\"Azərelektromaş\" Elm-İstehsalat Birliyinin Nəsrulla Nəsrullayev adına Bakı Elektrik Maşınqayırma zavodunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Bakı Elektrik Maşınqayırma zavodu, 16 oktyabr 1997-ci il

Əziz dostlar, bacılar, qardaşlar!

Hörmətli xanımlar, cənablar, qonaqlar!

Mən sizi Bakı Elektrik Maşınqayırma zavodunun 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə, zavodun bütün kollektivinə cansağlığı, səadət və gələcək işlərinizdə böyük uğurlar diləyirəm.

Zavodun 50 illik yubileyi sizin həyatınızda çox əlamətdar hadisədir, bayram günüdür. Bu, eyni zamanda bütün Azərbaycan Respublikasının həyatında əlamətdar gündür, hesab edirəm ki, bütün Azərbaycan sənaye işçilərinin, ölkəmizin fəhlələrinin böyük bayramıdır.

Sizin zavod yarım əsr ərzində böyük, şanlı bir yol keçmişdir. Bu yolun ən böyük nəticəsi odur ki, siz çox ağır sınaqlardan keçmisiniz, çox çətinliklərlə rastlaşmısınız, çox mürəkkəb problemləri həll etmək məcburiyyəti qarşısında qalmısınız. Ancaq tutduğunuz yoldan çəkilməmisiniz, zavodu yaşatmısınız. Zavod böyüyüb və bu gün Azərbaycan Respublikasının ən nəhəng və eyni zamanda məhsuldar sənaye müəssisələrindən biridir.

Zavodun yaranması respublika sənayesinin inkişaf etdirilməsinə yönəldilmiş tədbir olmuşdur. Biz bu gün böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, qısa bir zamanda zavod müasir tələblərə uyğun olan müəssisəyə çevrilmiş və burada insanları - fəhlələri, mühəndisləri, mütəxəssisləri özündə toplayan çox gözəl bir kollektiv yaranmışdır.

Mən zavodun tarixini bilirəm. Eyni zamanda siz də, mən də bilirik ki, zavodun sürətlə inkişaf etməsi, genişlənməsi, müasir avadanlıqla təmin olunması, məhsulun keyfiyyətinin artırılması 1970-ci ildən başlanmışdır. Mən uzun bir fasilədən sonra bu gün zavodun sexlərini gəzərkən çox böyük sevgi, məhəbbət hissi ilə burada keçmişdə gördüyüm işləri, ondan sonra yarananları və biz birlikdə işlədiyimiz zaman qurub-yaratdıqlarımızı görəndə böyük qürur hissi keçirirdim.

Mən bu gün ona görə çox sevinirəm ki, çəkdiyimiz zəhmət, qoyduğumuz səylər, burada yaranmış nəhəng sexlər, istehsal sahələri, yüksək səviyyəli avadanlıq - bunlar hamısı sizə, bu zavodun kollektivinə daim mənfəət gətirir və hamınızın bir yerdə gördüyünüz iş Azərbaycan iqtisadiyyatının inkişaf etməsində öz görkəmli yerini tutur, ona öz müsbət təsirini göstərir.

Zavodun həqiqətən böyük inkişafı 1970-ci illərdə başladı. O günlər mənim xatirimdədir. Bu zavodda mənim görüşlərim, toplantıda iştirak etməyim, ayrı-ayrı insanlarla söhbətlərim - hamısı xatirimdədir. Siz də yəqin bilirsiniz, amma mən daha yaxşı bilirəm ki, bu zavodda yeni böyük sexlər yaratmaq, buraya xarici ölkələrdən yüksək keyfiyyətli məhsul istehsal edə bilən qurğular, avadanlıq gətirmək asan məsələ deyildi.

O vaxt biz bu məsələləri keçmiş Sovetlər İttifaqı hökuməti, Elektrotexnika Nazirliyi qarşısında çox qətiyyətlə, ciddi qoyurduq və onların həll edilməsinə nail oluruq.

Hamımızın birgə səyləri nəticəsində zavod o illərdə böyüdü, öz gücünü artırdı və yüksək keyfiyyətli, rəqabətə davam gətirə bilən elektrik mühərrikləri istehsal edilməsinə nail oldu. İndi zavodda bu mühərriklər istehsal olunur. Biz onları görərkən həddindən artıq sevinirik.

Zavodun tarixi haqqında danışarkən onu da qeyd etmək lazımdır ki, bizim bütün səylərimiz, texniki, maliyyə məsələlərinin, başqa problemlərinin həll olunması ilə bərabər, bu müəssisəni yaşadan, inkişaf etdirən, bu gün onu bu gözəl səviyyəyə qaldıran sizsiniz - zavodun fədakar fəhlələri, texnikləri, mühəndisləri, mütəxəssisləridir, zavodun rəhbərləridir.

Şübhəsiz ki, bu nəhəng, işıqlı sexlər də, yenidən gördüyüm, o illərdə buraya xarici ölkələrdən çətinliklərlə gətirdiyimiz avadanlıq da, istehsal etdiyiniz mühərriklər də məni sevindirir. On milyonuncu mühərrikin hazırlanması münasibətilə mən sizi böyük sevinclə təbrik etdim və onu qəbul etdim. Ancaq məni ən çox sevindirən odur ki, kollektiv - siz sınmamısınız, kollektiviniz pozulmayıb. Bu gün mən kollektivdə kiminlə danışıramsa, biri deyir 40 ildir, digəri deyir 30 ildir, o birisi deyir 25 ildir burada işləyirəm. Ən gənc hesab etdiyimiz adam da mənə dedi ki, 18 ildir burada işləyirəm. Mən hesab edirəm ki, kollektivin ən gözəl xüsusiyyəti və sizin ən gözəl nailiyyətiniz budur. Buna görə mən sizi xüsusi təbrik edirəm. Mən məmnunam ki, bu kollektivə bağlanan, burada işə başlayan adamlar öz peşəsini, işini seviblər. Onlar Azərbaycanın həyatında getmiş cürbəcür mürəkkəb ictimai-siyasi, iqtisadi, sosial proseslərə baxmayaraq öz işindən əl çəkməyiblər, bu gün də işləyirlər.

Bununla bərabər, sizin böyük nailiyyətiniz ondan ibarətdir ki, kollektiviniz çoxmillətlidir. Siz keçmişdə yaranmış bu ənənəni, bu çoxmillətlilik ənənəsini, milli mənsubiyyətindən asılı olmayaraq bir-birinə xoş, dostluq münasibəti göstərmək ənənəsini, burada yaranmış xalqlar dostluğu ənənəsini nəinki itirməmisiniz, bunu qoruyub saxlamısınız. Bu da bizim ən böyük nailiyyətimizdir.

Bizim respublikamız çoxmillətli respublikadır. Biz bununla daim fəxr etmişik. Müstəqil dövlət olan Azərbaycan Respublikasının bu gün yenə də çoxmillətli olması ölkəmizin, dövlətimizin üstünlüyüdür. Bu, nəyin əsasındadır? Bu, süni surətdə yaranan bir şey deyil. Bu, yuxarıdan verilən göstərişlərlə həyata keçirilən bir məsələ deyil. Bu bizim Azərbaycan xalqına xas olan ən yüksək mənəvi keyfiyyətdir. Bizim Azərbaycan xalqı başqa xalqlara, millətlərə həmişə dostluq, mehribanlıq münasibəti göstərmişdir. Bu bizim həyatımızda on illərlə, əsrlərlə yaranmış ənənədir. Allaha şükürlər olsun ki, sizin kollektiviniz son illərin qarmaqarışıq proseslərinə baxmayaraq, bu ənənəni qoruyub saxlayıbdır. Bu gün bir müstəqil dövlət kimi Azərbaycanın da çoxmillətli olması hər bir kollektivin, məhəllənin, evin, hər bir mikrorayonun çoxmillətli olmasından meydana gəlibdir. Bunu indiyədək qoruyub saxladığımız kimi, bundan sonra da qoruyub saxlayacağıq. Mən buna əminəm, inanıram. Ona görə inanıram ki, burada məhz bu dostluğu, bu mehribanlığı görürəm.

Sizin zavod bütün bu nailiyyətlərlə yanaşı, böhran dövrü də keçiribdir. Həmin böhran dövrü təxminən 1989-1990-cı illərdən başlayıbdır. Bu iqtisadi böhran dövrü Azərbaycanda o illərdən başlayaraq hökm sürən mürəkkəb vəziyyətlə bağlı olubdur, ayrı-ayrı pozucu, dağıdıcı qüvvələrin fəaliyyətinin nəticəsində, Azərbaycanın rəhbərliyində olan boşluğun, hərc-mərcliyin və məsuliyyətsizliyin nəticəsində olubdur. Sizin zavodun timsalında bunu bu gün daha da qətiyyətlə demək olar. Çünki bu 50 il içərisində, xüsusən 1970-1980-ci illər zavodunuzun yüksəliş illəri olmuşdur. Bundan sonra isə zavodun tənəzzül illəri olmuşdur. Zavodun sexləri də, divarları da yerindədir, ərazisinin hamısı sağ-salamatdır. Avadanlıq da yerindədir, siz də yerinizdəsiniz. Ancaq bu təkcə sizin kollektivinizə aid deyildir.

1970-ci illərdə, 1980-ci illərin birinci yarısında Azərbaycan öz iqtisadiyyatını çox sürətlə inkişaf etdirmişdir. Bu, artıq hamıya məlumdur. Düzdür, bunu inkar etmək istəyənlər oldu. Təxminən 1988-ci ildən Azərbaycana başçılıq edən şəxslər istədilər əksini qəbul etsinlər. Ancaq bu, mümkün deyil, həqiqətin üstünü bir az örtmək, onu qaralamaq olar, amma həqiqəti məhv etmək mümkün deyil. O illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Sizin zavod da, sizin gördüyünüz işlər də bu sürətli inkişafın iştirakçısı və bu inkişafı təmin edənlərdən biri idi. Ancaq qurmaq, yaratmaq çətindir, dağıtmaq asandır. Təəssüflər olsun ki, 1989-cu ildən başlayaraq Azərbaycanda qurmaq, yaratmaq əvəzinə dağıtmağa, pozmağa başladılar. Bu dağıdıcı, pozucu qüvvələr Azərbaycanın həyatının bütün sahələrinə - iqtisadiyyatına, sosial sahəsinə, o cümlədən belə gözəl mütəxəssislərə də öz zərbəsini vurdular.

Bəli, o illər, xüsusən 1992-ci ildə, 1993-cü ilin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan şəxslər iddia edirdilər ki, guya respublikamızda heç vaxt heç bir şey olmayıbdır, Azərbaycanda indiyə qədər yaranmış şeylərin hamısı yaramazdır və onlar yenidən Azərbaycan qurmağa çalışırlar. O da ondan ibarət oldu ki, bir çox nəsillərin on illərlə qurub yaratdıqlarını bir, iki, beş aya, bir ilə vurub dağıtdılar. Onların bəziləri bu gün də özlərini müxalifət hesab edərək yenə də hakimiyyətə can atırlar, hakimiyyət uğrunda mübarizə edirlər. Yox, xalq artıq ağla qaranı bir-birindən seçməyi bacarır. Azərbaycanın aqibətini xalq bir də belə əllərə dünyasında verməz. Çünki bu dağılanları biz son illərdə zorla bərpa edirik. Bunu da hamı görür.

Məni bu gün sevindirən hal bir də ondan ibarətdir ki, bu tənəzzül, böhran dövrünü siz keçdiniz. Bu gün söhbət zamanı mən zavodun direktorundan və başqa mütəxəssislərdən soruşdum ki, siz bu tənəzzül dövrünü nə vaxt keçdiniz? Onlar cavab verdilər ki, keçən il və bu il. Axı həmin zavoddur, həmin insanlardır, həmin maddi-texniki vasitələrdir. Bəs nə üçün belə işləyə bilmirdiniz? Mən sizi günahlandırmıram. Çünki respublikada yaranmış hərcmərclik, qanunsuzluq və ayrı-ayrı pozucu qüvvələr Azərbaycanın iqtisadiyyatını bərbad hala salmışdılar. O cümlədən sizin kollektiviniz də belə bir vəziyyətə düşmüşdü.

Bu gün burada mənə danışdılar, zavodun direktoru da öz çıxışında rəqəmlər gətirdi ki, bu ilin doqquz ayında istehsal keçən ilə nisbətən 36 faiz artıbdır. Bilirsiniz, bu qədər artım bəzən ağla sığası deyil. Ancaq bu həqiqətdir. Siz bunu etmisiniz. Burada bildirdiniz ki, doqquz ayın içərisində zavodun debitor borcu yoxdur. Dedilər ki, əksinə. başqa sahələrdən zavoda borcu olanlar var. Zavodun bütün fəhlələrinin, işçilərinin, kollektiv üzvlərinin hamısının məvacibi vaxtında verilir. Bu da yaxşı nailiyyətdir. Azərbaycanda bəzi yerlərdə məvaciblər vaxtlı-vaxtında verilmir. Ancaq biz radio, televiziya vasitəsilə bilirik, eşidirik ki, bizə yaxın, tanış olan başqa respublikalarda fəhlələrə, qulluqçulara 5-6 aylarla, hətta yerin altında işləyən şaxtaçılara da məvaciblər verilmir. Amma sizin zavodda məvaciblər verilibdir. Zavodunuzda fəhlənin orta aylıq əmək haqqı 250 min manatdan artıqdır. Başqa yüksək göstəriciləriniz də vardır. Burada deyildi, mən təkrar etmək istəmirəm. Bunlar hamısı onu göstərir ki, demək, hər şey təşkilatçılıqdan, işi təşkil etməkdən asılıdır. Yenə də deyirəm, burada siz də var idiniz, zavod da, sexlər də, avadanlıq da - hamısı var idi. Amma bir neçə il əziyyət çəkdiniz, bir neçə il ağır dövr keçirdiniz. İndi isə çox sürətli artımla irəliləyirsiniz və yüksək nailiyyətlər əldə etməyə başlamısınız.

Mən bu barədə danışarkən onu da xüsusi qeyd etməliyəm - sizin bu kollektivə nə qədər bağlı olduğunuzu sübut edən odur ki, siz o ağır illərdə də, çətin illərdə də, məhsul istehsalı aşağı düşən illərdə də zavodunuzu qoyub getməmisiniz, zavoddan ayrılmamısınız. Yəni kollektivin üzvləri bir-biri ilə o qədər doğmalaşıblar ki, siz bu çətinliklərə bir yerdə dözmüsünüz və indi bir yerdə də ümumi işinizin, səylərinizin, şübhəsiz ki, zavod direktorunun, zavod rəhbərliyinin təşkilatçılığı nəticəsində bu nailiyyətləri əldə etmisiniz.

Bu gün siz on milyonuncu mühərriki istehsal etmisiniz və onu bu yubileyə hədiyyə verirsiniz. Mən sizi bütün bu nailiyyətlərinizə, on milyonuncu mühərrik istehsal etdiyinizə, yüksək iqtisadi göstəricilər əldə etdiyinizə görə təbrik edirəm. Nəhayət, zavodunuzun işinin müsbət istiqamətdə inkişaf etməsi münasibətilə sizi təbrik edirəm. Çox sağ olun.

Məlumdur ki, indi keçmiş illərə nisbətən məsələ təkcə məhsul istehsal etməklə bitmir. Məhsul istehsal edən müəssisə gərək əvvəlcədən bilsin, - bu məhsulu hara satacaq, necə satacaq, hansı qiymətə satacaqdır ki, istehsaldan qazanc götürsün. İndi ölkəmizin iqtisadiyyatı iqtisadi qanunlar prinsipi əsasında qurulur. Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı istiqamətində aparırıq. Ona görə də hər bir istehsalçı istehsal etdiyi məhsulun satılması haqqında gərək əvvəlcədən düşünsün və bundan sonra onu istehsal etsin. Çox sevindirici haldır ki, siz bu məsələni də həll edirsiniz və həll etmisiniz. Siz istehsal etdiyiniz mühərriklərin hamısını sata bilirsiniz, onu münasib qiymətə satırsınız, qazanc götürürsünüz. Bu da gələcəkdə sizin daha yaxşı iqtisadi nailiyyətlər əldə etməyiniz üçün möhkəm əsasdır.

Direktor bu gün mənə danışdı, mən bunu çox məmnuniyyət hissi ilə qəbul etdim ki, zavod keçmiş iqtisadi əlaqələrini bərpa edibdir. Mən ondan soruşdum ki, axı zavodunuzun istehsal etdiyi mühərriklərin hamısının Azərbaycanda satılmasına yer yoxdur, bazarınız varmı? Doğrudur, direktor məlumat verdi ki, bir çox ölkələrlə iqtisadi əlaqələr keçmiş illərə - 1970-1980-ci illərə nisbətən pozulubdur, bazarlar itibdir, ancaq bir çox ölkələrdə olan bazarları saxlaya blmisiniz və mən gördüm ki, bunların bəzilərini yenidən yaradırsınız. Bu baxımdan sizin Rusiya ilə əməkdaşlığınız xüsusi əhəmiyyətə malikdir. Çünki mühərriklərin bir qismi, hətta çox qismi Rusiyaya gedir, elədirmi? Bu mühərriklərin 90 faizi Rusiyaya gedir. Siz Rusiyadan polad və başqa xammal alırsınız. Demək, bu əlaqələri daha da qurmaq, inkişaf etdirmək lazımdır. Sizin başqa ölkələrlə də iqtisadi əlaqələriniz artıq yaranıbdır. Güman edirəm, bu cür artımınız varsa, demək, sizin bazarınız da genişlənəcəkdir. Bazarınız genişləndikcə, sizin hazırladığınız mühərriklərin keyfiyyəti də artacaqdır və artmalıdır. Çünki bilin ki, xarici bazarda rəqabət gündən-günə güclənir. Siz bu rəqabətə dözməlisiniz və bu rəqabət sizin məhsullarınızın satılmasına mane olmamalıdır.

Mən çox məmnunam ki, bir sıra ölkələrin Azərbaycanakı səfirləri bu gün burada iştirak edirlər. Mən onları burada görərkən belə anladım ki, zavodunuzun bu ölkələrlə daha sıx iqtisadi əlaqələri vardır. Həmin ölkələrin səfirləri də zavodunuzun işi ilə daha yaxından maraqlanırlar və bu yubileyinizə də maraq göstərib gəliblər. Bu da çox sevindiridi haldır.

Bunlar hamısı onu göstərir ki, sizin kollektiviniz keçmişdə olduğu kimi, çox möhkəm dayaqlar üzərində durubdur və sürətlə inkişaf edəcəkdir. Doğrudur, zavodun direktoru mənə bir astronomik rəqəm dedi. Dedi ki, artım guya bu ilin axırınadək 50 faiz olacaqdır. Bilmirəm, ola bilər, yoxsa yox. Deyirsiniz ki, ola bilər. Bu, həqiqətən yüksək rəqəmdir. Əgər bu belə ola bilərsə, mən çox sevinəcəyəm. Ancaq indi bizim həyatımız belədir ki, biz heç kəsə nə plan veririk, nə də öhdəlik tələb edirik. Bütün bunlar kollektivin öz işidir. Əgər kollektiv belə imkanlara, doğrudan da, malikdirsə, istehsalı həqiqətən deyilən qədər artıra bilərsə, biz buna sevinəcəyik. Ancaq hesab edirəm ki, sizin özünüz bizdən də çox sevinəcəksiniz. Çünki bu sizə daha çox xeyir gətirəcəkdir.

Zavodun direktoru müəssisənizin gələcəyi haqqında öz fikirlərini bildirdi, yəni zavodun səhmdar cəmiyyətə çevrilməsi və gələcəkdə özəlləşdirmə prosesində bu proqram əsasında iştirak etməlidir. Əmin ola bilərsiniz ki, özəlləşdirmə prosesində zavodun kollektivinin bütün istəkləri, arzuları təmin ediləcəkdir. Bundan heç narahat olmayın. Ancaq bu məsələləri siz özünüz yaxşı ölçün - biçin, təkliflərinizi özünüz elə hazırlayın ki, özəlləşdirmə sizin üçün formal bir hadisə olmasın. Əksinə, özəlləşdirmə məhsul istehsalının daha da artmasına, keyfiyyətinin yüksəlməsinə kömək etsin və kollektivin üzvlərinin, burada işləyənlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırsın. Özəlləşdirmənin məqsədi ancaq budur. Biz ancaq özəlləşdirmə naminə özəlləşdirmə aparmırıq. Özəlləşdirmə bütün sahələrdə keyfiyyət dəyişikliyinə gətirməlidir, məhsul istehsalının artmasına kömək etməlidir və insanlara daha da çox mənfəət verməlidir. Siz öz təkliflərinizi bu prinsiplər əsasında hazırlayın. Siz bizə nə cür təkliflər etsəniz, bunlar o cür də qəbul olunacaqdır. Mən sizi bu barədə tam əmin edirəm.

Sizin kollektivdəki əhval-ruhiyyə bu gün Azərbaycanda mövcud olan əhval-ruhiyyənin təcəssümüdür, onun əksidir, ifadəsidir. Bilirsiniz ki, biz böyük çətinliklərdən keçərək Azərbaycanda daxili ictimai sabitliyi təmin etdik.

Mən çox məmnunam ki, burada çıxış edənlər Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsini və üç ildən artıqdır ki, atəşin olmamasını yüksək qiymətləndirirlər. Mənim üçün bu, çox əhəmiyyətlidir. Çünki mən istəyirəm ki, Azərbaycanın prezidenti kimi atdığım addımlar cəmiyyətin, xalqımızın rəyini qazansın, onların istəyini əks etdirsin. Sizin bu barədə bugünkü fikirləriniz çox dəyərlidir. Şübhəsiz ki, sülh, atəşkəs bizə Azərbaycanda bu sabitliyi yaratmağa imkan verdi, ölkəmizin daxilindəki cinayətkar dəstələrdən Azərbaycanı təmizləməyə imkan verdi, bizə ayrı-ayrı cinayətkar qrupların qarşısını almağa imkan verdi. Nəhayət, bizə sizin rahat yaşamağınız üçün şərait yaratmağa imkan verdi.

Biz bu gün də çalışırıq, gələcəkdə də çalışacağıq ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunsun. Müharibə xalqımıza böyük bəlalar gətirdi, böyük itkilər verdik. Bu gün mən zavodun ərazisinə daxil olarkən zavodun işçilərindən şəhid olmuş Azərbaycan oğullarının xatirə abidəsinin qarşısına getdim, ora gül-çiçək qoydum və onların xatirəsi qarşısında baş əydim. Şəhidlərin xatirəsini daim qəlbimizdə saxlamaq, onların xidmətlərini unutmamaq bizim müqəddəs borcumuzdur. Onların ailələrinə, şəhidlərin xatirəsinə qayğı göstərmək bizim borcumuzdur. Biz bu borcumuzu bundan sonra da yerinə yetirəcəyik. Hər bir Azərbaycan vətəndaşı bu sahədə öz borcunu yerinə yetirməlidir.

Bununla yanaşı, biz çalışmalıyıq ki, bundan sonra daha müharibə olmasın, qan tökülməsin, bizim insanlarımız gedib həlak olmasınlar. Şübhəsiz ki, əgər Azərbaycan torpaqlarının müdafiəsi zərurəti meydana çıxsa, hər birimiz şəhid olmağa hazır olmalıyıq. Təkcə şəhid olmağa yox, sinəmizi irəli verib Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, torpaqlarımızı qorumağa hazır olmalıyıq. Ancaq əgər məsələləri sülh yolu ilə həll etməyə imkan varsa, onda biz sülh yolunu seçməliyik. Ona görə də biz sülh yolunu seçmişik.

Hazırda biz sülh danışıqları aparırıq, 1994-cü ilin mayından atəş yoxdur. Biz üç ildən artıqdır ki, atəşkəs rejimində yaşayırıq. Atəşkəs rejimini bundan sonra da qoruyub saxlayacağıq. Mən dövlətin adından bu barədə dəfələrlə bəyanat vermişəm. Bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, nəhayət, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail ola biləcəyik.

Bilirsiniz ki, son vaxtlar Minsk qrupu və onun həmsədrləri bu məsələ ilə çox ciddi məşğul olurlar. Minsk qrupu həmsədrlərinin bir neçə təklifləri olmuşdur, biz onlara baxmışıq, bunlar təkmilləşmişdir. Mən məhz bu ildə, ilin əvvəlindən indiyədək bir çox dövlət başçıları ilə görüşlər aparıb, bu məsələləri müzakirə etmişik. O cümlədən xüsusən Minsk qrupunun həmsədrləri olan dövlətlərin - Rusiyanın prezidenti Boris Yeltsinlə, Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonla, Fransanın prezidenti Jak Şirakla, onların hər biri ilə ilin əvvəlindən bəri dəfələrlə görüşüb danışıqlar aparmışam. Bütün bu danışıqlar zamanı həmin böyük dövlətlərin - Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət başçıları hər dəfə bildiriblər ki, onlar da bu məsələnin ədalətlə, sülh yolu ilə həll olunmasına çalışırlar və çalışacaqlar.

Bilirsiniz ki, bunun da əsası 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplərdir. Bunlar üç prinsipdir: Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və işğal olunmuş bu torpaqlardan zorla çıxarılmış azərbaycanlıların öz yerinə-yurduna qaytarılması. Bu, Lissabon Zirvə görüşünün əsas prinsipləridir.

Minsk qrupunun həmsədrləri bu prinsiplər əsasında yeni təkliflər vermişlər. Bu təkliflər təxminən sentyabr ayının sonunda verilmişdir. Biz onları əsas olaraq qəbul etmişik. Son vaxtlar aparılan danışıqlar və o cümlədən mən son günlər Strasburqda olarkən bir neçə dövlətin başçıları ilə keçirdiyim görüşlər, xüsusən Fransanın prezidenti Jak Şirakla keçirdiyim görüşlər, apardığım danışıqlar zamanı biz bir daha bəyan etmişik ki, Minsk qrupu həmsədrlərinin son təkliflərini əsaslı qəbul etmişik.

Bu təkliflər nəzərdə tutur ki, məsələ iki mərhələdə həll olsun. Birinci mərhələdə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 6 rayonu işğalçı qüvvələrdən azad edilsin. Bunlar Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarıdır. İşğalçı qüvvələr bu rayonlardan çıxmalıdır, ATƏT-in sülhü mühafizə qüvvələri buraya daxil olmalıdır, bu rayonlardan didərgin düşmüş həmin rayonların sakinləri öz yerlərinə-yurdlarına qaytarılmalıdır. Belə olan halda müharibə nəticəsində dağıdılmış kommunikasiyalar bərpa edilməlidir. İkinci mərhələdə isə Azərbaycanın Laçın və Şuşa rayonları işğalçı qüvvələrdən azad olunmalıdır və bununla bərabər Dağlıq Qarabağa Azərbaycan dövətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməlidir. Bu plan, iki mərhələ bundan ibarətdir. Biz bunu əsas olaraq qəbul etmişik. Verilən yazılı təkliflərə bizim müəyyən düzəlişlərimiz, qeydlərimiz var. O qeydlər, düzəlişlər şübhəsiz ki, müzakirə olunacaqdır. Ancaq biz bu təklifləri prinsip etibarilə qəbul etmişik.

Mən Strasburqda Ermənistan prezidenti Levon Ter Petrosyanla da görüşdüm. Onunla danışdığımız zaman o da bəyan etdi ki, Ermənistan da bu təklifləri əsasən qəbul edibdir. Hesab edirəm ki, belə olan halda biz müsbət nəticə əldə edə bilərik. Doğrudur, Dağlıq Qarabağı idarə edən şəxslər tərəfindən bu təkliflərə münasibət barədə bizdə dəqiq məlumat yoxdur. Gah deyirlər ki, onlar razı deyil, gah da deyirlər ki, hansısa şərtlərlə razı ola bilərlər. Güman edirəm ki, bu da prosesin bir hissəsidir.

Mən Strasburqdan gələndən sonra son günlərdə iki dəfədir ki, Fransanın prezidenti Jak Şirakla telefonla danışmışam. Məhz bu telefon danışıqlarımız da bu məsələnin həlli barədə apardığımız danışıqların davamı olmuşdur. Bunlar hamısı onu sübut edir ki, artıq dünya ictimaiyyəti də, dünyanın aparıcı ölkələri də bu münaqişəyə son qoyulmasına çalışırlar və bizə kömək etmək istəyirlər. Biz bu imkanlardan istifadə edirik və bundan sonra da istifadə edəcəyik, məsələnin sülh yolu ilə həll olunmasına çalışacağıq.

Bu bizə lazımdır, çünki biz istəyirik ki, ölkəmizin işğal olunmuş torpaqlarının hamısı azad edilsin, doğma yurdundan didərgin düşmüş, çadırlarda yaşayan bir milyondan artıq vətəndaşlarımız öz yerlərinə qayıtsınlar. Biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunsun və Azərbaycanın sərhədləri - beynəlxalq hüquq normalarına uyğun olaraq tanınmış sərhədləri bərpa edilsin və onlar daim toxunulmaz olsun. Biz buna nail olmaq istəyirik. Bunlar hamısı lazımdır. Çünki bizim respublikamızın yaxşı iqtisadi imkanları var. Bu iqtisadi imkanları hərəkətə gətirmək, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat tərzini, rifah halını yaxşılaşdırmaq üçün bizə sülh lazımdır, ərazimizin bütövlüyünün bərpa olunması lazımdır.

Siz bilirsiniz ki, son vaxtlar biz dünyanın bir çox neft şirkətləri ilə, başqa böyük şirkətlərlə çox səmərəli əlaqələr yaratmışıq, Azərbaycanın neft və qaz yataqlarının müştərək istifadə olunması üçün böyük müqavilələr imzalamışıq. Bunların nəticəsində Azərbaycana xarici sərmayə gəlir və məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu sərmayə böyük miqdarda gəlir. Azərbaycanda aparılan iqtisadi islahatlar, torpaq islahatı, torpağın xüsusi mülkiyyətə verilməsi, iqtisadiyyatın sərbəstləşdirilməsi, iqtisadiyyatda insanlara sərbəstlik verilməsi, özəlləşdirmə - bunlar hamısı respublikamızın həyatında böyük müsbət dəyişikliklər yaradıbdır. Ancaq bunlar hələ bizim gördüyümüz işlərin ilk nəticələridir. Biz bundan sonra daha da yaxşı nəticələr əldə edəcəyik. İqtisadiyyatımız inkişaf edəcəkdir. İnsanlarımızın, sizin həyat tərziniz daha da yaxşılaşacaqdır. Buna əmin ola bilərsiniz. Bunun üçün də biz sülh əldə etməliyik, işğal olunmuş torpaqlarımızı azad etməliyik və bütün qonşu ölkələrlə sülh, əmin-amanlıq şəraitində əməkdaşlıq etməliyik. Ermənistanla da uzunmüddətli, etibarlı sülh əldə etməliyik. Çünki bu həm Ermənistan, həm də Azərbaycan üçün ən əlverişli yoldur.

Mən bu barədə fikirlərimizi, gördüyümüz işləri və qarşımızda duran vəzifələri sizə ona görə çatdırıram ki, bizim gördüyümüz işlər, apardığımız siyasət gərək xalq tərəfindən dəstəklənsin, bəyənilsin. Biz gərək əmin olaq ki, gördüyümüz işləri, o cümlədən xarici siyasətimizi xalqımız dəstəkləyir. Əgər haradasa, nədəsə narazılıq törəyirsə, biz onu aydınlaşdırmalıyıq. Ancaq mən məmnunam ki, indiyədək aldığım məlumatlar onu göstərir ki, Azərbaycan dövlətinin, prezidentinin daxili və xarici siyasəti ölkəmizin ictimaiyyətinin, xalqımızın tam əksəriyyəti tərəfindən tamamilə dəstəklənir və bəyənilir. Bu da bizə daha çox ruh, güc verir, bu istiqamətdə işləmək üçün bizə daha da geniş imkanlar yaradır.

Mən sizi bu görüş münasibətilə bir daha təbrik edrəm. Çox sevinirəm ki, sizinlə görüşürəm. Bu görüşlər hamısı mənim özümdə də böyük ruh yüksəkliyi yaradır, mənə də ilham, güc verir. Mən zavodu yenidən belə gözəl şəraitdə görməkdən çox məmnunam.

Ancaq eyni zamanda mənə aid olan bir şəxsi məqamı da vurğulamaq istəyirəm. Çox sağ olun ki, mənim keçmiş zamanlarda sizə, sizin zavodunuza etdiyim xidmətləri unutmamısınız. Çox sağ olun. Bu, mənim üçün əzizdir. Çünki sizə məlumdur ki, 1988-ci ildən sonra Azərbaycan xalqına düşmən olan bəzi qüvvələr tərəfindən mənim əleyhimə aparılan kampaniya zamanı mənə qarşı çox ədalətsizliklər etmişlər. Ancaq həyat göstərdi ki, o ədalətsiz işlər görən adamlar çox azmış, mən o vaxt da belə bilirdim. Amma ədalət mövqeyində duranlar, yaxşılığı, xidməti unutmayanlar bizim cəmiyyətimizin, xalqımızın əksəriyyətini təşkil edir. Bilirdim ki, xalq, o cümlədən siz mənim gördüyüm işləri unutmayacaqsınız. Ancaq bu gün bunları bir daha müşahidə etmək məni daha da sevindirdi. Buna görə çox sağ olun.

Mən sizin hamınıza cansağlığı, səadət arzu edirəm. Bütün işlərinizdə sizə uğurlar arzulayıram. Mən burada bir stend gördüm. O bizim keçmiş əlaqələrimizə həsr olunmuş bir stenddir. Siz orada yazmısınız ki, \"Heydər Əliyev, biz sizinləyik\". Mən onu oxudum. Mən də sizə deyirəm ki, əziz bacılar, qardaşlar, dostlar, mən daim sizinləyəm! Sağ olun.