Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rum patriarxı I Varfolomeyi və onu müşayiət edən nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 17 aprel 2003-cü il

I Varfolomey: Cənab prezident, İstanbulda NTV telekanalının bir tədbirində Sizinlə görüşmüşdük. Türkiyənin doqquzuncu cümhurbaşqanı, hörmətli Süleyman Dəmirəl də orada idi. Sizə plaket təqdim olundu. Sonra Qocaeli Universitetində yeni dərs ilinin açılışında təkrarən görüşdük, hörmətli Süleyman Dəmirəlin doğum günü idi. Siz gözəl xeyir-dualar söylədiniz, ona Azərbaycandan hədiyyələr gətirmişdiniz. Mən də iştirakçılar arasında idim.

Zati-aliləri, məmləkətimizi Sizin nə qədər sevdiyinizi bilirik və oradan Sizə salamlar və xeyir-dualarımızı gətirmişik. Dünəndən bəri Azərbaycanda olmağımızdan son dərəcə məmnunuq. Bu ziyarətimiz, Azərbaycan ləhcəsi ilə desək, bu səfərimiz dinlərarası dialoqu daha irəliyə aparmaq üçündür.

Bizə göstərilən səmimi qəbul və qonaqpərvərlik çərçivəsində bu ziyarətimizin amalının gerçəkləşəcəyinə ümidvarıq. Sizin yüksək şəxsinizdə bütün Azərbaycan xalqını məhəbbətlə salamlayırıq, uca Allahdan məmləkətinizi, millətinizi və dəyərli şəxsinizi hər pislikdən, çətinlikdən qorumasını niyaz edirik.

Cənab prezident, son aylarda Amerika Birləşmiş Ştatlarında əməliyyat keçirdiyinizdən xəbərimiz vardı və Sizə şəfalar diləyirik. Bu yaxında qeyd edəcəyiniz doğum gününüzü də indidən təbrik edirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Heydər Əliyev: Zati-müqəddəsləri, əvvəlcə, gözəl sözlərinizə, bizim keçmişdəki görüşlərimizi xatırladığınıza və çox dəyərli fikirlərinizə görə təşəkkür edirəm. İkincisi, Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz. Sizin Azərbaycana gəlməyiniz bizim xalqımız, ölkəmiz üçün bir hadisədir. Ona görə də belə bir şəxsiyyətin Azərbaycanı ziyarət etməsi, təbiidir ki, böyük maraq doğurur. Mən bilirdim ki, siz gələcəksiniz. Televiziya vasitəsilə gördüm, ancaq təyyarədən düşən kimi orada danışmağınızdan heyran oldum. Mən sizi xatırlayıram, sizi tanıyıram, amma türk dilində bu qədər gözəl danışmağınız məni heyran etdi. Onu da deyim ki, siz Azərbaycan dilinə yaxın bir ləhcədə danışırsınız. Deyə bilmərəm ki, Azərbaycan ləhcəsində danışırsınız.

I Varfolomey:Cənab prezident, İstanbulda Sizin televiziyanın verilişlərini izləyirəm və yüzdə doxsanını anlayıram.

Heydər Əliyev:Çünki türk dili ilə Azərbaycan dili keçmişdə çox yaxın olubdur. Son dövrdə, məsələn, 30-40 il içərisində türk dilində müəyyən dəyişikliklər olubdur. Ona görə də Azərbaycan dili ilə fərqi bir az artıbdır.

Süleyman Dəmirəl də sizin kimi danışır, əski türk dilində danışırsınız. Əski türk dili də Azərbaycan dilinə daha da yaxındır. Türk dilindən savayı bir çox başqa dilləri də bilirsiniz. Çox nadir, istedadlı şəxsiyyətsiniz. Ancaq, əlbəttə, kim mənim dilimdə, mənim millətimin, xalqımın dilində danışırsa, o mənə daha çox xoş gəlir. Ona görə televiziya ilə gördüm, eşitdim, sizə heyran oldum.

Sizin bu səfəriniz qısadır, amma çox görüşlər keçirmisiniz, çox işlər görmüsünüz. Görürəm ki, burada istirahətə imkanınız olmayıbdır. Ancaq mən arzu edərdim ki, siz Azərbaycanda bir az da istirahət edəsiniz.

I Varfolomey: Cənab prezident, biz istirahət üçün gəlməmişik. Biz təmaslarda olmaq üçün gəlmişik və bu qədər faydalı keçdiyi üçün səfərimizdən çox məmnunuq. İstirahət başqa vaxt edərəm.

Heydər Əliyev: Sizin gördüyünüz işlər dünyada sülhün, əmin-amanlığın, millətlərin bir-birinə yaxınlığının, dostluğunun təmin olunmasına yönəldilibdir. Azərbaycanda tolerantlıq yüksək səviyyədədir. Burada fərqli dinlər var, amma onların arasında münasibətlər tamamilə səmimi, dostluq münasibətləridir, heç kəs fərq qoymur ki, bu, xristian dininə mənsubdur, bu, yəhudi dininə mənsubdur, bu, müsəlman dininə mənsubdur.

I Varfolomey: Zati-aliniz keçən dəfə Rus ortodoks kilsəsinin açılışına qatılmışdı. Xalqınıza ən gözəl xidmətləri Siz edirsiniz.

Heydər Əliyev: Bəli, getmişdim. Çünki o kilsə uzun müddət xarab vəziyyətdə idi. Sonra Rusiyada yaşayan bir azərbaycanlı biznesmen bu işi üzərinə götürdü, onu çox gözəl bərpa etdi. Mənə dedilər ki, açılış var, dəvət etdilər. Amma dəvət etməsəydilər də, gedəcəkdim. Çünki bu, bizim üçün böyük hadisədir. Orada həddindən çox adam vardı, içəri adamla dolu idi. Yaxşı ki, ekranlar qoymuşdular, içəridəki mərasimi eşikdə görürdülər.

I Varfolomey: Cənab prezident, dünən həmin kilsəyə gedib dua etdik. Bakıda Müqəddəs Varfolomeyin şəhid olduğu yerdə, Qız qalasının yanında yeni bir ortodoks kilsəsi inşa edəcəyik. Biz buna çox sevindik. İnşallah, ən qısa zamanda bu iş həqiqətə çevriləcəkdir. Mən Müqəddəs Varfolomeyin ismini daşıyıram.

Heydər Əliyev: Bir halda ki, onun ismini daşıyırsınız, onda o kilsəni açanda siz də gəlməlisiniz.

I Varfolomey: Təşəkkür edirəm. Biz zati-alinizi yormaq istəmirik. Nə qədər məşğul olduğunuzu bilirik. Son olaraq növbəti prezident seçkilərində yenə uğurlar diləyir və bunu istəyirik.

Heydər Əliyev: Siz burada qısa bir zamanda çox məsələləri dediniz. Birincisi, bizim görüşlərimizi, ikincisi, bizim münasibətlərimizi, üçüncüsü, bizim ölkəmiz barədə, dördüncü, mənim 80 yaşımın tamam olmasını.

Sizinlə danışmaq çox şirindir. Əgər mən qəbul etdiyim adamlarla belə şirin danışıqlar aparsaydım, çox yaxşı olardı. Bəzən mübahisə edirsən, sual verirsən, sual alırsan. Amma indi burada ləzzətli söhbət edirik.

"Azərbaycan" qəzeti, 18 aprel 2003-cü il