Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya hökumətinin nümayəndəsi Takeo Xiratanı qəbul edərkən söhbətindən - Prezident sarayı, 23 dekabr 2000-ci il


Heydər Əliyev: Yaponiya ilə Azərbaycan arasındakı əlaqələrdə Sizin rolunuz həmişə çox böyük olubdur. Eyni zamanda Sizinlə mənim aramda yaxşı şəxsi əlaqələr, qarşılıqlı rəğbət yaranıbdır. Ona görə də mən Sizin Azərbaycana gəlməyinizdən çox şadam.

İki gün bundan öncə biz Sizin ölkənizdən aldığımız kreditlə "Şimal" Dövlət Rayon Elektrik Stansiyasında yeni enerji blokunun tikintisinə başladıq, onun təməlini qoyduq. Mən o kreditin alınması prosesində də Sizin xidmətlərinizi unutmamışam, bunu qiymətləndirdiyimi bildirmək istəyirəm. Çox yaxşı edib Azərbaycana gəlmisiniz.

Takeo Xirata: Cənab Prezident, çox sağ olun. Mənim haqqımda söylədiyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Bu məni xeyl mütəəssir etdi.

Azərbaycan ilə Yaponiya strateji tərəfdaşlardır. Amma Zati-alinizin 1998-ci ilin fevral ayında etdiyi tarixi səfər ölkələrimiz arasında hərtərəfli əlaqələrin genişlənməsində olduqca mühüm rol oynadı, dönüş nöqtəsi oldu. İndi Yaponiyada insanlar Azərbaycanla əlaqələrin daha sürətlə inkişaf etməsini gözləyirlər. Biz Zati-alinizin yeni layihəsinin həyata keçirilməsinə başlanması - "Şimal" Dövlət Rayon Elektrik Stansiyasında yeni enerji blokunun təməlinin qoyulması mərasimində şəxsən iştirakından da xəbər tutduq və hamımız bunu çox yüksək qiymətləndirdik.

1998-ci ildə Siz Yaponiyanı ziyarət edərkən bizim imperatorumuz da Sizinlə görüşündən çox məmnun olmuşdu və şərəfinizə ziyafət də vermişdi.

Zati-alinizin Yaponiyaya tarixi səfərinin nəticəsi olaraq, indi adambaşına götürdükdə, Yaponiyanın rəsmi yardım proqramı çərçivəsində yardım alan dünya ölkələri arasında Azərbaycan birinci yerdədir.

Heydər Əliyev: Təşəkkür edirəm, mən bunu heç bilmirdim.

Takeo Xirata: Bir daha bildirirəm ki, bu, məhz Zati-alinizin Yaponiyaya tarixi səfərinin nəticəsində olmuşdur.

Heydər Əliyev: Çox sağ olun.

Takeo Xirata: Mən Azərbaycandakı son zəlzələ hadisəsi ilə əlaqədar Yaponiyanın xüsusilə gəncləri adından Sizə başsağlığı vermək, bu hadisədən məyus olduğumuzu bildirmək istəyirəm.

Heydər Əliyev: Təşəkkür edirəm.

Takeo Xirata: Zati-aliləri, mənim şəxsiyyətimə göstərdiyiniz hörmətə, mənimlə əlaqələrinizi yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirir və Sizi əmin edirəm ki, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi və Azərbaycana yardımların təşkili sahəsində yeni layihələr hazırlanması üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm.

Heydər Əliyev: Çox sağ olun. Bir daha qeyd edirəm, mən Yaponiya-Azərbaycan əlaqələrinin inkişafında şəxsən Sizin rolunuzu çox yüksək qiymətləndirirəm. Məni sevindirən bir də odur ki, Sizdə Azərbaycana bir xüsusi hissiyyatlar, sevgi, məhəbbət əmələ gəlibdir. Siz Yaponiya-Azərbaycan əlaqələrinin yaranmasında, bu yolun açılmasında xüsusi rol oynamış bir insansınız. Mənim yadımdadır, Siz danışırdınız ki, Qış Olimpiya Oyunlarında Azərbaycanın bayrağını Sizin evdə görəndə hamı sevinirdi. Mən bunları heç vaxt unutmuram. Bunlar çox dəyərli hissiyatlardır.

Azərbaycanda biz də hesab edirik ki, 1998-ci ilin fevralında mənim Yaponiyaya rəsmi səfərim ölkəmiz üçün, belə başa düşürəm ki, elə sizin ölkəniz üçün də çox əhəmiyyətli olubdur. Əlahəzrət İmperatorla görüşümü, mənim şərəfimə onun verdiyi ziyafəti çox məmnuniyyətlə xatırlayıram. Dünən onun doğum günü, Sizin ölkənizin milli bayramı idi. Mən bu münasibətlə təbrik məktubu göndərmişəm.

Yaponiya hökuməti o vaxt söz vermişdi ki, 1999-cu ildə ölkənizin Azərbaycanda səfirliyi açılacaqdır. Səfirlik də açılıbdır, özü də buraya yaxşı bir səfir təyin edilibdir. O, azərbaycanca danışır və bununla da ölkəmizə olan diqqətini nümayiş etdirir.

İndiyədək bizim əməkdaşlığımız çox uğurlu olmuşdur. Bir tərəfdən, Yaponiyanın neft şirkətlərinin Azərbaycanda, Xəzər dənizində gördükləri uğurlu işlər, digər başqa şirkətlərin də burada apardıqları işlər çox əhəmiyyətlidir. Bununla yanaşı, təbiidir ki, bizi çox sevindirən odur ki, Yaponiya bizə həm güzəştli kreditlər veribdir, - biz artıq onlardan istifadə etməyə başlamışıq, - həm də Yaponiya qrantlar verir. Bunun hesabına səhiyyədə, elmdə, bəzi başqa yerlərdə müəyyən işlər görülübdür. Sizin ölkədən gətirilmiş traktorlar kənd təsərrüfatında bizə kömək edir. Mən hesab edirəm ki, bütün bunlar əməkdaşlığımızın birinci mərhələsidir. Bundan sonra bizim əməkdaşlığımız geniş olmalıdır. Biz bunu istəyirik. Güman edirəm ki, belə istək Yaponiyada da vardır. Adambaşına düşən yardımın məbləğinə görə Yaponiyanın yardım etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədirsə, deməli, bu, ölkənizin respublikamıza nə qədər böyük fikir verdiyini göstərir.

Ölkələrimizi bir-birinə bağlayan proqramlardan biri də Böyük Tarixi İpək yolunun bərpası məsələsidir. Xatirinizdədir, o vaxt Tokioda olanda mən bu məsələni sizin hökumətlə və şəxsən o zaman Baş nazir işləyən cənab Haşimoto ilə də müzakirə etmişdim.

Biz bu işi davam etdiririk. 1998-ci ildə Azərbaycanda keçirilən beynəlxalq konfransda Yaponiyanın nümayəndə heyətinin iştirak etməsini də mən qiymətləndirirəm.

Böyük İpək yolunun bərpası gələcəkdə bəşəriyyət üçün çox əhəmiyyətli olacaqdır. Biz indi bunun əsasını qoyuruq. Amma vaxt, zaman lazımdır ki, insanlar bunun yaxşı nəticələrini də görsünlər. Güman edirəm ki, əgər mən də görməsəm, Siz onları görəcəksiniz. Ona görə də mən Yaponiya-Azərbaycan əlaqələrini bizim üçün çox əhəmiyyətli olduğunu bir daha bildirmək istəyirəm. Oğlunuz necədir?

Takeo Xirata: Cənab Prezident, çox sağ olun. İndi o, orta məktəbdə oxuyur, yeniyetmələr qrupunda artıq birinci sinfə gedir. Coğrafiya elminə xüsusi maraq göstərir. Coğrafiya dərslərində Azərbaycan, Bakı barədə məlumatlarda ölkənizin rəsmi dövlət atributlarını, bayrağını tapıbdır. O, Azərbaycanla tanışlığı, ölkəniz barədə məlumatı olmasından xüsusi qürur duyur. Məktəbdə dostlarına Azərbaycanın bayrağını göstərir. Öz sinif yoldaşlarına da "Azərbaycan" sözünü düzgün tələffüz etməyi öyrədir.

Heydər Əliyev: Öyrətsin, bu da çox əhəmiyyətlidir. Söz vermişdiniz ki, onu Azərbaycana gətirəcəksiniz, amma hələ yerinə yetirməmisiniz. Onda Azərbaycana olan bu sevgi-məhəbbət hissi, təbiidir ki, atasından keçibdir. Mən də sənin oğlunu çox sevirəm. Ona görə də onu Azərbaycana, xüsusi olaraq Azərbaycana dəvət edirəm. Bir də Azərbaycana gələndə onu mütləq özünlə gətir.

Takeo Xirata: Cənab Prezident, çox sağ olun, Siz bizə böyük şərəf verirsiniz.

İcazə versəydiniz, gələcək əlaqələrimiz və hansı layihələrin daha sürətlə həyata keçirilməsi baxımından düşüncələrimi Sizinlə təklikdə bölüşərdim.

Heydər Əliyev: Yaxşı.