"Xəzər şelfində yataqların birgə işlənməsi haqqında Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilə imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (20 sentyabr 1994-cü il)" sənədinə tarixi arayış


1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” Sarayında Heydər Əliyevin iştirakı ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın ən iri neft şirkətləri ilə müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılıb.

“Əsrin müqaviləsi” ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, Mak Dermott, Yunokal, ARDNŞ , LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bununla da Yeni neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlanıb. “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib.

Hal-hazırda “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçılarına BP 35%(operator), “ChevronTexaco” 11%, ARDNŞ 11%, INPEX10%, “Statoyl” 8%, “Exxon-Mobil” 8%, TPAO 6%, “Itochu” 4%, “Amerada Hess” 2% daxildir.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.39