Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşməzdən əvvəl Bakının Binə Beynəlxalq Hava Limanında jurnalistlərin suallarına cavab - 1 aprel 2001-ci il

Heydər Əliyev: Yəqin Sizi maraqlandırır ki, Amerika Birləşmiş Ştatlarına, Floridaya nə üçün gedirəm. Eyni zamanda bilirəm ki, Siz bundan xəbərdarsınız. Birincisi, bizim özümüzün məlumat verməyimizdən xeyli öncə bu barədə məlumat bütün dünyada yayılıbdır. Ona görə əlavə məlumat verməyə ehtiyac yoxdur.

Bu görüş, hesab edirəm ki, çox əhəmiyyətli görüşdür. İndiyə qədər keçirilən görüşlərdən fərqi ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə orada Minsk qrupu həmsədrlərinin hamısı, yəni həm ABŞ, həm Rusiya, həm də Fransadan olan həmsədrlər iştirak edəcəklər. İki-Ermənistan və Azərbaycan prezidentləri, cəlb edilən bəzi ekspertlər olacaqdır. Orada bu məsələ üçün bir neçə gün ayrılıbdır ki, ətraflı söhbətlər aparılsın, prezidentlər həm Minsk qrupunun həmsədrləri ilə, yaxud da ki, sonra ayrılıqda görüşsünlər. Orada məlum olacaqdır, hər halda, əvvəlcədən bir şey demək olmaz. Proqram təxminən bundan ibarətdir. Buna görə gedirəm, uzaq yoldur. Ancaq mən Sizə dəfələrlə demişəm, məsələnin həll edilməsi üçün haraya lazım olsa, əgər desəydilər ki, bu, Antraktidada olacaq, oraya da gedəcəyik.

Sual: Cənab Prezident, Siz səfərdən bir az əvvəl Rusiyanın prezidenti Vladimir Putinlə danışmısınız. Bu söhbətdə Qarabağ məsələsi, yəqin ki, müzakirə olunubdur. Əvvəlki illərə nisbətən indi Rusiyanın mövqeyində ciddi dəyişikliklər varmı?

Cavab: Qarabağ məsələsi ki, müzakirə olunub, mən bu haqda məlumat vermişəm. Bunu da təsdiq edirəm. Ancaq harada nə dəyişikliklər olacaq, siz bilin ki, mən bu barədə heç bir şey deyə bilmərəm. Hər halda, Dağlıq Qarabağ məsələsinin həll edilməsi barəsində Rusiya ilə Azərbaycan arasında son aylar - həm mənim Moskvada görüşlərim zamanı, həm də prezident Putin Azərbaycanda olarkən çox səmərəli danışıqlar olubdur.

Sual: Cənab Prezident, Ki-Uest danışıqlarından sonra Sizin növbəti görüşünüzün Moskvada olacağı bildirilir. Bu, həqiqətə uyğundurmu?

Cavab: Mənim bu barədə məlumatım yoxdur.

Sual: Cənab Prezident, Rusiya mətbuatı yazır ki, Floridada \"Konç Respublikası\" variantı da təklif oluna bilər. Yəqin Ki-Uest sakinləri neçə illərdir özlərini həm \"Konç Respublikası\"nın, həm də Amerikanın vətəndaşları sayırlar. Bu variant müzakirə olunacaqmı?

Cavab: Bilirsinizmi, dünyada belə variantlar çoxdur. Yadınızdadır ki, vaxtilə ATƏT-ə İsveç həmsədrlik edəndə bizi Aland adalarına dəvət edirdilər. Hətta bizim nümayəndə heyətini də mən oraya göndərdim, baxdılar. Hər yerin öz xüsusiyyəti var. Hər münaqişənin öz xüsusiyyəti var. Ona görə biz çalışırıq ki, dünyada olan bütün bu təcrübəni bilək, bundan istifadə edək. Amma kim bizə nə təklif edəcəkdir. Ola bilər təklif etsinlər. Əsas o təklif deyil, əsas bizim buna münasibətimizdir.

Sual: Cənab Prezident, ümumiyyətlə, üç həmsədrin mövqeləri üst-üstə düşürmü? Onlar eyni mövqedən çıxış edirlər, yoxsa hərəsinin ayrı-ayrı mövqeyi var?

Cavab: Mənə belə gəlir ki, onların mövqeləri üst-üstə düşür.

Sual: Cənab Prezident, Amerika Birləşmiş Ştatlarıının Dövlət Departamentinə istinadən belə bir xəbər yayılıb ki, Dağlıq Qarabağın rəhbərliyinin də danışıqlarda iştirakı variantı müzakirə oluna bilər. Biz dünən Respublikaçılar Partiyası ilə əlaqə saxladıq. Onlar deyirlər ki, əgər belə bir məsələ gündəliyə ciddi şəkildə çıxarılarsa, onda Dağlıq Qarabağın azərbaycanlı icması rəhbərliyinin də danışıqlarda iştirakı tələb olunacaqdır. Buna münasibətiniz necədir, bu mümkündürmü?

Cavab: Birincisi, bu barədə mənim məlumatım yoxdur. Çox danışıqlar gedir. Ona görə şərh vermək istəmirəm. Ancaq keçmiş zamanlarda da danışıqlarda - bizim səviyyəmizdə, prezidentlər səviyyəsində bu olmayıbdır, amma aşağı ekspertlər səviyyəsində olubdur - təkid edəndə ki, Dağlıq Qarabağın nümayəndəsi iştirak etsin, həmişə Azərbaycan icmasının nümayəndəsi Nizami Bəhmənov da iştirak edibdir. Mən indi Nizami Bəhmənovu oraya aparmıram. Çünki mən istəmirəm ki, əvvəlcədən şərait yaradam ki, bəli, Siz də gətirin. Amma orada, mənə belə gəlir ki, onların iştirakı mümkün deyildir.

Sual: Cənab Prezident, həmsədrlər bu yaxınlarda bəyan ediblər ki, tərəflər danışıqlar zamanı heç vaxt sülhə indiki qədər yaxın olmayıblar. Sizcə, belə nikbin bəyanatlar üçün əsas varmı?

Cavab: Var.

Sual: Türkiyənin Xarici İşlər naziri İsmayıl Cəm Amerika Birləşmiş Ştatlarında danışıqlar aparıb, danışıqlarda Qarabağ məsələsi də müzakirə olunubdur. İsmayıl Cəmin ABŞ-a səfəri Sizin Türkiyəyə səfərinizlə bağlıdırmı? Onun ABŞ-da apardığı müzakirələrin bu məsələyə ciddi təsiri ola bilərmi?

Cavab: Bilirsinizmi, bu, tamamilə təbiidir. Çünki birincisi, Türkiyə Dağlıq Qarabağ problemində həmişə bizim mövqeyimizdə olubdur. Nəinki bizim mövqeyimizdə olub, Minsk qrupunun üzvü kimi, öz səylərini göstəribdir. Bilirsiniz ki, bir çox il bundan öncə Türkiyə şərt qoyubdur ki, əgər Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasalar, Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə qurula bilməz. Bu onların daimi mövqeyidir. Mən Türkiyədə səfərdə olanda, Siz yəqin eşitdiniz, gördünüz, görüşlərim zamanı, xüsusilə Böyük Millət Məclisində bu məsələni kəskin qoydum. Çünki son zamanlar Türkiyənin \"soyqırımı\" etməsi haqqında bəzi ölkələrin, xüsusən Fransanın qərarından sonra, mən gördüm ki, bəli, Türkiyədə bəzi dairələrdə müxalif fikirlər əmələ gəlir ki, bəlkə münasibəti yumşaltmaq lazımdır. Ona görə Türkiyənin dövlət, hökumət rəhbərləri ilə görüşlərdə, həm də ki, Böyük Millət Məclisində bizim mövqeyimizi bildirdik.

Yəni bunların hamısı, təbii olaraq, Türkiyənin Xarici İşlər naziri İsmayıl Cəmin Vaşinqtonda görüşlərində də öz əksini tapıbdır. Bu həmişə belə olur. Yəni onlar indiyə qədər olan başqa görüşlərdə də həmişə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasını əsas məsələ kimi qoyurlar. Mən orada, Türkiyədə olanda bilirdim ki, İsmayıl Cəm Amerika Birləşmiş Ştatlarına gedəcəkdir. Mən onunla ayrıca görüşdüm, danışdıq. Bu təkcə onun mövqeyi deyil, dövlətin, hökumətin mövqeyidir.

Sual: Cənab Prezident, Türkmənistan \"Kəpəz\" yatağının işlənilməsinə dair xarici şirkətlərlə müqavilə imzalamaq niyyətindədir və bu barədə artıq müraciət edibdir. Siz buna necə münasibət bəsləyirsiniz?

Cavab: Belə şeylər çox olar. Bu neçə ildir ki, davam edir.

Sual: Cənab Prezident, Gürcüstan Marneuli hava limanını, belə deyək ki, türklərin hərbi təyyarələri üçün açıq elan etdi. Orada Türkiyənin hərbi təyyarələri də enə biləcəklər, orada ciddi işlər aparacaqlar.

Cavab: Aparsınlar. Siz çalışırsınız ki, çox şey biləsiniz. Amma Siz də bilin ki, dövlətin siyasətini hər gün Sizin qarşınızda açmaq olmaz. Onu da nəzərə alsaq ki, bəziləriniz bir xırda şeyi eşidib onun üzərində on beş versiya yaradırsınız. Hər bir versiyanı da camaata sırımaq istəyirsiniz. Siz məni tanıyırsınız, məndən belə suallara cavab almaq olmaz. Gedib bizim bəzi adamları tutursunuz, onlar təcrübəsizlikdən bilmədiklərini danışırlar. Amma mənimlə Siz bu barədə bir az ehtiyatlı olun.

Sual: İndi NATO-ya münasibətdə Azərbaycan dövlətinin mövqeyi necədir?

Cavab: Əvvəlki kimi. Bilirsinizmi, bu da bir az, belə, boş söhbətdir. NATO-ya daxil olmaq asan məsələ deyil ki. Mən, məsələn, Robertson burada olanda onunla söhbət edirdik, xəbər yayılmışdı ki, Gürcüstan 2005-ci ildə NATO-ya üzv olacaqdır. Onunla söhbət etdikdə dedi ki, yəqin prezident Şevardnadze bunu nəzərdə tutur ki, 2005-ci ildə NATO-nun qapısını döyəcəkdir.

Sual: Cənab Prezident, İranın Energetika naziri Həbibullah Bitərəf gəlmişdi, Siz onunla görüşdə Xudafərində su bəndinin tikilməsi ilə bağlı çox sərt cavab verdiniz. Bundan sonra İranla Azərbaycan arasında su bəndlərinin tikilməsi sahəsində əməkdaşlıq olacaqmı?

Cavab: Mən nə cür cavab verməli idim? Xudafərin məsələsi köhnə məsələdir. Bilirsiniz ki, torpaqlarımız hələ işğal olunmamışdan əvvəl danışıqlar gedirdi. Mən 1994-cü ildə Tehranda rəsmi səfərdə olarkən bu barədə biz geniş danışıqlar apardıq. Bəyan etdik ki, o torpaqlarımız işğaldan azad olunmayana qədər orada heç bir tikinti aparıla bilməz. Ona görə mən bu fikrimi bir daha təsdiq etdim. Güman edirəm ki, onlar etməzlər.

Sual: Cənab Prezident, Ermənistan prezidentinin bildirdiyinə görə, onlar partiyaların, ictimaiyyətin təkliflərinə baxacaqlar ki, Ermənistan hansı güzəştlərlə razılaşa bilməz. Siz neçə, yəni Azərbaycan ictimaiyyətinin təkliflərini özünüzlə aparırsınızmı?

Cavab: Bilirsinizmi, Azərbaycan ictimaiyyətinin təkliflərini yox, bunlarda mənim üçün naməlum olan elə bir təklif yoxdur. Bunların hamısı mənə məlumdur. Bəzi adamlar bunu indiyə qədər bilmirlər. İndi nəsə beyinlərinə gəlir, elə bilirlər ki, onlar Amerika kəşf ediblər. Bunların hamısı məlumdur. Amma Azərbaycan Respublikası xalqının, vətəndaşlarının bu barədə əhval-ruhiyyəsi mənə məlumdur. Bunları da mən nəzərə alacağam.

Sual: Orada keyfiyyətli dönüş yarana bilərmi?

Cavab: Bilirsinizmi, neçə belə görüş keçirmişik. Bir ümidlə gedirik, başqa vəziyyətdə qayıdırıq. İndi nə olacaq, mən bunu bilmirəm. Hər halda, mən oraya ümidlə gedirəm.

Sual: Cənab Prezident, Siz dediniz ki, Azərbaycan ictimaiyyətinin əhval-ruhiyyəsini bilirsiniz. Əbdülxalıq Çay ilə görüşünüzdə Siz bildirdiniz ki, mən sülh danışıqlarının hələ tükənmədiyinə əminəm. Amma xalqın əhval-ruhiyyəsi belədir ki, əgər bu yol uğursuz olarsa, çoxluq hərbi yolla torpaqları azad etməyin tərəfdarıdır. Siz bu fikri orada konkret olaraq çatdıracaqsınızmı?

Cavab: Bəli, burada demişəm, yəqin ki, orada da deyəcəyəm.

Sual: Cənab Prezident, Ermənistan ilə Rusiya arasında bağlanmış hərbi sazişdə belə bir bənd var ki, əgər tərəflərdən biri hərbi münaqişəyə cəlb olunarsa, o biri tərəf ona kömək edəcəkdir. Bu nə deməkdir? Bizim Xarici İşlər Nazirliyi də bununla əlaqədar sərt bəyanat vermişdi. Əgər Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar başlayarsa, Rusiya buna qoşulacaqmı?

Cavab: Onun nə demək olduğunu Siz bilirsiniz. Buna izah verməyə ehtiyac yoxdur. Amma konkret nə ola bilər, bunu indidən demək olmaz.

Sual: Cənab Prezident, məlumat yayılıb ki, səhhətinizlə bağlı Siz orada müayinədən keçəcəksiniz. Bununla bağlı nə deyə bilərdiniz?

Cavab: Mənim səhhətimlə niyə belə çox maraqlanırsan?

Jurnalist: Ötən dəfə Siz dediniz ki, səhhətimlə maraqlanmırsınız.

Heydər Əliyev: Birincisi, mənim səhhətim yaxşıdır, narahat olmayın. Mənim səhhətimin yaxşı olmaması barədə düşünənlərin hamısı qoy bilsin ki, Allah məni saxlayıbdır, indiyə qədər bu sağlamlığı veribdir, bundan sonra da verəcəkdir.

Mənim xatirimdədir, 1990-cı ildə Moskvadan Naxçıvana gələndə, özümü, demək olar ki, okeana atdım - həkimsiz, filansız... vaxtilə infarkt keçirmiş adam, həkim nəzarəti altında olan adam idim. Atdım və dedim ki, nə olar - çıxaram, çıxa bilmərəm, bataram. Mən belə adamam. Naxçıvanda mən iki il ağır vəziyyətdə yaşadığım dövrdə səhhətim çox yaxşı idi. Ancaq mən ötən dəfə, deyəsən bunu Sizə dedim, Sizin özünüzə də məsləhət görürəm ki, 6 aydan bir müayinədən keçin. Xüsusən qadınlar. Ancaq, vaxtım olsa, əlbəttə ki, istərdim cərrahiyyə əməliyyatı aparan adamlar iki-üç saatlıq mənə baxsınlar. Bu, təbii bir şeydir. Bunu bir problemə çevirmək və bu barədə versiyalar söyləmək lazım deyildir.

Yaxşı, Siz bilin və bütün Azərbaycan cəmiyyəti də bilsin, xalq da bilsin. Mən bütün danışıqları aparıram, bütün bu zəhməti, əziyyəti öz üzərimə götürmüşəm və bütün səyləri göstərirəm ki, Azərbaycanı Ermənistanın işğalından xilas edək, ölkəmizin torpaqlarmı təmizləyək. Buna görə müxtəlif vaxtlarda müxtəlif variantlar ola bilər. O variantı da istifadə etmək olar, bu variantı da. Bu, ümumiyyətlə, tarixən diplomatiyanın xüsusiyyətləridir. Əgər insanın beynində bir şey varsa və ona gedirsə, o gedib dəyəcək divara, kəlləsi də partlayacaq, heç bir nəticə də olmayacaqdır.

Mənim təcrübəm nə qədərdir, mən bilmirəm Siz nə dərəcədə bilirsiniz, özünüz bilərsiniz. Amma bəziləri, küçədə gəzənlər hesab edirlər ki, onların təcrübəsi mənimkindən çoxdur. Mənim həm təcrübəm var, həm də dünya görmüşəm. Ola bilər, dünyanın elə bir dövləti tapılmaz ki, onun rəhbəri ilə görüşüb - sadəcə, salaməleyküm, görüşüb çay içmək məsələsi deyil - ciddi söhbətlər aparmayım. Mən bütün bu imkanlardan istifadə edirəm, bütün bu görüşləri keçirirəm. Haraya lazım olsa, gedirəm və gedəcəyəm.

Amma bilin - bunu Milli Məclisin iclasında da dedim - mən Azərbaycanın mənafeyinə zərər verən heç nəyə razı ola bilmərəm. Bu, birincisi. İkincisi, ötən dəfə mən Parisə gedəndə Siz hay-küy saldınız - ANS əsasən, müxalifətin televiziyasıdır, gündə bir adamı \"Nəzər nöqtəsi\"nə çıxardırsınız, hansı ki, heç bilmir \"nəzər nöqtə\"si nədir - nə bilim şərəfsiz sülh, fılan, peşməkan... onlar bilmirlər axı, ona görə də gəlirlər, Sizi aldadırlar. Siz də başlayırsınız bu barədə suallar verirsiniz, öz fikirlərinizi izah edirsiniz, genişləndirirsiniz.

Danışıqlarda hansısa bir razılığa gəlmək, bu, birinci mərhələdir. Ondan sonra sülh məsələlərini həll etmək, o, böyük bir kompleksdir. O kompleksi həyata keçirəndən sonra, ancaq biz sülhə nail ola bilsək, o saziş imzalana bilər. Amma indi burada bu ağılsız adamlar camaatda çaşqınlıq yaratmaq üçün mən təyyarəyə minən kimi deyirlər ki, Heydər Əliyev gedib orada şərəfsiz sülh imzalamağa. Mən sülh sazişi imzalamaq istəsəm də, bu, mümkün deyildir. Sülh elə bir şey deyil ki, gedib mağazadan alasan, cibinə qoyasan. Bu, böyük bir prosesdir. 12 il davam edən və bu qədər gərgin vəziyyətdə olan bir münaqişəni həll etmək üçün bir neçə mərhələdən keçmək lazımdır. Birinci mərhələ hansısa razılığa gəlməkdir. Əgər bu mümkün olarsa, ondan sonra bir neçə mərhələ olacaqdır, ekspertlər işləyəcəkdir və sair. Ondan sonra saziş ola bilər. Bir də, sazişə təkcə Heydər Əliyev imza atmayacaqdır.

Əgər biz buna nail olsaq, ona bütün böyük dövlətlər, Minsk qrupunun həmsədrləri, Birləşmiş Millətlər Təşkilatı imza atmalıdır. Bu belə deyil ki, mən getdim, Parisin küçəsində imzamı atdım, gəldim. Siz də burada yazdınız ki, Heydər Əliyev şərəfsiz sülh imzaladı. Bundan narahat olmayın.

Sual: Cənab Prezident, 907-ci düzəlişlə bağlı bildirirlər ki, onun ləğv edilməsi ilə Ermənistana təzyiq ola bilər. Siz danışıqlarınızda bu məsələni ciddi qaldıracaqsınızmı?

Cavab: Mütləq, mütləq. Sağ olun.