Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel-Constonla görüşdə söhbətindən - 17 sentyabr 1999-cu il

Hörmətli cənab lord, hörmətli cənab sədr! Mən sizi Azərbaycanda salamlayıram, bizim ölkəyə xoş gəlmisiniz. Mən Avropa Şurası Parlament Assambleyasının sədri seçilməyiniz münasibətilə sizə təbrik məktubu göndərmişdim. İndi isə şəxsən görüşərək sizi bir daha səmimi qəlbdən təbrik edirəm və bu böyük işinizdə sizə gələcək uğurlar arzulayıram.

Bir müstəqil dövlət kimi Azərbaycan Avropa Şurası ilə hərtərəfli əməkdaşlıq edir. Biz bu əməkdaşlığı qiymətləndiririk. Hesab edirəm ki, biz ötən dövrdə bu sahədə xeyli işlər görmüşük. Şübhəsiz ki, Azərbaycan Avropa ölkəsi olduğu üçün və xüsusən Avropanın tam kənar bir hissəsində, Avropanın Asiya ilə birləşdiyi yerdə yerləşən bir ölkə kimi Avropanın bütün strukturlarında iştirak etmək istəyir. Biz məmnunuq ki, Azərbaycana Avropa Şurasında qonaq statusu verilibdir. Ümid edirik ki, indiyədək görülən işlər, bizim əməkdaşlığımız, Azərbaycanın Avropa Şurasına tam üzv olmasına gətirib çıxaracaqdır. Yəni bununla onu demək istəyirəm ki, biz Avropa Şurası ilə bundan sonra daha da geniş əməkdaşlıq edəcəyik.

Məmnunam ki, siz artıq bizim ölkəmizdə bəzi sahələrlə tanış olmusunuz. Xüsusi təşəkkür edirəm ki, siz zəhmət çəkib, qaçqınlar yaşayan çadır şəhərciklərində olmusunuz, bizim həyatımızın, bugünkü reallığımızın bu ağır hissəsini öz gözlərinizlə görmüsünüz. Ona görə də yəqin sizin Azərbaycan haqqında müəyyən təəssüratlarınız vardır. Güman edirəm ki, bundan sonra bizim əməkdaşlığımız bu təəssüratları daha da genişləndirəcəkdir. Buyurun.

* * *

Təşəkkür edirəm. Bizim ölkəmizin, gənc, müstəqil dövlətimizin problemləri çoxdur. Qısaca desək, məndən əvvəl Sizinlə söhbət aparan rəsmi şəxslər yəqin Sizə bildiriblər ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri qəbul olunubdur, bu sahədə xeyli işlər görülüb və gələcəkdə də görüləcəkdir.

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə əsasən böyük özəlləşdirmə proqramı, torpaq islahatı həyata keçirilir. Keçmişdə, sovet hakimiyyəti dövründə dövlətin əlində olan torpaqların hamısı indi bu islahatın əsasında kəndlilərə, vətəndaşlara qaytarılır.

Mən Sizə əvvəlcə də dedim ki, Azərbaycan Avropanın şərqində, Avropa ilə Asiyanın qovuşduğu yerdə yerləşən bir ölkədir. Elə buna və bir neçə başqa səbəblərə görə də Azərbaycan özündə həm Avropanın, həm də Şərq aləminin dəyərlərini toplayıbdır. Bu, bizim ölkəmizin tarixi keçmişinə aid olan xüsusiyyətidir. Ancaq belə bir tarixi keçmişi olan ölkə, xalq indi demokratik və dünyəvi dövlət qurur. Mən Azərbaycanda dünyəvi dövlət qurulduğunu xüsusi vurğulamaq istəyirəm. Xüsusən indi Azərbaycanın ətrafında - Şimali Qafqazda, Orta Asiyada, cənubdakı və şimaldakı qonşu ölkələrdə gedən ağır proseslərə baxaraq, mən bir daha bəyan edirəm ki, Azərbaycan tutduğu bu yolla həmişə gedəcəkdir. Dünyəvi dövlət prinsiplərini inkişaf etdirmək üçün Azərbaycanda bütün əsaslar yaranıbdır və xalqımız bu ənənələri çoxdan mənimsəyibdir.

Azərbaycan xalqı hələ XIX əsrdən indiyə qədər Avropa dəyərlərindən bəhrələnərək böyük inkişaf yolu keçibdir, ona görə də böyük elmə, mədəniyyətə, təhsilə malikdir. Ancaq şübhəsiz ki, Azərbaycanın həm daxilində, həm də xaricdə ölkəmizdə gedən bu proseslərə təsir edən qüvvələr, amillər vardır. Bunların heç birinə baxmayaraq biz öz tutduğumuz yolla gedirik. Biz demokratiya, insan, söz azadlığı, siyasi plüralizm və mətbuat azadlığı prinsiplərini - bütün bu prinsipləri həyata keçirmişik və bundan sonra da həyata keçirəcəyik.

Ölkəmiz üçün çox əhəmiyyət daşıyan odur ki, biz Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmişik. Mən bunu ona görə xüsusi qeyd edirəm ki, 5-6 il bundan əvvəl bir tərəfdən Ermənistanla müharibə apararaq, ikinci tərəfdən daxilində ictimai-siyasi sabitlik olmadığından Azərbaycan çox böyük çətinliklər içərisində idi.

Siz 1999-cu ilin sonunda Azərbaycana gəlmisiniz. Əgər siz 1993-cü, hətta 1994-cü ildə buraya gəlmiş olsaydınız Bakının küçələrində rahat gəzə bilməzdiniz. Biz ictimai-siyasi sabitliyi təmin etmək üçün çox ağır, çətin yol keçdik, ancaq buna nail olduq.

Azərbaycanın iqtisadiyyatı Sovet İttifaqı dağılandan sonra yaranmış iqtisadi tənəzzülə bir neçə il bundan əvvəl son qoydu. 1995-ci ildən biz artıq ölkənin iqtisadiyyatında inkişafı təmin etdik. Biz inflyasiyanın qarşısını almışıq, milli valyutamızın dəyərini möhkəmləndirmişik və insanların yaşayışını müəyyən qədər yaxşılaşdırmışıq. Bu sahədə böyük nailiyyətimiz ondan ibarətdir ki, biz ölkəmizin qapılarını bütün dünyaya açaraq xarici investisiyanın Azərbaycana cəlb olunması sahəsində nailiyyətlər əldə etdik.

Biz iki gündən sonra Azərbaycanda tarixi bir hadisəni, dünyanın böyük neft şirkətləri ilə Azərbaycanın imzaladığı ilk müqavilənin - \"Əsrin müqaviləsi\"nin 5-ci ildönümünü qeyd edəcəyik. Biz 5 il bundan əvvəl böyük iradə nümayiş etdirib, böyük riskə gedib belə bir müqaviləni imzaladıq. Məmnuniyyətlə deyə bilərəm ki, bu 5 il müddətində biz böyük nailiyyətlər əldə etdik.

Sizin ölkənin, yəni Böyük Britaniyanın fəxri olan \"Britiş Petroleum\" şirkəti Azərbaycanda həm birinci müqavilədə, həm də sonrakı müqavilələrdə çox görkəmli yer tutur. Ancaq o, tək deyil, - ondan əlavə \"Remko\", \"Monument oyl\" və başqa şirkətlər də vardır. Sizin indi yaşadığınız Strasburqun, yəni Fransanın da iki böyük neft şirkəti - \"Elf Akiten\" və \"Total\" şirkətləri artıq bizimlə çox geniş əməkdaşlıq edirlər. Ötən dövr ərzində biz 19 müqavilə imzalamışıq və bu müqavilələr 14 ölkəni təmsil edən 32 neft şirkəti ilə imzalanıbdır.

Mən bu məsələni ona görə xüsusi qeyd edirəm ki, biz bu 5 illik yubiley ərəfəsindəyik. Bir də ona görə ki, bu, sadəcə onu göstərir ki, bizim ölkəmiz açıqdır və biz xarici investisiyanı cəlb edə bilirik. Biz bundan sonra da xarici investisiyanı cəlb edib ölkəmizin iqtisadi inkişafını təmin edə biləcəyik.

Bu dediklərim həm bizim problemlərimizdir, həm də gördüyümüz işlərdir. Ancaq bizim ölkənin ən böyük problemi, dərdi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə haqqında sizin yetərli məlumatınız vardır.

Bu münaqişə 1988-ci ildən başlayıbdır və indiyə qədər davam edir. Ermənistan silahlı qüvvələri müəyyən səbəblərə görə Azərbaycan ərazisinin 20 faizini işğal edib və indiyə qədər işğal altında saxlayırlar. İşğal olunmuş torpaqlardan Azərbaycan vətəndaşları zorla çıxarılıb və çadırlarda yaşayır. Mən bir daha sizə təşəkkür edirəm ki, siz zəhmət çəkib vertolyotla gedib onları gördünüz.

Biz Azərbaycanda heç vaxt müharibə tərəfdarı olmamışıq. Münaqişəni də Azərbaycan başlamayıbdır. Ermənistan Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddia edərək münaqişəyə başlayıbdır. Bu isə böyük müharibəyə gətirib çıxarıb, qan tökülübdür, insanlar tələf olubdur. İşğal olunmuş torpaqlarda 700-dən artıq kənd, şəhər, qəsəbə, yaşayış məntəqələri viran edilibdir. Ancaq bütün bunlara baxmayaraq, biz həmişə məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarı olmuşuq. Məhz buna görə də 1994-cü ilin may ayında biz Ermənistanla atəşin dayandırılması haqqında saziş imzalamışıq və bu sazişə indiyə qədər riayət edirik. Beş ildən artıqdır ki, həm Ermənistan, həm də Azərbaycan atəşkəs rejimi şəraitində yaşayır. Amma məsələ bu vəziyyətdə qala bilməz. Bizim üçün bu, çox ağırdır. Çünki, artıq qeyd etdim, bizim torpaqlarımız işğal altındadır, insanlar çadırlarda yaşayırlar. Ermənistan üçün bəlkə bizim kimi ağır deyildir. Amma onlar üçün də bu, böyük problemdir. Ona görə də, şübhəsiz ki, dil tapmaq lazımdır. Düzgün qərar qəbul edilməlidir, ədalətli sülh əldə etməliyik.

Bilirsiniz ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu işlərə rəhbərlik edirlər. Ötən illər biz onlarla çox geniş əməkdaşlıq etmişik. İki dəfə - 1994-cü ilin dekabrında Budapeştdə və Lissabonda ATƏT-in zirvə görüşlərində Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib və bu barədə müvafiq qərarlar qəbul olunubdur. Ondan öncə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın torpaqları işğal olunan zaman işğal edilmiş torpaqlardan Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxması haqqında qətnamələr qəbul edibdir. O qətnamələr Ermənistan tərəfindən yerinə yetirilməyibdir, Budapeştdə, Lissabonda qəbul olunmuş prinsiplər isə yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həyata keçirilməyibdir.

Siz bilirsiniz, Lissabon zirvə görüşündən sonra ATƏT-in Minsk qrupu iki təklif irəli sürdü. Biz onların ikisinə də müsbət münasibət göstərdik. Ancaq onlar həyata keçirilmədi. Çünki Ermənistan o təklifləri qəbul etmədi. Keçən ilin sonunda yeni bir təklif irəli sürüldü. Bu təklifi də biz qəbul etmədik. Əvvəlki iki təklif Azərbaycanın tələblərini o qədər də təmin etmirdi, ancaq müəyyən qədər ədalətli hesab oluna bilərdi. Onların əsasını təşkil edən prinsiplər ondan ibarətdir ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilsin, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilsin və yerlərindən zorla çıxarılmış insanlar öz daimi yaşayış yerlərinə qayıtsınlar, Dağlıq Qarabağın əhalisinin hamısının - həm azərbaycanlıların, həm də ermənilərin təhlükəsizliyi təmin edilsin. Ermənistan bunu qəbul etmədi.

Son təklif isə ondan ibarətdir ki, \"Ümumi dövlət\" formulu irəli sürülür. Yəni formal olaraq Azərbaycanın ərazi bütövlüyü saxlanılır və Azərbaycanın ərazisində Dağlıq Qarabağ kimi yeni bir dövlət yaranır. Azərbaycan dövlətinin isə özünün tərkibində olan və bu bölgəsində yaranan dövlətə heç bir hüququ olmur.

Məlumdur ki, Ermənistan tərəfi münaqişə başlanandan qarşısına məqsəd qoyub: ya Dağlıq Qarabağı Ermənistana tamamilə qatmaq, yaxud da ki, Dağlıq Qarabağa müstəqillik statusu əldə etmək. Son təklif, yəni \"Ümumi dövlət\" formulu Ermənistanın bu iddiasını şübhəsiz ki, təmin edir. Biz isə, görünür ki, özümüz-özümüzü aldatmalı olacağıq. Düşünəcəyik ki, Azərbaycanın ərazi bütövlüyü pozulmayıbdır, Dağlıq Qarabağ Azərbaycanın tərkibindədir, yəni ərazisindədir, amma Dağlıq Qarabağ tam müstəqildir. Təbiidir ki, biz bunu qəbul edə bilməzdik və bu gün də deyirəm ki, biz bunu qəbul edə bilmərik.

Son 15 gündə Amerika Birləşmiş Ştatları prezidentinin Dağlıq Qarabağ problemi üzrə xüsusi səfiri və Rusiyanın xarici işlər naziri bizim bölgəmizi - həm Ermənistanı, həm də Azərbaycanı ziyarət etmişlər. Mən onların ikisi ilə də çox ətraflı danışıqlar aparmışam və açıq-aydın bildirmişəm ki, həm Amerika Birləşmiş Ştatları, həm Rusiya, həm də Fransa Lissabon zirvə görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri kimi üzərlərinə düşən vəzifəni indiyə qədər yerinə yetirməyiblər. Biz hesab edirik ki, Minsk qrupu və onun həmsədrləri Azərbaycan üçün münasib olan yeni təklif təqdim etməlidirlər. Belə olmasa məsələ həll edilə bilməyəcəkdir.

Siz bilirsiniz ki, Azərbaycan təcavüzə məruz qalmış bir ölkədir. Azərbaycanın bir milyondan artıq qaçqını yeddi ildir ki, çadırlarda yaşayırlar. Bizim millətimiz dözümlüdür, ancaq hər dözümün də bir həddi vardır.

Mən bunları sizə bildirərək bir daha bəyan edirəm ki, biz məsələnin yalnız və yalnız sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Bunun üçün bundan sonra da çalışacağıq, atəşkəs rejimini qoruyub saxlayacağıq. Bu məqsədlə son dəfə Yaltada Ermənistan prezidenti Koçaryanla mənim görüşümün nəticəsində biz müdafiə nazirlərinə göstəriş verdik ki, onlar görüşsünlər və lazımi tədbirlər görsünlər. Bir neçə gün bundan öncə sərhəddə Ermənistanın müdafiə naziri ilə Azərbaycanın müdafiə naziri görüşüblər, danışıqlar aparıblar və atəşkəs rejiminin daha da möhkəmlənməsi üçün tədbirlər həyata keçirəcəklər.

Biz sülh əldə etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırıq. O cümlədən son zamanlarda Azərbaycan prezidenti və Ermənistan prezidentinin görüşləri də, hesab edirəm, çox əhəmiyyətlidir. Ancaq məsələni həll etmək üçün Minsk qrupu, ATƏT daha ciddi çalışmalıdır.

Siz buyurdunuz ki, təşkilatınız münaqişələrin həll edilməsi ilə məşğul olmur. Biz bunu bilirik. Ancaq eyni zamanda siz bu işə çox böyük maraq göstərirsiniz. Bu, bizi sevindirir. Güman edirik ki, böyük maraq göstərərək və Avropa Şurası kimi, Avropanın bütün bölgələrində sülhün, əmin-amanlığın təmin olunmasına nail olması üçün siz də öz səylərinizi imkan dairəsində qoyacaqsınız.

Siz buyurdunuz ki, Gürcüstanın Avropa Şurasına qəbul olunmasından guya biz narahatıq. Bu, belə deyil. Biz sevinirik. Mən prezident Şevardnadzeni bu münasibətlə təbrik etdim. Gürcüstanla Azərbaycan arasında çox gözəl dostluq, əməkdaşlıq əlaqələri vardır. Bizim xalqlarımız əsrlər boyu dostluq ediblər. İndi müstəqil dövlətlər kimi, Cənubi Qafqazda olan müstəqil dövlətlər kimi, Gürcüstanla Azərbaycanın əlaqələri, hesab edirəm ki, nümunə ola bilər. Xüsusən son vaxtlar Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunması üçün, yəni sizə söylədiyim müqavilənin həyata keçirilməsi üçün Bakıdan Gürcüstan ərazisi ilə Qara dənizdəki Supsa limanına neft kəmərinin çəkilməsi və Azərbaycandan Türkiyəyə nəzərdə tutulan Bakı-Ceyhan neft kəmərinin Gürcüstandan çəkilməsi - bunlar hamısı bizim Gürcüstanla nə qədər sıx əməkdaşlıq etdiyimizi göstərir. Biz arzu edirik ki, təkcə Gürcüstanla Azərbaycan arasında yox, bütün Cənubi Qafqaz ölkələri arasında sülh olsun, mehribanlıq olsun, əməkdaşlıq olsun.

Sizin Avropa Şurasının parlamentlər vasitəsilə Cənubi Qafqaz ölkələrində, onların arasında bir-birinə münasibət, inam yaranması üçün apardığınız tədbirlər də, şübhəsiz ki, əhəmiyyətlidir. Biz bu tədbirlərin - mart ayında üç ölkənin, yəni Gürcüstan, Ermənistan və Azərbaycan parlamentləri sədrlərinin Fransada sizin rəhbərliyiniz altında keçirilən görüşünün, sonra Tbilisidəki görüşünün məhz Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məqsədi daşıdığını əsas götürürük.

Bizim başqa problemlərimiz də çoxdur. Onların hamısını danışsam gərək biz bir neçə saat söhbət edək. Ancaq mən əsas problem haqqında sizə dedim və sizi əmin edirəm ki, əgər bu əsas problem həll olunsa, sülh yaransa qalan problemlərin hamısı - həm daxili, həm xarici problemlər daha asanlıqla həll oluna bilər. Ona görə mən sizə müraciət edirəm ki, siz və ümumiyyətlə, Avropa Şurası Cənubi Qafqazda tam sülhün, əmin-amanlığın, ədalətli sülhün yaranmasına bundan sonra da çalışasınız və bizə kömək edəsiniz.

Bəlkə siz mənim bu sözlərimi dinləməkdən yoruldunuz. Ancaq mən sizin sualınıza cavab olaraq bunları deyirəm.

Şimali Qafqazda və konkret olaraq indi Dağıstanın ərazisində gedən proseslər, yəni terror aktları, Dağıstanın ərazisinə soxulmuş quldurlar bizi çox narahat edir.

Bizim Rusiya ilə sərhədimiz Dağıstandan keçir. Dağıstan isə Rusiyanın tərkibində bir respublikadır, yəni Rusiya Federasiyasının bir subyektidir. Biz həmişə hər bir ölkənin ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarı olmuşuq və bu gün Rusiyanın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarı kimi çıxış edirik. Ona görə də biz hesab edirik ki, Dağıstan Rusiyanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olmalıdır. Rusiyanın hakimiyyəti Dağıstanda bundan sonra da davam etməlidir.

Belə döyüşlər, terror aktları, bu cür çox qorxulu partlayışlar və sairə hər bir ölkə üçün təhlükəlidir. Biz məsafəcə Dağıstana çox yaxın olduğumuza görə bundan çox narahatıq.

Bir də bilməlisiniz ki, Dağıstanda təxminən 120-130 min azərbaycanlı yaşayır. Dağıstanla Azərbaycan arasında belə bir vəziyyət var ki, Dağıstanda olan ləzgilərdən Azərbaycanda da yaşayanlar çoxdur. Azərbaycanda avarlar da çoxdur və Dağıstanın başqa etnik qruplarından da Azərbaycanda var. Ona görə də bunlar hamısı tarixən həmişə bizi bir-birimizə bağlayıbdır.

Dağıstan bizim üçün dost ölkədir. Şübhəsiz ki, Rusiyanın ayrılmaz bir hissəsi olaraq. Biz arzu edirik ki, tezliklə Rusiya federal qüvvələri və Dağıstanın öz qüvvələri Dağıstanda gedən bu proseslərə son qoysunlar, orada sabitliyi, əmin-amanlığı təmin etsinlər.

Mətbuatda verilən məlumatlardan demək istəyirəm ki, orada guya islam ekstremistləri, guya mürtəce siyasət həyata keçirmək istəyənlər, başqaları - onlar şübhəsiz ki, Dağıstana heç vaxt xeyir gətirə bilməzlər. Dağıstan xalqlarının hamısı islam dininə itaət edirlər. Amma islam dini heç vaxt nə terrorizmin, nə də ekstremizmin tərəfdarı olmayıbdır. Hesab edirəm ki, o terroristlər sadəcə, insanların hissiyyatlarından istifadə edirlər.

Rusiyadakı partlayışlar, şübhəsiz ki, çox qeyri-adi bir haldır. Rusiyanın, yaxud keçmiş Sovet İttifaqının tarixinə nəzər salsanız mən belə şeylər xatırlaya bilmirəm. Mən bunu xatırlaya bilmirəm. Çünki hər halda o dövrün böyük bir hissəsi mənim gözümün qarşısında olubdur. Bir də biz kitabları da oxuyuruq, tarixi oxuyuruq. 20-ci illərdən bu tərəfə mən Rusiyanın ərazisində belə partlayışlar olduğunu görməmişdim, eşitməmişdim. Bizim arzumuz odur ki, Rusiyanın hökuməti, Rusiyanın hakimiyyəti tezliklə bu hadisələrə son qoysun, onların qarşısını alsın. Cinayətkarlar yaxalansın, cəzalansın və ümumiyyətlə, Rusiyada ictimai-siyasi sabitlik təmin olunsun.

Rusiya bizim üçün dost ölkədir. Rusiya ilə bizim geniş əlaqələrimiz vardır və istəyirik ki, Rusiyada, o cümlədən, Rusiyanın böyük bir hissəsi olan Şimali Qafqazda sülh olsun, əmin-amanlıq olsun, sabitlik olsun.

Görürəm, daha sualınız yoxdur. Sağ olun.