9 May Qələbə günü ümumxalq bayramıdır. Azərbaycan xalqı, ölkəmizin vətəndaşları da bu qələbənin əldə olunmasında fəal iştirak edib, şəhidlər verib, canlarını qurban veriblər. Bu müharibənin başa çatmasından 49 il keçir. İndi də müharibə içərisindəyik. Bugünkü müharibəni görəndə gərək, o müharibəni də yada salasan, biləsən ki, o, bütün dünya xalqlarına nə qədər bədbəxtlik, əzab-əziyyət gətirib. O müharibənin vurduğu yaralar indi də sağalmayıb. Bəlkə də o yaralar sizin hər birinizdə qalır, izləri var. Ona görə də ötən müharibəni, onun iştirakçılarını, o qələbənin mahiyyətini unutmaq tarix qarşısında cinayətdir.
600 mindən çox azərbaycanlının iştirak etdiyi, 300 mindən çox həmyerlimizin həlak olduğu bu müharibəni unutmaq mümkündürmü? İndi Azərbaycanda elə bir ailə tapmazsan ki, o müharibə ilə əlaqədar olmasın, itkisi olmasın. Məgər bunu unutmaq olarmı? Kim unudursa, böyük səhv edir. İllər, on illər, yüz illər keçəcək, amma bu müharibə unudulmayacaqdır. Çünki bu müharibə bütün dünyaya böyük dəhşətlər gətirib. O vaxt təkcə Sovetlər İttifaqında 27 milyon insan həlak olubsa, bütün dünyada bundan iki dəfə çox adam qırılıb...
Dünən gecə biz də, Ermənistan tərəfi də atəşin dayandırılması barədə əmr vermişik. Lakin bu səhər cəbhədən mənə məlumat verdilər ki, Ermənistan tərəfi yenə də atəşi kəsmir. Müharibə dəhşətli hadisədir. İndiki müharibəni qurtarmaq üçün gərək keçmiş müharibənin dəhşətlərindən ibrət götürəsən.