Hörmətli görüş iştirakçıları, bacılar və qardaşlar!
Hörmətli füzulililər, cəbrayıllıar, qubadlılılar!
Füzuli, Cəbrayıl, Qubadlı rayonları Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal edildikdən sonra sizin rayonların sakinləri üç ildir ki, Azərbaycanın digər yaşayış məntəqələrində - şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə müvəqqəti olaraq yerləşiblər, bir qismi binalarda, bir qismi çadırlarda yaşayır. Ancaq məlumdur ki, yerindən-yurdundan didərgin düşmüş, var-yoxunu itirmiş insanlar ağır şəraitdə - həm mənəvi, həm də maddi çətinlıklər içərisində yaşayırlar.
Bilirsiniz ki, bütün bu illər ərzində biz - Azərbaycan dövləti, hökuməti Ermənistanın təcavüzü nəticəsində doğma yurdundan zorla çıxarılmış vətəndaşlarımızın, o cümlədən Füzuli, Cəbrayıl, Qubadlı rayonları sakinlərinin məskunlaşdığı yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini-yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir. Bu, respublikamıza, xalqımıza qarşı olan təcavüzün və başımıza gələn bəlaların, faciələrin nəticəsidir.
Birinci növbədə, işğal edilmiş rayonların azad edilməsinə nail olmaq və həmin rayonlardan didərgin düşmüş Azərbaycan vətəndaşlarının öz doğma yerlərinə qayıtması üçün biz bütün səylərimizdən istifadə edirik və bundan sonra da istifadə edəcəyik. Bu işlərlə bərabər, yerini-yurdunu itirmiş hər bir Azərbaycan vətəndaşının yaşayışına, həyatına qayğı göstərmək üçün biz bu gün də çalışırıq, bundan sonra da çalışacağıq.
Sizin - Füzuli, Cəhrayıl, Qubadlı rayonları vətəndaşlarının indiki vəziyyəti haqqında bilavasitə məlumat almaq, dərdlərinizi, problemlərinizı daha yaxından bilmək üçün mən sizi, yəni bu üç rayonun nümayəndələrini görüşə dəvət etmişəm. Bugünkü vəziyyət və keçmiş illərdə olmuş proseslər haqqında şübhəsiz ki, sizdən fikirlər, mülahizələr gözləyirəm. Hesab edirəm ki, belə bir görüş, birinci növbədə, bizim ümumi birliyimizi, həmrəyliyimizi təmin etmək üçün və Azərbaycanın Ermənistan silahlı qüvvələrinin təcavüzündən xilas edilməsi, eyni zamanda, bugünkü cari məsələlərin həll edilməsi üçün də əhəmiyyətli olacaqdır.
Bu görüş bu gün məhz bu məqsədlə təşkil olunubdur. Mən hesab edirəm ki, bu gün burada açıq, səmimi söhbət aparmalıyıq. Heç kəs heç nədən çəkinməsin və utanmasın. Biz hər bir şeyi, hər bir tədbiri, fikrimizi, sözümüzü hər zaman aşkarlıq şəraitində həyata keçiririk, deyirik. Mən istərdim ki, bu gün də bu şəraitdə səmimi söhbətimiz olsun. Bu söhbətin daha mütəşəkkil keçməsi üçün, ola bilər, əvvəlcə rayon icra hakimiyyəti başçılarını dinləyək, sonra isə buraya dəvət olunanların hər biri çıxış edib, şübhəsiz ki, öz istədiyi sözləri deyə bilər.
Yekun nitqi
Hörmətli füzulililər, cəbrayıllılar, qubadlılılar, bacılar, qardaşlar, dostlar!
Bu gün gündüz saat 2-dən biz sizinlə bir yerdəyik. Hesab edirəm ki, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının bütün sakinləri ilə biz hamımız bir yerdəyik və son illərdə bu rayonların, yəni sizin rayonların həyatında, Azərbaycan Respublikasının həyatında baş vermis hadisələr, gedən ictimai-siyasi proseslər, törənmiş faciələr haqqında fikir mübadiləsi aparırıq, fikirlər, mülahizələr söyləyirik.
Mən bütün bu danışıqları, sizin hamınızı çox diqqətlə dinlədim. Bütün natiqlərin çıxışları eyni xarakterdədir, eyni məzmundadır, yəni bunlar hamısı 1988-ci ildən bəri Azərbaycanın həyatında gedən proseslərə müəyyən aydınlıq verir, həmin ildən Azərbaycana qarşı Ermənistan tərəfindən ərazi iddiası ilə başlanmış, sonra hərbi təcavüzə çevrilmiş məsələlərə aydınlıq gətirir. Sizin sözləriniz bu hərbi təcavüz, Ermənistanın Azərbaycana qarşı düşmən münasibəti nəticəsində respublikamızın başına gələn bəlalar haqqında aydınlıq yaradır. Bütün bunlar həqiqətdir, indiyə qədər də məlumdur. Amma bu gün sizin verdiyiniz məlumatlardan bir çox məsələlər bir daha dəqiqləşir. Məlum olur ki, Ermənistan 1988-ci ildə Azərbaycana qarşı hərbi təcavüz niyyəti ilə cürbəcür hərəkətlərə başlayandan Azərbaycanda onun qarşısına çıxan siyasət də olmamışdır, lazımi tədbirlər də olmamışdır. Böyük səhvlər, kobud səhvlər buraxılmışdır. Bununla yanası, Azərbaycanda belə vəziyyətdən istifadə edən cürbəcür qruplar, dəstələr, adamlar öz şəxsi mənafelərini təmin etmək üçün bu hərbi təcavüzün güclənməsinə şərait yaratmışlar və demək olar ki, onun Azərbaycan üçün belə dəhşətli nəticələrə gətirib çıxarmasına kömək etmişlər.
Respublikamız 1988-ci ildən indiyə qədər böyük itkilər veribdir. Ərazimizin 20 faizi Ermənistan silahlı quvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bizim vətəndaşlarımız - bu torpaqlarda yaşayanlar, oranın sakinləri zorla öz yerlərindən-yurdlarından çıxarılıblar. Bütün bu illərdə böyük insan tələfatı olubdur. Azərbaycan xalqı minlərlə şəhid veribdir. İnsanlar həlak olublar. İşğal olunmuş torpaqlarda Azərbaycanın varidatı dağılıbdır. İnsanların evləri, malları, əmlakı - hər bir şeyi əldən gedibdir, dağılıbdır. Azərbaycana böyük zərbələr - həm böyük mənəvi zərbə, həm də maddi ziyan dəyibdir. Şübhəsiz, ən dəhşətlisi odur ki, insanlar tələf olubdur. Döyüşlərdə şəhidlər vermişik. Qocalar, qadınlar, körpələr həlak olublar, vəhşicəsinə öldürülüblər, bir çoxuna işgəncələr verilibdir. İnsanlar böyük mənəvi zərbələr alıblar, böyük dəhşətlərlə rastlaşıblar. Bu zərbələr təkcə bizim xalqımıza qarşı olan təcavüz nəticəsində verilmiş itkilərlə tamamlanmır, həm də insanların mənəviyyatında, psixologiyasında baş vermis bir çox dəyişikliklərlə nəticələnmişdir. Bunlar hamısı xalqımıza dəyən zərbələrdir, millətimizə dəyən zərbələrdir, ölkəmizə dəyən zərbələrdir.
Bu gün biz bu məsələləri müzakirə edərkən birinci növbədə şəhidləri yad etməliyik, Azərbaycanın ərazi bütövlüyünü qoruyarkən, Azərbaycanın torpaqlarını müdafiə edərkən həlak olanları yad etməliyik. Buna görə mən rica edirəm ki, Azərbaycanın ərazi bütövlüyü yolunda həlak olmuş şəhidlərin, o cümlədən Füzuli, Cəbrayıl, Qubadlı rayonlarını müdafiə edərkən həlak olmuş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərə rəhmət eləsin!
Bilirsiniz, keçmiş illəri, o illərdə baş vermis hadisələri hər dəfə təkrarən yada salarkən, - bu gün də biz bunları ətraflı yada saldıq - insan dəhşətə gəlir. Nə üçün bizim respublikamız belə günə düşməli idi? Nə üçün biz bele ağır vəziyyətdə olmalıydıq? Nə üçün xalqımız belə faciələrlə üzləşməli idi? Şübhəsiz ki, bunun bir tərəfi bizdən asılı deyil. Ermənistanda olan ekstremist, terrorçu, separatçı, təcavüzkar qüvvələr çoxdankı niyyətlərini həyata keçirmək üçün 1988-cı ildə böyük fürsət əldə etdilər, bu fürsətdən məharətlə istifadə etdilər. Onlar əvvəl münaqişəyə başladılar, sonra isə bunu hərbi təcavüzə çevirdilər. Amma məsələnin ikinci tərəfi ondan ibarətdir ki, nə üçün Azərbaycan Respublikası, Azərbaycan dövləti, Azərbaycan hökuməti və Azərbaycan xalqı öz torpağını qoruya bilmədi, öz hüquqlarını qoruya bilmədi, öz respublikasını qoruya bilmədi? Əgər bu faciənin birinci tərəfi bizdən asılı deyildisə, ikinci tərəfi tamamilə bizdən asılı idi.
Mən hesab etmirəm ki, bizim xalqımız aciz xalqdır. Mən hesab etmirəm ki, bizim xalqımız bütün xüsusiyyətlərinə görə ermənilərdən, erməni xalqından gücsüz xalqdır. Mən belə hesab etmirəm. Güman edirəm ki, siz də belə hesab etmirsiniz. Bizim xalqımızın böyük tarixi, qəhrəmanlıq səhifələri ilə dolu tarixi məlumdur. Bizə də məlumdur, dünyaya da məlumdur. Əsrlər boyu dəfələrlə xalqımız yadelli qəsbkarlarla üzləşib, qarşılaşıb və dəfələrlə döyüşə qalxıb, torpaqlarımızı müdafiə edib, öz milli mənliyini qoruyub saxlaya bilibdir. Keçmiş nəsillər bizi bu günlərə gətirib çıxarıbdır. Əgər belə olmasaydı, indi nə Azərbaycan var idi, nə Azərbaycan xalqı var idi, nə də Azərbaycan milləti var idi.
Bu iyirminci əsrdə də bizim xalqımız bir neçə dəfə cürbəcür təcavüzkar xarakterli hərəkətlərlə rastlaşmışdır, ancaq onların da qarşısı alınmışdır. Doğrudur, əgər iyirminci əsri təhlil etsək, ayrı-ayrı mərhələlərdə bizim müəyyən itkilərimiz olmuşdur, o cümlədən torpaqlarımızın da müəyyən hissəsi itirilmişdir. Ancaq hesab edırəm ki, iyirminci əsrdə biz heç vaxt belə dəhşətli, faciəli bir vəziyyətə düşməmişdik. Bunun da əsas səbəbi bizim millətimizdə, xalqımızda deyil, adi insanlarda deyil. Bu gün artıq məlumdur və sizin dediklərinizdən bir daha aydın oldu, çıxışlarınız bu həqiqəti bir daha təsdiq etdi ki, Ermənistanın o iddiaları, təcavüzü başlayandan Azərbaycanın rəhbərliyində olanlar, Azərbaycanı idarə edənlər xalqımızın imkanlarından, respublikanın imkanlarından istifadə edə bilməmişlər və yaxud etmək istəməmişlər və bunların da hamısı bu cür uğursuzluqlara gətirib çıxarıbdır.
Əgər tək belə olsaydı, yəni bunların hamısı sadəcə bacarıqsızlıqdan meydana gəlsəydi, dərd yarı idi. Təəssüf ki, belə də deyil. Bir tərəfdən bacarıqsızlıq, millətə, xalqa qayğısızlıq, ikinci tərəfdən isə bütün bu şəraitdən ayrı-ayrı qrupların öz mənafeləri üçün istifadə cəhdləri və bunların nəticəsində Azərbaycanın daxilində gedən çəkişmələr, toqquşmalar, hakimiyyət mübarizəsi Azərbaycanı belə ağır, dəhşətli vəziyyətə gətirib çıxarıbdır. Bu fikirlər bu gün burada çıxış edənlərin hamısının sözlərində öz əksini tapdı. Bu fikirlər Baş Qərargah rəisi işləmiş Nurəddin Sadıxovun çıxışında da öz əksini tapdı. Nurəddin Sadıxovun dediyi faktların bəzilərini mən eşitmişdim, bəzilərini bu gün birinci dəfə eşidirəm. Nə qədər dəhşətli faktlardır! Ermənilərlə müharibə aparmaq əvəzinə burada ayrı-ayrı qruplar bir-biri ilə müharibə aparıblar. Nə üçün? Nədən ötrü? Vəzifə davası, hakimiyyət davası, şəxsi mənafelər davası! Bax, əsas səbəb bundan ibarət idi. Ən əsas səbəb budur. Çox təəssüflər olsun! Bilirsiniz, tək təəssüf etməklə qurtarmaq olmaz. Bundan böyük nəticələr çıxarmaq lazımdır. Amma ola bilərdi ki, Azərbaycanın vəziyyəti, - siz bu gün bunu qeyd etdiniz, mən də demək istəyirəm, - bundan da pis olsun.
1993-cü ilin əvvəlində Azərbaycanda yaranmış dövlət böhranı, siyasi böhran ölkəmizi vətəndaş müharibəsinə gətirib çıxardı. Əgər bu vətəndaş müharibəsinin qarşısı alınmasaydı, əgər o dəstələr, qruplar - Azərbaycanı bu günə salan, bu cür faciələrə gətirib çıxaran dəstələr, qruplar, şəxslər aşkar olunmasaydı, zərərsizləşdirilməsəydi, sıradan çıxarılmasaydı, təsəvvür edin, Azərbaycanı nə qədər böyük faciələr gözləyirdi!
Nurəddin Sadıxov dedi, ermənilərin hücumunu dəf etmək əvəzinə cəbhə bölgələrindən topları, "Qrad" qurğularını, başqa ağır texnikanı çıxarıb Gəncədə hakimiyyət əleyhinə qalxmış qüvvələrin qiyamını yatırmağa çalışırdılar. Bəs nə üçün bu qüvvələr hakimiyyətin əleyhinə çıxaydı? Bu, belə də olmalıydı, çünki əgər o cür quldurlar, o cür yaramaz adamlar gəlib ali komandan vəzifəsinə çatmışdılarsa, Surət Hüseynov kimi adam Dağlıq Qarabağın baş komandanı vəzifəsinə təyin edilmişdisə, Rəhim Qazıyev kimi yaramaz bir şəxs müdafiə naziri, İsgəndər Həmidov kimi yaramaz bir şəxs Azərbaycanın başqa bir silahlı qüvvələrinin başçısı olmuşdusa və Azərbaycanın başında belə adamlar oturmuşdularsa, bu, başqa cür ola bilməzdi.
Siz görürsünüz, bunların hərəsinin öz iddiası var idi. Məsələ tək onda deyildi ki, Surət Hüseynov gəlib respublikada prezident olmaq istəyirdi, Rəhim Qazıyev də olmaq istəyirdi, İsgəndər Həmidov da olmaq istəyirdi, İsa Qəmbərov da olmaq istəyirdi - hamısı olmaq istəyırdi. Bəla bundan ibarət idi. Əgər əmin-amanlıq dövrü olsaydı, yəni müharibə olmasaydı, Azərbaycana qarşı heç bir təcavüz olmasaydı, içəridən bunlar nə edirdilərsə, bu, ola bilsin, belə zərərli olmazdı. Ancaq Azərbaycan artıq bir neçə il ərzində Ermənistan tərəfindən təcavüz altında olduğu halda, Ermənistan torpaqlarımızı işğal etdiyi halda, insanlar gedib Azərbaycanın torpaqlarını qorumaq üçün canlarını qurban verdiyi bir zaman bunlar burada bir-biri ilə hakimiyyət davası aparırdılar.
Amma baxın, o hakimiyyət davası aparanların biri də gedib həlak olmamışdır, biri də cəbhədə döyüşməmişdir, biri də şəhid olmamışdır. Baxın, o şəhidlərin içərisində kimlər var? Varmı belə adamlardan biri? Yoxdur! Şəhidlər vətənini sevən əsl Azərbaycan gəncləri olublar. Həlak olanlar sədaqətli Azərbaycan vətəndaşları olublar. Erməni qəsbkarları gəlib onları öz yerlərində, yurdlarında öldürüblər, qırıblar. Amma bu hakimiyyət davası aparanların heç birisinin nə mülkü dağılıbdır, nə də özləri şəhid olublar. Görürsünüz, bunlar nə qədər dəhşətli insanlar imiş! Əgər vəziyyət belə davam etsəydi, görün Azərbaycanın başına nələr gələcəkdi! Bu, mülahizə deyil, bu, 1993-cü ilin may-iyun aylarında Azərbaycanda yaranmış vəziyyət idi. Onu siz yaxşı bilirsiniz, çünki hamınız o günləri yaşamısınız. Bunlar 1993-cü ilin iyun ayından sonra Azərbaycanda geden proseslərdir.
Bəli, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı. Mən Azərbaycana gəldim, vətəndaş müharibəsinin qarşısını aldım. Bunu siz hamınız etiraf edirsiniz. Ancaq bununla iş qurtarmadı. Yenə də vətəndaş müharibəsi salmaq istəyən adamlar öz fəaliyyərini davam etdirdilər. Xatırlayın biz nə qədər tədbirlər gördük ki, Əlikram Hümbətov kimi bir qulduru zərərsizləşdirək və cənub zonasında toplanmış silahları, sursatları onun əlindən alaq. Nə üçün Azərbaycan həmin iyun, iyul, avqust aylarında belə ağır itkilər verdi, bu rayonlar da işğal olundu? Burada tamamilə doğru deyildi ki, onların işğal olunması artıq əvvəlki illərdə və aylarda gedən proseslərin məntiqi nəticəsi idi. Amma xatirinizdədirsə, həmin iyun, iyul, avqust aylarında Əlikram Hümbətov Azərbaycanın bir hissəsini zəbt edib oturmuşdu Lənkəranda və "respublika" elan etmişdi, Azərbaycanın bir çox adamları da gedib ona baş əyirdilər və onunla bir yerdə hərəkət edirdilər, o cümlədən də Rəhim Qazıyev.
Ondan sonrakı dövrü götürün. Bəli, biz ordunu qura bildik. Burada doğru deyildi, oktyabr ayında mənim çağırışımdan sonra, mən ümumi səfərbərlik elan edəndən sonra ordu qurulmağa başlandı. Ondan sonra bizim ordumuz hücumlara keçdi. Bir çox istiqamətlərdə, demək olar ki, bütün cəbhə boyu biz hücuma keçdik və erməni qəsbkarlarını bütün cəbhə boyu geri oturtduq. O cümlədən Füzuli rayonunun işğal edilmiş ərazisinin bir hissəsi azad olundu. İndi burada 45-50 min əhali yaşayır.
Ancaq bizim içimizdə olan qüvvələr o dövrdə də Azərbaycanda vətəndaş müharibəsi salmaq və Azərbaycanı dağıtmaq cəhdlərindən yene əl çəkmədilər. Məhz bunların nəticəsi idi ki, 1994-cü ilin oktyabr ayinda Gəncədə başını qaldırmış Surət Hüseynov və onun dəstəsi və onunla bərabər olan XTPD, başqa dəstələr - hamısı birləşib burada dövləti devirmək istədilər. Ancaq o vaxt biz nə təyyarə qaldırdıq ki, kimisə bombalasınlar, nə cəbhədən top çıxarıb gətirdik bura, nə "Qrad" gətirdik, nə də başqa şey gətirdik. Sadəcə olaraq xalqa müraciət etdik. Xalq ayağa qalxdı.
Əgər bu Xalq Cəbhəsi doğrudan da Xalq Cəbhəsi idisə, nə üçün həmin 1993-cü ildə Surət Hüseynov, başqaları baş qaldırarkən xalqa müraciət edib xalqın gücü ilə Surət Hüseynovu yerində olurda bilmədi? Nə üçün təyyarələr göndərdilər ki, Gəncəni bombardman eləsinlər? Nə üçün tankları, topları, "Qrad" qurğularını Ağdamdan, başqa cəbhə bölgələrindən çıxarıb oraya gətirdilər ki, oranı bombalasınlar? Nə var, nə var, bir Surət Hüseynovu məhv eləsinlər. O da orada qan tökdü. Əgər bu, doğrudan Xalq Cəbhəsi idisə, xalqa müraciət edəydi, bu xalq da qalxaydı, onun qarşısını alaydı. Necə ki, biz oktyabr ayında bunu etdik. Halbuki biz heç adımızı "Xalq Cəbhəsi" qoymamışıq. Amma biz xalqıq, xalq bizik. O, xalq deyil, adını "Xalq Cəbhəsi" qoyub. Onun "Xalq Cəbhəsi" adını daşımaq haqqı yoxdur, mənəvi haqqı yoxdur. Əgər Xalq Cəbhəsi idisə, xalq o hadisələrin qarşısını alaydı və Azərbaycan belə faciələrə gəlib çıxmayaydı.
1994-cü ilin oktyabr ayında Azərbaycan yenidən böyük bir təhlükə, böyük bir fəlakət qarşısında durdu. Amma xalq ayağa qalxdı, təhlükənin qarşısı alındı. Bundan sonra yenə də əl çəkmədilər. Bu işin içində olan və bütün bu məlumatları alan adam kimi, mən o vaxt da bilirdim və bu gün də sizə deyirəm ki, 1995-ci ilin mart ayında Azərbaycan həqiqətən böyük bir təhlükə qarşısında idi. İş onda deyil ki, terrorçular gəlıb Heydər Əliyevi qətlə yetirəcəkdilər. İş onda deyil, amma Azərbaycan dağılacaqdı. Bu təhlükə var idi, çünki bütün qüvvələr birləşmişdi. Təsəvvür edin, onda Moskvada oturan Ayaz Mütəllibov, Rəhim Qazıyev və başqaları, Xalq Cəbhəsi və Kələkidə oturan Əbülfəz Elçibəy, xarici ölkələrdən gəlmiş emissarlar birləşmişdilər. 3-4 gün bundan qabaq məhkəmə prosesi getdi, iki nəfər cəza aldı - biri Türkiyə vətəndaşı Kənan Gürel, o biri də Ayaz Mütəllibovun keçmişdə müşaviri olmuş, həmin o Kənan Gürellə, Rövşən Cavadovla, Xalq Cəbhəsi ilə, Əbülfoz Elçibəylə Mütəllibov arasında əlaqə quran və bunların hamısını bir yerə yığan Adil Hacıyev. Görün nə qədərdir, hamısı birləşiblər. Nədən ötrü? Bir-birinə zidd olan qüvvələr birləşib hərəsi özünə burada hakimiyyət payı istəyirdi.
Yenə də respublika belə ağır vəziyyətdədir. Ona görə də bu gün söhbət tək Füzuli, Qubadlı, Cəbrayıl rayonları haqqında getmir, bütün respublikanın vəziyyəti haqqında gedir. Şübhəsiz ki, Azərbaycanın bir hissəsi kimi, bu rayonların vəziyyəti bu gün burada müzakirə olunub. Füzuli rayonu, Qubadlı rayonu, Cəbrayıl rayonu Azərbaycanın ayrılmaz hissələri, gözəl guşələridir. Bu bölgələr gözəl təbiəti ilə, gözəl sərvətləri ilə və gözəl insanları ilə bütün tarix boyu Azərbaycanın inkişafında böyük rol oynayıbdır. Torpağımızın hər bir qarışının itməsi bizim üçün dəhşətlidir, ancaq belə rayonların - Qubadlı, Cəbrayıl rayonlarının və Füzuli rayonunun bir hissəsinin artıq 3 ildir ki, düşmən tapdağı altında qalması bizim üçün ağır dərddir, böyük bir faciədir.
Burada bütün başqa xüsusiyyətlərlə yanaşı, bir cəhəti də qeyd etmək istəyirəm. O da bundan ibarətdir ki, bu rayonlar Arazboyu rayonlardır, Azərbaycanın İran ilə sərhəd rayonlarıdır. Bu rayonlardan dəmir yolu xətti keçir, həmin xətt Naxcıvana gedir. İndi bunlar hamısı kəsilib, hamısı dağılıbdır. Yenə deyirəm, bu rayonların ərazisində - Füzuli, Cəbrayıl, Zəngilan rayonunu da götürsək, Füzulinin azad olunmuş hissəsini çıxsaq, qalan hissəsində bizim İran ilə təxminən 120 kilometr sərhədimiz öz əlimizdə deyil, Ermənistan silahlı qüvvələrinin əlindədir. Təəssüflər olsun ki, erməni işğalçıları o rayonları dağıdarkən çox sərbəst Arazdan o taya, bu taya keçirlər. İrana da keçirlər və alınan məlumatlara görə, orada ticarət də edirlər və o rayonların varının-yoxunun bir hissəsini o taya keçirib satır, onlardan istifadə edirlər.
Bu rayonlarda Azərbaycanın bütün başqa bölgələri kimi, bizim böyük əmlakımız yaranmışdı. Həmin rayonların təbii sərvətləri böyükdür, təbiəti zəngindir, torpaqları zəngindir. Amma tamamilə doğru qeyd olundu ki, orada böyük əmlak da yaranmışdı, Azərbaycan xalqının, ayrı-ayrı adamların mülkü yaranmışdı. Həqiqətən, biz 70-ci illərdə o rayonları sürətlə inkişaf etdirəndən sonra insanlar özlərinə nə qədər gözəl, yaraşıqlı binalar, evlər tikdilər. Təsəvvür edin, bizim hörmətli vətəndaşımız, Azərbaycanın hörmətli şəxsiyyətlərindən biri - Şamama xanım burada qeyd etdi. O, Füzuli rayonunda 40 il kolxoz sədri olmuşdur, kolxozda işləmişdir, orada nə qədər böyük işlər görmüşdür. Elə təkcə o yox, orada nə qədər nəsillər böyük işlər görmüşlər. Xatirimdədir, biz üzümçülüyü inkişaf etdirən illərdə orada bir ildə 120 min ton üzüm istehsal olunurdu. Orada nə qədər emal zavodları yarandı, nə qədər böyük-böyük binalar tikildi. Füzuli şəhərində bir mədəniyyət sarayı tikilmişdi ki, öz gözəlliyi ilə insanları heyran edirdi. O vaxt bizim rayonlarda gözəl bir yarış var idi. Hər bir rayon istəyirdi ki, o biri rayondan gözəl mədəniyyət sarayı tiksin. Mən də bunu dəstəkləyirdim. Mən istəyirdim ki, hər bir vətəndaş özünə ev tiksin, bina tiksin. Mən istəyirdim ki, bizdə məktəblər tikilsin, xəstəxanalar tikilsin, istehsal muəssisələri tikilsin. Amma eyni zamanda mən çox istəyirdim ki, mədəniyyət ocaqları yaransın və bunlar da yarandı. Onlardan biri Füzuli rayonunda olan mədəniyyət sarayı idi. Orada mən neçə dəfə ümumrespublika müşavirələri keçirmişəm. Hər dəfə heyran olurdum ki, Füzulidə necə gözəl bir saray var, insanlar gəlib burada istirahət edirdilər, burada musiqi çalınır, mahnı oxunur, teatr tamaşaları göstərilir, mədəniyyətimiz təbliğ olunur.
Bunlar hamısı əldən getdi, dağıldı.
Yenə də deyirəm, insanlar nə qədər firavan yaşayırdtlar. Bir Füzuli deyil, burada Cəbrayıl haqqında da danışdılar. Xatirimdədir, Cəbrayıl rayonu pambıq əkirdi, hər il də mən oranın rəhbərlərini tənqid edirdim ki, onlar 2 min tondan artıq pambıq yığa bilmirlər. Sonra biz müayinə apardıq və müəyyən etdik ki, orada çox böyük üzüm bağları salmaq olar. Üzüm bağları saldıq və burada deyildiyi kımi, bir neçə ildən sonra rayonda 50 min ton üzüm istehsal olundu. İnsanlar nə qədər zənginləşdi.
Qubadlı rayonunun özünü götürün. Orada maldarlıqla yanaşı tütünçülük də inkişaf etdi. Şübhəsiz, Qubadlı rayonu ümumiyyətlə maldarlıq rayonu idi, amma eyni zamanda orada həm tütünçülüyü inkişaf etdirdik, həm də üzüm bağları saldıq. Rayonun iqtisadiyyatı nə qədər dəyişdi! Bütün bunlar insanlara yeni evlər, yeni mülklər tikmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mədəniyyəti inkişaf etdirmək üçün gözəl şərait yaratdı.
Bunlar hamısı indi əldən gedibdir və bu mülkün, bu varın sahibləri qaçqın vəziyyətində respublikanın cürbəcür bölgələrində yaşayırlar, çadırlarda yaşayırlar. Bu, şübhəsiz ki, sizi də incidir, amma bilin ki, məni də həddindən artıq incidir.
Ona görə də bu rayonların həm o illərdə başına gəlmiş bəlalar, faciələr, həm də bu 3 il müddətində həmin rayonların sakinlərinin cürbəcür yerlərdə yaşaması, onların problemləri ilə tanış olmaq üçün mən bu gün bu görüşü çox əhəmiyyətli hesab etdim. Saat 2-dən burada işləyirik. Mən heç də vaxta qənaət etmək istəmədim - bir halda ki, görüşmüşük, qoy kimin ürəyində nə söz varsa desin. Burada nə qədər çox söz deyilsə, o qədər də təəssüratımız artacaqdır.
Burada bir çox təkliflər verildi. Mən tapşırıram icra aparatıma və Nazirlər Kabinetinə ki, bu təklirlərə baxsınlar, qısa müddətdə lazımi tədbirlər görsünlər və mənə məlumat versinlər. O təkliflərin bəziləri elə dərhal məndə çox müsbət münasibət doğurdu. Bilirsiniz ki, biz işğal olunmuş bütün rayonları azad etmək uğrunda çalışırıq. Bu barədə mən deyəcəyəm. Eyni zamanda biz indidən iş aparırıq ki, işğal olunmuş ərazilər azad olunarkən onların bərpası məsələləri ilə də məşğul olaq. Sizə məlumdur ki, bu münasibətlə mən Dünya Bankının prezidentinə xüsusi məktub yazmışam. Ondan xahiş etmişəm ki, Dünya Bankı işğal olunmuş rayonlarımızın bərpa edilməsi üçün indidən proqramlar hazırlasın, vəsait ayırsın. Dünya Bankı da buna çox müsbət münasibət göstəribdir, buraya nümayəndə heyəti gəlibdir. Mən bu məsələlər üzrə komissiya yaratmışam, baş nazirin müavini Abid Şərifovu komissiyaya sədr təyin etmişəm. Abid Şərifov Dünya Bankının nümayəndə heyəti ilə birlikdə Füzuli rayonunun, Ağdam rayonunun işğaldan azad edilmiş yaşayış məntəqələrində olub, bütün ərazini gəziblər. O rayonlarda işğal olunmamış, ancaq atəş nəticəsində dağılmış yerlərə baxıblar. Onların bərpa olunması üçün indi lazımi tədbirlər görülür. Bu gün mən bu məsələni Abid Şərifovla müzakirə edirdim. Onun təklifləri var, mən o təklifləri də ümumiyyətlə bəyənmişəm və demişəm ki, o, Füzuli rayonunun işğaldan azad olunmuş ərazisindən daha səmərəli istifadə etmək məqsədi ilə rəsmi surətdə təklif versin.
Burada Füzuli rayonundan çıxış edənlər onlara məxsus olan torpaq sahəsinin onlara verilməsi məsələsini də qaldırdılar. Mən hesab edirəm ki, buna da baxmaq və bu məsələni də həll etmək lazımdır.
Artıq biz bu ərazilərin işğaldan azad edildikdən sonra bərpa olunması işinə başlamışıq və bu da çox böyük bir işdir. Çünki biz onları öz vəsaitimizlə, şübhəsiz ki, bərpa edə bilməyəcəyik. Doğrudur, yerindən-yurdundan didərgin düşmüş hər bir şəxs deyir ki, bizi yerimizə qaytarın, gedib sadəcə torpağın üzərində yaşayacağıq. Mən bunu anlayıram və bu sözlərin səmimiyyətinə də inanıram. Ancaq eyni zamanda biz bir dövlət kimi, şübhəsiz ki, bu məsələni həll etməliyik, qayğı göstərməliyik. Qayğı da ondan ibarətdir ki, bu bərpa məsələləri ilə dünya miqyasında Dünya Bankı məşğul olur və İkinci Dünya müharibəsindən sonra Dünya Bankı məhz bu məqsəd üçün yaranıbdır. Ona görə də mən oraya müraciət etmişəm və onların müsbət cavabını almışam. Beləliklə, sizin rayonların bu gün burada meydana çıxan problemlərini daha da yaxından bildikdən sonra bunların və cari məsələlərin həlli üçün tədbirlər görülməsi haqqında mən göstərişlər verdim.
Ancaq bu görüşün ən böyük mənası ondan ibarətdir ki, biz səmimi söhbət apardıq və burada rayonları təmsil edən nümayəndələr rayon sakinləri adından bütün istədiklərini dedilər. Sizin belə əhval-ruhiyyədə olmağınız məni çox sevindirir. Ümumiyyətlə, bir sizin rayonlardan yox, işğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir. Bunlar daim mənim diqqət mərkəzimdədir. Təsadüfi deyil ki, mən bu məsələlərin həll edilməsi üçün, bu məsələlərlə məşğul olması üçün xüsusi olaraq İzzət Rüstəmovu baş nazirin müavini təyin etmişəm. O, bu işlərlə məşğul olur. Bizdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsı var, o, çox yararsız işləyirdi, orada çox böyük nöqsanlar meydana çıxmışdı. Onun rəhbərliyini mən dəyişdirdim, Gülabbas Qəhrəmanov sədr təyin olunubdur, yəqin burada iştirak edir. Görürəm, buradadır. Onu oraya təyin etmişəm, xüsusi göstəriş vermişəm və onun təcrübəsinə istinad edərək ümidvaram ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin böyük imkanları yerindən-yurdundan didərgin düşmüş bütün adamların problemlərinin həll olunmasına yönəldiləcəkdir.
Bütün beynəlxalq təşkilatlar buna cəlb olunubdur. Onların burada olan nümayəndəliklərinin hamısı bir tərəfdən İzzət Rüstəmovun təşkilatı vasitəsilə, o biri tərəfdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin vasitəsilə və bütün icra hakimiyyəti başçıları vasitəsilə, Nazirlər Kabineti vasitəsilə, prezidentin İcra Aparatı vasitəsilə cəlb olunmalıdır. Biz indi köçkün vəziyyətində yaşayan vətəndaşlarımızın daim qayğısına qalmalıyıq və onların problemlərini həll etməliyik. Yenə də deyirəm, mənim üçün sizin və yerindən-yurdundan didərgin düşmüş bütün insanların bugünkü vəziyyəti, problemləri bir nömrəli məsələdir, bununla da mən məşğul oluram. Bilirsiniz ki, 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında saziş imzalanıbdır. Bu sazişin imzalanmasını mən müsbət hadisə hesab edirəm və atəşkəs rejiminin iki il üç ay davam etməsini ondan da çox müsbət hadisə hesab edirəm. Bu, böyük nailliyyətdir. Düzdür, oradan-buradan cürbəcür səslər gəlir ki, bu problem istənilən səviyyədə həll olunmur, torpaqlarımızın işğaldan azad edilməsi məsələsi həll olunmur, onu elə həll etmək lazımdır, belə həll etmək lazımdır. Siz burada dediniz ki, bunları görürsünüz, bunların bir daha mənim tərəfimdən deyilməsinə ehtiyac yoxdur. Ancaq onu bildirmək istəyirəm ki, mənim gündəlik işimin əksər hissəsini bu məsələnin həll edilməsi aparır. O gün yoxdur ki, mən bu məsələ ilə məşğul olmayım. Bütün imkanlardan bu məsələnin həll edilməsi üçün istifadə olunur.
Sizə bildirmək istəyirəm ki, məhz bunların nəticəsidir ki, iki il üç aydır ki, atəşkəs saxlanılıb. Bu dünyada nadir bir haldır. Mən Avropada olarkən, başqa ölkələrdə olarkən bunu hər dəfə qeyd edirəm. Doğrudan da, hərbi münaqişədə olan ölkələrin münaqişəsini yatırmaq üçün adətən oraya ayırıcı qüvvələr, sülhü mühafizə qüvvələri, bitərəf silahlı dəstələr daxil olur və onların vasitəsilə atəş dayandırılır, bu ayırıcı qüvvələrin vasitəsilə atəşkəs rejimi saxlanılır. Bu, münaqişə olan bütün ölkələrdə belədir. Ancaq biz buna özümüz nail olmuşuq. Şübhəsiz ki, həm Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində nail olmuşuq, qeyd etmək lazımdır ki, bu, həm də Ermənistan tərəfinin atəşkəs rejiminin saxlanması barədə iradəsinin nəticəsidir.
Bilirsiniz ki, bu müddətdə mən çox görüşlər keçirmişəm, çox danışıqlar aparmışam, o cümlədən, - burada dedilər, - Ermənistanm Prezidenti Ter-Petrosyanla da dəfələrlə görüşmüşəm, danışmışam. Xüsusən aprel ayında Lüksemburqda olarkən, Avropa Birliyi ilə saziş imzalayarkən mənim orada görüşüm, hesab edirəm ki, çox əhəmiyyətlidir. Çünki ilk dəfə olaraq Ermənistan və Azərbaycan prezidentləri birgə bəyanat verdilər ki, atəşkəs rejiminin indiyə qədər saxlanılması müsbət hadisə kimi qiymətləndirilir. O birgə bəyanatda biz bəyan etdik ki, bundan sonra da məsələnin sülh yolu ilə həll olunmasına çalışacağıq və tam sülhün yaranmasına qədər atəşkəs rejiminin saxlanmasına söz veririk.
Hesab edirəm ki, bu, çox böyük əhəmiyyət kəsb edən bir bəyanatdır.
Ondan sonra iyun ayının əvvəlində bizim Kislovodskda görüşümüz olmuşdur. Orada görüş ikitərəfli deyil, dördtərəfli olmuşdur; Rusiya Prezidenti Boris Yeltsin, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Ermənistan prezidenti Ter-Petrosyan və Azərbaycan Prezidenti Heydər Əliyev. Biz orada başqa məsələləri müzakirə edirdik. Eyni zamanda dörd prezident birgə bəyanat verdi ki, Ermənistan - Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunmalıdır, atəşkəs rejimi bundan sonra da saxlanılacaqdır və tərəflər - Ermənistan tərəfi və Azərbaycan tərəfi məsələnin bundan sonra da sülh yolu ilə həll olunması uğrunda addımlar atacaqlar. Bu, təkcə iki dövlət başçısının yox, bizim bölgəyə çox marağı olan qonşularımız - Gürcüstanın və Rusiyanın dövlət başçılarının iştirakı ilə verilən bəyanatdır, yəni dörd prezidentin dünyaya verdiyi bəyanatdır. Bu da, hesab edirəm ki, çox müsbət haldır, çox əlamətdar hadisədir.
Ancaq biz bununla kifayətlənmirik. Şübhəsiz ki, bunu müsbət hal hesab edərək, biz çalışırıq ki, bütün kanallardan, imkanlardan istifadə edib, məsələni sülh yolu ilə həll edək. Bunun üçün, yenə də deyirəm, cürbəcür istiqamətlərdə danışıqlar gedir. O cümlədən, kanallardan biri ondan ibarətdir ki, Ermənistan prezidentinin şəxsi nümayəndəsi Liparidyan və Azərbaycan prezidentinin şəxsi nümayendəsi Vəfa Quluzadə son vaxtlar Avropada bir neçə dəfə görüşlər keçiriblər, son dəfə Frankfurtda görüşüblər. O görüşlərdə də bu məsələnin sülh yolu ilə həll edilməsi problemlən müzakirə olunur. Bunlar da, hesab edirəm, bizi lap xırda-xırda olsa da, müsbət istiqamətdə aparır.
Siz hamınız burada dediniz, mən də bu fikirdəyəm ki, biz məsələni sülh yolu ilə həll etməliyik. Çünki bilirsiniz ki, müharibə nə nəticələrə gətirib çıxardı - onu biz gördük. Amma eyni zamanda biz həmişə torpaqlarımızı müdafiə etmək qabiliyyətinə malik olmalıyıq, torpaqlarımızı müdafiə etməyə hazır olmalıyıq.
Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycan bundan sonra da atəşkəs rejiminin saxlanmasına çalışacaqdır və atəşkəs rejimi bizim tərəfimizdən heç vaxt pozulmayacaqdır. Mən bu gün bir daha bəyan edirəm ki, biz sülh istəyirik, daimi sülh şəraitində yaşamaq istəyirik. Ancaq sülh o şərtlə ola bilər ki, Azərbaycanın işğal olunmuş torpaqları işğalçı silahlı dəstələrdən azad edilsın. Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, işğal altında olmuş ərazilərə, torpaqlara onların öz sakinləri qayıtsınlar, Azərbaycanın sərhədləri toxunulmaz olsun, tamamilə bərpa edilsin. Bununla bərabər, bunların nəticəsində Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilsin.
Bu prinsiplər əsasında biz sülh danışıqları aparırıq və bu prinsiplər əsasında da böyük sülhə nail olmaq istəyirik. Əgər bu prinsiplər əsasında böyük sülh əldə olunsa, mən hesab edirəm ki, bu, həm Azərbaycan üçün, həm Ermənistan üçün, həm də Azərbaycanda yaşayan, Dağlıq Qarabağda yaşayan ermənilər üçün ən yaxşı nəticə olacaqdır. Biz bu yolla gedirik, bu yolla da gedəcəyik. Bir də bəyan edirik ki, bizim tərəfimizdən atəşkəs rejimi heç vaxt pozulmayacaq. Ancaq mən görüşlərimdə də demişəm, bu gün də bəyan edirəm ki, Ermənistan tərəfi də verdiyi sözlərə riayət etməlidir, bizim verdiyimiz birgə bəyanatlara riayət etməlidir və atəşkəs rejimini pozmamalıdır.
Eyni zamanda, bəzən ordan-burdan səslər gəlir ki, ola bilər, atəşkəs rejimi Ermənistan tərəfindən pozulsun. Belə olan halda Azərbaycan ordusu, Azərbaycan xalqı hər bir belə hadisəni dəf etməyə hazır olmalıdır. Ona görə də bizim xalqımız daim səfərbərlik vəziyyətində olmalıdır, ordumuz günü-gündən öz döyüş keyfiyyətlərini gücləndirməlidir. Bizim ordumuz daim sayıq olmalıdır, hər bir hücumun qarşısını almağa qabil olmalıdır. Biz heç kəsə hücum etmək istəmirik, çünki, mən yenə də deyirəm, bu, bizim prinsiplərimizə ziddir. Amma atəşkəs rejimi o tərəfdən pozularsa, Azərbaycan xalqı, Azərbaycan ordusu buna layiqli cavab verəcəkdir. Bizim ordumuz buna layiqli cavab verəcəkdir. Ona görə də ordumuz özünü daim hazır vəziyyətdə saxlamalıdır ki, hər bir belə hadisənin qarşısı alına bilsin.
Şübhəsiz ki, burada irəli sürdüyünüz fikirlərlə, təkliflərlə razıyam - əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpağımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi - Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt da razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycanın prezidentı heç vaxt bununla razı ola bilməz.
Ancaq biz istəyirik ki, bölgəmizdə, Qafqazda sülh olsun. Çünki daim müharibə aparmaq olmaz, daim bir-biri ilə düşmənçilik şəraitində yaşamaq olmaz. Bunu dünya təcrübəsi özü göstərir, bunu tarix göstərir, bunu iyirminci əsrin tarixi göstərir. İyirminci əsrdə nə qədər böyük müharibələr olub - Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, başqa müharibələr, indi gedən müharibələr - hamısı sülhlə qurtarır və müharibə edən ölkələr, dövlətlər müəyyən bir vaxtdan sonra sülh şəraitində yaşayırlar. Hamısını biz tarixdən görürük.
Ona görə də mən belə hesab edirəm ki, biz böyük sülhə nail olub sülh şəraitində yaşayacağıq. Amma eyni zamanda, bir də deyirəm, biz torpağımızın bir qarışını da, bir metrini də heç vaxt heç kəsə verməyəcəyik. Biz bütün qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqillıyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir. Bu, bizim şərəfli vəzifəmizdir və əmin ola bilərsiniz ki, bu vəzifənin həyata keçirilməsi yolunda mən bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
Amma bu vəzifəni həyata keçirmək üçün bizim xalqımız keçmiş illərdə baş vermis bütün hadisələrdən, faciələrdən, dəhşətlərdən nəticə çıxarmalıdır. Biz bundan sonra Azərbaycanın daxilində bir daha çəkişmələrə yol verə bilmərik və yol verməyəcəyik. Hər kəs bunu bilməlidir. Ayrı-ayrı dəstələr, qruplar, partiyalar demokratiya şəraitində yaşaya bilər, fəaliyyət göstərə bilər, ancaq Azərbaycanın Konstitusiyası çərçivəsində, Azərbaycanın qanunları çərçivəsində, sırf demokratiya prinsipləri çərçivəsində. Azərbaycan demokratik dövlətdir, hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin daim inkişaf etməsi üçün bizim dövlətimiz və mən prezident kimi bundan sonra da bütün tədbirləri görəcəyik. Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün bizim gözəl Konstitusiyamız var, qanunlarımız var və Azərbaycan prezidentinin iradəsi var. Ancaq kimsə yenidən o köhnə xəstəliklərə düşmək istəyirsə, kimsə orada-burada söz buraxır ki, sabah filan yer qalxacaq, birisi gün filan yer qalxacaq, nə bilim, camaat ondan narazıdır, bundan narazıdır - və kim bundan istifadə edəcəksə, mən xəbərdarlıq edirəm, heç kəsə heç bir imkan verilməyəcək! Azərbaycanın dövlətçiliyini qorumaq üçün, Azərbaycanda yaranmış bu ictimai-siyasi sabitliyi qorumaq üçün mən bütün imkanlardan indiyə qədər istifadə etdiyim kimi, bundan sonra da istifadə edəcəyəm və heç kəs də xam xəyala düşməsin, heç kəs başqa fikirlərə düşməsin.
Mən üzərimə tarixi məsuliyyət götürmüşəm. O da ondan ibarətdir ki, Azərbaycanın belə bir dağılan vəziyyətində, parçalanan vəziyyətində mən Azərbaycana gəlib bir məqsəd daşımışam - Azərbaycanı bu fəlakətdən xilas edim, parçalanmaqdan xilas edim. Başımıza nə qədər bəlalar gəlibsə, bunlar sizin gözünüzün qabağındadır. Bu gün də Azərbaycan prezidentini silah gücü ilə aradan götürmək cəhdləri yenə kəsilməyib. Azərbaycandan qaçmış və ya Azərbaycanın içində olan nadürüst qüvvələr hələ də o xəyallarla yaşayırlar. Amma onlar da bilsinlər - heç bir şey edə bilməzlər. Heç kəs bir şey edə bilməz! Heç bir şey də məni şəxsən indiyə qədər qorxutmayıbdır və indi də qorxutmur. Mən öz üzərimə, dediyim kimi, böyük məsuliyyət götürmüşəm. Məsuliyyət də ondan ibarətdir ki, dövlətimi möhkəmləndirim, onun müstəqil bir dövlət kimi yaşamasını təmin edim və Azərbaycan xalqını birləşdirim. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında, bu şüar altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir.
Azərbaycanın cəmiyyətini o tərəf, bu tərəfə çəkən ayrı-ayrı adamlar, Azərbaycanda gedən siyasətə kölgə salan adamlar, Azərbaycanda aparılan tədbirlərə xor baxan adamlar, Azərbaycanda həyata keçirilən bu müsbət proseslərə mənfi qiymət verən adamlar Azərbaycanın milli mənafeyinə zidd gedən adamlardır. O adamlar, o qruplar, o partiyalar heç vaxt Azərbaycan xalqından dəstək almayacaqlar, bizim cəmiyyətdən heç vaxt dəstək almayacaqlar. Onlar öz-özləri ilə vuruşa bilərlər, çarpışa bilərlər. İndi elə vəziyyət deyil ki, Rəhim Qazıyev, İsgəndər Həmidov, İsa Qəmbərov, nə bilim, o birisi, bu birisi burada öz iddiasını yerinə yetirsin. Heç kəsə belə imkan verilməyəcəkdir, heç kəsə!
Ona görə də bunun üstündə dururam ki, biləsiniz - bəli, əsas məqsədimiz işğal olunmuş torpaqları azad etməkdən ibarətdir və bu sahədə indiyə qədər görülən işlər bu torpaqların sülh yolu ilə azad olunması üçün əsas yaradıbdır. Bu da bizim əldə etdiyimiz müsbət nəticələrdir. Bəli, məqsədimiz Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir prezident kimi mənim siyasətimin əsas ana xəttidir. Bunun üçün də hamı birləşməlidır. Bunun üçün də hamı bir yolla getməlidir. Burada başqa bir yol yoxdur. Başqa yolla gedən adam, demək, başqa məqsəd daşıyır. O məqsədlərə bu gün Azərbaycanda yer yoxdur! Bunu bilsinlər.
Respublikamızda iqtisadi çətinliklər var, onlar sizə məlumdur, onların da qarşısı alınır. Aparılan tədbirlər, hesab edirəm ki, Azərbaycanın iqtisadiyyatında müsbət meylləri get-gedə artıracaqdır və iqtisadiyyatımızda müsbət dəyişikliklər əmələ gələcəkdir. Bütün bu iqtisadi tədbirlərdə, iqtisadi islahatlarda məqsədimiz birdir: xalqın rifah halını yaxşılaşdıraq, sosial ədaləti təmin edək, bütün islahatlarda onun sosial yönümünü üstün tutaq, qaçqınların, yerindən-yurdundan didərgin düşmüş, evini itirmiş, varını itirmiş, mülkünü itirmiş, hər şeyini itirmiş insanların qayğısına qalaq. Məqsəd bundan ibarətdir. Məqsəd ayrı-ayrı adamların böyük-böyük. sərvət toplamasından ibarət deyil. Məqsəd bundan ibarətdir. İslahatların məqsədi budur, islahatların son nəticəsi budur və biz bu islahatları bundan ötrü aparırıq. Ayrı-ayrı adamlara şərait yaratmaqdan ötrü yox.
Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam. Bu gün də bu fikirlərlə yaşayıram. Bu gün siz burada mənim haqqımda çox, həddindən artıq çox sözlər dediniz, mənə xoş arzularınızı bildirdiniz. Təşəkkür edirəm. Amma bilin ki, mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.
Bilin ki, mənim məqsədim də budur, amalım da budur, həyatımın mənası da budur. Həyatımın bu mənasını mən hər şeydən üstün tuturam. Necə ki, siz dediniz, mənimləsiniz, mən də sizinləyəm. Mən sizə arxalanıb Azərbaycana yenidən gəlmişəm, Bakıya gəlmişəm. Mən sizə arxalanıb belə cəsarətlı siyasət aparıram. Mən sizə, xalqa arxalanıb belə cəsarətli addımlar atıram. Mən sizə, xalqa arxalanıb dünya miqyasında belə cəsarətli müstəqillik siyasəti aparıram. Bu, asan deyil, bunu bilin. Gənc, hələ möhkəmlənməmiş, yaralı ölkəyik, çünki torpaqlarımızın bir hissəsi işğal olunub. Yaralı bir ölkə üçün bu cür cəsarətli, müstəqil siyasət aparmaq asan bir şey deyil. Bu siyasəti mən ona görə apara bilirəm ki, bu, mənim iradəmdir, bu, mənim həyatımın məqsədidir, mənasıdır və həm də mən xalqa arxalanıram, sizə arxalanıram. Sizin bu barədə fikirlərinizi bilərək belə cəsarətli siyasət aparıram.
Ona görə sizin burada mənim haqqımda dediyiniz xoş sözlərə görə, xoş arzularınıza görə təşəkkür edirəm və sizi əmin edirəm ki, mən Azərbaycan xalqına, onun milli mənafeyinə, onun müstəqilliyinə, bu gününə və gələcəyinə daim sadiq olacağam.
Sizin hamınıza cansağlığı arzu edirəm. Məndən bütün Füzuli, Qubadlı, Cəbrayıl camaatına, bacı-qardaşlarımıza salam söyləyin, mənim xoş arzularımı onlara çatdırın. Sağ olun.