzifəli şəxslərimiz hərə özünə bir-iki katib tutub, bütün bu telefonları keçirir onun otağına, bir adam da zəng edə bilmir. Onda üç telefon nəyə lazımdır, hamıya bir telefon qoyaq. Üç telefon ona görə qoyulubdur ki, birinə şəhərdən bir adam zəng edə bilər, o biri telefona geniş miqyasda bizim hökumət orqanlarında olan adamlar zəng edə bilərlər. Üçüncü ən yüksək səviyyəli telefon isə rəhbər işçilərin məhdud qrupunda var, bunlar bir-biri ilə danışmalıdırlar. Hamısını keçiriblər katiblərin otağına. Belə şey olarmı? Kim ixtiyar veribdir? Bu gün göstəriş verirəm, dördrəqəmli telefonlar bütün qəbul otaqlarından çıxarılsın. Həmin telefon yalnız məxsus olduğu adamın iş otağında ola bilər, katibində ola bilməz.
Amma məsələ təkcə bundan ibarət deyildir. Bunu mən inzibati yolla edirəm ki, necə deyərlər, özbaşınalığın qarşısını alım. Bilin ki, bu telefonlar qoyulub ki, siz əlaqə saxlayasınız. Siz bütün əlaqələrinizi kəsib katibinizə tapşırırsınız, o da kimi kefi istəyirsə sizinlə əlaqələndirir, ya əlaqələndirmir, yaxud da ümumiyyətlə deyirsiniz ki, məni əlaqələndirmə, kefim nə istəyir onu da edirəm. Belə işləmək olmaz ki! Mənə nə qədər şikayət edirlər. Siz özünüz də bunu bilirsiniz, bir-birinizə zəng edirsiniz. Çoxunuz dördrəqəmli telefonla zəng edəndə birbaşa həmin adama düşə bilirsinizmi? Yox! Amma səsinizi çıxarmırsınız, çünki günahkarsınız. Çünki zəng vuran da belə edir, o birisi də. Ona görə də bu barədə bir-birinizlə həmrəysiniz. Bunlar da hamısı işimizə zərər vurur. Mənə deyirlər, bizim vəzifəli şəxslər var ki, beş gün, on gün, on beş gün ona telefonla zəng etmək mümkün deyildir. Bunlar hamısı bürokratiyanın ən yüksək səviyyədə olmasını göstəriş Bütün bunlara son qoyulmalıdır. Yenə də deyirəm, bürokratiya hər yerdə var, yerli icra hakimiyyəti orqanlarında, icra hakimiyyəti başçılarında da var. Bu barədə mənə çox siqnallar gəlir. Tələb edirəm ki, onlara da lazımi iş aparılsın və bu bürokratik əhval-ruhiyyə, xasiyyət icra orqanlarından tamamilə kənar edilsin. Bizim nazirliklərdə, komitələrdə, şirkətlərdə, o cümlədən Nazirlər Kabinetində bürokratiya çox geniş yayılıbdır. Buna son qoymaq lazımdır.
Nazirlər Kabinetinin işi çox operativ olmalıdır. Hesab edirəm ki, baş nazir, onun müavinləri Nazirlər Kabinetində bu günün tələblərinə uyğun iş sistemi qurmalıdırlar. Bu iş sistemi də ondan ibarət olmalıdır ki, həftənin birinci günü, ikinci günü, üçüncü günü nə iş görülür - bir iş proqramı olmalıdır. Mühüm məsələlər həftədə bir dəfə, on gündə bir dəfə müzakirə olunmalı, lazımi tədbirlər görülməlidir.
Tapşırmışdım, bu gün mənə Nazirlər Kabinetinin rəhbərliyinin iş bölgüsünü veriblər, baş nazir hazırlayıb veribdir. Bu bölgü ilə ümumiyyətlə razıyam. Təəssüflər olsun ki, indiyə qədər Nazirlər Kabinetində normal iş bölgüsü də olmayıbdır ki, kim nə işlə məşğul olmalıdır. Məsələn, sənayemizdə vəziyyət çox ağırdır, amma Nazirlər Kabinetində sənaye ilə kim məşğul olur? Heç kəs. Hansı sahələrə kimin rəhbərlik etməsi barədə verilən təkliflə razıyam. Birincisi, buna riayət etmək lazımdır. İkincisi də, bu bölgüdə bir qüsur görürəm. Məsələn, yazırsınız ki, baş nazir, birinci müavinlər, müavinlər hansı şöbələrə rəhbərlik edirlər. Siz şöbələrə yox, sahələrə rəhbərlik edirsiniz. Şöbələr sizin aparatınızdır. Bu cür yaramaz. Sahələrə rəhbərlik etmək üçün şöbələr sizdən ötrü vasitədir. Amma burada yazmısınız ki, baş nazir bilavasitə hansı şöbələrə, birinci müavinlər filan şöbələrə, qalan müavinlər hərəsi hansı şöbələrə rəhbərlik edirlər. Necə yəni şöbələrə, siz sahələrə rəhbərlik edirsiniz.
Məsələn, burada yazılıb: maşınqayırma, energetika şöbəsi. Elə bunun özü isə bürokratik münasibəti göstərir. Siz maşınqayırma, energetika, neft kimyası sisteminə rəhbərlik edirsiniz, şöbəyə yox. Ona görə mən prinsip etibarilə bununla razıyam, amma forma etibarilə bu, qətiyyən yaramaz. Bu, təkcə forma deyildir, yenə də onu göstərir ki, siz hesab edirsiniz şöbəyə rəhbərlik edirsiniz, şöbə də o sahəyə rəhbərlik edir. Yox, sahəyə şöbə rəhbərlik etmir, ona baş nazir, onun müvafiq müavinləri rəhbərlik edirlər. Şöbə isə bu rəhbərliyi təmin etmək üçün aparatdır.
Keçmişdə burada da, Moskvada baş nazirin birinci müavini işləyəndə də mən belə şey görməmişdim. Məsələn, baş nazirin birinci müavini kimi bilavasitə rəhbərliyim altında on beş nazirlik var idi. Nazirliklərin, komitələrin, sahələrin adları yazılırdı. Yazilmirdi ki, hansı şöbəyə baxıram.
Ona görə də bunu dəyişirdin, bu şəkildə yaramaz. Yenə də deyirəm, məsələyə bu cür yanaşmaq Nazirlər Kabinetində bürokratik ünsürlərin indiyə qədər yaşamasını göstərir.
Hesab edirəm ki, Nazirlər Kabinetində sahələrə rəhbərlik etmək üçün yetərincə adamlar - baş nazir, onun müavinləri var və tələb edirəm ki, hərə öz sahəsi ilə məşğul olsun. Birincisi, hesab edirəm ki, baş nazirin müavinlərinə maksimum müstəqillik vermək lazımdır ki, onlar öz sahələri ilə ciddi məşğul olsunlar. İkincisi, prinsipial məsələlərin Nazirlər Kabinetində vaxtında həll olunması üçün işlək mexanizm yaradılmalıdır. Buna görə də baş nazir, onun müavinləri, hesab edirəm, işlər müdiri həftədə bir dəfə, uzun iclaslara yox, qısa müddətdə yığışıb məsələləri həll etməlidirlər. Siz plansız işləyirsiniz. Planlaşdırmalısınız ki, hansı məsələlərə nə vaxt baxmalısınız. Birinci rüb keçdi, amma ikinci rüb üçün planınız olmalıdır - hansı məsələləri, nə vaxt həll edəcəksiniz, kim hansı məsələyə cavabdehdir, hansı işi kim görmür? Yoxsa bunlar hamısı özbaşına gedir, harada necə varsa, o cür də gedir.
Əvvəllər deyilmiş sözlərə bir daha qayıdıram. Mövcud iqtisadi potensialımızdan səmərəli istifadə etmək lazımdır. Sənayedə, kənd təsərrüfatında, əsaslı tikintidə istehsal müəssisələri hərəsi özünə uyğun olan tədbirlərlə yaxşı işlədilməlidir. Ona görə də bir il bundan qabaq dediyim, dörd ay əvvəl verdiyim və indiyə qədər yerinə yetirilməmiş göstərişi bir də verirəm ki, baş nazir, hər müavin öz sahəsində qısa müddətdə işi canlandırmaq, hər bir müəssisəni işlətmək üçün tədbirlər görməlidir. Təşəbbüs, ola bilər, əvvəllər dediyim kimi istehsal müəssisələrindən gəlsin. Bəlkə də bu təşəbbüslər gəlib, sadəcə olaraq Nazirlər Kabinetində indiyə qədər onlara baxmamısınız, oturub müzakirə edib müəyyənləşdirmək lazımdır ki, hansı müəssisəni nə cür, nə vasitə ilə, hansı güclə, hansı sürətlə işlətmək olar.
Aydındır ki, bu, işlətmək naminə deyildir. İstehsal edəcəyimiz bütün məhsullar respublikamızın, ümumiyyətlə, xarici bazarın bugünkü tələblərinə uyğun olmalıdır. Əgər bu olmasa, belə istehsal da bizə lazım deyildir. Yəni istehsal naminə istehsal lazım deyildir. Müəyyən edilməlidir ki, hər bir məhsul nə üçün istehsal olunub, necə satılacaq, müəssisə, ümumiyyətlə, respublika ondan nə mənfəət götürəcəkdir. Bunlar əsas prinsiplər olmalıdır. Ona görə də hər bir müəssisənin istehsal gücünü hərəkətə gətirmək üçün keçmişdəki kimi birtəhər istehsal edib yığmaq lazım deyildir ki, sonra satılmayıb qalsın.
Biz keçən dəfə, yanvar ayında istehsalın, ümumiyyətlə iqtisadiyyatın belə vəziyyətə düşməsinin əsas səbəblərindən biri olan debitor borcları haqqında geniş söhbət aparmışıq. Mən o vaxt baş nazirə, Nazirlər Kabinetinə tapşırıq verdim ki, qısa müddətdə bu məsələni müzakirə edib təklifinizi bildirin. Hətta dedim ki, ən cəsarətli təkliflər də verə bilərsiniz. Bir-birinə olan borcların aydan-aya, rübdən-rübə artması bizi haraya gətirib çıxaracaqdır? Heç bir təklif yoxdur. Sonra bildim ki, Nazirlər Kabineti komissiya yaradıb. Tofiq Əzizov onun sədridir. Komissiya nə edir, mən bunu bilmirəm. Yəni o mənada bilmirəm ki, istəmirəm biləm komissiya bu gün nə etdi, sabah nə etdi. Bu komissiyanın işinin nəticəsi nədir, təklifiniz nədir? Dörd ay bundan qabaq sizə demişəm ki, təklif verin. Ən cəsarətli, ən riskli təkliflər verilməsini də tələb edirəm. Tələb edirəm ki, iqtisadiyyatımızı, maliyyə vəziyyətimizi yaxşılaşdıraq, müəssisələrin bir-birinə olan borclarını aradan qaldıraq. Heç bir təklif vermirsiniz, borclar da günbəgün, aybaay artır. Bu cür işləmək olmaz axı!
Hesab edirəm ki, o komissiyanı təşkil etməklə də bürokratiya yaratmısınız. Mənə belə gəlir ki, bu cür komissiyanın yaradılmasına da ehtiyac yoxdur. Sadəcə olaraq burada iki-üç-dörd prinsip ola bilər. Yığışın, məsləhətləşin - bu borcu bu prinsiplə, başqa prinsiplə ləğv edirik. Yaxud mən bir dəfə dedim ki, ya bunu dondururuq, yaxud hamısını silib yenidən başlayırıq və ya başqa bir şey edirik. Mən heç bir resept vermirəm, sadəcə olaraq mümkün variantları deyirəm.
Tələb edirəm ki, bu məsələ ilə məşğul olun. Sizə bir ay vaxt verirəm. Bir aydan sonra mənə rəsmi surətdə yazılı hesabat verməlisiniz ki, nə etmisiniz, nə əldə olunub, hansı təkliflərinizin həyata keçirilməsi üçün mənim bu işə qarışmağım, yaxud da bizim ümumi müzakirəmiz lazımdır. Beş gündən sonra verə bilərsinizsə, beş gündən sonra verin, on gündən sonra verə bilərsinizsə, verin. Amma sizə bir ay vaxt verirəm ki, bu müddətdə mümkün olan müəyyən tədbirləri həyata keçirəsiniz; o tədbirləri ki, həyata keçirə bilməzsiniz, amma təklifiniz var, bunları mənə verəsiniz. Ancaq deyim ki, bu, tamamilə sizin səlahiyyətinizə aid olan işdir və bunu özünüz edə bilərsiniz. Sadəcə olaraq, bəzi prinsipial məsələlər barədə məndən razılıq almaq lazımdır.
Bir qədər də struktur dəyişiklikləri barədə danışmaq istəyirəm. Struktur dəyişiklikləri dedikdə bunun iki mənası nəzərdə tutulur. Birincisi, xidmət sisteminin strukturunu sadələşdirmək və günün tələblərinə uyğunlaşdırmaq. İstehsal sahəsini götürək. On il bundan əvvəlki istehsal xeyli azalıbsa, buna rəhbərlik etmək üçün on il əvvəlki qədər aparat saxlamağa ehtiyac yoxdur. Mövcud nazirliklərin, komitələrin, idarələrin bir çoxu bu gün artıq, öz funksiyalarını itiribdir. Məsələn, keçmiş Dövlət Təchizat Komitəsi indi nə ilə məşğuldur, bilmirəm. Amma orada nə qədər adam işləyir, deyə bilərsiniz? (Yerdən səs: 400-dən artıq) 400 adam nə edir? Amma təkcə Material Ehtiyatları Nazirliyindən söhbət getmir.
Ona görə də struktur dəyişiklikləri deyəndə, yenə təkrar edirəm, birincisi, idarəetmə strukturunu bu günün tələblərinə uyğunlaşdırmaq, hansı təşkilatlar bizə lazımdırsa, gücləndirmək gərəkdirsə gücləndirmək, lazım olmayanları ixtisar etmək, aparatı ixtisar etmək lazımdır. Bu, eyni zamanda bürokratiyanın aradan götürülməsində də bizə kömək edəcəkdir. İkinci tərəfdən, struktur dəyişiklikləri bazar iqtisadiyyatı ilə əlaqədar idarəetmə strukturumuzun qurulması deməkdir. Dünən Ümumdünya Bankının nümayəndələri ilə söhbət edəndə də bu məsələ qalxdı. Bundan əvvəl də həm Beynəlxalq Valyuta Fondunun, həm də Ümumdünya Bankının nümayəndələri ilə danışıqlarımızda bu məsələlər meydana çıxmışdır.
Mən belə başa düşürəm ki, bu məsələlərin həyata keçirilməsində Nazirlər Kabinetinin böyük bir səhvi də budur ki, hesab edir bütün bu məsələlərin hamısını toplamaq, cəmləmək, sonra da bir gündə etmək lazımdır. Bu, mümkün deyildir. Ayrı-ayrı sahələrə baxmaq lazımdır. Məsələn, indi Səməd Sadıqov Material Ehtiyatları Nazirliyi barədə məlumat verdi. Amma mən keçən dəfəki müzakirəmizdə də demişəm ki, İqtisadiyyat Nazirliyimizin bu qədər böyük ştatının saxlanmasına ehtiyac varmı? Yoxdur! İqtisadiyyat Nazirliyimiz indiyə qədər keçmiş Dövlət Plan Komitəsinin strukturu ilə yaşayır. Ancaq Dövlət Plan Komitəsi yoxdur, biz ondan imtina etmişik, adını dəyişib İqtisadiyyat Nazirliyi qoymuşuq, amma onun vəzifələrini aparır.
Hamısını edə bilmirsinizsə, bir tərəfi götürün, İqtisadiyyat Nazirliyini - onu edin, Material Ehtiyatları Nazirliyini götürün - onu edin. Axı, hamısını bir gündə etmək mümkün deyildir. Bu barədə mənim göstərişlərimi alandan sonra gərək oturaydınız, özünüzə bir cədvəl, plan tutaydınız ki, bu həftə bunu edirik, o biri həftə onu edirik və sairə. Bilirsiniz, cari məsələlər həmişə vaxtımızı alır. Mən Fuad Quliyevdən soruşuram, hər dəfə deyir ki, \"cari işlər imkan vermir\". Cari işlər heç vaxt qurtarmayacaq, amma siz bunlarla yanaşı, qarşınıza məqsəd qoysanız ki, bu həftə bu məsələlərə baxırıq, nə olursa-olsun qurtarıb təklifimizi veririk, gələn həftə bunu, o biri həftə onu edirik, - bu, mümkündür. Məcbur edirsiniz ki, mən, necə deyərlər, bu məsələni çeynəyib gətirim ortaya qoyum. Axı, bunlar məlum məsələdir. Mən yeni bir şey ixtira etmirəm ki! Amma siz etmədiyinizə görə deməyə məcburam.
İqtisadiyyatımızı tamamilə inkişaf etdirmək üçün şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərini geniş surətdə tətbiq etməliyik. Bu da məhz struktur dəyişiklikləri deməkdir. Amma bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməkdə çox gecikmişik. Bunun obyektiv səbəbləri də var, ancaq səhlənkarlıq da, başqa səbəblər də var. Özəlləşdirmənin həyata keçirilməsini gecikdiririk. Proqram qəbul olunub, ancaq həyata keçirilməsi ləngiyir. Bu gün bir daha deyirəm ki, özəlləşdirməni sürətlə aparmaq lazımdır. Bu işi Tofiq Əzizova tapşırdım. Şübhəsiz ki, proqramın, müəyyən sənədlərin, cürbəcür əsasnamələrin hazırlanması sahəsində xeyli iş görülübdür. Ancaq özəlləşdirmənin əməli surətdə aparılması üçün lazımi səviyyədə iş görülmür. Bu işə daha da təkan vermək üçün bir ay öncə mən komissiya yaratdım. Bu komissiya da indiyə qədər lazımi iş görə bilməyibdir.
Özəlləşdirmənin ilk addımları göstərir ki, bu, ümumiyyətlə, yaxşı səmərə verə bilər, buna şübhə yoxdur. Ancaq bu, ilk addımlardır. Nədənsə, komissiyamız da lazımi səviyyədə işləyə bilmədi və özəlləşdirmə çox ləng gedir. Dünən mən baş nazirin birinci müavini Rasizadəni komissiyanın sədri təyin etmişəm. Komissiyadan, Dövlət Əmlak Komitəsinin sədri Tofiq Əzizovdan tələb edirəm ki, özəlləşdirmə ilə əlaqədar məsələləri birinci növbəli məsələ kimi həyata keçirsinlər. Hesab edirəm ki, özəlləşdirməni həyata keçirmək üçün lazımi sənədlər hazırlanıb, şərait yaranıbdır və son bir ayda bəzi müəssisələrin satılması onu göstərir ki, bu barədə təcrübə də əldə olunubdur. Ancaq belə sürətlə getsək, özəlləşdirməni heç beş il də qurtara bilməyəcəyik. Belə sürət yaramaz. Öhdəlik götürmüşük ki, bu il kiçik və orta müəssisələrin hamısı özəlləşdirilməlidir. Lakin ilin dörd ayı qurtardı. Komissiya bir ay müddətində çox plansız işləyibdir. Gəlin yığışaq, baxaq, görək bu məsələni necə həll edirik. Belə olmaz. Komissiyanın iş planı olmalıdır. O, müəyyən etməlidir ki, hər həftə nə iş görüləcəkdir. Hər ay üçün iş planı olmalıdır, iş də bu plana əsasən görülməlidir.
Şübhəsiz ki, bu işi görən əsasən Dövlət Əmlak Komitəsidir. Komissiyanı yaratmışam ki, həm dövlət komitəsinin işinə kömək etsin, həm də onun üzvləri öz imkanlarından istifadə edib bütün vasitələri bu tədbirin həyata keçirilməsinə səfərbər edə bilsinlər. Mən bu işləri Tofiq Əzizovdan və komissiyadan, onun sədri Rasizadədən tələb edirəm. İndiyə qədər komissiyanın işini çox pis qurmusunuz, belə işlə razı ola bilmərəm. Dövlət Əmlak Komitəsinin işində də indiyə qədər əldə edilən nailiyyətləri qiymətləndirdim, amma nəticələrə görə onun işi qənaətbəxş hesab edilə bilməz. Ona görə də bu məsələ ilə çox ciddi məşğul olmalısınız.
Aqrar sektorda islahatların keçirilməsi ilə əlaqədar bir neçə müzakirələr aparmışıq. Aprelin 2-də böyük müşavirə keçirdik, aqrar sektorda islahatların aparılması haqqında geniş söhbət getdi. Göz qabağındadır, Xızı rayonu heç bir böyük sənəd yaxud böyük proqram olmadan, bizim göstərişlərimizi yerinə yetirərək aqrar sektorda özəlləşdirməni aparıb, çox yaxşı da nailiyyətlər əldə edibdir. Zaqatala rayonunda da müəyyən təsərrüfatlarda islahat aparılıb və onlar da nəticələr əldə ediblər. Masallı rayonunda, başqa bir neçə rayonda da bu işlər gedibdir.
Aprelin 2-də göstəriş verdim ki, ümumi proqramların həyata keçirilməsini gözləmədən mal-qaranı özəlləşdirmək lazımdır. Bu, heç bir şeylə bağlı deyildir. Telefon danışıqlarında bunu kənd təsərrüfatı nazirinə bir neçə dəfə də bildirmişəm. Harada ki, mal-qara kənddə yaşayan əhaliyə, onu saxlaya bilənlərə verilib, artıq bunun mənfəətini görürük. Verdiyim göstərişləri bu gün bir daha təkrar edirəm. Aqrar islahat komissiyasından, onun sədri Abbas Abbasovdan tələb edirəm ki, bu məsələlərlə çox ciddi məşğul olsunlar.
Torpaq islahatı haqqında qanun layihəsi hazırlanıbdır. Bir-iki gün əvvəl soruşdum, dedilər ki, nəsə hələ tam deyildir. Qanun Milli Məclisdə hazırlanır. Abbas Abbasova da tapşırıram ki, onlarla əlaqə saxlayın, layihəni tezliklə mənə təqdim edin ki, biz ilkin müzakirəni aparaq, sonra Milli Məclisin müzakirəsinə verək. Bunlar hamısı lazımdır ki, indi görə biləcəyimiz cari işlərlə yanaşı, payıza qədər və bu payızda aqrar sektorda torpaq islahatı aparmaq, aqrar islahatlar keçirmək üçün geniş yol açaq. Payızdan o tərəfə keçə bilməz, ona görə də bu işləri indi görmək lazımdır.
Kənd təsərrüfatının cari işləri barədə aprelin 2-də ətraflı danışdıq. Mən kənd təsərrüfatı naziri ilə bir neçə dəfə əlaqə saxlamışam, onun verdiyi məlumata görə, müşavirədə verilən göstərişlər guya həyata keçirilir. Ancaq nə dərəcədə, nə səviyyədədir, bilmirəm. Dünən və bu gün də mənə məlumat gəldi ki, kənd təsərrüfatı işlərinin getməsinə müəyyən qədər mane olan amillərdən biri də əmək haqlarının verilməsinin yenə ləngiməsidir. Mən kənd təsərrüfatı nazirini buraya dəvət etmişəm, sonra bu barədə qısa məlumat verər. Həll edilməli məsələ varsa, bu gün baxıb həll etmək lazımdır. Kənd təsərrüfatında cari işlərin ləngiməsinə yol verə bilmərik.
Maliyyə sahəsində inflyasiyanın aşağı olması, demək olar ki, bir nöqtədə dayanması, milli valyutamızın dəyərinin sabitliyi iqtisadiyyatımızda, o cümlədən maliyyə sahəsində gördüyümüz tədbirlərin nəticəsidir. Bunlar müsbət hallardır və mən də müsbət qiymətləndirirəm. Ancaq bu da son hədd deyildir. Birincisi, bu məsələlərə çox ciddi nəzarət etmək, ikincisi, həmin sahədə olan tədbirləri bundan sonra da həyata keçirmək lazımdır. Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı ilə əməkdaşlığımız çox əhəmiyyətlidir, bizə çox mənfəət verir. Bir tərəfdən onların məsləhətlərinin, tövsiyələrinin həyata keçirilməsi, ikinci tərəfdən də həm Beynəlxalq Valyuta Fondundan, həm də Ümumdünya Bankından respublikamıza ayrılan kreditlər iqtisadiyyatımızın inkişafı üçün çox əhəmiyyətlidir. Ona görə də bu əməkdaşlığı davam etdirmək lazımdır. Bir çox layihələr haqqında bu günlərdə də müzakirələr gedibdir. Həmin layihələrin hazırlanması, həyata keçirilməsi sürətləndirilməlidir, gecikdirmək olmaz. Ümumiyyətlə, maliyyə vəziyyətimizə daimi nəzarət olmalıdır.
Bu gün sizi bir neçə belə iradlarımızı, fikirlərimizi çatdırmaq və xüsusən ilk konstitusiyamızla əlaqədar Nazirlər Kabinetinin işinin qurulması sahəsində lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək üçün dəvət etmişəm. Bu gün iqtisadiyyat haqqında geniş söhbət aparmağa ehtiyac duymuram, hesab edirəm ki, dediyim sözlər bəsdir. Tələb edirəm ki, bu gün irəli sürdüyüm təkliflər əsasında işlər lazımi səviyyədə qurulsun. Bu barədə kimin nə sözü, təklifi varsa, dinləməyə hazıram. Kənd təsərrüfatı naziri qısa məlumat versin ki, aprelin 2-dən indiyədək bu bir ay müddətində kənd təsərrüfatı ilə əlaqədar nə işlər görülübdür və bunlar indi nə vəziyyətdədir.
Yekun sözü
Güman edirəm ki, bugünkü görüşümüz Nazirlər Kabinetinin işinin daha səmərəli təşkil olunmasına kömək edəcəkdir. Bayaq dediyim kimi, bu gün buraya aparatın şöbə rəhbərlərini dəvət etmişəm. Onların işindən çox şey asılıdır. Əgər normal işləsələr, çox şeyləri tez həll etmək olar. Biz Nazirlər Kabinetinin işindəki bürokratiyadan danışırıqsa, bunun birinci günahkarları Nazirlər Kabinetinin şöbələridir. Ona görə də şöbələr özləri üçün ciddi nəticə çıxarmalıdırlar.
Nazirlər Kabineti ilə mənim aparatım arasındakı əlaqələr daha sıx olmalıdır. Bizim aparatdakı müəyyən strukturlar Nazirlər Kabineti ilə sıx əlaqə saxlamalıdırlar.
Sözümün sonunda vurğulamaq istəyirəm: bütün bu tədbirlər yalnız və yalnız cari, mövcud vəziyyətdə işimizi daha da yaxşılaşdırmaq üçündür. Ancaq işimizdə, iqtisadiyyatda böyük dönüş yaratmaq, yüksək nəticələr əldə etmək üçün strateji yolumuz islahatlar yoludur, iqtisadi islahatlar yoludur. Bunların da əsas istiqamətləri məlumdur, qanunlar, proqramlar qəbul olunubdur, onları həyata keçirmək lazımdır.
İqtisadi islahatları həyata keçirib Azərbaycanda bazar iqtisadiyyatını bərqərar etsək və onun normal fəaliyyəti üçün lazım olan şəraiti, qanun-qaydaları yarada bilsək, hesab edirəm ki, Azərbaycanın iqtisadiyyatında qısa müddətdə böyük dəyişikliklər olacaqdır. Azərbaycanın böyük iqtisadi potensialı var və indiki zamanda bunu yalnız və yalnız iqtisadi islahatları həyata keçirməklə işə salmaq mümkün olacaqdır. Görürsünüz, kənd təsərrüfatı naziri deyir ki, kənddə mal-qaranın paylanması ət problemimizi həll edibdir. Mənə hamı məlumat verir ki, indi bazarlarda ət problemi yoxdur, qiymət də qalxmır. Oradan-buradan çoxları qorxudurdu ki, bunu eləsəniz qiymət belə qalxacaq, onu eləsəniz belə qalxacaq, manatın dəyəri belə düşəcək, elə düşəcəkdir. Ancaq biz tutduğumuz yolla gedirik və nəticələri də görürük. Ola bilər, bunlar kiçik nəticələr olsun, lakin onu göstərir ki, tutduğumuz yol bizi böyük nəticələrə gətirib çıxaracaqdır. Bunu etmək lazımdır.
Ona görə sizi bir də dəvət edirəm ki, köhnə əhval-ruhiyyədən uzaqlaşın, çəkinin. Sizi köhnə stulunuza bağlayan telləri kəsib atın. Bilirəm, bəziləriniz mebeli dəyişdirməyi sevirsiniz. Amma elə mebelə dəyişdirin, eləsində oturun ki, yeni fikirlərlə yaşayasınız. Ona görə də bütün bu dəyişiklikləri etmək lazımdır. Sağ olun.