Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasına ikinci rəsmi səfəri (18-20 may 2002-ci il)

18-20 may 2002-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana ikinci rəsmi səfəri olub. Səfərdən öncə jurnalistlərə müsahibəsində iki dövlət arasında əlaqələrin bütün sahələrdə – iqtisadiyyat, mədəniyyət, elm, təhsil, idman və başqa sahələrdə inkişaf etdirilməsi və dövlətlərarası münasibətlərin daha da mehribanlaşması həm İran üçün, həm də Azərbaycan üçün lazımlılığına diqqəti çəkib.

Mayın 18-də İran prezidentinin dövlət iqamətgahında Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.

İran və Azərbaycan prezidentlərinin görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırıblar. Prezidentlər Heydər Əliyevin İrana səfərinin məqsədi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzərin hüquqi statusuna dair sualları cavablandırıblar.

Daha sonra İran və Azərbaycan prezidentlərinin görüşü olub. İran Prezidenti Seyid Məhəmməd Xatəmi dəvətini qəbul edib Tehrana rəsmi səfərə gəldiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Məhəmməd Xatəmi böyük siyasi təcrübəyə malik olan müdrik dövlət xadimi Heydər Əliyev ilə hər bir görüşü çox faydalı və dəyərli hesab etdiyini bir daha vurğulayıb.

Xəzərin hüquqi statusu məsələsindən söhbət açan prezidentlər sahilyanı ölkələrin bütün sahələrdə əməkdaşlığının daha da sıxlaşdırılmasının böyük əhəmiyyət daşıdığını, Xəzərin bundan sonra da sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi olacağına ümid bəslədiklərini bildiriblər. Prezidentlər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı ekspertlər səviyyəsində müzakirələrin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

İki saatdan artıq davam edən təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam etdirilib. Azərbaycan Prezidenti Heydər Əliyevin İrana bu rəsmi səfərinin ölkələrimizin əlaqələrinin inkişafında yeni mərhələ açacağını və hər iki ölkənin xalqlarına fayda gətirəcəyini bildirib.

Mayın 18-də axşam İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin adından Azərbaycan Pespublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil olunub.

Mayın 19-da Azərbaycan Prezidenti Heydər Əliyev İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyi ilə görüşü olub. Qafqazda baş verən münaqişələrin bölgədə sülhün və əmin-amanlığın bərqərar edilməsinə əngəl törətdiyini bildirən ayətullah Xameneyi öz ölkəsinin Ermənistanın Azərbaycana təcavüzünü pislədiyini, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Həmin gün Azərbaycan Prezidenti İran İslam Şurası Məclisinin sədri Mehdi Kərrubi ilə də görüşüb. Prezident Heydər Əliyev və Mehdi Kərrubi ölkələrimiz, xalqlarımız arasında səmimi və mehriban münasibətlərin möhkəmləndirilməsində Azərbaycan və İran parlamentlərindəki dostluq qruplarının rolunu müsbət qiymətləndiriblər, eyni zamanda, onların fəaliyyətinin daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi qeyd ediblər.

Prezident Heydər Əliyevin səfər çərçivəsində növbəti görüşü İranın xarici işlər naziri Kamal Xərrazi ilə olub. Görüşdə bölgədə vəziyyət, Xəzərin statusunun müəyyənləşdirilməsi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mayın 19-da Azərbaycan Prezidenti İranın Kooperasiya naziri, iki ölkə arasında əməkdaşlıq məsələləri üzrə müştərək komissiyanın sədri Əli Sufi ilə görüşüb. Görüşdə iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.

İranın tikinti və şəhərsalma naziri Əli Əbdüləlizadə ilə görüşü də həmin gün olub.

Mayın 20-də isə Azərbaycan və İran prezidentləri yenidən görüşüb. Görüşdən sonra birgə sənədlərin imzalanma mərasimi olub. «Azərbaycan Respublikası ilə İran Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında» müqavilə, «Gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş», «Beynəlxalq avtomobil daşımaları haqqında saziş», «Bitkilərin karantin xidməti sahəsində əməkdaşlıq haqqında saziş», «Baytarlıq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu», «Təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum», «Mədəni əməkdaşlıq haqqında memorandum»,» Hava nəqliyyatı haqqında saziş», «Standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əməkdaşlığa dair memorandum», «İdman sahəsində əməkdaşlıq haqqında saziş» imzalanıb.