Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qanlı Yanvar faciəsinin 5-ci ildönümü ilə bağlı şəhidlər xiyabanında jurnalistlərin sualına cavabı - 20 yanvar 1995-ci il


Sual: - Cənab prezident, məhz milli hiss 20 Yanvarda xalqı tankların qabağına əliyalın çıxartdı. Beş il ötəndən sonra - keçən ilin oktyabr gecəsində ölümdən, qandan qorxmadan, Sizin bir çağırışınızla xalqın ayağa qalxması, bu, milli şüurun inkişafı deyilmi?

Cavab: - Əlbəttə, şübhəsiz. Bu insanlarda milli hisslər - mən bunu iki gün bundan qabaq ziyalılar qarşısında çıxış edəndə dedim - 80-ci illərdə daha da inkişaf edib, oyanıb, baş verən proseslər nəticəsində get-gedə aşkara, zahirə çıxıbdır. Milli hisslərin, milli azadlıq arzularının, niyyətlərinin inkişafı Yanvar hadisələri ilə bağlıdır. Bu hisslər insanları oyatdı, adamlar öz milli haqları, öz respublikasının, torpağının haqlarını müdafiə etmək üçün ayağa qalxdılar və bunları təmin edə bilməyən o vaxtkı Azərbaycan rəhbərliyinin - respublikanı idarə edən dairələrin, şəxslərin, orqanların xalqın bu milli hisslərini anlamadıqlarını gördükdə üsyan etdilər, mitinqlərə çıxdılar.

Bu mitinqləri boğmaq üçün də o hərbi təcavüzə, siyasi təcavüzə əl atıldı və xalqımız qurbanlar verdi. Bu qurbanlar şübhəsiz ki, bizim üçün böyük dərddir, ağrıdır. Amma eyni zamanda bu qurbanlar xalqımızın milli ruhunun, milli hisslərinin oyanmasının böyük bir rəmzidir, nümayişidir. Ondan sonrakı dövrdə proseslər nə qədər də mürəkkəb, ziddiyyətli olsa da, bir tərəfdən bu milli hisslər inkişaf edirdi, ikinci tərəfdən isə onu boğmağa çalışırdılar. Ancaq boğanlar gücsüz oldu, milli hisslər güclü oldu və bunun nəticəsidir ki, keçən il 4 oktyabrda mənim çağırışımla xalq çox qısa müddətdə ayağa qalxdı. Siz yəqin bir şeyi də müşahidə edirsiniz ki, əgər 88-ci ildən başlayan proseslər - xalqın mütəşəkkil, ya qeyri-mütəşəkkil, kor-təbii, yaxud da ki, hər bir insanın öz hisslərini bütün cəmiyyətin hisslərinə qovuşdurması nəticəsində mitinqlər, nümayişlər, etiraz tədbirləri dövlətin rəhbərlərinə qarşı olmuşdursa, 4 oktyabrda isə xalqı bu milli hissləri dövlətin siyasəti ilə o qədər bağlı idi ki, dövlətin çağırışı ilə xalq ayağa qalxdı. 20 Yanvar gecəsi, yaxud da ki, 20 Yanvar ərəfəsində prezident sarayı qarşısında dövlətə, idarəetmə orqanlarına, rəhbərlərə nifrət hissi ilə toplaşmış adamlar əvəzinə, 4 oktyabr 1994-cü ildə həmin adamlar dövləti müdafiə etmək üçün gəldilər. Bax, çox prinsipial fərq bundan ibarətdir.

Tarixi arayış