Respublika ictimaiyyətinin nümayəndələri ilə görüş və Gürcüstanın Ali Mükafatının "Qızıl Runo" ordeninin təqdim edilməsi mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü və yekun nitqi - 29 sentyabr 2001-ci il


Zati-aliləri Gürcüstan prezidenti cənab Eduard Şevardnadze!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Gürcüstan prezidenti Eduard Şevardnadze mənim dəvətimlə bu gün Azərbaycanda rəsmi səfərdədir. Bu il Gürcüstan və Azərbaycanın özlərinin müstəqilliyinin 10-cu ildönümünü qeyd etməsi nəzərə alınaraq, səfərin böyük əhəmiyyəti var. Gürcüstanla Azərbaycan arasında tarixən sıx dostluq münasibətləri mövcuddur. Biz tarixin bütün mərhələlərində birlikdə olmuşuq və ölkələrimiz elə indi də, amma artıq tamamilə yeni şəraitdə - müstəqilliyə qovuşaraq bu ənənələri davam etdirirlər. Biz tarixdən danışarkən əcdadlarımız haqqında çoxlu səmimi sözlər deyə bilərik, lakin hazırda Gürcüstanla Azərbaycan, müstəqil dövlətlər arasında olan belə münasibətlərə heç zaman malik olmamışıq. Ona görə də biz müstəqilliyimizi, azadlığımızı çox qiymətləndiririk, əsrlər boyu qonşu olan Gürcüstan və Azərbaycanın mehriban qonşular kimi həmişə dostluq və həmrəylik şəraitində yaşamasını çox qiymətləndiririk. Bu münasibətlər müstəqillik şəraitində yeni xarakter almış, yeni məzmun kəsb etmişdir.

Bu gün biz prezident Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərinin sonunda buraya Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşmək üçün toplaşmışıq. Bunun böyük əhəmiyyəti var, çünki hər bir belə görüş münasibətlərimizi daha da möhkəmləndirir və inkişaf etdirir. Bu görüş Azərbaycan ictimaiyyəti nümayəndələrinin hörmətli qonağımız, mənim əziz dostum Eduard Şevardnadze ilə görüşüdür.

Əziz Eduard Şevardnadze mən sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Sizə bir daha təşəkkürümü bildirirəm ki, mənim dəvətimi qəbul etdiniz, Azərbaycana gəldiniz və xalqımız bu hadisədə dostluq münasibətlərimizin yeni təzahürlərini görür. Bu gün biz böyük səmərəli iş apardıq, görüşlər, söhbətlər oldu. Prezident Şevardnadze ilə mənim aramda olmuş təkbətək söhbət çox böyük əhəmiyyətə malikdir. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə aid bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq. Regionumuzda vəziyyət haqqında, dünyada gedən proseslər haqqında fikir mübadiləsi apardıq, baxışlarımızın və mövqelərimizin tam uyğun gəldiyini aşkara çıxardıq və təbii ki, münasibətlərimizin daha da möhkəmləndirilməsi və inkişaf yollarını müəyyənləşdirdik. Bunu çox yüksək qiymətləndirirəm ki, prezident Şevardnadze ilə mənim aramda sıx münasibətlər və dostluq münasibətləri yaranmışdır. Bu münasibətlərin böyük, təxminən 35 illik tarixi var, lakin onlar həm Gürcüstan, həm də Azərbaycan müstəqil dövlətlər olduqdan sonra xüsusi əhəmiyyət kəsb etmişdir. Bu cür tarixi olan, bir çox sınaqlardan keçən dostluq, təbii ki, müstəqillik şəraitində Gürcüstan və Azərbaycan prezidentlərinin dostluğunun möhkəm əsası, təminatıdır. Ona görə də prezident Şevardnadzenin Azərbaycana hər bir gəlişi bizim üçün mühüm tarixi hadisə, xalqlarımız və ölkələrimiz arasında getdikcə möhkəmlənən dostluğu hər dəfə nümayiş etdirən hadisədir. Bu dostluğun möhkəmlənməsi ona görə xüsusilə zəruridir ki, regionumuzda vəziyyət qeyri-sabit, narahat olaraq qalır, Azərbaycan və Gürcüstanın həyatına, iqtisadiyyatına böyük ziyan vuran hərbi münaqişələr mövcuddur.

Gürcüstanla Azərbaycan arasında, iki prezident arasında mövcud olan münasibətlər bax, belə bir şəraitdə xüsusi əhəmiyyət kəsb edir, xalqların, qonşuların dostluq, həmrəylik və qarşılıqlı anlaşma şəraitində necə yaşaya bilməsinə nümunədir.

Bu gün biz çox mühüm daha bir sənəd "Şahdəniz" yatağından çıxarılacaq Azərbaycan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə nəqli haqqında saziş imzaladıq. Biz son vaxtlar həmin sənəd üzərində işləmişik, qədərincə səmərəli, qədərincə diqqətlə işləmişik və bu iş ona gətirib çıxardı ki, sazişi imzalamaq imkanı qazandıq. Bu sənədin Gürcüstan üçün də, Azərbaycan üçün də eyni dərəcədə iqtisadi əhəmiyyəti var. O, Gürcüstana da, Azərbaycana da fayda gətirəcəkdir. Bu hadisə müstəsna əhəmiyyətə malikdir.

Biz birgə siyasi bəyanat imzaladıq və bu sənəddə Cənubi Qafqazda, regionumuzda sülhü, sabitliyi və təhlükəsizliyi möhkəmlətmək məsələlərinə eyni mövqedən yanaşdığımızı ifadə etdik. Biz dünyada baş verən hadisələrə öz münasibətimizi bildirdik və terrorizmi, separatizmi, ekstremizmi, dini fanatizmi və artıq indi bütün dünya birliyinə ziyan vuran digər bir çox belə təzahürləri pislədik. Mən dinc Qafqaz haqqında Tbilisi bəyannaməsini xatırlayıram. Biz onu Qafqazda sülhü həqiqətən təmin etmək arzusunu əsas tutaraq, bir neçə il əvvəl imzalamışıq və bu illər ərzində həmin istiqamətdə addımbaddım irəliləyirik. Amma təəssüf ki, istədiyimiz məqsədə hələlik nail olmamışıq. Lakin hər bir belə görüş, hər bir belə sənəd, o cümlədən də bu gün imzalanmış sənəd çox böyük tarixi əhəmiyyətə, Gürcüstanla Azərbaycanın dövlətlərarası münasibətləri üçün əhəmiyyətə, bütün regionumuz üçün müstəsna əhəmiyyətə malikdir.

Mən son dərəcə məmnunam ki, prezident Eduard Şevardnadze bizim aramızdadır. Şadam ki, o, ictimaiyyətimizin nümayəndələri ilə, bu görüşü yayımlayan televiziyanın imkanlarının köməyilə, zənnimcə, bütün Azərbaycanla və eləcə də Gürcüstanla görüşür. Bu səfərə görə, görüşlərə, söhbətlərə görə və imzaladığımız mühüm sənədlərə görə dostuma bir daha və yenidən təşəkkürümü bildirirəm.

Mən sözü Gürcüstan prezidenti cənab Eduard Şevardnadzeyə verirəm.

Yekun nitqi

Əziz dostum, əziz qardaşım, əziz prezident Eduard Şevardnadze!

Siz, müstəqil Gürcüstan məni belə şərəfə layiq gördüyünüzə və müstəqil Gürcüstanın ən ali ordeni çox böyük tarixə malik "Qızıl runo" ordeni ilə mükafatlandırdığınıza görə sizə təşəkkür edirəm. Mən bu mükafatı Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərinin, Azərbaycan xalqının bu dostluğun möhkəmlənməsinə və inkişafına töhfəsinin sizin tərəfinizdən qiymətləndirilməsi kimi, təbii olaraq, Gürcüstanla Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərində xidmətlərimə verilən çox yüksək qiymət kimi qəbul edirəm.

Əziz dost, sizi əmin edə bilərəm ki, bu, mənim üçün böyük şərəfdir, mənə çox əzizdir. Sizin bu yüksək mükafatınıza həmişə layiq olmaq üçün mən əlimdən gələni əsirgəməcəyəm. Gürcü xalqı qədim, zəngin dövlətçilik tarixinə, zəngin mədəniyyətə malikdir. Hesab edirəm ki, müstəqil, azad Gürcüstan bizim günlərdə də ən yüksək zirvədə, özünün bütün tarixi ərzində gürcü xalqının nail olmağa çalışdığı zirvədədir. Təbii ki, bu orden Gürcüstanın keçmiş tarixini də, onun müstəqilliyini də, azadlığını da təcəssüm etdirir.

Mənə xüsusilə əziz və xoşdur ki, bu yüksək mükafata Azərbaycanın və Gürcüstanın müstəqilliyinin 10-cu ildönümündə layiq görülmüşəm. Mənə xüsusilə əzizdir ki, bu mükafatı mənə siz təqdim etmisiniz, gürcü xalqının görkəmli oğlu, XX əsrdə öz ölkəsi üçün, öz xalqı üçün çox işlər görmüş və Gürcüstanın daha da çiçəklənməsi naminə XXI əsrdə də öz coşğun fəaliyyətini davam etdirən bir insan təqdim etmişdir.

Çox-çox sağ olun.

Gürcüstanla Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətləri haqqında, xalqlarımız və ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələsi haqqında dediklərinizin hamısı mənim də fikirlərimi, hisslərimi, mənim də anlamımı tamamilə əks etdirir. Ən başlıca amil budur ki, gürcü xalqı və Azərbaycan xalqı qədim, çox zəngin tarixə malikdirlər, onlar dünyaya bəşər sivilizasiyasını zənginləşdirən görkəmli mədəniyyət və incəsənət əsərləri, elmi ixtiralar vermişlər, xalqlarımız həmişə mehriban qonşuluq, dostluq şəraitində yaşamışlar və bu gün də yaşayırlar, xoş münasibətlər saxlayırlar. Bu, nadir haldır. Əgər bütün Yer kürəsinə nəzər salsaq, görərik ki, qonşu olan bir çox xalqlar və ölkələr bir-birilə müharibə etmiş, bir-birinin ərazisini ələ keçirmiş, düşmənçilik etmiş, rəqabət aparmışlar. Təbii ki, bütün bunlar kədərli nəticələrə gətirib çıxarmışdır.

Hesab edirəm, əgər gürcü xalqı ilə Azərbaycan xalqı arasındakı münasibətləri böyük tarixi səpkidə nəzərdən keçirsək, görərik ki, bu, qonşu olaraq, birlikdə olaraq dostluq, həmrəylik və qarşılıqlı anlaşma şəraitində necə yaşamağa layiqli nümunədir. Görünür, bunun səbəbi odur ki, gürcü xalqı da, Azərbaycan xalqı da həmişə sülhsevər olmuşlar, həmişə başqa xalqlara xoş münasibət hissləri bəsləmişlər, bir-birinə həsəd aparmamışlar, bir-birinə qarşı hər hansı əsassız iddialar irəli sürməmişlər, onların arasında heç bir münaqişə olmamışdır.

Bu gün biz deyəndə ki, Qafqaz, Cənubi Qafqaz hərbi münaqişələrlə və ayrı-ayrı dövlətlər tərəfindən olan digər hərəkətlərlə əlaqədar qeyri-sabitlik, narahatlıq dövrü keçirir, biz böyük iftixar hissi ilə deyə bilərik ki, bütün bunlar şərəfli, vicdanlı xalqlara yaddır. Gürcü və Azərbaycan xalqları məhz belə xalqlardır.

Müstəqillik illəri xalqlarımız üçün çox ağır və mürəkkəb olmuşdur. Sovet İttifaqının labüd parçalanması Gürcüstana və Azərbaycana öz dövlət müstəqilliyini və suverenliyini elan etməyə imkan vermişdir. Lakin bədnam qüvvələr biz hələ müstəqillik əldə etməzdən əvvəl öz səylərini həm Gürcüstana qarşı, həm də Azərbaycana qarşı yönəltmişdilər. Ona görə də bütün bu dövr ərzində Gürcüstan da hərbi münaqişələrdən əziyyət çəkir, Azərbaycan da hərbi münaqişələrdən əziyyət çəkir. Təbii ki, bunlar hamısı regionumuzda sülhə, sabitliyə, əmin-amanlığa olduqca böyük zərər vurur və iqtisadiyyatın, elmin, mədəniyyətin inkişafına və regionumuzun bütün xalqlarının rifahının yüksəlməsinə əngəl törədir, ciddi əngəl törədir.

Amma iftixarla deyə bilərik ki, çox qurbanlar versək də, çox itkilərimiz olsa da, bu on ildə biz tab gətirdik, müstəqillik yolu ilə qətiyyətlə irəlilədik və mətinliklə dururuq və müstəqillik yolu ilə bundan sonra da gedəcəyik.

Gürcüstanla Azərbaycan arasındakı qarşılıqlı yardım Gürcüstanın da, Azərbaycanın da daim müstəqil ölkələr, dövlətlər olması üçün çox mühüm amildir.

Gürcüstanla Azərbaycan arasında yaranmış, xüsusən Azərbaycanın 1994-cü ildə başlanmış neft strtegiyasının həyata keçirilməsi ilə bağlı yaranmış iqtisadi əlaqələr bu çox mühüm tarixi məsələdə olduqca böyük əhəmiyyətə malikdir. Bu gün böyük məmnunluq hissi ilə demək olar ki, Azərbaycanın neft və qaz sənayesinin, xüsusən Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz sənayesinin inkişafı üçün xarici sərmayələrin cəlb edilməsinə yönəldilmiş neft doktrinası özünü tamamilə doğruldur.

Lakin Azərbaycan bu vəzifənin öhdəsindən təkbaşına gələ bilmirdi. Başlıca amil budur ki, Azərbaycan bir çox Qərb ölkələrini özünün çox böyük təbii ehtiyatlarına, onlardan istifadə olunmasına cəlb edə bildi. Artıq indi, 1994-cü ildə ilk müqavilə - "Əsrin müqaviləsi" imzalandıqdan sonra 21 müqavilə imzalanmışdır və dünyanın müxtəlif regionlarının, xüsusən Avropanın, Amerika Birləşmiş Ştatlarının 32 iri neft şirkəti bu müqavilələrin iştirakçısıdır. Bu müqavilələrdə 14 ölkə iştirak edir.

Həmin müqavilələrin gerçəkləşdirilməsi bir çox digər xarici şirkətləri də konkret tədbirlər görmək üçün Azərbaycana cəlb etmişdir.

Ona görə də Azərbaycanın neft strategiyasından danışarkən əsla deməyə bilmərik ki, bu strategiyanı biz düşünmüşük, lakin Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin iştirakçısı olan neft şirkətləri ilə, ölkələrlə və dövlətlərlə birgə səmimi iş görülməsəydi, bunu edə bilməzdik. Biz bunu çox gözəl bilirdik, bilirdik ki, Azərbaycan, o cümlədən Xəzər hövzəsi, xüsusən Xəzər dənizinin Azərbaycan sektoru zəngin enerji ehtiyatlarına malikdir.

Azərbaycan alimləri hələ ötən əsrin 30-cu, 40-cı illərində Xəzər dənizində kəşfiyyat apararaq, bir çox perspektivli neft və qaz yataqları aşkara çıxarmışdılar.

Yeri gəlmişkən, bir haşiyə çıxacam. Bu gün biz Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından qazın dünya bazarlarına ixracı haqqında saziş imzaladıq. Mən neft elmi - geologiyası sahəsində işlərimizin tarixinə baxdıqca gördüm ki, Azərbaycan alimləri hələ 1935-1936-cı ildə həmin yeri göstərmiş, demişdilər ki, məhz burada çox zəngin neft və qaz ehtiyatları var. Şübhəsiz ki, sonralar bu məlumat təsdiqləndi və reallığa çevrildi. Ona görə də, təbii ki, 1996-cı ildə xarici şirkətlər orada zəngin qaz ehtiyatları olduğuna inanaraq, bizimlə sazişlər imzaladılar. Odur ki, mən Azərbaycanın quru hissəsində də, Xəzər dənizində də bir çox onilliklər ərzində neft, qaz yataqlarının axtarışı ilə məşğul olmuş alimlər, neftçilər, mütəxəssislər, mühəndislər haqqında həmişə minnətdarlıq hissi ilə danışıram. Bununla da biz Xəzər dənizini nəinki Azərbaycan üçün, onun müqavilə üzrə tərəfdaşları üçün kəşf etdik, həm də Xəzər hövzəsinin olduqca zəngin ehtiyatlarını bütün dünya üçün kəşf etdik.

Ona görə də təsadüfi deyil ki, artıq indi Xəzər dənizinin Qazaxıstan sektorunda da, - orada da çox yaxşı nəticələr var, - Xəzər dənizinin Rusiya sektorunda da, Xəzər dənizinin başqa sektorlarında da axtarışlar aparılır. Odur ki, müstəqil dövlət olduqdan sonra biz özümüz üçün də, dünya birliyi üçün də, zənnimcə, böyük iş gördük.

Təbii ki, bu layihələri həyata keçirərkən qarşıya ilk sual çıxdı: bəs bu nefti nə etməli, bu qazı nə etməli? Neft və qazın hasilatı üçün külli məbləğdə vəsait sərf olunur. Artıq bu layihələrə təxminən 5 milyard dollar xarici sərmayə xərclənmişdir. Bəs nədən ötrü? Onadan ötrü ki, əvvəla, xarici şirkətlər öz ölkələrini neft və qaz kimi belə qiymətli məhsulla təmin edə bilsinlər, ikincisi, bundan özləri üçün iqtisadi nəticələr götürsünlər.

Təbii ki, biz bu işlə məşğul olarkən düşünə bilməzdik ki, bütün bunlar ancaq bizim ölkəmizə lazımdır. Qətiyyən belə deyildir. Çox-çox illər ərzində çıxardığımız və indi hətta dünya bazarlarında da satdığımız neft ölkəmizə kifayət edir. Yəni bu yataqların aşkara çıxarılması və ya Xəzər dənizinin təkindən neft və qaz hasilatı sahəsində xarici şirkətlərlə birgə iş neft və qazın dünya bazarlarına ixrac yollarını müəyyənləşdirməyi tələb edirdi. Yollar müxtəlif idi, marşrutlar müxtəlif idi, buna müxtəlif ölkələrdən maraq göstərilirdi, müxtəlif ölkələrdən təkliflər irəli sürülürdü, bunu əsas tuturdular ki, nefti dünya bazarlarına məhz bu marşrut vasitəsilə və ya digər marşrut vasitəsilə daha az xərclərlə ixrac etmək mümkündür.

Lakin biz və dünyanın bizimlə işləyən neft şirkətləri qəti mövqe tutduq, qərara aldıq ki, bu əsas marşrutlar Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə, oradan isə Avropanın və dünyanın digər ölkələrinə getməlidir. Biz həmin mövqedə möhkəm dayanaraq, çətinlikləri dəf edərək, bu yolla ardıcıl surətdə irəlilədik və artıq konkret nəticələrə nail olduq.

Əlbəttə, mən bu barədə danışarkən dünya anlamında Gürcüstanın çox mühüm coğrafi-strateji əhəmiyyətini və Azərbaycanın da bu cür mühüm coğrafi-strateji əhəmiyyətini qeyd etmək istəyirəm. Digər tərəfdən, dünyanın belə çox iri neft şirkətləri Azərbaycana böyük vəsait qoyarkən əmin olmalı idilər ki, bu ölkə etimada layiqdir, dəstəklənməyə layiqdir. Bundan ötrü isə başlıcası Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək idi. Biz buna nail olduq, biz bunu sübut etdik və böyük etimad qazandıq, müqavilənin imzalanması məhz bu etimadın nəticəsidir.

İxrac marşrutları hər halda yenə də risklə bağlıdır ki, bu da təminatın, etimadın zəruriliyini şərtləndirir. Odur ki, belə ölkə, belə marşrut məhz Gürcüstandır. Ona görə də neft strategiyasının gerçəkləşdirilməsi sahəsində son yeddi ildə bizim, yəni Azərbaycanın, xarici neft şirkətlərinin, Gürcüstanın, Türkiyənin gördüyü iş bu gün malik olduqlarımızı təmin etmişdir. Biz artıq Bakı-Supsa boru kəməri ilə neft ixrac edirik, "Çıraq" yatağından 15 milyon tondan çox neft çıxarılmış və dünya bazarlarına göndərilmişdir, bütün bu işlər davam etdiriləcəkdir.

Bu yaxınlarda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti "Azəri", "Günəşli", "Çıraq" yataqlarında neft hasilatına dair tammiqyaslı işlərin layihəsini bizə təqdim etdi. Biz onu nəzərdən keçirdik, bəyəndik ki, bu isə artıq daha güclü ixrac neft kəmərinin zəruriliyini şərtləndirir. Belə neft kəməri Bakı-Ceyhan neft kəməridir. Biz onun uğrunda bir çox illər, necə deyərlər, mübarizə apardıq və nəhayət, məqsədimizə nail olduq və indi bu neft kəmərinin tikintisi əməli surətdə başlanır.

Ehtiyatlarını aşkar etdiyimiz qaz, - bu barədə bizdə şübhə yox idi, - Türkiyəyə getməlidir. Bizdə şübhə yox idi ki, bu qaz Gürcüstan ərazisindən keçməlidir, çünki bu məsələdə bizdə, birgə işimizdə çox sabit, möhkəm qayda-qanun yaranmışdır. Amma bu da bir çox çətinliklərlə, problemlərlə bağlı idi. Nəhayət, bütün bunlar dəf edildi və bu gün biz Cənubi Qafqaz qaz kəməri, yəni Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında saziş imzaladıq.

İndi bütün bu layihələr başlanğıc mərhələsindədir. Biz ildən-ilə əməli nəticələr alacağıq. Lakin ən yüksək nəticələr Azərbaycanda da, Gürcüstanda da, Türkiyədə də, başqa ölkələrdə də gələcək nəsillərə qismət olacaqdır. Biz bu mühüm layihələr üzərində işləyərkən öz müstəqilliyimizi nümayiş etdiririk, öz müstəqillyimizi möhkəmləndiririk, öz müstəqil siyasətimizi nümayiş etdiririk. Lakin bununla yanaşı, biz Gürcüstan, Türkiyə və Qərb ölkələri ilə çox güclü iqtisadi tellərlə bağlıyıq. Ona görə də görülmüş və görülən bütün işlər, imzalanmış saziş nəinki iqtisadi əhəmiyyətə, həm də böyük siyasi əhəmiyyətə malikdir.

Bütün bunların hamısının regionumuzda sülhü, sabitliyi və təhlükəsizliyi təmin etmək üçün böyük əhəmiyyəti var. Gürcüstan və Azərbaycan bu sahədə qəti mövqe tutmuşlar. Biz Gürcüstana özümüzə inanan kimi inanırıq. Biz bütün qonşularla sülh, həmrəylik şəraitində yaşamaq istəyirik. Biz regionumuzda sabitlik olmasını istəyirik. Biz təhlükəsizlik olmasını istəyirik, çünki gələcəkdə də müstəqilliyimizin, Gürcüstanın, Azərbaycanın və bütün Cənubi Qafqazın daha da çiçəklənməsinin təməli bundadır. Gərək başqa ölkələr, başqa qüvvələr də bunu bizim başa düşdüyümüz kimi başa düşsünlər. Bununla belə, hesab edirəm ki, qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün Gürcüstanla Azərbaycan arasında sıx əməkdaşlıq böyük əhəmiyyətə malikdir.

Burada Eduard Amvrosiyeviç bizim çoxdankı dostluğumuzdan danışdı. Bəli, həqiqətən, tale bizi lap çoxdan - 35 il əvvəl görüşdürmüşdür. Bu isə artıq əsrin dörddə birindən çoxdur. Gürcü və Azərbaycan xalqları arasındakı dostluq kimi, bu dostluq da böyük sınaqlardan keçmişdir. Biz sınaqlardan çıxdıq. Keçmişdə yaxşı işlər çox olmuşdu, dostum Şevardnadze və mən bunu inkar etmirik. Onda da dostluğumuz və birgə işimiz respublikalarımız üçün böyük fayda gətirirdi. Ancaq talenin Eduard Şevardnadzeni də, məni də öz doğma torpağımıza - Gürcüstana və Azərbaycana yenidən qaytardığı dövr ən çətin və mürəkkəb dövr oldu.

Eduard Amvrosiyeviç Azərbaycanda müstəqillik dövründə mənim xidmətlərimdən danışdı. Dostum Eduard Şevardnadzenin xidmətləri daha böyükdür. Həm daxili siyasi mübarizəyə görə, həm də abxaz münaqişəsinin yaranmasına görə parçalanmaq, süquta uğramaq vəziyyətində olan Gürcüstan çox ağır vəziyyətdə idi. Gürcüstanda vəziyyəti normallaşdırmaq vəzifəsinin öhdəsindən ancaq böyük sınaqlardan çıxmış, siyasi zəkaya, çox geniş genetik qabiliyyətə malik, qorxub çəkinməyən, insanları sıx birləşdirmək, çətinlikləri aradan qaldırmaq, qorxmazlıq, cəsarət və dəyanət göstərmək bacarığına malik olan bir lider gələ bilərdi. Azərbaycan xalqının dostu, mənim dostum Eduard Şevardnadze məhz belə liderdir.

İş elə gətirmişdir ki, şəxsi talelərimiz bir-birinə çox bənzəmişdir, lakin ölkəmizin vəziyyəti də, - xüsusən müstəqillik əldə etdikdən sonra, - çox oxşar olmuşdur. Açığını deyəcəyəm, şükürlər olsun ki, cavan yaşlarından öz xalqına şərəflə və sədaqətlə xidmət etmiş Eduard Amvrosiyeviç bu gün də müstəqil Gürcüstana başçılıq edir. O, gürcü xalqına çox gərəkdir. O, hələ bir çox illər Azərbaycan xalqına da çox gərək olacaqdır. Son vaxtlar bu proqramların gerçəkləşdirilməsi nəticəsində biz bir-birimizə elə qaynayıb-qarışmışıq ki, bunun pozulmasına imkan vermək olmaz. Bu isə yalnız onun sayəsində təmin oluna bilər ki, müstəqil Gürcüstana hələ bir çox illər Eduard Amvrosiyeviç başçılıq etsin.

Mətbuat konfransında bizə belə bir sual verdilər: terrorizmin, demək olar, bütün dünyada çox geniş yayıldığını nəzərə alaraq, biz belə proqramları həyata keçirməkdən, onların müxtəlif terrorçu qruplaşmalar tərəfindən pozulacağından qorxmuruqmu? Mən cavab verdim və bir daha deyirəm ki, şübhəsiz, biz bundan ehtiyat edirik, biz bundan narahatıq. Ona görə də Xəzər dənizindəki neft quyularının, xarici şirkətlərə və bizə son dərəcə baha başa gələn neft qurğularının təhlükəsizliyinin, neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi bizim üçün çox mühüm vəzifədir. Bizə təminat verilməyib ki, terror aktları törədilməyəcəkdir, ona görə də biz çox ayıq-sayıq olmalı, işimizi elə qurmalıyıq ki, son illər nail olduqlarımızı qoruya bilək. Düşünürəm ki, biz bunu etməyə qadirik.

Terrorizmdən danışarkən demək istəyirəm ki, indi o bütün dünya üçün qlobal təhlükəyə çevrilmişdir. Artıq neçə illərdir ki, Gürcüstan və Azərbaycan terrorizmdən əziyyət çəkirlər. Əvvəla, davakar separatizm terrorizmin təzahürüdür. Üstəlik, bu separatizm konkret terror aktları ilə də müşayiət edildikdə isə, şübhəsiz, sözün tam mənasında terrorizmdir. Gürcüstan və Azərbaycan heç də yalnız belə təzahürlərlə qarşılaşmayıblar. Gürcüstan prezidenti Eduard Şevardnadzeyə qarşı da, Azərbaycan prezidentinə qarşı da terror aktları törətmək cəhdləri az olmayıbdır. Bizi Allah qoruyur, lakin bununla yanaşı, biz özümüz də sayıqlığımızı itirməməliyik. Kiçik bir regionda terrorçuların bu cəhdləri dünya ictimaiyyətini çox da narahat etmirdi. Lakin terrorizm getdikcə daha çox cəzasız qaldığı və beynəlxalq terrorizm Nyu-Yorkda və Vaşinqtonda Amerika Birləşmiş Ştatlarına qarşı bəşər tarixində görünməmiş terror əməlləri törətmək səviyyəsinə gəlib çıxdığı bir vaxtda, biz hamımız bütün Dünya Birliyi üçün və təbii olaraq, hər bir ölkə, hər bir insan üçün necə bir təhlükənin yaxınlaşdığını bilməliyik. Ona görə də biz Amerika Birləşmiş Ştatlarında törədilmiş və çoxlu insanın ölümünə səbəb olmuş, bir çox acı nəticələrə gətirib çıxarmış terror hərəkətlərini kədər hissi ilə, hüznlə qarşıladıq. Biz qəti şəkildə bəyan etdik və bu gün də bəyan edirik ki, beynəlxalq terrorizmlə mübarizə məsələsində biz bir sıradayıq. Biz Amerika Birləşmiş Ştatları ilə, indi bu terrorçuları dəf etməli olan ölkələrlə birlikdəyik. Azərbaycan dövləti adından bildirirəm ki, biz ümumən terrorizmlə mübarizədə və Amerika Birləşmiş Ştatlarında bu dəhşətli terror aktını törətmiş terrorçuların konkret surətdə aşkara çıxarılmasında və cəzalandırılmasında fəal iştirak edəcəyik. Biz bunu qəti şəkildə bəyan etmişik və bu mövqelərdə möhkəm duracağıq.

Bütün bunlar göstərir ki, XXI əsr dünyada çox mürəkkəb və gözlənilməz hadisələrlə başlanmışdır. Ona görə də yüksək sayıqlıq, mütəşəkkillik tələb olunur. Biz Azərbaycanda hesab edirik ki, hansı ölkəyə qarşı və hansı tərəfdən törədilməsindən asılı olmayaraq, hər bir terrorizm aktının qarşısının alınması çox mühüm vəzifədir.

Amerika Birləşmiş Ştatlarına qarşı terror Dünya Birliyinə, demokratiyaya qarşı terrordur. Bu terror demokratiya və sivilizasiyalı inkişaf yolu tutmuş hər bir ölkəyə qarşı yönəldilmişdir. Ona görə də biz öz vəzifəmizi bu məsələlərdə fəal iştirak etməkdə görürük. Biz bu məsələdə yekdilik. Bu gün biz prezident Şevardnadze ilə təkbətək görüşərkən həmin məsələ söhbətimizdə əsas məsələlərdən biri oldu. Bununla əlaqədar biz həmin məsələdə baxışlarımızın, mövqelərimizin tam uyğun olduğunu bir daha ifadə etdik. Mən sizə deyim ki, bu, Azərbaycan və Gürcüstan üçün, proqramlarımızın həyata keçirilməsi üçün, regionumuzda və bütün dünyada terrorizmin qarşısının alınması üşün çox mühüm amildir.

Əziz Eduard Amvrosiyeviç! Azərbaycan xalqı sizi sevir, yüksək qiymətləndirir və sizə çox yüksək ehtiram bəsləyir. Sizin Azərbaycana hər bir səfəriniz bütün vətəndaşlarımız üçün əsl bayrama çevrilir. Eyni zamanda bu, xalqlarımız arasında dostluğu və qardaşlığı daha da möhkəmləndirir. Biz böyük, mürəkkəb bir yol keçmişik, ancaq qarşımızda daha mürəkkəb və daha uzun yol durur. İnanıram ki, xalqlarımız arasında dostluq, bizim sizinlə şəxsi dostluğumuz müstəqillik, azadlıq, demokratiya yolu ilə daha uğurla irəliləyişimizin təminatıdır.

Eduard Amvrosiyeviç, mən sizə möhkəm cansağlığı arzulamaq istəyirəm. İnanıram ki, Allah sizi Gürcüstan və Azərbaycan üçün hələ bir çox onilliklər hifz edəcəkdir. Mən sizə çox ağır işinizdə uğurlar arzulamaq istəyirəm. Mən sizə və ailənizin üzvlərinə səadət və əmin-amanlıq arzulamaq istəyirəm. Xahiş edirəm, mənim salamımı və xoş arzularımı Azərbaycanda xüsusi rəğbət və xüsusi məhəbbət qazanmış bütün Gürcüstan xalqına yetirəsiniz. Mən Sizə bir daha ən xoş arzularımı bildirir və sözümün sonunda demək istəyirəm: Müstəqil Gürcüstana eşq olsun!

Gürcüstanın və Azərbaycanın əbədi müstəqilliyinə eşq olsun! Bizim əbədi dostluğumuza eşq olsun!