Məmmədova Şərəbani Əli qızı. “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI MƏSƏLƏLƏRİ” (2014)

5716.01 - Azərbaycan ədəbiyyatı

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın

AVTOREFERATI

İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı məsələləri” mövzusu həm ədəbiyatşünaslıq, həm publisistik, həm də siyasiideoloji cəhətdən aktuallıq kəsb edir. Dahi öndərin bu sahədəki fəaliyyətindən bəhs edən onlarla kitab və monoqrafiyalar yazılsa da, təqdim olunan problemin sistemli şəkildə tədqiq edilməsinə ehtiyac vardır. Heydər Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yubileylərinin keçirilməsi, ev muzeylərinin təşkili, əsərlərinin akademik nəşrlərinin hazırlanması, əsərlərinin dünya dillərinə tərcümə olunub yayılması, ədəbiyyat xadimlərinin və ədəbi nəşrlərin dövlət qayğısı ilə əhatə olunması ilə bağlı gördüyü tədbirlər necə-necə tədqiqatların mövzusu ola bilər. Ümumiyyətlə, ulu öndərimiz Heydər Əliyevin 35 ilə yaxın hakimiyyəti dövründə Azərbaycan Yazıçılar Birliyinə, ədəbiyyatımıza və ayrı-ayrı yazıçılara göstərdiyi qayğılar saysız-hesabsızdır. Keçmiş İttifaq dövründə şəxsən Heydər Əliyevin dəstəyi ilə Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rəhimov və digər yazarlar yüksək fəxri adlara layiq görülmüşlər. Məhz onun təşəbbüsü ilə dahi Hüseyn Cavidin məzarının qalıqları uzaq Sibirdən Azərbaycana, doğulduğu Naxçıvan torpağına gətirildi. Nəsiminin anadan olmasının 600, Füzulinin 500 illik yubileylərinin dünya miqyasında qeyd olunması da, ilk növbədə, görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətinin birinci dövründə ədəbiyyat və incəsənət xadimlərinin SSRİ və Azərbaycan SSR Dövlət mükafatlarına, bir çoxunun “Azərbaycanın Xalq şairi”, “Azərbaycanın Xalq yazıçısı” fəxri adlarına layiq görülməsi, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Hüseyn Cavidin, Rəsul Rza və Nigar Rəfibəylinin evmuzeylərinin yaradılması, abidələrinin ucaldılması, şair məqbərələrinin tikilməsi xüsusi məhəbbətin ifadəsi idi. Müstəqillik dövründə də ulu öndər bu qayğı və məhəbbəti sənət adamlarından əsirgəməmişdir. Azərbaycanın ən yüksək fəxri ordeni “İstiqlal”a ilk dəfə layiq görülənlər ədəbiyyat xadimləri olmuşdur. “Bizim ədəbiyyatımız xalqımızın mənəvi sərvətidir, intellektual mülkiyyətidir”- deyən ümummilli liderimiz istər sovet dönəmində, istərsə də müstəqillik illərində bu sahəni həyat və fəaliyyətinin, yürütdüyü siyasətin tərkib hissəsi və ifadə vasitəsinə çevirmişdir. Azərbaycan dilini və ədəbiyyatını dərindən bilən və sevən ümummilli lider xalqın milli mənlik şüurunun formalaşmasında, mənəvi cəhətdən təkmilləşməsində, tarixi yaddaşın qorunub saxlanılmasında ədəbiyyatın rolunu layiqincə qiymətləndirirdi: “Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bu günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır”(Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı: Ozan, 1999, s.348). Bu səbəbdən qətiyyətlə demək olar ki, ümummilli lider həyatı və fəaliyyəti boyu bu sahəyə diqqət və qayğı göstərmiş, “ədəbiyyatı millietnik, siyasi-ideoloji, mənəvi cəhətdən xalqın formalaşma yolu, metodu hesab etmişdir”(Mehdiyev R. Ə. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı: Azərbaycan Milli Ensklopediyası nəşriyyatı, 2001, s.117).

Ümummilli lider yaxşı bilirdi ki, daim hərbi, dini və mədəni istilalara məruz qalan Azərbaycan xalqı sözə güvənmiş, özünü sözlə ifadə etmiş, öz bütövlüyünü, etnik mövcudluğunu doğma dili, bu dildə yaratdığı ədəbiyyat ilə qorumuşdur. Uzun əsrlər boyu hakim saraylarda və poeziyada başqa dillərin hökmranlığı səbəbindən xalq öz mövcudluğunu şifahi yarardıcılıqla saxlamış, bunu bütün dünyaya təlqin etmişdir. Təsadüfi deyildir ki, xalq yaradıcılığının tarixə çevrilmiş və yazıya alınmış ən böyük nümunəsi “Kitabi-Dədə Qorqud” dastanını möhtərəm lider “Milli varlğımızın mötəbər qaynağı”(Heydər Əliyev. Milli varlığımızın mötəbər qaynağı. // Dədə Qorqud dünyası (məqalələr). Bakı: Öndər, 2004, s. 8) adlandırmışdır. O, ən qədim abidələrdə, klassik nümunələrdə tərbiyəvi əhəmiyyət kəsb edən, milli mənlik şüurunu formalaşdıran elementlərin mövcudluğunu duyur, milli kökümüzə müraciət etməklə xalqın mənəvi dayaqlarını gücləndirməyə çalışırdı. “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı məsələləri” mövzusunu ən müxtəlif rakurslardan qiymətləndirmək və araşdırmaq mümkündür: Heydər Əliyev və klassik ədəbiyyat, Heydər Əliyev və ədəbi tənqid, Heydər Əliyev və folklor, ədəbi prosesə istiqamət verən uzaqgörən rəhbər, böyük ədəbiyyat tarixçisi və s.

“Ədəbiyyatımızı bilmək lazımdır. Ədəbiyyatı bilməyən adam yüksək mədəni səviyyəyə çata bilməyəcəkdir” - deyən dahi öndər sənayenin, texniki sahələrin inkişaf etdirilməsini əsas sayanlara humanitar sahənin digər sahələrdən az əhəmiyyət daşımadığını sübut etmışdir. Ümummilli lider əsrlər boyu azərbaycançılıq ideologiyasını öz içindəki enerji hesabına saxlayan ədəbiyyatımızın təsir qüvvəsini yüksək dəyərləndirmişdir: “İnsanların ürəyinə, qəlbinə təsir edə bilən ədəbiyyatımız olubdur, şeirimiz olubdur və həmin şeirlər, sözlər doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır”(Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı: Ozan, 1999, s.251).

Bu sahədə sistemli və əhatəli araşdırma aparılması və Heydər Əliyev siyasi kursunun davam etməsi mövzunu daha da aktuallaşdırır.

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini ümummilli lider Heydər Əliyevin zəngin irsi təşkil edir. Tədqiqatın predmeti ulu öndərimiz Heydər Əliyevin ədəbi məclislərdə, yubiley tədbirlərində, ədəbi simalarla görüşlərdə, Azərbaycan və türk yazıçılarının qurultaylarındakı cıxışlarında ifadə olunan elmi fikirlərindən ibarətdir.

Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatda Heydər Əliyevin ədəbiyyat sahəsindəki xidmətlərinin ədəbi proseslərin inkişafı istiqamətində aparılan milli siyasət kursunun tərkib hissəsi kimi öyrənilməsi başlıca məqsəddir. Ümummilli liderin istər orta əsrlər Azərbaycan ədəbiyyatı, istərsə də müasir ədəbi proseslər haqqında fikir və mülahizələrinin araşdırılması və sistemləşdirilməsi nəzərdə tutulur. Araşdırma zamanı həmçinin ümummilli liderin folklorumuzla bağlı mülahizələri və xidmətləri də diqqət mərkəzinə çəkilir, eyni zamanda Heydər Əliyevin ədəbi tənqid sahəsindəki elmi-nəzəri düşüncələrinin araşdırılması da qarşıya məqsəd qoyulmuşdur. Bu baxımdan tədqiqatın aşağıdakı vəzifələri müəyyənləşdirilmişdir:

-Ümummilli liderin irsini daha da dərindən və sistemli şəkildə tədqiq edərək milli-mənəvi dəyərlərimizin, o cümlədən ədəbiyyatımızın qorunması və təbliği sahəsindəki fəaliyyətini üzə çıxarmaq;

-Ümummilli liderin istər sovet dönəmində, istərsə də müstəqillik illərində ədəbiyyata münasibətini müqayisəli şəkildə araşdırmaq;

-Ulu öndərin dövlətçilik ideologiyasını formalaşdırarkən daha çox Azərbaycan ədəbiyyatına əsaslanması ilə bağlı fəaliyyətini üzə çıxarmaq;

-Heydər Əliyevin klassik ədəbiyyat və folklor haqqında fikir və mülahizələrini sistemləşdirmək;

-Ədəbiyyatının təbliği ilə bağlı veilən fərman və sərəncamların Azərbaycan ədəbiyyatşünaslığının inkişafına təsirini müəyyənləşdirmək;

-Heydər Əliyevin sovet dönəmi və müstəqillik illərinin ədəbi prosesi haqqında fikirlərini sistemləşdirmək, ədəbi prosesin inkişafında Heydər Əliyevin müsbət rolunu müəyyənləşdirmək.

Tədqiqatın elmi yeniliyi. Heydər Əliyevin ədəbiyyatla bağlı fəaliyyətinin sistemli-monoqrafik, müəyyən qədər də nəzəri aspektdə öyrənilməsi bu dissertasiyada öz əksini tapmışdır.

Ümummilli liderin ədəbiyyat siyasəti mərhələlər üzrə - həm keçmiş sovet rejimi çərçivəsində, həm də müstəqillik dövrünün tələbləri səviyyəsində tədqiqata cəlb edilmişdir;

Tədqiqatda Heydər Əliyevin klassik Azərbaycan ədəbiyyatı və folkloru haqqında fikir və mülahizələri, verdiyi fərman və sərəncamları araşdırma predmetinə çevrilmişdir;

Ədəbi-tənqidin məqsəd və vəzifələri haqqında fikirləri ümummilli liderin ədəbiyyatşünaslığa gətirdiyi yeni tipli düşüncə tərzi kimi öyrənilmişdir. Ulu öndərin öz ədəbiyyat siyasəti ilə ədəbi prosesin və ədəbiyyatşünaslığın inkişafına təkan verməsi konkret faktlar əsasında dəyərləndirilmişdir;

Ümummilli liderin ədəbiyyata milli müstəvidən yanaşması, onu azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən biri kimi dəyərləndirməsi əsas götürülmüş, bu məsələyə müasir ədəbiyyatşünaslığın tələbləri baxımından yanaşılmışdır;

Dissertasiyasda ümummilli liderin bədii obrazı yaradılan əsərlər obyektiv elmi qiymətini almışdır.

Tədqiqatın metodoloji əsası. Dissertasiyada çağdaş ədəbiyyatşünaslıq tədqiqaqtları örnək götürülmüş, mövcud araşdırmalarda sınaqdan keçirilmiş metodlardan istifadə olunmuşdur. Qoyulan problemin həlli üçün elmi-nəzəri ümumiləşdirmə, tarixi müqayisəli və sistemil-təhlil metodlarından istifadə olunmuşdur. Bununla yanaşı araşdırma prosesində milli ideologiyanın tədqiq və təhlil prinsiplərinə istinad edilmişdir.

Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Heydər Əliyev irsində ədəbiyyat məsələlərinin tədqiqi zamanı aparılan ümumiləşdirmələr ədəbiyyatşünaslıqda xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dissertasiayanın nəticələri Heydər Əliyev irsinin araşdıran tədqiqatçılar üçün gərəkli mənbə rolunu daşıyır. Tədqiqat işi, həmçinin, ali məktəblərinin humanitar fakültələrinin müəllim və tələbələrinə ədəbiyyat tariximizin müxtəlif sahələrinin Heydər Əliyevin görüşləri əsasında tədqiqi, təbliği və tədrisində köməklik göstərə bilər. Müvafiq fənlərin tədrisi prosesində, ali məktəblərdə tədris olunan ixtisas kursu fənlərində Azərbaycan ədəbiyyatı tarixi haqqında məlumat verilərkən tədris proqramları üçün gərəkli mənbə rolunu daşıyır.

İşin aprobasiyası. Dissertasiya işi Naxçıvan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasında yerinə yetirilmişdir. Dissertasiyanın mövzusu 12 yanvar 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında (protokol №6) və Azərbaycan MEA-nın nəzdində fəaliyyət göstərən Ədəbiyyatşünaslıq üzrə problem Şurasında (15 may 2009, protokol №1) təsdiq olunmuşdur. Dissertasiyanın müxtəlif fəsilləri 13 məqalədə öz əksini tapmışdır. Bu məqalələrin 1-i xarcdə nəşr olunuşdur. Tədqiqatın əsas müddəaları haqqında “Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı”nda (2012), Regional inkişaf və böyük mədəniyyət: mənşə, harmoniya və tipologiya məsələləri” adlı beynəlxalq konfransda (Naxçıvan Dövlət Universiteti, 2013), “Azərbaycanşünaslığın aktual problemləri” adlı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV beynəlxalq elmi konfransda (Bakı Slavyan Universiteti, 2013), Rusiya Federasiyasının Ufa şəhərində keçirilən “Sovremennaya filoloqiya” (2013) beynəlxalq elmi konfransda məruzlər edilmiş, elmi məqalələr çap etdirilmişdir.

Dissertasiyanın qurulusu. Dissertasiya giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Dissertasiyanın “Giriş” hissəsində mövzunun aktuallığı əsaslandırılmış, tədqiqatın obyekti, predmeti, məqsəd və vəzifələri göstərilmiş, işin elmi yenilikləri, nəzəri-praktik əhəmiyyəti, aprobasiya və quruluşu haqqında məlumat verilmişdir.

Dissertasiyanın birinci fəsli “Heydər Əliyevin ədəbiyyat siyasəti və onun mahiyyəti” adlanır. Bu fəsil iki yarımfəsli əhatə edir. Birinci yarımfəsil “Heydər Əliyevin ədəbiyyat siyasəti milli siyasətin tərkib hissəsi kimi - sovet dövründə və müstəqillik illərində” adlanır. Burada ümummilli lider Heydər Əliyevin ədəbiyyata necə münasibət bəsləməsi, eyni zamanda bir proqram xarakteri daşıyan konseptual fikirlər irəli sürməsi açıqlanır. Ədəbiyyatın bu fenomenal şəxsiyyət tərəfindən yürüdülən siyasətin tərkib hissəsi olması əsaslı faktlarla izah edilir. Eyni zamanda bu haqda yazan akademiklərimiz Ramiz Mehdiyev, İsa Həbibbəyli, Nizami Cəfərov, mərhum Bəkir Nəbiyev və Yaşar Qarayev kimi alimlərin fikirlərinə münasibət bildirilir.

Heydər Əliyevə görə, ədəbiyyat millətin özünütəsdiqinin ifadə vasitəsidir. Ədəbiyyat siyasəti ağıllı, məqsədyönlü, səmərəli şəkildə millətin özünüdərkinin və xalqda milli qürur və ləyaqət hissinin formalaşmasına yonəldilməlidir. Ulu öndər ədəbiyyat və mədəniyyətimizə bu cür münasibət bəsləməklə bədii sözün qüdrətilə yaşayan xalqın mənəvi potensialının meydana çıxarılması və Azərbaycan xalqının dünyada tanıdılmasına və imicinin yüksəldilməsinə rəvac verirdi. Yaradılan əlverisli şərait və yaradıcılıq sərbəsliyi nəticəsində ədəbiyyat və mədəniyyət xadimləri Azərbaycan xalqının intellektini, böyük ədəbi-bədii potensialını təcəssüm etdirdilər. Milli-mənəvi, elmi, ədəbi və mədəni mühitin uzaqgörənliklə proqnozlaşdırılması ilə əsas inkişaf meylləri müəyyənləşdirilmiş, ədəbi-mədəni sahədə ciddi yüksəlişə səbəb olmuşdur. Ümumiyyətlə, Heydər Əliyevin milli siyasət konsepsiyasında ədəbiyyatdan iki formada istifadə olunmuşdur:

  1. Milli və bəşəri dəyərlərə sadiq qalan və tariximizi düzgün əks etdirən vasitə kimi;
  2. Millətlərin inteqrasiyası şəraitində xalqın özünüqoruma və ozünütəsdiq vasitəsi kimi. Hər iki forma bir-biri ilə əlaqəli şəkildə dahi öndərin dövlətçilik siyasətinin əsasını təşkil edir. Ümummilli lider Azərbaycan ədəbiyyatını inkişaf etdirmək və tanıtdırmaq naminə bir sıra qərarlar qəbul etmiş, fərman və sərəncamlar imzalamışdır. Görkəmli dövlət xadiminin bu sahədəki fəaliyyətini iki aspektdən dəyərləndirmək olar:
  3. Azərbaycan ədəbiyyatının inkişafı, təbliği və tədqiqi ilə bağlı nəzəri mülahizə və göstərişlər, fərmanlar və qərarlar;
  4. Ədəbiyyatın inkişafı və təbliği ilə bağlı şəxsi çıxış və nitqləri.

Heydər Əliyevin Azərbaycan ədəbiyyatı haqqında ifadə etdiyi konseptual fikirlər bir-birindən kəskin fərqlənən iki formasiya, iki quruluş, iki dövlətə rəhbərliyi dövründə ifadə olunmuşdur. Keçmiş ittifaq dövründə ədəbiyyat xalqı tanıtdırmaq işinə, xalqın mənəvi potensialının üzə çıxarılmasına xidmət edirdisə, müstəqillik dövründə də əvvəlki illərin nailiyyətlərini və böyük itkilərini, müsbət və mənfi cəhətlərini dərk etmək, ədəbi nümunələrə prinsipcə yenidən baxmaqla milli şüurun oyadılmasına və milli birlik ideyasına xidmət edirdi. Mərhum akademikimiz Yaşar Qarayevin sözləri ilə desək, “bu dəyişən mərhələlərin hamısında təkcə bir şey dəyişməyib: eyni bir daxili fitri ideala xidmət əzmi, milli Azərbaycan ideyası!”(Qarayev Y.V. Milli- mənəvi dəyərlərin keşikçisi // Əsrə bərabər 30 il. Bakı: 200, s.68)

Ulu öndərin ədəbi fikir və mülahizələrində bir tərəfdən kecmiş həyatın, ötən dövrün dərsləri təsbit olunmuş, digər tərəfdən isə ədəbiyyat gənc nəslin milli və bəşəri dəyərlərin nisbətində tərbiyə olunmasında əvəzsiz vasitə kimi qiymətləndirilmişdir. Ümummilli lider bir sosialiqtisadi sistemdən digərinə keçid mərhələsində ədəbiyyatı millətin özünüdərk prosesinin əsas istiqaməti hesab etmişdir. Sovet dönəmində başlıca məqsəd beynəlmiləl ədəbiyyat adı altında milli ədəbiyyatın inkişaf etdirilməsi idi. Ədəbiyyatdan milli zəminə soykənən Azərbaycan gerçəkliyini əks etdirmək, oxuculara vətənpərvərlik duyğularını aşılamaq tələbi əsas idi. Klassik ədəbi irsin və folklorun öyrənilməsi böyük uğurla müşayət olunur, müxtəlif adlar altında ideologiya burulğanından uzaqlaşdırılırdı. Akademik İsa Həbibbəylinin sözləri ilə desək, “Heydər Əliyev yaşadığı dövrün siyasi quruluşunun sərt qadağalarına baxmayaraq Azərbaycan anlayışına geniş müstəvidə baxışlar sistemi formalaşdırmışdır”(Həbibəyli İ.Ə. Azərbaycançılıq idealına sədaqət nümunəsi // AMEA-nın Naxçıvan Bölməsinin Xəbərləri. Xüsusi buraxılış. 2013, s.16). Ümummilli lider özü də bu barədə qeyd edirdi ki, “Mənim işlədiyim həmin illərdə milli mədəniyyətimizə, taiximizə aid olan bir çox tədbirlərin həyata keçirilməsinə Moskvanın qadağalarını, hətta müqavimətini hiss etmişdik”(Qətiyyətin təntənəsi. Bakı, 1995, s.17).

Ümumiyyətlə, “milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir”- deyən ulu öndər Heydər Əliyevin Azərbaycan söz sənətinin hərtərəfli yüksəlişinə böyük diqqət və qayğısı son dərəcə mühüm dəyərə malikdir. Heydər Əliyevin ədəbiyyatşünaslığa gətirdiyi yeni tipli siyasi təfəkkür ədəbi prosesə öz dərin və müsbət təsirini göstərirdi. Ümumilli liderin ədəbiyyat konsepsiyası onun ideya-siyasi irsinin tərkib hisəsi kimi insanların həm düşüncə, həm də həyat tərzini istiqamətləndirən mənəvi enerji mənbəyidir. Bu mənbə gələcək perspektivləri realşdırmağın bir vasitəsidir. Bu sahadə ümummilli liderin münasibəti sovet ideoloqlarının münasibətindən kəskin şəkildə fərqlənirdi. Məlumdur ki, sovet dönəmində ədəbiyyatdan “ümumpartiya işinin vintciyi və təkərciyi” kimi kommunist təbliğatında, sosializm rejiminin təbliğində bacarıqla istifadə etmək tələb olunurdu. Ümummilli lider isə ədəbiyyata heç vaxt bu prizmadan baxmamış, milli və ictimai maraqları nəzərə alaraq uğurlu “ədəbiyyat siyasəti” yürütmüşdür. İllərlə formalaşmış, bir çox hallarda şablonlaşmış fikirlər, mülahizələlər, hökmlər çərçivəsindən kənara çıxaraq ədəbi nümunələrə yeni baxış sərgiləmək, fərqli prizmadan yanaşmaq bu “siyasətin” əsas hədəfi idi. Dahi öndər ədəbiyyatı heç vaxt “vintcik və təkərcik” hesab etmədən onun ideya-estetik dəyərini, təsir qüvvəsini düzgün qiymətləndirmiş, konseptual fikirlərində bədii ədəbiyyatı milli istiqlalın, “xalqın azadlıq və səadətinin fikir carçısı” kimi dəyərləndimiş, bədii ədəbiyyata bu prizmadan yanaşaraq ədəbiyyatdan həyatın başqa sahələrinin inkişafında geniş istifadə etmiş, represiyadan çıxmış ədəbiyyatımızı dissident “damğası”ndan qorumuşdur. Bədii nümunələrə formal olaraq ideoloji cəhədən yanaşılsa da, onları ədəbi estetik meyarlar baxımından qiymətləndirmək bacarığı Heydər Əliyevi ədəbiyyatşünas-filoloqların ön cərgəsinə çıxarmışdır.

Birinci fəslin ikinci yarımfəsli “Ədəbiyyat Heydər Əliyevin yaratdığı milli ideologiyanın əsası kimi – Heydər Əliyev və azərbaycançılıq” adlanır. Bu yarımfəsildə ümummilli liderin ədəbiyyat konsepsiyası azərbaycançılıq ideologiyası prizmasından tədqiq olunur, azərbaycançılıq fəlsəfəsinin yaranması və ədəbi əsərlərdən qaynaqlanması, eyni zamanda dahi öndərin buna münasibəti açıqlanır. Ulu öndərin dövlət ideologiyası və siyasəti üçün mədəniyyət, ədəbiyyat ən mühüm, vacib amil kimi özünü göstərir. Heydər Əliyevə görə, ədəbiyyat azərbaycançılıq fəlsəfəsinin üzvi tərkib hissəsidir. Dahi lider bu ideologiyanın əsası kimi Azərbaycan ədəbiyyatını inkişaf etdirmək və tanıtdırmağı əsas sayırdı. Bu baxımdan dahi liderin ədəbiyyat sahəsindəki fəaliyyəti azərbaycançılıq ideologiyasının ifadə və reallaşma formasıdır. Bu idelogiyanın ədəbi dəyərlərin timsalında formalaşma yollarını ilk olaraq Heydər Əliyev görmüş, ictimaiyətə təqdim etmişdir. Azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüş istiqamətində qədim tarixi vardır. Millətin formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbaycançılıq fərdi bədii düşüncədən publisistikaya, burdan da dövlət səviyyəsinə qədər böyük bir inkişaf yolu keçmişdir. Təsadüfi deyil ki, azərbaycançılıq ideologiyasını publisistikaya Məhəmməd Ağa Şaxtaxtlı, bədii ədəbiyyata Cəlil Məmmədquluzadə, siyasi fikrə Heydər Əliyevin gətirməsi fikri elmi ədəbiyyatda öz əksini tapmışdır (Габиббейли И. А. Гейдар Алиев и современность / Ümimmilli lider Heydər Əliyevin irsi və milli ideologiyasının formalaşması məsələləri. (2010-cu il mayın 5-də keçirilmiş ümumrespublika elmi-nəzəri konfransının materialları) Bakı: Elm və təhsil, 2010, 79). Bu deyilənlərin izahıüçün azərbaycanşünaslıq elminin ən görkəmli nümayəndələrinin əsərlərindən və ümummilli liderin nitqlərindən istifadə edilmşdir. Onun dünya azərbaycanlıların I qurultayındakı çıxışı, dünya azərbaycanlılarına müraciəti və digər ədəbi-mədəni tədbirlərdəki çıxışlarında irəli sürdüyü konseptual fikirlər ədəbiyyatın azərbaycançılıq ideoloiyasınının üzvü tərkib hissəsi olması qənaətinə gəlməyə imkan verir. Heydər Əliyev çox gözəl bilirdi ki, Şərqin, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bütün fəlsəfi təlimləri əsasən bədii ədəbiyyatla bağlı olub, onun bətnindən boy atmışdır. Ona görə də azərbaycançılıq fəlsəfəsini formalaşdırarkən o, Azərbaycan ədəbiyyatına sistemli şəkildə istinad edirdi. Heydər Əliyevin Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti barədəki düşüncələri konseptual ümumiləşdirmələrin nəticələri kimi müstəqil Azərbaycanın ən mühüm dövlət sənədlərində öz əksini tapmışdır.

“Heydər Əliyev irsində Azərbaycan folkloruna və klassik ədəbiyyata münasibət” adlanan II fəsil dörd yarımfəsli əhatə edir. “Heydər Əliyev və Azərbaycan şifahi xalq ədəbiyyyatı” adlı birinci yarımfəslildə uzaqgörən rəhbərin yürütdüyü siyasətin tərkib hissəsi və əsas istiqamətlərindən biri kimi folklorumuza, milli-mənəvi sərvətlərə qayğıkeş münasibətinin real nəticələri araşdırılır. İstər sovet dönəmində, istərsə də müstəqillik dövründə ümummilli liderin folklorumuza göstərdiyi qayğı və diqqət 1969-73-cü illər ərzində mədəni irsimizi qorumaq üçün partiya və hökumətin 15 qərar və sərəncamı ilə nəticələnmişdir. Müstəqillik dövründə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 avqust 2003-cü il tarixli sərəncamı bu ənənənin davamı kimi araşdırılmışdır.

Heydər Əliyevin 70-ci illərdə yeritdiyi müdrik və uzaqgörən siyasət folklor işi sahəsində nəzərəçarpacaq dəyişikliklərlə nəticələnmiş, milli ruhun güclənməsi, vətərpərvərlik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi Azərbaycan ziyalılarını, ümumilikdə bütün xalqı gələcək strateji məqsədlər üçün səfərbər etmiş, azadlıq mübarizəsinə hazırlamışdı. Azərbaycan KP MK-nın 1970-ci il 20 mart tarixli plenumundakı məruzəsində Heydər Əliyev deyirdi: “... Bəzən mətbuat, radio və televiziya işçiləri xalqın mənəvi həyatına aid mühüm məsələləri lazımınca işıqlandırmağı bacarmırlar”(“Kommunist” qəz., 1980, 21 fevral, № 44 (17380) ). Bu cür çıxışlar televiziya, radio və mətbuatda Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə həsr edilmiş proqramlar və məqalələrin ortaya çıxmasına səbəb olmuşdur. Həmin illərdə “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərı, “Qobustan”, “Ulduz”, “Azərbaycan” jurnallarında xalq yaradıcılığı ilə bağlı xeyli materiallar yer almışdı. “Ozan”, “Bulaq” kimi verilişlər tamaşaçılarda böyük maraq oyatmış, xalqın milli-mənəvi dəyərlərinin toplanılması, qorunması və təbliğində mühüm rol oynamışdı. 70-80-ci illərdə folklor nəşrlərinin geniş vüsət alması, 1984-cü ildə 20 illik bir fasilədən sonra aşıqlar qurultayının çağrılması, folklor festivallarının keçirilməsi, “Aşıq Pəri” məclisinin, “Xarı bülbül” musiqi festivalının təşkili, “Koroğluya qayıdaq” adlı silsilə ozanaşıq tədbirlərinin keçirilməsi buna bariz nümunədir. 1981-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə folklor işinin xüsusi tələblər səviyyəsində qurulması ilə bağlı tədbirlər planı işlənib hazırlanmışdır. Ümummilli lider el sənətkarlarının yaradıclıqlarının hərtərəfli öyrənilməsi, onların bədii irsinin toplanıb nəşr edilməsi, ustad sənətkarlardan Aşıq Alının 180 (1981), Aşıq Ələsgərin 150 (1972) illik yubileylərinin keçirilməsinin bilavasitə təşəbbüskarı olmuşdur. 1980-ci ildə Ağstafada “Saz məktəbi”nin, Tovuzda Aışq Hüseyn Bozalqanlının adını daşıyan “Ozan-Aşıq muzeyi”nin yaradılması, bir çox folklor bayramlarının – “Qurbani saz bayramı”nın, “Bayatı bayramı”nın, “Dastan gecəsi”nin və s. keçirilməsi, folklor işinə marağı gücləndirməklə bərabər, həm də mənəvi dəyərlərin qorunub yaşadılmasına və təbliğinə xidmət etmişdir. 1970-80-ci illərdə bir çox el sənətkarları - Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Ələkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov, Aşıq İmran Həsənov “Əməkdar incəsənət xadimi” adına layiq görülmüş, İzzətalı Zülfüqarov, Ələsgər Şəkili, Əli Kərimov, müstəqillik dövründə isə Aşıq Əhliman, Aşıq Ədalət Dəlidağlı kimi sənətkarlar “Azərbaycanın əməkdar mədəniyyət işçisi” fəxri adını almışlar. Heydər Əliyev sovet dönəmidə Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlərə rəhbərlik edir, gələcək müstəqilliyizin millimənəvi intibahı üçün zəmin hazırlayırdı. Ulu öndərin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra folklora diqqət zəifləsə də, 1990-cı illərdə dahi xilaskarın qayıdışı ilə bu sahənin inkişafı yenidən dövlət qayğısı ilə əhatə olunmuş, folklor kollektivləri bərpa edilmiş, Azərbaycan folklor külliyyatı və Atlası, coxcildlik folklor antologiyasının müxtəlif cildləri nəşr olunmuşdur. 1990-cı illərdə “Kitabi-Dədə Qorquq”un və Dədə Ələsgərin yubileylərinin dövlət səviyyəsində hazırlanması və birbaşa prezidentin nəzarəti altında həyata keçirilməsi, Aşıq Şəmkirin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2003- cü il tarixli sərəncamı, Foklor İnstitutunun yaradılması folklorumuza Heydər Əliyev qayğısının və sevgisinin, eyni zamanda dövlət siyasətinin təzahürü kimi qiymətləndirilməlidir.

İkinci fəslin ikinci yarımfəsli “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud dastanı” adlanır. Bu yarımfəsildə Heydər Əliyevin dastana haqqında fikirləri elmi-nəzəri araşdırma predmetinə çevrilmişdir. Ümummilli liderin folkor işinə göstərdiyi qayğı 70-ci illərdən qorqudşünaslığın geniş vüsət almasına, elmi polemikaya, eposun elmi tənqidi mətninin hazırlanmasına, nəhayət, Azərbaycanın qorqudşünaslıq elmi mərkəzinə çevrilməsinə səbəb olmuşdur. “Kitabi-Dədə Qorqud” təkcə elmi araşdırma mövzusu olaraq qalmamış, müxtəlif sənət nümayəndələri bu motivlər əsasında əsərlər yaratmışlar. “Dədə Qorqud” kimi sanballı kinofilminin meydana çıxması, Dədə Qorqud motivləri əsasında çəkilən silsilə rəsm əsərləri, xalça ustalarının hazırladıqları Qorqud xalçaları, heykəltəraşlıqda yer alan Qorqud motivləri, Azərbaycan poeziyasında, xüsusilə görkəmli şairlərin (həm şimali, həm də cənubi Azərbaycan) yaradıcılığında “Dədə Qorqud” motivlərinin istər kiçik, istərsə də monumental janrlarda (poemalarda) əksi milli vətənpərvərlik və qəhrəmanlıq ideyalarının, mənəvi dəyərlərin təbliği sahəsində Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərinin məntiqi yekunudur. 20 aprel 1997-ci ildə imzalanan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında” fərmanın həm elmi, həm də siyasi əhəmiyyəti böyükdür. Ulu öndər dastanın 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki nitqi ilə, eləcə də “Kitabi-Dədə Qorqud” ensiklopediyasına yazdığı ön sözdə 12 boydan ibarət olan dastana 12 cür yanaşma metodu sərgiləməklə qorqudşünaslığa öz dəyərli töhvəsini vermişdir. Sözün geniş mənasında “Kitabi-Dədə Qorqud”u “xalq kitabı” sayan ümummilli lider azərbaycanlıların mentalitetində milli və ümumbəşəri dəyərlərin yerinin müəyyənləşdirilməsində Dədə Qorqud prinsiplərindən çıxış etməyin vacibliyini vurğulayırdı. 2003-cü ildə keçirilən Dünya azərbaycanlılarının I qurultayındakı nitqini də məhz Dədə Qorqudsayağı yekunlaşdırırdı: “Qoy, çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağınız sönməsin!(Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 36-cı kitab. Bakı: Azərnəşr, 2011, s.438)

Azərbaycan xalqının dünyanın qədim və oturaq xalqlarından olması, bu abidənin ümumdünya, ümumtürk xarakteri ilə yanaşı həm də milli mahiyyəti daşıması və Azərbaycan mədəniyyəti nümunəsi kimi dünya ictimaiyyətinə qəbul etdirilməsi, Azərbaycan dilli epik nümunələrin yaranması və formalaşması tarixinin “Kitabi-Dədə Qorqud”un tarixinə əsaslanaraq daha dərin qatlarda araşdırılması ideyalarını bu yubileyin elmi əhəmiyyəti hesab edirik. Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində “Qorqudşünaslıq” elmi laboratoriyalarının yaradılması, “Dədə Qorqud” elmi jurnalının fəaliyyətə başlaması, Heydər Əliyevin ön sözü ilə başlayan iki cildlik “Kitabi-Dədə Qorqud ensiklopediyası” nəşri, Naxçıvan şəhərində Dədə Qorqudun abidəsinin ucaldılması ümummilli liderin yubiley fərmanının yekunu nəticələridir.

“Heydər Əliyev irsində orta əsrlər klassik Azərbaycan ədəbiyyatı nümayəndələrinə münasibət” adlı yarımfəsildə ümummilli liderin klasik irsə münasibəti araşdırılmışdır. Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin fonunda Azərbaycan klassik ədəbiyyatına münasibət keyfiyyət və miqyasca özünü daha qabarıq göstərir. Başqa sözlə desək, “Klassik ədəbiyyat, Heydər Əliyev üçün hər şeydən əvvəl, müasirliyi, konkret tarixi situasiyada xalqa mənəvi-mədəni xidmət göstərmək potensialı ilə maraqlı və aktual idi”.(Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı: Şərq-Qərb, 2009, s. 496) Bu uzaqgörən milli liderin milli-mənəvi və ədəbi potensialın yaradılması ilə şərtlənən siyasəti idi.

Dahi öndərin bu “siyasət”i nəticəsində klassiklərin əsərlərinin çoxcildlikləri nəşr edilmiş, rus dilinə və digər xarici dillərə tərcümə edilməsinə diqqət artrılmışdı. 70-ci illərin ortalarında ingilis və fransız dillərində Azərbaycan ədəbiyyatı antologiyaları nəşr olunmuş, ümummilli liderin respublikaya rəhbərliyinin II dönəmində ədəbiyyatşünaslıq elminin yeni inkişaf mərhələsi başlanmışdır.

Heydər Əliyevin ədəbi görüşlərində Azərbaycan klassik irsi haqqında dərin və koseptual fikirlər Heydər Əliyev zəkasının süzgəcindən keçərək ədəbi və nəzəri görüşlər toplusu şəklini almışdır. Ulu öndər klassik irsimizi ümumxalq mövqeyindən təhlil edir, ona elmi-fəlsəfi münasibət formalaşdırır, yeni ararşdırma metodlarını, sahələrini və yollarını müəyyən edir, klassik ədbiyyatımızın müxtəlif problemlərinin açılmasına və təhlilinə cəhd edir, buna yüksək elmi dəqiqliklə nail olurdu. Başqa sözlə desək, “Bu cür bələdlik Heydər Əliyev intelekti ilə birləşərək ədəbiyyatın müxtəlif problemlərinə paralel nüfuz etməyə imkan verirdi”(Novruzov T.C. Heydər Əliyev və ədəbiyyat məsələləri. Bakı: 2007, s.38).

Ümumilli lider ədəbiyyatımızın istər orta əsr dövrü, istərsə də sonrakı dövr nümayəndələrinə ədəbiyyatşünas-filoloq, bəzən də messenat rəhbər münasibəti bəsləmişdir. Bu sənətkarların adlarının əbədiləşdirilməsi, əsərlərinin tədqiqi və nəşri ilə nəticələnən sərəncam və qərarlar verməkdən əlavə, görkəmli dövlət xadimi hər bir klassikimiz haqqında özünəməxsus elmi fikir söyləmiş, ədəbiyyat tariximizi yeni yöndən işıqlandırmağa istiqamət verən yolları müəyyən etmişdir. Onun fikirləri klassik irsimizə yeni münasibəti formalaşdırmış, tədqiatcılar qarşısında yeni axtarış sahələri açımışdır. Müstəqillik dönəmində ulu öndər klassik irsin tədqiqatçıları qarşısında bu tələbləri qoyurdu:

Dissertasiyada ümummilli liderin ədəbiyyatımızın Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi klassiklərinə münasibəti, onların yubileylərinin keçirilməsi, əsərlərinin tədqiqi və təbliği sahəsində görülən işərdən bəhs olunmuş, Şuşada Molla Pənah Vaqifin məqbərəsinin tikilməsi və abidəsinin qoyulması klassik ədəbi irsə diqqət və qayğı ilə yanaşmağın ən dəyərli nümunəsi kimi qiymətləndirilməlidir. Xüsusən, Füzulinin və Nəsimin məzarlarının qorunması ilə bağlı ulu öndərin fəaliyyəti tarixi faktlar əsasında araşdırılmış, bu sənətkarların yardıcılığı haqqında fikirləri təhlil olunmuş, klassiklərə münasibət Heydər Əliyevin dövlətçilik və milli siyasət konsepsiyasının əsası kimi tədqiqatın mərkəzində tutulmuşdur.

“Heydər Əliyev irsində XIX əsr və XX əsrin Azərbaycan ədəbiyyatı nümayəndələrinə münasibət” adlanan dördüncü yarımfəsildə Azərbaycan ədəbiyyatının böyük klassiklərindən olan Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi sənətkarların irsi barədə ulu öndərin qiymətli fikirləri təhlil edilir. Burada maraqlı bir fakt diqqəti cəlb edir. Görkəmli dövlət xadimi təkcə geniş ictimaiyyətə məlum faktları sadalamır, həm də yalnız tədqiqatçılara məlum olan bir çox faktları diqqətə çatdırırdı. Bu sənətkarların yubileylərinin keçirilməsi, irslərinin tədqiqi ilə bağlı fərman və sərəncamların verilməsi, ədəbiyyatşünaslıq sahəsində fundamental əsərlərin meydana çıxması, yeni bədii əsərlərin, teatr tamaşaları və kinofilmlərin yaranması və tarixdə analoqu olmayan hadisə - Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsi, yaşadığı Naxçıvan torpağında dəfn edilməsi və qəbirüstü məqbərənin tikilməsi ilə nəticələnmişdir. Bütün bu ədəbi-mədəni hadisələr xalqı oyatmaqda, mili istiqlal və azadlıq mübarizəsinə hazırlamaqda misilsiz əhəmiyyət daşıyırdı. Ümumiyyətlə, ədəbi-mədəni abidələrimizə, folklor nümunələrinə, Azərbaycan ədəbiyyatının klassiklərinə elmi-nəzəri ölçülərlə qiymət verən dahi öndərimiz bu nümunələri ümumtürk və ümumşərq, bəzən də ümumdünya mədəniyyətinin daxilində təhlil və təqdim edirdi.

Dissertasiyanın üçüncü fəsli “Heydər Əliyev və müasir ədəbi proses” adlanır. “Sovet dövrü Azərbaycan ədəbi fikrinin istiqamətləndirilməsində Heydər Əliyevin rolu” adlanan birinci yarımfəsildə ümummilli liderin fəaliyyəti tarixilik və müasirliyin vəhdətində təhlil edilir, bütöv və sistemləşdirilmiş şəkildə təqdim edilir. Xüsusilə, Azərbaycan yazıçılarının V, VI və VII qurultaylarındakı dərin məzmunlu nitqləri ilə ədəbi prosesin istiqamlənməsinə müsbət təsiri göstərilir. Konkret elmi-ədəbi əsər yazmasa da, dahi rəhbərin hər bir nitqi bir elmi əsər xarakteri daşıyır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin ədəbiyyatşünaslığa gətirdiyi yeni tipli siyasi təfəkkür ədəbi prosesə öz dərin və müsbət təsirini göstərirdi. Bu yarımfəsildə poemikaya səbəb olan disidentlik məsələsinə də münasibət bildirilmiş, ulu öndərin “dissidentləri qoruyan qorrxmaz insan” olması qənaətinə gəlinmişdir.

“Heydər Əliyev və müstəqillik dövründə ədəbi proses” adlanan yarımfəsildə görkəmli dövlət xadiminin yazıçıların X qurultayında, türk dünyası yazarlarının III qurultayında, yubiley tədbirlərində etdiyi çıxışlar və məruzələr ədəbiyyat təliminin bir hissəsi olaraq xalqa xidmət etməyin vasitəsi kimi dəyərləndirilmişdir. 1990-cı illərdə yeni bir fikir irəli sürülürdü ki, sovet dönəmində yazılan əsərlər yaramır. İndi başqa adamları yüksəldir və onları bir tarixi şəxsiyyət kimi şişirdirdilər. Beləliklə, kommunist ideologiyası vaxtında buraxılan səhvlər başqa formada təkrar olunurdu. Heydər Əliyev belə baxışları tamamilə rədd edir, şəxsiyyətlərə qiymət verərkən onları zamandan, dövrdən, mühitdən ayırmamağı tövsiyə edirdi. Müstəqil respublikanı inkişaf etdirməkdə çətinliklərlə qarşılaşsa da, Heydər Əliyev ölkəmizdə mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin görkəmli xadimlərinin yubileylərinin keçirilməsinə böyük qayğı göstərirdi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi zamanda da müasiri olan sənətkarlarla görüşür, onları müstəqil dövlətimizin orden və medalları ilə təltif edir, eyni zamanda müxtəlif yubileyləri münasibəti ilə keçirdiyi tədbirlərdə onların ədəbi-tarixi prosesdəki mövqeyini, xidmətlərini dəqiq ifadələrlə dəyərləndirirdi. Bunların nəticəsində yüzlərlə sənətçi xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi və s. adlara layiq görülmüşdür. 2002-ci ildə isə dahi öndər elm, mədəniyyət, incəsənət, maarif və digər sahələrdə xidmət göstərmiş 150 nəfərə Prezident təqaüdü təyin etmişdir. Bu fərmanlar içərisində ən əhəmiyyətlisi “İstiqlal” ordeninə ədəbiyyat xadimlərinin – Məmməd Araz, Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürkün layiq görülməsi idi. Görkəmli dövlət xadiminin bu sənətkarlara diqqəti mükafatlandırmaqla bitmir, hər üç istiqlal şairinin səhhətləri ilə bağlı ölkə daxilində və xaricdə müalicə olunmaları üçün göstərişlər belə qədirbilənliyin nümunəsi kimi diqqəti cəlb edir. Ədəbiyyatın inkişafına marağı daha da artırmaq üçün 1996-ci ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə Füzuli adına beynəlxalq mükafat təsis edilmiş, 1997-ci ildə “Azərbaycan Yazıçılarına dövlət qayğısını artırmaq haqqında” fərman vermişdir. “Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarının, “Ədəbiyyat” qəzetinin nəşri dövlət hesabına həyata keçirilməyə başlamışdı. 6 avqust 1998-ci ildə Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı ki, bununla senzura deyilən anlayış aradan qalxdı.

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı” adlanan yarımfəsildə bu dahi insanın obrazı yaradılan siyasi lirika, nəsr və bədii publisitik nümunələr tədqiqata cəlb olunmuşdur. Siyasi təfəkkürlə bədii düşüncənin vəhdətindən yaranan belə əsərlərin meydana çıxmasını hələ 1970-ci illərdən Əliağa Kürçaylının, Nəbi Xəzrinin, Mirvarid Dilbazinin, Aşıq Əhmədin, Aşıq Şəmkirin yaradıcılığında müşahidə edirik. Şair Qabilin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun əsərlərində dahi öndərin bədii portretinin cizgiləri daha aydın və qabarıq əks olunmuşdur. Naxçıvan ədəbi mühitinə mənsub olan sənətkarların – Vadif Məmmədovun, Xanəli Kərimlinin, Ələddin Eyvazın, Elman Həbibin, Mətanət Hüseynxanqızının, Həmid Arzulunun əsərlərində yaradılan Heydər Əliyev obrazı ictimaisiyasi vəziyyətin təsviri fonunda canlandırlmışdır. Bədii publisistikada isə xalq yazıçısı Anarın “Unudulmaz görüşlər”, Elçinin “Tarixlə üz-üzə dayanmış adam”, “Dünya axirət əkini...” kimi əsərlər, sənədli roman janrında isə Elmira Axundovanın yazdığı və dövlət mükafatına layq görülən “Şəxsiyyət və zaman” adlı altıcildliyi ulu öndərin obrazının müxtəlif çalarlarla əks olunması baxımından əhəmiyyətlidir. Xalqın qədim dövrlərdən bəri təfəkkürüdə yaratdığı bədii-fəlsəfi dövlət başçısı obrazı məhz Heydər Əliyev obrazının yaradılması ilə tamamlanmışdır.

Dissertasiyanın nəticə hissəsində tədqiqat zamanı əldə edilən aşağıdakı elmi qənaət və müddəalar ümumiləşdirilmişdir:

Heydər Əliyev ədəbiyyata, onun yaradıcı gücünə, təsir qüvvəsinə, xalqın tarixindəki roluna yüksək qiymət verərək, ziyalılarda milli oyanış hissini gücləndirməklə bərabər, xalqın milli-mənəvi dəyərlərinin üzə çıxarılması və qorunmasına, milli mənlik şüurunun formalaşması və təkmilləşdirilməsinə nail oldu.

Humanitar sahənin digər sahələrdən az əhəmiyyət daşımadığını ədəbi ictimaiyyət qarşısında sübut etmək üçün ədəbi-mədəni irsimizi araşdırmaq və inkişaf etdirməyi fəaliyyətinin əsas tərkib hissəsinə çevirdi, xalqın milli tarixinin və ədəbiyyatının öyrənilməsi, tədqiqi və təbliği ilə bağlı məsələləri ön plana çəkdi, klassik ədəbi irsə doğma milli münasibət bəsləməklə klassiklərimizin tanıdılması yolu ilə Azərbaycan xalqını, Azərbaycan mədəniyyətini və ədəbiyyatını dünyaya tanıtdırdı;

Elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsini daim diqqətdə saxlayaraq Azərbaycandan kənarda dəfn edilən sənətkarların məzarlarının Azərbaycan xalqının mənəvi sərvəti olduğunu xatırlatmaqla bərabər onların qorunması yolunda bacarıq və səylərini əsirgəmədi. Hüseyn Cavidin məzarının doğma torpağa – Naxçıvana gətirilməsini və layiqli məqbərə ucaldılmasını təmin etdi;

Müxtəlif bəhanələrlə Azərbaycan xalqına mənsubluğu şübhə altına alınan, yersiz və haqsız polemikaya səbəb olan ədəbiyyat xadimlərinin və nümunələrinin – Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, “Kitabi-Dədə Qorqud”un yubileylərinin keçirilməsi ilə əsassız və şübhəli mülahizələrin aradan qaldırılmasına nail oldu;

Vaxtaşırı yazıçıların qurultaylarında iştirak edərək yazıçı və şairlərlə görüşlərdə, ədəbi yubileylərdə proqram xarakterli çıxışları ilə ədəbiyatsünasların ön cərgəsində dayandı. Dahi öndər ədəbi prosesi sadəcə olaraq diqqətdə saxlamadı, onun inkişaf meyllərini diqqətlə izlədi, yeni ideya və motivlər əsasında istiqamətlənməsinə ciddi təsir etdi, yeni ədəbi qüvvələrin yüksəlişini təmin etmək üçün nəşriyyat və poliqrafiya məsələlərini önə çəkdi, mətbuat azdlığına nail oldu və bu sahədəki senzuranı aradan qaldırdı. “Azərbaycan”, “Qobustan” və “Ulduz” kimi ədəbi topluların sərbəst və azadfikirli ədəbi nümunələri nəşr etməsinə şərait yaratdı;

Bütün ədəbi nümunələrə münasibətdə onları ümumilli mənafe və azərbaycançılıq ideologiyası baxımından dəyərləndirməklə, milli zəminə söykənən, milli yaddaşı özündə əks etdirən ədəbi əsərlərin yaranmasına böyük önəm verdi, on illərlə formalaşmış sosializm realizmi prinsiplərindən fərqli olaraq, azərbaycançılıq ideologiyasını özündə ehtiva edən əsərlərin yaranmasını önə çəkdi, ədəbi tənqiddə və ədəbiyyatşünaslıqda yeni yanaşma tərzi nümayiş etməklə bu sahəyə yeni düşüncə tərzi gətirdi.

Xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra ədəbiyyatşünasılq və folklor işinin araşdırılmasında yaranan tənəzzülə son qoyaraq elmi axtarışların canlanmasına şərait yaratdı, həyat və fəaliyyəti, yürütdüyü ədəbi siyasət ilə xalqın genetik yaddaşını qorudu, bu yolda qarşıya çıxan təhdidlərin önünü məhz ədəbiyyat vasitəsilə aldı.

 

Dissertasiyanın əsas məzmunu müəllifin nəşr olunmuş aşağıdakı elmi əsərlərində öz əksini tapmışdır:

  1. Heydər Əliyev və Azərbaycanda ədəbi proses // Heydər Əliyev zirvəsi (Naxçıvan Dövlət Universitetinun Elmi Əsərlərinin xüsusi buraxılışı). Naxçıvan: Qeyrət, 2008, səh. 89-90
  2. Heydər Əliyev və Azərbaycan folkloru // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2009, № 2, s.106-109
  3. Heydər Əliyev və klassik Azərbaycan ədəbi irsi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2009, № 1, s.6-10.
  4. Ümummilli lider Heydər Əliyevin Mirzə Fətəli Axundzadənin ədəbi irsi haqqında fikirləri // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2012, № 1, s. 8-11
  5. Ümummilli liderin ədəbi fikirləri haqqında / Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları, Bakı: 2012, s. 306-308
  6. Мнение общенационального лидера Азербайджанского народа Гейдар Алиева о творчестве Джалила Мамедкулизаде / Молодой ученый материалы международной заочной научной конференции “Современная филология” Уфа: Лето, 2013, с.14-17
  7. Heydər Əliyev və “Dədə Qorqud kitabı” // MEA Folklor İnstitutu. “Dədə Qorqud” (elmi -ədəbi toplu), I (46), Bakı: Nurlan, 2013, s. 32-36
  8. Heydər Əliyev və Nizami Gəncəvinin ədəbi irsi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2013, № 2, s. 32- 35
  9. Sovet dövrü Azərbaycan ədəbi fikirinin istiqamətləndirilməsində Heydər Əliyevin rolu / Regional inkişaf və böyük mədəniyyət: mənşə, harmoniya və tipologiya məsələləri. Beynəlxalq konfransın materialları. Naxçıvan Dövlət Universiteti, Qeyrət, 2009, s. 42-43
  10. Heydər Əliyev və Azərbaycan Yazıçılar Birliyi // Heydər Əliyev və dövlətçilk təliminin işıqları. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. (Xüsusi buraxılış). Naxçıvan: Qeyrət, 2013, №1, s. 129-131
  11. Ümummilli lider Heydər Əliyev Məhəmməd Füzuli haqqında // Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri. 2013, № 2, s. 256-260
  12. Ümummilli lider Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri / Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV beynəlxalq elmi konfransın materialları. Bakı: Mürtəcim, 2013, s. 400-402
  13. Heydər Əliyev və Azərbaycan ədəbiyyatında dissidentlik // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2014, №1, s.10-13

 

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/filol/filol_n_msa_13_12_14.pdf