Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti - Bakı, 26 dekabr 2000-ci il

Hörmətli həmvətənlər!

Əziz soydaşlarımız!

Artıq on ildir ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü dövlət bayramı kimi Azərbaycan Respublikası vətəndaşları və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən təntənəli şəkildə qeyd olunur.

Hər bir azərbaycanlı üçün vacib olan birlik və həmrəylik xalqımızın milli şüurunun güclənməsinin və azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Bu bayram qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirir, hər bir azərbaycanlını öz tarixi Vətəni, milli varlığı, ölkəsinin və soydaşlarının taleyi üçün düşünməyə dəvət edir.

Azərbaycan xalqı bu gün öz tarixinin məsuliyyətli, çətin və şərəfli bir dövrünü yaşayır. Bir neçə gündən sonra XX əsr, ikinci minillik sona çatır, bəşəriyyət XXI əsrə, üçüncü minilliyə qədəm qoyur. Azərbaycan doqquz ildir ki, müstəqil yaşayır. Biz XX əsri müstəqil və dünya birliyinin bərabərhüquqlu üzvü kimi başa vururuq, yeni əsrə və minilliyə inamla daxil oluruq. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir, qabaqcıl dünya təcrübəsində sınaqdan çıxmış və xalqımızın milli xüsusiyyətlərinə uyğun gələn demokratik prinsiplər, insan hüquq və azadlıqlarının qorunması, çoxpartiyalı sistem, siyasi plüralizm ictimai həyatımızın gündəlik normasına çevrilir. Azərbaycan dünyanın böyük iqtisadi və enerji mərkəzlərindən biri kimi inkişaf edir. Ölkəmizdə iqtisadi islahatlar cəsarətlə və uğurla həyata keçirilir. Azərbaycan Respublikası yeni minilliyə mühüm nailiyyətlərlə bərabər, həm də, təəssüf ki, Dağlıq Qarabağ problemi, ərazi bütövlüyünün pozulması, yüz minlərlə insanın qaçqın və köçkünə çevrilməsi kimi çətin problemlərlə daxil olur.

Azərbaycan Respublikası bütün dünya azərbaycanlıları üçün istinad və cazibə mərkəzi, onların ümid və məhəbbətlə üz tutduqları müqəddəs məkandır. Buna görə də bütün azərbaycanlılar müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli, onun azad, firavan, daha da güclü və qüdrətli olması üçün əllərindən gələni etməlidirlər. Azərbaycan Respublikası etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıların vahid vətənidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətən qarşısında övladlıq borcunu hiss etməli, respublikanın qayğıları, problemləri ilə yaşamalı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında yalnız güclü, nüfuzlu və müstəqil Azərbaycan dövləti dayana bilər.

Bu gün milyonlarla azərbaycanlı dünyanın müxtəlif ölkələrində toplumlar halında yaşayır. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə, elmin, mədəniyyətin inkişafına töhfələr verməklə yanaşı, həm də Azərbaycan xalqının, millətimizin milli-mənəvi dəyərlərini, dilini özündə yaşatmalı, onun tarixi, mədəniyyəti, mütərəqqi ənənələri ilə fəxr etməlidir. Hər bir azərbaycanlı fəxr etməlidir ki, o yaşadığı ölkənin layiqli vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycanı, onun mədəniyyətini, milli xüsusiyyətlərini təmsil edir.

Xarici ölkələrdə təşkilatlanma prosesinin ilk mərhələsini keçən azərbaycanlı icmaların, mədəniyyət mərkəzlərinin və dostluq cəmiyyətlərinin imkanlarından geniş istifadə olunmalıdır. Yaxın-uzaq ölkələrin tarixi əyani şəkildə sübut edir ki, mütəşəkkil icmalar halında dünyanın müxtəlif ölkələrində yaşayan, məqsədyönlü fəaliyyət göstərən, özünəməxsus milli ideyalar ətrafında birləşən, öz mütərəqqi adət-ənənələrini qoryub saxlayan soydaşlar öz ölkələrinə böyük kömək göstərir, yaşadıqları ölkələrlə tarixi vətənləri arasında qarşılıqlı faydalı münasibətlərin qurulmasında daha güclü amil kimi çıxış edirlər. Bu sahədə bizim istifadə olunmamış geniş potensialımız var və bu potensial mütləq hərəkətə gətirilməlidir.

İnanıram ki, müstəqil Azərbaycan Respublikasının getdikcə güclənməsi, azad, varlı və demokratik bir ölkəyə çevrilməsi həm dünya azərbaycanlılarının milli birliyinə, Azərbaycan xalqına və dövlətinə mənsubluq hissinə mütəşəkkillik, yenilik və daimilik gətirəcək, həm də bütün dünyada onların vətəndaş və milli haqlarının daha dolğun təmin olunmasına, qorunmasına təkan verəcəkdir.

Hörmətli həmvətənlər! Əziz dostlar!

Azərbaycan Respublikasının Prezidenti kimi mən bu əziz bayram günündə ölkənin tarixi müqəddəratını düşünərək, onun tərəqqisinə və firavan gələcəyinə çalışaraq, Azərbaycan Respublikasının vətəndaşlarını və dünya azərbaycanlılarını milli birliyə və sarsılmaz həmrəyliyə dəvət edirəm.

Hamınızı bu ümummilli bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailələrinizə səadət və əmin-amanlıq arzulayıram.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.