Hörmətli veteranlar, Böyük Vətən müharibəsinin qəhrəmanları!
Sizi İkinci dünya və 1941-45-ci illər müharibəsində Hitler faşizmi üzərində qələbə çalınmasının 50 illik yubileyi münasibətilə təbrik edirəm, hamınıza cansağlığı, uzun ömür, səadət və bütün işlərinizdə uğurlar arzulayıram!
İkinci dünya müharibəsi bəşər tarixində ən dəhşətli müharibə olmuşdur. Bu müharibə milyonlarla insanın həlak olmasına, şəhərlərin və ölkələrin dağıdılmasına gətirib çıxarmışdır. İkinci dünya müharibəsində, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Hitler faşizmi üzərində qələbə çalınmasında Azərbaycan Respublikasının, xalqımızın, respublikamızın vətəndaşlarının böyük rolu olmuşdur. Məhz buna görə bu günlər qələbənin 50 illik yubileyini böyük iftixar hissi ilə qeyd edir və onu xalqımız üçün, müstəqil Azərbaycan dövləti üçün böyük bayram hesab edirik.
Müharibənin ilk günlərindən Azərbaycan xalqı, respublikamızın vətəndaşları da Hitler faşizminə qarşı döyüşlərə başladılar. Müharibənin ilk günlərində 40 min nəfərdən artıq Azərbaycan vətəndaşı könüllü olaraq cəbhəyə getməyə yazıldı. Həmin dövrdə 180 min adam xalq ordusuna yazılmışdır. 1941-45-ci illərdə və ondan da qabaq Azərbaycanın oğul və qızları döyüşlərdə vuruşmuş, böyük rəşadət və qəhrəmanlıqlar göstərmişlər. Həmin illərdə Azərbaycan Respublikasından 700 min nəfərə qədər adam cəbhəyə getmişdir. Onlardan 300 min nəfəri həlak olmuşdur. Azərbaycanlılar, bizim respublikadan cəbhəyə gedənlər igidliklə vuruşmuş, alman faşizminə qarşı müharibənin son gününə qədər amansız və cəsarətli mübarizə aparmış, qəhrəmanlıq nümunələri göstərərək qələbənin əldə olunmasına öz paylarını vermişlər. Respublikamızın on minlərlə vətəndaşı, azərbaycanlılar döyüşlərdə fərqləndiklərinə, qəhrəmanlıq göstərdiklərinə görə yüksək orden və medallarla təltif edilmişlər.
Azərbaycandan cəbhəyə getmiş, döyüşlərdə qəhrəmanlıq göstərmiş 130 nəfər ən yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Vətəndaşlarımızın bir qismi müharibədən əlil və şikəst qayıtmış, sonralar bunun nəticəsində də həyatdan getmişdir. Bu gün bizim aramızda müharibənin ağrılarını və dərdlərini öz üzərlərində daşıyanlar da çoxdur. Bir sözlə, Hitler faşizminə qarşı müharibədə Azərbaycan xalqı, respublikamızın vətəndaşları qəhrəmanlıq, şücaət göstərmiş və tariximizə çox dəyərli səhifə yazmışlar.
Müharibənin uğurla aparılmasında və düşmən üzərində qələbə çalınmasında Azərbaycan Respublikasının xidmətləri arxa cəbhədə görülmüş işlərlə də bağlıdır. Müharibənin ilk günlərindən Azərbaycan Respublikasının bütün şəhər və kəndlərində, hər bir iş yerində insanlar qələbə naminə gecə və gündüz çalışmışlar.
Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. Azərbaycan neftçiləri gecə-gündüz neftin çıxarılması, emal olunması və çətin yollarla cəbhəyə göndərilməsi ilə məşğul idilər. Onların hər biri bu yolda canlarını qoyaraq faşizm üzərində qələbə çalınmasında səj göstərirdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq respublikamızda istehsal edilirdi. Azərbaycan Respublikasının sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi.
Beləliklə, Azərbaycan Respublikasının vətəndaşları, azərbaycanlılar bu qələbənin çalınması üçün həm bilavasitə döyüşlərdə, həm də arxa cəbhədə çox işlər görmüş, böyük fədakarlıq nümayiş etdirmişlər.
Azərbaycanda 416-cı Taqanroq, 223-cü Belqrad, 77-ci Simferopol diviziyaları təşkil olunmuşdur. Şəxsi heyətinin əksəriyyəti azərbaycanlılar olan bu diviziyalar Azərbaycandan, Qafqaz dağlarından döyüşə-döyüşə Berlinə qədər gedib çıxmış və qələbənin əldə olunmasına öz paylarını vermişlər. Mən böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, 416-cı Taqanroq diviziyasının qəhrəmanlığını əbədiləşdirmək üçün Rostov vilayətində bu diviziyanın döyüş şücaətinə böyük abidə ucaldılmışdır.
Bu abidəni Rusiya torpağında məhz Azərbaycan Respublikası, xalqımız yüksəltmişdir.
Krımda, Sapun dağında 77-ci Simferopol diviziyasının qəhrəmanlığını əbədiləşdirmək üçün böyük abidə qoyulmuşdur. Bunu da Azərbaycan Respublikası etmişdir.
Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərib həlak olmuş adamlara Azərbaycan Respublikasının hər yerində abidələr ucaldılmış, xatirə lövhələri vurulmuşdur. Onlar daim bizim qəlbimizdədir. Biz bu gün qələbə bayramının 50 illiyini respublikamızın həyatında fəal işlər görmüş və indi bizimlə birlikdə olan insanlarla qeyd edirik. Mən çox sevinc hissi keçirirəm ki, bizim bu Respublika sarayının salonunda sinələrində orden və medallar, qəhrəmanlıq nişanları olan veteranlar toplaşıblar. Yarım əsr bundan öncə qələbə çalıb, daha 50 il yaşayıb və bu gün qələbənin 50 illiyini bayram etmək böyük xoşbəxtlikdir. Bu xoşbəxtlik sizə nəsib olubdur. Mən bu münasibətlə sizi xüsusi təbrik edirəm.
Bu müharibə haqqında çox danışmaq olar. Ancaq bu gün buna ehtiyac yoxdur. Çünki buraya toplaşanların əksəriyyəti həmin müharibəni görmüş adamlardır. Gənclərimiz isə kitablardan və filmlərdən həmin müharibənin nə qədər dəhşətli olduğunu, digər tərəfdən, insanların qəhrəmanlıq zirvəsinə yüksəldiyini bilirlər. Bu müharibədə insanlar qəhrəmanlıq və rəşadət göstərməklə yanaşı, bir-biri ilə daha sıx yaxınlaşıb dost olmuşlar. Həmin müharibədə müxtəlif millətlərin nümayəndələri iştirak etmişlər. O vaxt Sovet İttifaqının tərkibində olan respublikaların, xalqların, millətlərin hamısının nümayəndələri bu müharibədə iştirak etmiş və bu insanlar cəbhədə, döyüş meydanlarında, səngərlərdə bir-biri ilə daha da yaxınlaşmış, dost olmuşlar. Bu dostluq bizim bu günümüz və gələcəyimiz üçün çox lazımdır.
Qələbənin əldə olunmasında dünya xalqlarının, mütərəqqi qüvvələrin əvəzsiz rolu vardır. 1941-45-ci illər Böyük Vətən müharibəsində qələbədə rus xalqının rolu yüksək qiymətə layiqdir. Rusiya Federasiyası xalqlarının, keçmiş Sovet İttifaqında yaşayan xalqların hər birinin bu müharibədə Hitler faşizmi üzərində qələbə çalınmasında fəaliyyəti və rolu var. Ona görə də bu gün burada, müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, qələbənin 50 illiyini qeyd edərkən mən xalqımız adından, buraya toplaşmış veteranlarımızın adından keçmiş Sovet İttifaqının bütün respublikalarının xalqlarına, rus xalqına Azərbaycan xalqının salamını, təbriklərini göndərirəm və onların hər birinə uğurlar arzulayıram.
İkinci dünya müharibəsində Hitler faşizmi üzərində qələbə faşizm əleyhinə qalxmış bütün dünya xalqlarının, dövlətlərinin ümumi və birgə səyi nəticəsində əldə olunmuşdur. Məlumdur ki, o vaxtlar əsas qüvvə \"Böyük koalisiya\" - Sovet İttifaqı, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransa idi. Onların birgə fəaliyyəti və faşizm əleyhinə koalisiyası bu qələbənin qazanılmasında xüsusi yer tutur. Avropa ölkələrinin müqavimət hərəkatları, faşizm əleyhinə qalxmış insanlar, siyasi qüvvələr, döyüşçülər fədakarlıq göstərmiş, özlərini qurban verərək faşizmin qarşısını almış və onun məhv olmasına öz paylarını vermişlər. Ona görə də bu gün qələbənin 50 illiyini qeyd edərkən bütün dünya xalqlarına Azərbaycan xalqının səmimi salam və təbriklərini çatdırıram. Xüsusən Amerika Birləşmiş Statları, Böyük Britaniya və Fransa xalqlarına Azərbaycan xalqı adından salamlar və təbriklər göndərirəm.
İkinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin qurtarmasından 50 il keçibdir. Bu 50 il Azərbaycan xalqının tarixində böyük və görkəmli yer tutur. Ötən 50 ildə onun müəyyən, indi bizim üçün ümumi olmayan cəhətləri ilə yanaşı, Azərbaycan xalqının həyatında böyük dəyişikliklər əmələ gəlmişdir.
Ümumiyyətlə, bu dövrdə dünyada bir çox dəyişikliklər olmuş, böyük proseslər getmişdir. Azərbaycan xalqı bu 50 ildə böyük, şərəfli yol keçmişdir. Həmin illərdə, Azərbaycan Respublikasının böyük iqtisadi, elmi, mədəni potensialı, geniş təhsil sistemi yaranmış və bu gün respublikamız ötən 50 il ərzində əldə etdiyi nailiyyətlərin əsasında yaşayır və irəli gedir. Əgər bu gün desək səhv etmərik ki, faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyinə gedən yol olmuşdur. Böyük iftixar hissi ilə qeyd edə bilərəm ki, Azərbaycan xalqı öz milli azadlığına nail olub, dövlət müstəqilliyini əldə edib və Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya birliyində layiqli yerini tutubdur.
Əziz veteranlar, Azərbaycan Respublikasının müstəqilliyinin əldə olunmasında sizin böyük xidmətləriniz var. Faşizmin qarşısı məhz sizin qəhrəmanlığınızın nəticəsində alındı. Məhz sizin fədakar əməyiniz sayəsində 50 il ərzində Azərbaycan yüksək inkişaf yolu keçdi və böyük iqtisadi, intellektual potensial topladı. Bunların əsasında Azərbaycan öz müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini tutdu.
Ona görə də, əziz veteranlar, əziz həmvətənlər, bacılar və qardaşlar, sizə dövlətimiz adından və şəxsən öz adımdan hörmət və təşəkkürümü bildirirəm!
Təəssüflər olsun ki, Azərbaycanın başına son illər böyük bəlalar gəlmiş, respublikamız, xalqımız Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Yeddi ildir ki, müharibə gedir. Bu müharibədə də bizim böyük itkilərimiz olmuş və o, Azərbaycan xalqına böyük faciələr gətirmişdir. Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız qaçqın düşmüşdür. Eyni zamanda onu da demək lazımdır ki, Azərbaycanın igid oğulları Vətənin, ərazimizin müdafiəsində veteranların təcrübəsindən istifadə edərək qəhrəmanlıq nümunələri göstərmiş, həlak olmuş, canlarını qurban vermiş, şəhid olmuş, torpağımızı qorumuşlar. Bu bayram günündə mən İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə edilməsi naminə həlak olmuş insanların hamısının ruhu qarşısında baş əyirəm. Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü qoruyaraq həlak olmuş qəhrəman döyüşçülərimizin ruhu qarşısında baş əyirəm. Respublikamızın düşdüyü indiki vəziyyət, Ermənistan tərəfindən ölkəmizə qarşı edilən hərbi təcavüz bizi dəvət edir ki, Böyük Vətən müharibəsinin, veteranlarımızın təcrübəsindən torpaqlarımızı, respublikamızın müstəqilliyini qorumaq, ordumuzu möhkəmləndirmək üçün səmərəli istifadə edək. Ona görə də belə hesab edirəm ki, Böyük Vətən müharibəsi veteranlarının gənc nəslə tövsiyələrinin, onlar arasında apardıqları işin müstəqil Azərbaycan dövlətinin qurulmasında, torpaqlarımızın qorunmasında, müdafiə olunmasında əvəzsiz rolu vardır. Əmin olduğumu bildirmək istəyirəm ki, veteranlarımız bu gün də sıradadırlar, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq üçün fədakarcasına çalışmağa hazırdırlar. Mən veteranların indiyədək gördükləri işləri yüksək qiymətləndirirəm və qarşıdakı işlərdə onlara böyük uğurlar arzulayıram.
Azərbaycan xalqı sülhsevər xalqdır. Hitler faşizminə qarşı müharibədə xalqımız sülhsevər xalq kimi sülhü, əmin-amanlığı qorumaq, bəşəriyyəti faşizmdən xilas etmək üçün döyüşə qalxmışdı. Azərbaycan xalqı bu gün də yalnız və yalnız öz ərazisini, torpaqlarını, Vətənini, dövlətinin müstəqilliyini qorumaq naminə döyüşür, vuruşur. Biz müharibə istəmirik. Biz müharibə tərəfdarı deyilik. Biz heç kəsin torpaqlarına göz dikməmişik. Ancaq öz torpaqlarımızı da heç kəsə verməyəcəyik.
Biz Ermənistanla Azərbaycan arasında gedən müharibədə on bir ay bundan əvvəl atəşin kəsilməsi haqqında məhz sülhsevər prinsiplər əsasında saziş əldə etmişik. Biz ötən müddətdə atəşkəs rejiminə riayət edirik. Sizin qarşınızda bu gün bir daha deyirəm ki, Azərbaycan dövləti Böyük Sülh Müqaviləsi imzalananadək bu atəşkəsə riayət edəcəkdir. Biz Ermənistanla Azərbaycan arasındakı müharibəyə son qoymaq, bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz bu yolu seçmişik və bu yolla da gedəcəyik.
MDB Parlamentlərarası Məclisinin böyük nümayəndə heyəti bu gün Azərbaycana gəlibdir. Onlar bizi ziyarət ediblər. Görüşlər keçirmişik, danışıqlar aparmışıq. Qələbənin 50 illiyi bayramını onlar bu gün burada bizimlə birlikdə qeyd edirlər. Bu salondadırlar. Mən onları salamlayıram. Azərbaycan xalqı adından, sizin adınızdan bu qələbə münasibətilə onları təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onların fəaliyyəti bölgədə sülhün, əmin-amanlığın bərpa olunmasına yönəldiləcəkdir və onlar da Azərbaycanın bu sülh məramlı siyasətinin uğurla sona çatmasına çalışacaqlar.
Biz atəşkəs rejiminə riayət edəcəyik. Biz sülh istəyirik. Ancaq sülh yalnız və yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, ölkəmizin dövlət sərhədlərinin, müstəqilliyinin və suverenliyinin toxunulmazlığı şərtləri əsasında ola bilər. Biz bu şərtlər əsasında danışıqlar aparırıq və aparacağıq. Güman edirəm ki, bütün dövlətlər, bu işə qoşulmuş bütün beynəlxalq təşkilatlar da bu məsələlərə daim ədalətlə yanaşacaq, respublikamızın vəziyyətini anlayacaqlar, biləcəklər ki, biz məhz bu prinsiplər əsasında regionumuzda uzunmüddətli sülhün təmin olunmasına çalışacağıq.
Mən bu gün bir qrup veterana qələbənin 50 illiyi münasibətilə təsis olunmuş medallar təqdim etdim. Bu medalları alarkən onların hamısı eyni sözlər dedilər: gün o gün olsun ki, biz yeni bir qələbəni qeyd edək və onu bayram edək. Mən də belə fikirdəyəm. Gün o gün olsun ki, Azərbaycan torpaqları işğalçılardan azad olsun!
Gün o gün olsun ki, işğal olunmuş torpaqlardan qaçqın düşmüş Azərbaycan vətəndaşları öz evlərinə, yurdlarına, obalarına qayıtsınlar! Gün o gün olsun ki, Azərbaycanın ərazi bütövlüyü tamamilə, əbədi olaraq təmin edilsin! Bir daha qeyd edirəm, biz bunların hamısına sülh yolu ilə nail olmaq istəyirik. Mən əminəm ki, biz buna nail olacağıq. Əminəm ki, o gün gəlib çatacaq. Əminəm ki, biz belə bir bayramı qeyd edəcəyik.
Əziz veteranlar!
Əziz bacılar, qardaşlar!
Sizin hamınızı bir daha səmimi-qəlbdən təbrik edirəm. Hər birinizi, müharibə veteranlarını qucaqlayıram, öpürəm, sizə öz hörmət və ehtiramımı bildirirəm. Hamınıza cansağlığı, xoşbəxtlik, uzun ömür arzulayıram. Sağ olun.