Əziz həmvətənlər!
Sizi yəhudilərin qədim dövrlərdən bəri bayram etdikləri Roş-Ha-Şana - Yeni il münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.
Müstəqilliyimizin bərpasından ötən illərdə Azərbaycanda yaşayan bütün xalqların milli-mədəni özünəməxsusluğu, dil və mədəniyyətlərinin inkişafı üçün hərtərəfli hüquqi-demokratik şərait bərqərar edilmişdir. Digər milli azlıqlar kimi, yəhudilər də Azərbaycanda heç zaman ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, milli tarixi irsini qoruyub saxlayaraq respublikamızın ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak etmişlər. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, yəhudi vətəndaşlarımız bu gün də müstəqil, demokratik dövlət quruculuğu prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, Azərbaycanın tərəqqisi və daha da çiçəklənməsi üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.
Əziz dostlar!
Roş-Ha-Şana - yenilik, mənəvi saflıq, xoş müjdələr bayramıdır. Qoy bu əziz gün hamınızın həyatına sevinc, ailələrinizə səadət gətirsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 6 sentyabr 2002-ci il.