Əziz bacılar və qardaşlar, əziz dostlar!
Bu gün Qazaxıstan Respublikasının prezidenti, bizim dostumuz cənab Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlibdir. Bu gün səhərdən biz çox gərgin iş, böyük danışıqlar aparmış, bir çox müqavilələr imzalamışıq. Azərbaycan ilə Qazaxıstan üçün çox gərəkli işlər görmüşük.
Bütün bu gərgin proqrama baxmayaraq, bizim dostumuz Nursultan Nazarbayev Azərbaycana Ermənistanın təcavüzü nəticəsində yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları ilə mütləq görüşmək istəmişdir. Onun gərgin proqramı çərçivəsində belə bir arzusu onu göstərir ki, o, Azərbaycan xalqına nə qədər hörmət edir və onun nə qədər dərin hissiyyatları var. Azərbaycan xalqının başına gələn bu bəlalar onu da düşündürür və bu məsələlərlə məşğul olmağa cəlb edir. Ona görə də onun şəxsi təşəbbüsü nəticəsində və onun xahişi ilə biz bura, sizinlə görüşməyə gəlmişik.
Mən sizinlə yenidən görüşməyimdən çox məmnunam. Hər dəfə sizinlə görüşərkən həm ürəyimdə böyük sıxıntı hissi keçirirəm, həm də sevinirəm ki, sizinlə yenə də üz-üzə gəlirəm, şəxsən görüşürəm.
Siz çox dözümlü insanlarsınız. Azərbaycan xalqının ən yüksək xüsusiyyətlərindən biri onun dözümlülüyü, dəyanətliliyi və yüksək iradəsidir. Sizin başınıza böyük bəlalar gəlibdir. Ermənistanın təcavüzkar qüvvələri Azərbaycan torpağına hücum edib, təcavüz edib və torpaqlarımızı işğal ediblər. Sizin yaşadığınız yerləri də - Laçını da, Füzulini də, başqa yerləri də işğal ediblər və siz yerinizdən-yurdunuzdan didərgin düşmüsünüz.
Mən sizin vəziyyətinizi yaxşı bilirəm. Bilirsiniz ki, son vaxtlar mən işğal olunmuş rayonların nümayəndələri ilə - xocalılarla, şuşalılarla, laçınlılarla, füzulililərlə, cəbrayıllılarla, kəlbəcərlilərlə, qubadlılılarla görüşmüşəm və bu yaxın vaxtlarda zəngilanlılarla da görüşəcəyik. Sizin hamınızın dərdi bütün Azərbaycan xalqının dərdidir, bizim böyük bəlamızdır və mənim dərdimdir. Ona görə sizin bu ağır vəziyyətdə olmağınız daim bizi düşündürür, məni düşündürür. Bu, tək məni, tək Azərbaycan rəhbərlərini yox, bütün dünyada sülhsevər, vətənpərvər, xeyirxah insanları düşündürür, o cümlədən bizim dost, qardaş qazax xalqını, onun prezidenti cənab Nursultan Nazarbayevi düşündürür.
Bu gün biz bu barədə geniş söhbətlər, ətraflı danışıqlar aparmışıq. Mən bəyan etmişəm və bu gün prezident Nursultan Nazarbayevə Azərbaycan Respublikasının, sizin istəyinizi, arzunuzu və mövqeyinizi bir daha bildirmişəm. Bu da ondan ibarətdir ki, Azərbaycan xalqı müharibə aparmaq istəmir, Azərbaycan xalqı sülhsevər xalqdır və mövcud məsələnin sülh yolu ilə həll olunmasını istəyir.
Məlumdur, siz hamınız yerinizi, ev-eşiyinizi, varınızı, əmlakınızı, nə qədər doğma adamlarınızı itirmisiniz, nə qədər insanlar şikəst, əlil olub. Amma bunların hamısına baxmayaraq siz sülh istəyir, sülh yolu ilə torpaqlarınıza qayıtmaq istəyirsiniz. Bilirəm ki, evləriniz, məktəbləriniz, xəstəxanalarınız, ümumiyyətlə hər şeyiniz dağılıbdır. Amma siz öz doğma torpaqlarınıza qayıtmaq və orada yaşamaq istəyirsiniz və biz də bunu istəyirik. Ona görə də sizinlə bizim fikrimiz birdir və mən bu fikirləri dostumuz Nursultan Nazarbayevə çatdırmışam. O da bu gün öz mövqeyini, fikirlərini dedi. Onun dediyi sözlər çox dəyərlidir. O dedi ki, heç bir xalq, heç bir ölkə öz torpağının bir qarışını da verməyə razı ola bilməz və bir daha bildirdi ki, bütün bu məsələlər hər bir ölkənin ərazi bütövlüyü çərçivəsində, sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həll edilməlidir. Bunlar hamısı dəyərli sözlərdir və biz də bu fikirdəyik. Bizim fikirlərimiz eynidir və bu fikirlər əsasında, bu yol ilə mən əminəm ki, biz işğal olunmuş torpaqların azad edilməsinə nail olacağıq, siz öz yerinizə-yurdunuza qayıdacaqsınız. Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunacaq, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi təmin olunacaqdır.
Biz bu sahədə bütün dünya ictimaiyyətinin yardımına möhtacıq. Beynəlxalq təşkilatların, bütün ölkələrin, o cümlədən də Qazaxıstan xalqının, Qazaxıstan Respublikasının bu işlərdə yardımına ehtiyac duyuruq. Burada hörmətli Nursultan Nazarbayev xatirimizə saldı ki, hələ beş il bundan öncə o, bu məsələnin sülh yolu ilə həll olunması üçün çalışıb, Azərbaycana gəlib, Bakıda, Dağlıq Qarabağda, Gəncədə, sonra Ermənistanda olub və bu məsələnin həll edilməsi işinə biganə qalmayıb, bizim doğma bir dostumuz kimi bu məsələyə qarışıbdır. Bu gün o öz fikirlərini, mövqeyini bildirməklə bu məsələnin sülh yolu ilə həll olunmasına kömək edir. Ona görə də mən sizin adınızdan qardaş, dost qazax xalqına hörmət və ehtiramımı bildirmək istəyirəm və qazax xalqına xoşbəxtlik və bütün işlərində müvəffəqiyyət arzulayıram. Qazaxıstan prezidenti, dostumuz Nursultan Nazarbayevə bizim respublikaya göstərdiyi diqqət və qayğıya görə, yerindən-yurdundan didərgin düşmüş insanlara xoş münasibətinə görə təşəkkürümü bildirirəm.
Əmin ola bilərsiniz ki, bu yolda biz durmadan çalışacağıq, işğal olunmuş torpaqlar azad ediləcək, siz yerinizə-yurdunuza qayıdacaqsınız və biz hamımız birlikdə sizinlə ev-eşiyinizdə, el-obanızda görüşəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, müstəqil Azərbaycan Respublikası yaşayaraq inkiaf edəcək və xoş günlərə çıxacaqdır.
Sizə cansağlığı, dözümlülük və bundan sonra da mətanətli olmağı arzu edirəm. Sağ olun!