Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin enerji və təbii qaynaqlar naziri Zəki Çakanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 5 iyun 2002-ci il

Qonaqları səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda keçirilən növbəti neft-qaz sərgisini böyük hadisə kimi qiymətləndirərək vurğuladı ki, indi Azərbaycan dünyanın böyük neft mərkəzlərindən birinə çevrilib və biz buna dövlət müstəqilliyini əldə edəndən sonra qısa müddətdə nail ola bilmişik. Azərbaycan 1994-cü ildə əsası qoyulmuş yeni neft strategiyasını həyata keçirməyə başlayandan Türkiyə ölkəmizlə bu sahədə əməkdaşlıq edir. Çıxarılan neftin Türkiyə vasitəsilə dünya bazarlarına çatdırılması işi ilə o vaxtdan məşğuluq və indi layihə uğurla həyata keçirilir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri artıq reallaşıbdır və bu yaxın günlərdə onun inşasına başlayacağıq.

Respublikamızın rəhbəri 1996-cı ildə «Şahdəniz» yatağı haqqında müqavilə imzalandığını xatırladaraq dedi ki, bu yataqda ən azı bir trilyon kubmetr qaz var. Oradan çıxarılacaq qazın nəqlinə dair Türkiyə ilə saziş imzalanıb və indi həyata keçirilir. Bunlar hamısı Türkiyə–Azərbaycan iqtisadi əməkdaşlığını, ümumiyyətlə, ölkələrimiz arasında bütün sahələrdə əlaqələri inkişaf etdirməkdən ötrüdür. Biz Türkiyə ilə dostluğumuz, əməkdaşlığımız baxımından üzərimizə düşən öhdəlikləri yerinə yetiririk.

Səmimi qəbula görə təşəkkür edən nazir Zəki Çakan beynəlxalq neft-qaz sərgisində iştirakından və Prezident Heydər Əliyevlə yenidən görüşməsindən böyük şərəf duyduğunu söyləyərək dedi ki, Sizin ölkələrimiz arasındakı əlaqələrin yaranmasında və inkişafındakı əməyinizi Türkiyə dövləti heç vaxt unutmayacaqdır. Sizin rəhbərliyinizlə Azərbaycan qısa bir müddətdə nüfuzlu ölkəyə çevrilmişdir. Azərbaycanda sabitliyin yaranmasında və ölkənin inkişafındakı rolunuz bütün dünya tərəfindən təqdir edilməkdədir.

Türkiyə iş adamlarının və şirkətlərinin ölkəmizdəki fəaliyyətindən, Azərbaycanın yeni neft və qaz strategiyasının əhəmiyyətindən söhbət açan nazir vurğuladı ki, Bakı–Tbilisi–Ceyhan layihəsi əsrin layihəsidir. Azərbaycan prezidentinin möhkəm iradəsinin nəticəsi olan bu layihənin gerçəkləşməsi yolunda heç bir problem yoxdur və olmayacaqdır.

Qəbulda iştirak edən Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım Prezident Heydər Əliyevə müraciətlə dedi ki, həm Azərbaycan üçün, həm də Türkiyə üçün son dərəcə vacib olan Bakı–Tbilisi–Ceyhan boru xətti layihəsinin həyata keçirilməsindən ötrü gördüyünüz nəhəng işlər bizi son dərəcə məmnun etmişdir. Sizə uzun ömür diləyirik. Sizin dəstəyinizlə Türkiyə–Azərbaycan əlaqələrinin daha da irəliyə gedəcəyinə inanırıq. Hər dəfə Azərbaycana gələrkən böyük dəyişikliklər, inkişaf görürük. İnşallah, Azərbaycanın rifahı daha da yüksələcəkdir.

Nazir Zəki Çakan bildirdi ki, Baş nazir Bülənd Eceviti Amerika Birləşmiş Ştatlarına səfərdə müşayiət edərkən vitse-prezident Dik Çeyniyə Bakı– Tbilisi – Ceyhan layihəsi ilə bağlı ətraflı məlumat vermişdir. Onlar layihənin son dərəcə əhəmiyyətli olduğunu və bunu gələcəkdə də dəstəkləyəcəklərini bildirirlər.