Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 6 aprel 1998-ci il


Əziz bacılar və qardaşlar!

Sizi bütün dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu bayram günündə hamımız ulu Tanrıdan doğma vətənimizin ərazi bütövlüyünün bərpa edilməsini, ölkəmizdə sülhün, əmin-amanlığın bərqərar olmasını, xalqımızın xoşbəxt və firavan həyata qovuşmasını diləyirik.

Xalqımızın vətənpərvərliyi, qurub-yaratmaq əzmi, öz milli, dini dəyərlərinə, tarixinə, mədəniyyətinə bağlılığı niyyətlərimizin çin olacağına möhkəm inam yaradır. Böyük xaliqin bəxş etdiyi bu minnətdarlıq bayramında Məkkə ziyarətində olan zəvvarlarımızın, bütün Azərbaycan müsəlmanlarının duaları xalqımızın haqq işinin qalib gəlməsinə, Ermənistan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin dinc yolla həll olunmasına yönəlmişdir. Bu əziz gündə şəhidlərimizin xatirəsini yad edərək əmin olduğumu bildirirəm ki, onların ruhlarının şad olacağı, torpaqlarımızın erməni qəsbkarlarının tapdağından azad ediləcəyi, qaçqın və köçkün həmvətənlərimizin öz doğma yurdlarına qayıdacağı an uzaqda deyildir. Müsəlmanların qardaşlıq rəmzi olan mübarək Qurban bayramında arzu edirəm ki, bütün dünya azərbaycanlılarının qarşılıqlı qayğı və məhəbbəti artsın, onların Azərbaycanla əlaqələri güclənsin, soydaşlarımız arasında həmrəylik hissləri möhkəmlənsin.

Allah-təalanın islamı bir din kimi tamamlayıb insanlar üçun hidayət yolu seçdiyi bu əziz gündə sizin hamınıza cansağlığı, səadət və əmin-amanlıq arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.