Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT Baş katibinin müavini, bu təşkilatın Vyana şöbəsinin baş direktoru Pino Arlaki ilə görüşdə söhbəti - Tehran,10 iyun 2000-ci il

Arlaki: Xoş gördük, cənab Prezident! BMT ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyətindən mən çox razıyam.

EKO-nun VI zirvə gorüşündə Sizin nitqinizi böyük diqqətlə dinlədim. Sizin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikirlərinizi və irəli sürdüyünüz təklifləri yüksək dəyərləndirirəm.

Narkomanlığa qarşı mübarizənin daha da gücləndirilməsi üçün EKO ilə BMT arasında əməkdaşlığın daha da genişləndirilməsinin böyük əhəmiyyəti var. Əfqanıstanda narkotik vasitələrin qanunsuz istehsalı və dövriyyəsinin son dərəcə geniş miqyas alması məni çox narahat edir.

Heydər Əliyev: Hörmətli cənab Arlaki!

Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrin daha da möhkəmləndirilməsinə Azərbaycan böyük diqqət yetirir. Narkomanlığa və narkobiznesə qarşı respublikamızda daim ciddi mübarizə aparılır.

Mən istərdım ki, bütün bunları Siz öz gözlərinizlə görəsiniz. Buna görə də mən Sizi Azərbaycana səfərə dəvət edirəm.

Arlaki: Çox sağ olun, cənab Prezident! Dəvətinizi məmnuniyyətlə qəbul edirəm. Heydər Əliyev: Biz Azərbaycan ilə BMT arasında munasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük səylər göstərməliyik.