Hörmətli xanımlar və cənablar!
Bu gün Azərbaycanda yeni bir sərginin açılması münasibətilə sizi təbrik edir, sizə - sərginin iştirakçılarına uğurlar arzulayıram.
Azərbaycanda cürbəcür sərgilərin, o cümlədən beynəlxalq məzmunlu sərgilərin təşkili artıq ənənəvi xarakter alıbdır. Bu, sevindirici haldır, çünki Azərbaycanın iqtisadiyyatında mövcud olan ciddi dəyişikliklərin və xüsusən Azərbaycan Respublikasının bütün ölkələrlə iqtisadi əlaqələrinin inkişaf etməsinin təzahürüdür. Bunlar hamısı iqtisadiyyatda sərbəstləşmənin, Azərbaycanda bazar iqtisadiyyatının gündən-günə bərqərar olmasının, inkişaf etməsinin nümayişidir.
Biz bu tədbirləri dəstəkləmişik və dəstəkləyirik, həm Azərbaycanda, həm də xaricdə olan cürbəcür firmalara, şirkətlərə gələcək işlərində dəstək verəcəyik. Azərbaycan Ticarət-Sənaye Palatası da bu işlərin təşkilatçısıdır və təşkilatçısı olmalıdır və güman edirəm, bu nümunələrdən istifadə edərək bu sahədə fəaliyyətini daha da genişləndirməlidir.
Bugünkü sərginin məzmunu, eksponatları da çox maraqlıdır və hesab edirəm, respublikamızın ictimaiyyəti və iqtisadi həyatı üçün çox əhəmiyyətlidir. İstehlak malları, ərzaq məhsulları, telekommunikasiya, kompüterlər müasir həyatımızda insanlar, cəmiyyət üçün və bütün iş adamları üçün ən vacib sahələrdir. Güman edirəm ki, bu sərgi təkcə eksponatların nümayiş etdirilməsi üçün yox, xüsusən burada təmsil edilən malların əsasında yeni əlaqələrin, sazişlərin, müqavilələrin yaranması və gələcəkdə daha geniş iş görülməsi üçün çox yaxşı imkan olacaqdır. Hər bir sərginin məqsədi malları, eksponatları nümayiş etdirməklə yanaşı, yeni iqtisadi əlaqələr qurmaqdan və iqtisadiyyatı inkişaf etdirməkdən ibarət olmalıdır. Güman edirəm ki, bu sərgi də məhz bu məqsədi, vəzifəni yerinə yetirəcəkdir.
Sərgidə çox şirkətlər, çox ölkələrin nümayəndələri iştirak edirlər. Azərbaycanda xarici ölkələrin şirkətlərinin, ölkəmizdə yaranmış özəl strukturların, sahibkarların sayı gündən-günə artır. Bu bizi sevindirir, çünki biz bunlara nail olmaq istəyirik. Biz Azərbaycanda sərbəst iqtisadiyyat, sərbəst ticarət yaratmaq üçün və ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx inteqrasiyası üçün çox tədbirlər görürük. Arzu edirik ki, bu tədbirlər öz əməli nəticələrini versin.
Sərginin təşkilatçılarını təbrik edir, onlara təşəkkür edirəm və sərgidə iştirak edən bütün şirkətlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Sağ olun.