Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əbdülrəhim Qəvahi ilə görüşdə söhbətindən - 17 fevral 2001-ci il


Heydər Əliyev: Mənim xatirimdədir, biz keçən il Tehranda EKO-nun zirvə görüşündə sizi baş katib seçdik. Güman edirəm ki, bu müddətdə artıq xeyli iş görmüsünüz. Buyurun, sizi dinləyirəm.

Əbdülrəhim Qəvahi: Cənab prezident, hər şeydən öncə, gərgin işinizə baxmayaraq, vaxt tapıb məni qəbul etdiyinizə görə zati-alinizə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin Sizə dərin minnətdarlığımı yetirirəm ki, EKO-nun baş katibi vəzifəsinə seçilməyimə Siz o vaxt öz müsbət münasibətinizi bildirdiniz.

Mən söhbətimə ingilis dilində başladım, indi isə fars dilində danışmaq istəyirəm.

Heydər Əliyev: Ana dilində danışmaq hər şeydən yaxşıdır.

Əbdülrəhim Qəvahi: Bəli, cənab prezident.

Zati-aliləri, mən bir qədər sonra EKO-nun fəaliyyəti haqqında fikirlərimi söyləyəcəyəm. Amma İran diplomatı, iranlı olduğuma görə ilk növbədə istərdim ki, bir vətəndaş kimi öz hisslərimi Sizə çatdırım. Mən burada özümü evimdə olduğum kimi hiss edirəm. Mən Azərbaycanı qardaş ölkə, doğma vətənim hesab edirəm.

İcazə versəniz, indi mən EKO haqqında Sizə bir sıra məlumatlar verərdim.

Heydər Əliyev: İndi görürsənmi, ana dilində danışmaq necə yaxşıdır. Mən qonaqlarımızın ingilis dilində danışığını o qədər eşidirəm ki, əgər İrandan gələnləri də ingilis dilində eşitsəm, daha bu nə oldu? İranla biz qardaşıq, dostuq, dillərimiz bir-birinə oxşayır. Azərbaycan dilində nə qədər fars sözləri var. Elə fars dilində də nə qədər türk sözləri var. Sən isə ingilis dilində danışırsan, bəlkə də Çin dilində danışmaq istəyirsən. Belə olarmı?

Biz gənc olanda, məktəbdə oxuyanda həmişə adamlar bir-birindən soruşurdu, hansı dil daha yaxşı dildir. O vaxt dünyanın başqa dillərindən o qədər məlumatımız yox idi. Ona görə də fars dilini yaxşı dillərdən biri hesab edirdik. Bizim müştərək şairlərimiz fars dilində şerlər yazıblar. Fars dili şer dilidir. Azərbaycan dili də elədir. Çünki dünyanın ən qədim şerlərinin yarandığı bir məkan varsa, o da Azərbaycandır, İrandır, Firdovsi, Hafiz, Sədi… Nə qədər desəniz saya bilərəm. Bunlar İran şairləridir. Amma bizimkilər də, məsələn, Nizami fars dilində yazıbdır. Bir sözlə, mən sizə fars dilini öyrətdim. İndi buyura bilərsiniz.

Əbdülrəhim Qəvahi: Zati-aliləri, mənim 40 il ustadım, müəllimim olmuş ayətullah Məhəmməd Cəfəri - Allah rəhmət eləsin, o, iki il bundan öncə dünyasını dəyişibdir - çıxışlarını, söhbətlərini adətən iki dildə - Azərbaycan və fars dillərində edərdi. Ötən 40 ildə daim onun yanında olduğuma görə ondan çox şeyləri öyrənmişəm. Eyni zamanda da mən Azərbaycan dilində hər hansı bir fikri eşidəndə çox şeyi başa düşürəm. Ona görə ki, Azərbaycan və fars dillərində müştərək sözlərimiz çoxdur.

Heydər Əliyev: Mən də fars dilində danışığı dinləyəndə sözlərin çoxunu anlayıram.

Əbdülrəhim Qəvahi: Son dövrdə iki dildə yazıb-yaratmış sənətkarlardan biri də XX əsrin görkəmli şairi, rəhmətlik Şəhriyar olmuşdur. Allah ona rəhmət eləsin. Şəhriyar həm Azərbaycan, həm də fars dilində şerlər yazardı.

Heydər Əliyev: Bəli, o, Azərbaycanda çox sevilən şairdir, Şəhriyar fars dilində də, Azərbaycan dilində də çox gözəl şerlər yazırdı. O, böyük şairimizdir. Zaman keçdikcə xalqlarımız Şəhriyarın nə qədər böyük şəxsiyyət olduğunu daha da çox hiss edəcəklər. İndi buyurun, mətləbə keçək.

Əbdülrəhim Qəvahi: Hörmətli cənab prezident, EKO-nun zirvə görüşündə Sizin nitqinizi mən sonra götürüb diqqətlə oxudum və öyrəndim. Biz Sizin həmin nitqinizdəki dörd çox mühüm məsələni EKO-nun gündəliyinə daxil etdik və indi onun həyata keçirilməsi üzərində işləyirik.

Zati-aliləri, nitqinizdə toxunduğunuz məsələlərdən biri nəqliyyat dəhlizinin yaradılması barədə idi. Şimal-Cənub istiqamətində yaradılacaq dəhlizin əhəmiyyəti çox böyükdür. Azərbaycan Xarici İşlər Nazirliyində və "Azəravtonəqliyyat" Konsernində keçirdiyim görüşlərdə biz bu fikrin əhəmiyyəti haqqında geniş söhbət etdik. Bu dəhlizin çox böyük perspektivi vardır.

Cənab prezident, ikinci məsələ ticarətin inkişafı və genişlənməsi məsələsi idi. EKO-nun üzvü olan ölkələr arasındakı ticarətin inkişafı çox mühüm bir məsələdir. Biz bunun üçün lazımi bir sənəd hazırlayıb imzalayacağıq. Fikrimiz var idi ki, ticarət münasibətlərini inkişaf etdirmək üçün 2001-ci ildən tarifləri bir qədər azaldaq və beləliklə, Sizin göstərdiyiniz müddəanı həyata keçirmək üçün lazım olan şəraitin yaradılmasına kömək göstərək.

Zati-aliləri, Sizin toxunduğunuz üçüncü məsələ də çox böyük əhəmiyyət daşıyır. Bu, EKO-nun üzvü olan ölkələrdə özəlləşdirmə prosesini sürətləndirmək, kiçik və orta müəssisələri inkişaf etdirmək məsələsidir.

Mən burada sizin ticarət naziriniz cənab Bağırovla da görüş keçirdim. Mən ona dedim ki, biz Tehranda iki məsələ üzrə seminar keçirəcəyik. Ondan xahiş etdim ki, həm özəlləşdirmə, həm də kiçik və orta müəssisələrin inkişaf etdirilməsinə dair keçirəcəyimiz seminarda Azərbaycan nümayəndə heyəti iştirak etsin.

Dördüncü çox mühüm məsələ EKO və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əlaqələr yaradılmasıdır. Biz həmin məsələni EKO-nun Daimi Nümayəndələr Şurasında dəfələrlə müzakirə etmişik və onun həllinə yaxınlaşırıq. Biz Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə Bakıda qeyri-rəsmi görüş də keçirdik. Çalışırıq ki, bu məsələ də öz həllini tapsın.

Cənab prezident, mən EKO-nun katibliyini bir qədər dəyişdirmək fikrindəyəm. Məqsəd bundan ibarətdir ki, EKO-nun fəaliyyətini daha səmərəli, daha təsirli edək. Fikrimcə, həlli qeyri-mümkün olan bir sıra layihələri kənara qoyub, həyata keçirə biləcəyimiz layihələri reallaşdırmaq üçün bu məsələ üzərində daha çox işləmək lazımdır.

Cənab prezident, Sizin dəstəyinizə və köməyinizə bizim çox böyük ehtiyacımız vardır. Belə hesab edirəm ki, Sizin dəstəyiniz nəticəsində biz regionda iqtisadi, ticarət əlaqələrini daha da genişləndirə və inkişaf etdirə bilərik. Sizə bir daha öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Əvvəla, çox məmnunam ki, siz mənim Tehrandakı nitqimdə irəli sürdüyüm məsələlərə diqqət yetirmisiniz və onların həll edilməsi üçün lazımi tədbirlər görmüsünüz. Həmin məsələlərin bundan sonra da əməli surətdə həyata keçirilməsi üçün Azərbaycan tərəfindən nə asılıdırsa, nə lazım olarsa, biz onların hamısını etməyə hazırıq.

Şimal-Cənub nəqliyyat dəhlizi çox əhəmiyyətlidir. Bilirsinizmi, Azərbaycan ərazisindən belə bir dəhlizin yaxşı işə salınması Avropa ilə Asiyanın, yəni EKO-ya daxil olan ölkələrin nəqliyyat məsələlərinin xeyli yüngülləşdirəcəkdir. Burada avtomobil yolu, körpülər yaxşı qaydaya salınmalıdır, təmir olunmalıdır. Güman edirəm ki, biz Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsinə nail olacağıq. Beləliklə də Azərbaycanın ərazisindən keçib Təbrizə, oradan da İranın başqa məntəqələrinə gedən dəmir yolu çox əhəmiyyətli nəqliyyat vasitəsi olacaqdır.

Mən bilirəm ki, Rusiya da bu məsələdə çox maraqlıdır. Amma təkcə Rusiya yox, Rusiyadan Avropaya həddən çox dəmir yolları vardır. Bunların hamısından istifadə etmək olar.

Sahibkarlığın inkişaf etdirilməsi və özəlləşdirmə sahəsində EKO-nun birgə iş görməsi də yaxşı məsələdir. Burada da bizim imkanlarımız çoxdur. Mən məmnunam ki, siz ticarət naziri Bağırovla görüşmüsünüz və istəyirsiniz ki, Tehranda bu barədə bir seminar və yaxud bir görüş keçirəsiniz. Mən bununla razıyam. Bizim özəlləşdirmə ilə məşğul olan xüsusi nazirliyimiz vardır. Mən naziri oraya göndərə bilərəm ki, həmin tədbirdə iştirak etsin və Azərbaycanın bu barədə imkanlarını orada izah etsin.

EKO təşkilatı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əlaqələrinin genişlənməsi çox vacibdir. Biz bu barədə fikirlərimizi Tehranda bildirdik. Amma mən bir məsələni qeyd etmək istəyirəm ki, bu iki təşkilat birləşməsin, bir-birinə qarışmasın. Çünki onda biz çox şey itirə bilərik. Həmin təşkilatlar arasında sadəcə əməkdaşlıq yaratmaq və onu inkişaf etdirmək lazımdır.

EKO təşkilatı öz tərkibinə görə müəyyən bir regiona aiddir. Əgər bu təşkilatlar bir-birinə qarışsalar, onda bu regionların bəzisi irəli çıxar, bəzisi geri qalar. Mən hesab edirəm ki, bunlar arasında əməkdaşlıq lazımdır. Ancaq mən bu iki təşkilatın bir-birinə qarışması, yəni birləşməsi fikri ilə razı deyiləm. Yəni hər iki təşkilat çox faydalı işlər görür və onların hər biri müstəqil olaraq iş görsə, bir-biri ilə əməkdaşlıq yarada bilsə, daha da faydalı olar.

EKO təşkilatında Azərbaycanın iştirakından çox məmnun olduğumuzu bir daha bildirmək istəyirəm. EKO təşkilatının Tehranda keçirilmiş zirvə görüşünün çox gözəl təşkil olunmasını yaxşı xatırlayıram. Bunun nəticələrindən biri də odur ki, EKO təşkilatının baş katibi İran nümayəndəsi seçildi. Ümidvaram ki, siz İranı, eyni zamanda, təşkilatın üzvü olan bütün ölkələri təmsil edərək baş katib kimi bundan sonra daha da səmərəli işlər görəcəksiniz.

Əbdülrəhim Qəvahi: İnşallah, Cənab prezident, Sizə təşəkkürümü bildirirəm və Sizin vaxtınızı bundan artıq almaq istəməzdim.

Heydər Əliev: Sağ olun, təşəkkür edirəm.