"Amerikanın yəhudi təşkilatlarının rəhbərləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Nyu-York, 8 sentyabr 2000-ci il) sənədinə tarixi arayış


1997-ci ilin yayında ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı adlı qurumun rəhbərləri ilə görüşüb. Görüş zamanı Heydər Əliyev ABŞ yəhudilərinin rəhbər şəxsləri ilə Azərbaycanda gedən siyasi inkişaf, Azərbaycan - İsrail münasibətləri məsələləri haqqında söhbət aparıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a növbəti səfəri 2000-ci ilin sentyabrında olub. Səfərdə məqsəd Nyu - Yorkda, BMT-nin iqamətgahında bu təşkilatın himayəsi altında keçirilən minilliyin zirvə görüşündə iştirak etmək olub.

Səfər çərçivəsində Azərbaycan Prezidenti sentyabrın 8-də Nyu-Yorkda onun üçün ayrılmış iqamətgahda Amerikanın nüfuzlu yəhudi təşkilatlarının - Yəhudi Komitəsinin, Prezidentlər Konfransının, Yəhudi Konqresinin, Sovet Yəhudiləri Milli Komitəsinin rəhbərləri ilə görüşüb. Danışıqlar zamanı Amerika Yəhidi Komitəsi İcraiyyə Komitəsinin və Qubernatorlar Kollegiyasının təhbəri Rozenblatt Piter Azərbaycanla ABŞ arasındakı münasibətləri olduqca əhəmiyyətli və vacib hesab etdiyini bildirib. ABŞ-ın bu mühüm regionda böyük maraqlarının olduğunu qeyd edən natiq bu baxımdan ABŞ, Azərbaycan və İsrail münasibətlərinin inkişaf etdirilməsinin bu üç ölkənin bölüşdüyü ümumi məqsədlərə çatmaq üçün çox böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident Heydər Əliyev Azərbaycanda yəhudilərin əsrlər boyu yaşayaraq çox dəyərli izlər qoyduğunu vurğulayıb: "Xüsusilə XX əsrdə Azərbaycanın sosial, iqtisadi inkişafında, mədəniyyətinin, elminin, təhsilinin inkişafında da yəhudi millətinə mənsub olan Azərbaycan vətəndaşları böyük işlər görüblər. Biz bunları yüksək qiymətləndirmişik. Hesab edirəm ki, Azərbaycandakı yəhudilər bu gün də çox yaxşı şəraitdə yaşayırlar."

Heydər Əliyev işgüzar səfərinin gedişində İsrail dövlətinin baş naziri Ehud Barakla da görüşüb, danışıqlar aparıb. Demokratik inkişaf, bazar münasibətləri yolu ilə gedən müstəqil Azərbaycan Respublikasının dünyanın bütün ölkələri, o cümlədən İsrail dövləti ilə bir çox sahədə qarşılıqlı surətdə faydalı əlaqələrin genişləndirilməsinə əhəmiyyət verdiyini bildirən dövlət başçısı Azərbaycan - İsrail əməkdaşlığının daha da dərinləşdirilməsi üçün görülən işləri yüksək dəyərləndirib. Ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlardan, Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəqli üçün görülən işlərdən söhbət açan Heydər Əliyev Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində də ətraflı danışıb. Azərbaycan və yəhudi xalqlarının tarixən yaxın dost olduqlarını nəzərə çatdıran dövlət rəhbəri respublikada yaşayan yəhudilərə respublikanın bərabərhüquqlu vətəndaşları kimi həmişə xoş münasibət bəslənildiyini vurğulayıb.

İsrailin baş naziri Ehud Barak isə ikitəfli əməkdaşlığın gündən - günə inkişaf etməsinə İsrail hökumətinin əhəmiyyət verdiyini söyləyərək, Azərbaycanla bütün sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb. İsrailin baş naziri Azərbaycanda yaşayan yəhudilərə göstərilən xoş münasibət, diqqət və qayğıdan məmnun olduğunu bildirib.

2008-ci il avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisi qəbul edib. Görüşdə Azərbaycan - ABŞ münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb və bu əlaqələrin daha da genişləndirilməsi işində ABŞ-da yaşayan yəhudi icmasının rolu qeyd olunub, həmçinin, Azərbaycanda yaşayan yəhudi icmasının ölkədə azad fəaliyyəti üçün bütün imkanların olduğu bildirilib.

Həmin gün Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris jurnalistlərlə söhbətində ABŞ prezidenti Corc Buşa məktub göndərdiyini deyib. Məktubunda o, bir sıra məsələlərlə yanaşı, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, Amerika Yəhudi Komitəsinin ABŞ-ın ATƏT-in Minsk Qrupundakı fəaliyyətini dəstəklədiyini bildirib.

Devid Harrisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan səfəri çərçivəsində həmçinin, Baş nazir, parlamentin sədri, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri, Qafqaz Müsalmanları Ruhani İdarəsinin sədri, həmçinin, dağ yəhudiləri və Avropa yəhudilərinin lideri ilə görüşüb.

Tarixi arayış 26 sentyabr 2008-ci ildə yeniləşdirilib.