"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin bəyanatı" (Bakı şəhəri, 5 iyul 1993-cü il) sənədinə tarixi arayış


1992 -1993-cü illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi əməliyyatların güclənməsi ilə özünün ən kəskin mərhələsinə daxil olub. Xüsusilə 1993-cü ilin birinci yarısından başlayaraq Ermənistan tərəfi Azərbaycanda baş verən hərbi-siyasi böhrandan istifadə edərək işğal etdiyi Dağlıq Qarabağ vilayətinin ətrafında yerləşən Azərbaycan rayonlarını da zəbt etmək məqsədilə hücum əməliyyatlarını genişləndirib.

1993-cü il aprelin 3-4-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Kəlbəcər rayonunu tutdular. Bu təcavüzkar işğal hərəkətinə qarşı BMT Təhlükəsizlik Şurası 30 aprel 1993-cü ildə qoşunların çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etsə də, ermənilər tərəfindən bu qətnaməyə riayət olunmadı.

1992-ci il martın 24-də münaqişənin sülh yolu ilə həlli məqsədilə formalaşdırılmış ATƏM-in Minsk konfransının atəşkəsə nail olmaq cəhdləri də nəticə vermədi. Dağlıq Qarabağ vilayətindən kənarda yerləşən Kəlbəcərin işğalından sonra erməni hərbi hissələrinin 1993-cü ilin iyulunda keçmiş muxtar qurumun tərkibinə daxil olmayan başqa bir Azərbaycan inzibati rayonu - Ağdam istiqamətində hücumları gücləndi.

Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev siyasi və diplomatik vasitələrdən də istifadə edərək Ermənistan silahlı qüvvələrinin işğalçılıq hərəkətlərinin qarşısını almağa çalışırdı. Bu məqsədlə 1993-cü il 5 iyulda verdiyi bəyanatda o, münaqişənin gedişinə təsir göstərmək imkanlarına malik Rusiya, ABŞ, Türkiyə dövlətlərinə, beynəlxalq təşkilatlar - ATƏT və BMT TŞ-yə müraciət edərək Ermənistanın təcavüzünün dayandırılması və münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün yardım göstərməyə çağırıb.

Azərbaycan Prezidentinin Səlahiyyətlərini həyata keçirən Heydər Əliyev bəyanatında o vaxt ATƏT-in Minsk konfransının sədri olan Mario Raffaellinin münaqişə regionuna gözlənilən səfərinin adi dezinformasiya - Ağdam inzibati rayonunu guya ki erməni qoşunlarının zəbt etməsi xəbəri ilə pozulmasından narahatlığını da ifadə edib. Heydər Əliyev bu cür hərəkətin ATƏT-in münaqişənin tənzimlənməsindən kənara çəkilməsi və Azərbaycanı Ermənistanla təkbətək vuruşmaq məcburiyyətində qoyması kimi qiymətləndirib. O, bunun mümkün nəticələrini də göstərib: " Bu isə problemin dinc vasitələrlə həlli perspektivlərinə ciddi zərbə vurur və regionda müharibənin daha da şiddətlənməsi deməkdir. Belə bir vəziyyətlə barışmaq isə qətiyyən mümkün deyildir."

Tarixi arayış 3 iyul 2008-ci ildə yeniləşdirilib.